Padşah, alim və hakim olan peyğəmbər
Mьəllif: Admin
Tarix: 15-02-2023, 15:25
Padşah, alim və hakim olan peyğəmbər
İşa oğlu Davud (təxminən eramızdan 970 əvvəl) Yaqubun oğlu Yəhudanın nəslindən idi. Davud peyğəmbər (ə) Misir və Şam arasında bir ölkədə doğulub və Bəni-İsrailin böyük peyğəmbərlərindən olub.

Bəni-İsrailin sərkərdəsi Talut söz vermişdi ki, kim Calutu məğlub edə bilsə, ona sərvətinin yarısını verməklə yanaşı, həmin şəxsi özünə kürəkən edəcək. Davud üç daş ataraq Calutu məğlub edə bildi. O, Calutu məğlub etməklə yanaşı, Qüdsü azad etdi və onu Bəni-İsrail hökumətinin paytaxtı etdi.

Davud (ə) eyni zamanda Bəni-İsrailin peyğəmbəri və padşahı idi. Bu, az sayda peyğəmbərin başına gəlmişdir.

Davudun adı Quranda 16 dəfə, o cümlədən "Nəml", "İsra", "Ənbiya" və s. surələrdə çəkilir. Bu ayələrdə və müxtəlif rəvayətlərdə Davud peyğəmbər üçün bir çox xüsusiyyətlər bəyan edilmişdir. Qurana görə, Davud peyğəmbər heyvanların dilini anlayırdı. Allah ona hökumət, elm vermişdi. Həmçinin istədiyini ona öyrətmişdir. Bu təlimlər arasında zireh hazırlamaq və insanlar arasında hakimlik etmək də var idi.

Həmçinin Davud çox ibadət edən və Allahdan qorxan bir şəxs kimi tanınıb. Onun habelə gözəl səsi var idi. Gözəl səsi ilə Allaha dua edirdi.

Davudun səmavi kitabı var idi ki, Quran ayələrinə və hədislərə əsasən “Zəbur” adlanır. Bu Quran və İslam hədislərinə əsasən, Allah tərəfindən Davud peyğəmbərə nazil edilmiş bir kitabdır. Bu kitab nəsihətlər, biliklər və Allahla munacatlar toplusudur.

"Zəbur"un adı Quranın "Nisa", "Ənbiya" və "İsra" surələrində üç dəfə çəkilir. Davudun Zəburu "Məzamir" ünvanı ilə Əhdi-Ətiqin on yeddinci kitabıdır və 150 ​​duadan ibarətdir.

Yəhudilər arasında Davud peyğəmbərin özünəməxsus yeri var və onun haqqında çoxlu hekayətlər danışılmışdır. Baxmayaraq ki, hekayətlər arasında Davud peyğəmbərə qarşı da saxta ittihamlar səslənmişdir, lakin İslama görə bu ittihamlar Həzrət Davudun şəxsiyyət və məqamından uzaqdır. Düzgün deyil.

Davudun on doqquz övladı var idi, onlardan Süleyman onun yerinə keçdi. Davud peyğəmbər yüz yaşında və Bəni-israil arasında qırx illik hakimiyyətdən sonra vəfat etdi.

Davudun ölümündən sonra çoxlu quşlar qanadları ilə onun bədəninə kölgə saldılar. Həmçinin Bəni-İsrailin qırx min alimi və ağsaqqalı onun cənazəsinə qatıldılar və cəsədini Qüdsdə dəfn etdilər.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031