Peyğəmbərlər niyə günah etmirlər?
Mьəllif: Admin
Tarix: 7-07-2021, 22:54
Peyğəmbərlər niyə günah etmirlər?
Bütün peyğəmbərlər birmənalı olaraq məsumdur. Bunu Quran təsdiqlədiyi kimi ağıl da qəbul edir. Ağıl peyğəmbərlərin qeyd-şərtsiz olaraq ismət xüsusiyyətinə malik olduqlarını, günahsız, xətasız və səhvsiz olduqlarını deyir. Bu yerdə ilahiyyatçı filosof Nəsirəddin Tusinin bir fikrini qeyd etmək istəyirik.

Nəsirəddin Tusi “Təcridul-etiqad” əsərində yazır: “İnsanlar arasında etibar qazanması üçün peyğəmbərdə ismət xüsusiyyətinin olması vacibdir.

Əgər peyğəmbərin davra-nışlarında qərəz olduğu duyulsa, həm (peyğəmbər olduğu üçün) ona tabe olmaq, həm də (pis xüsusiyyətlərinə görə) onun əleyhinə çıxmaq vacib olar.

Bu isə artıq peyğəmbərin peyğəmbərliyini inkar etmək deməkdir. Əgər Allah günahkar bir insanı peyğəmbərliyə seçsəydi, insanlar onun dediklərini qəbul etməzdilər.”[1]

Nəsirəddin Tusi: “Peyğəmbərin dediklərinə etimad yaranması və peyğəmbərliyin məqsədinin həyata keçməsi üçün, onun ismət məqamına malik olması lazım və vacibdir”.[2]

Peyğəmbərlər günah etməyiblərsə, bəs etdiklər nədir?

“Tərki-övla”nın izahı

Bütün peyğəmbərlər heç şəkk-şübhəsiz birmənalı olaraq məsumdur. Onlar nəinki günah, hətta məkruh bir işə də yol verməmişlər.

Bizim peyğəmbərlərə və Allahın övliyalarına baxışımız doğru olmadığından onların hətta günah olmayan işlərinə də “günah” adını veririk. Haqlı olaraq ortaya sual çıxır ki, əgər bu işlər günah deyilsə, bəs nədir?

Suala cavab olaraq deyə bilərik ki, bu növ işlərə dini terminologiyada “tərki-övla” (ən yaxşı işi yaxşı işlə əvəz etmək) deyilir.

Tərki-övla qaydalara zidd davranış deyil. Bəzən bu söz iki yaxşı işin içərisindən birini seçməyə də aid oluna bilər. Məsələn, bir məsciddə əlli nəfərlik, digər məsciddə isə yüz nəfərlik bir camaat namazı təşkil edilmişdir.

Fərz edək ki, peyğəmbər yüz nəfərlik məscidə deyil, əlli nəfərlik məscidə getmişdir. Buna dini terminologiyada “tərki-övla”, yəni ən yaxşını yaxşı ilə əvəz etmək deyilir. Başqa sözlə, tərki-övla daha yaxşını tərk edib yaxşı bir işi görməyə deyilir.

Peyğəmbər bu seçimi ilə günah bir iş görməmişdir. Cadəcə, yaxşı olardı ki, o yüz nəfərlik camaat namazında iştirak edəydi. Adi insanlar üçün bu cür davranışın heç bir maneçiliyi olmadığı təqdirdə, Allahın peyğəmbərləri və ilahi insanlar onları özlərinə qüsur hesab edirlər.

Onların etdiyi istiğfarlar məhz bu işlərə görədir. Peyğəmbərləri daha yaxından tanıdıqda məlum olur ki, bunlar necə də böyük bir ruha sahib imişlər.

Başqa bir nümunə: Fərz edək ki, bir fəhlə, yaxud bir işçi əlində olan bir manatı ictimai bir işə xərcləsə, hər kəs tərəfindən təriflənəcək. Lakin eyni məbləği varlı bir adam versə, heç kim tərifləməz, əksinə qınayar.

Halbuki, əsl həqiqətdə həmin varlı adam nə günah bir iş etmş, nə də qınağa səbəb olacaq bir addım atmışdır. Ətrafdakıların ona qarşı bu cür münasibət sərgiləməsi buna görədir ki, həmin varlı adam şənində olmayan bir iş görmüşdür. Yaxşı olardı ki, o bir manat deyil, daha çox xərcləyəydi. Ona yaraşan da bu olardı.

Belə ki, varlının bir manat xərcləməsi şəriət baxımından nəinki günah, heç məkruh da deyildir. Əksinə, savab və xeyirli bir işdir. Tərki-övla da belədir.

Peyğəmbərlər daim öz ruhlarına, əzəmət və böyüklüklərinə uyğun işlər görürlər. Xırda, hətta günah olmayan işlər də onların uca ruhlarına yarşmır. Odur ki, günah olmayan işlər üçün də istiğfar edib bağışlanma diləyirlər.

Buna görə də “Həsənatül-əbrar səyyiətül-müqarrabin”, yəni “saleh insanların yaxşı əməlləri Allaha daha yaxın olanların (muqərrəblərin) günahıdır” deyirlər.

Deməli, tərki-övla daha müstəhəbb bir işi digər bir müstəhəbb işlə əvəz etmək, yaxud müstəhəbb bir işi mübah bir işlə əvəz etməyə deyilir.

Dini ədəbiyyatlarda tərki-övla deyilərkən bu məna nəzərdə tutulur. Peyğəmbərlər barədə işlədilən “daha yaxşını tərk etdi”, “ən fəzilətlini tərk etdi” ifadələrində, məhz iki yaxşı arasında seçim edərkən ən yaxşını tərk etmək nəzərdə tutulur.

Ən yaxşını yaxşı ilə əvəz etmək, yaxud müstəhəbb bir işi mübah işlə əvəz etməyin şəriət baxımından heç bir eybi yoxdur. Lakin bir daha qeyd etmək lazımdır ki, hər bir kəs öz mənəvi dərəcəsinə və Allaha yaxınlığına görə daşıdığı məsuliyyəti ilə fərqlənir.

Tədqiqat işində tərki-övla deyilərkən bu cəhətlər nəzərdə tutulmuşdur.

Tərki-övlanı peyğəmbərlərin tərbiyə edilməsi yolunda istifadə olunan əxlaqi metod kimi də anlaya bilərik. Allah bu yolla onları tərbiyə edir və məqamlarını daha da ucaldır. Tərki-övla bəzən onlara bu yolda təkan verir.

Bəzən yol verdikləri tərki-övla onların geriləməsi təəssüratı yaratsa da, əslində, tökdükləri göz yaşları, onları daha yüksəklərə qaldırır. Bəzən bu dünyadakı məqamları da ucalır və onlara daha ali məqam verilir (Həzrət Süleyman kimi). Tərki-övla bəzən xəbərdarlıq xarakteri də daşıya bilər (Həzrət Yunus kimi). Bəzən bu vasitədən peyğəmbərlərin əzəmət və qüdrətini bildirmək üçün də istifadə oluna bilər (Həzrət Davud kimi).

Qeyd: Araşdırmamıza əsasən, peyğəmbərlər hətta tərki-övladan belə məsumdurlar. Əsərdə peyğəmbərlər barədə “tərki-övla etdi”ifadəsinin işlədilməsi peyğəmbərlərin həqiqətən, tərki-övla etdiklərini demək yox, mövzunun yaxşı başa düşülməsi üçün onu daha da asanlaşdırmaq məqsədi daşıyır.

Peyğəmbərlər nə günah, nə zəllə və nə də tərki-övla etməzlər. Çünki onlar birmənalı olaraq məsumdurlar.


[1] Nəsirəddin Tusi, “Təcridul-Etiqad”

[2] Əllamə Hilli, “Kəşful Murad”, səh. 348-349

Bütün Peyğəmbərlər məsumdur kitabından (ixtisarla)

İlahiyyatçı, yazar Mahir Şəkərov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930