Şeytanın (lən) ümidsizlik formulu necədir?
Mьəllif: Admin
Tarix: 30-06-2021, 23:58
Şeytanın (lən) ümidsizlik formulu necədir?
İnsan adətən istəklərinə çatmaq üçün çox tələsər. İstəyər ki, 100-illik yolu bir gündə gedib başa vursun.

Bu tələskənlik nəinki yolları hamar etməz, əslində hacətinə çatmaq üçün insanı ümidsiz edər. Halbuki, insan səy göstərsə və tələsməsə öz arzusuna çata bilərdi.

Elə isə, tələsməyi unudaq və səbirlə nəticə əldə etməyə çalışaq.

İmam Əli (ə) buyurur: “O kəslərdən olma ki, əməli olmadan axirətə ümidvar olar”. Əgər insanın bir şeyə ümidi vardırsa, gərək özünü ona çatmaq üçün hazır etsin. Ümid ağacı ancaq səbir və səy göstərməklə bar verə bilər.

Bir gün Həzrət İsa (ə) bir kişini görür ki, yeri qazmaqla məşğuldur. Həzrət (ə) əlini dua üçün açır və deyir: “Allahım, ümid və arzunu ondan al”.

Bu zaman həmin kişi əlindəki işi qoyur və yatır.

Bir qədər sonra Həzrət (ə) buyurur: “Allahım, ümidi ona geri qaytar”.

Həzrət İsa (ə) görür ki, həmin kişi yenə əvvəlki işi ilə məşğul olmağa başlayır. İsa (ə) ondan bu işin səbəbini soruşur.

Kişi deyir: “Birinci dəfə düşündüm ki, qocayam və taqətim azdır. Niyə özümü bu qədər əziyyətə salıram?! Ona görə də beli kənara qoyub, yatmağa getdim. Ancaq bir az sonra zehnimə belə bir fikir gəldi ki, nə bilirsən nə qədər yaşayacaqsan?”.

Ona görə də o zamana qədər ki, insan sağdır, gərək özü və ailəsi üçün səy göstərsin. Bu fikir qocanı yenidən ayağa qalxmağa vadar edir.

Müqəddəs Quran, şeytanın insanı necə ümidsiz etmək istəməsi barəsində buyurur:

“Və şübhəsiz onları azdıracaq və (uzun-uzadı) arzulara düçar edəcəyəm; onlara əmr edəcəyəm ki, dördayaqlıların qulaqlarını (xurafat və bidət üzündən) deşsinlər;

Allahın (ruh və cisimdəki) xilqətini dəyişdirmələrini (fitri dini küfrə, yaxşı sifətləri rəzilətlərə, ibadətləri itaətsizliyə və təbii cismi başqa bir şəklə salmalarını) əmr edəcəyəm.

Kim Allahın yerinə şeytanı özünə başçı və yardımçı götürsə, doğrudan da aşkar bir ziyana düşmüşdür”. (“Nisa” 119).

Uca Allah bu ayədə şeytanın (lən) uzun arzular vasitəsilə necə insanı ümidsiz etməsindən xəbər vermişdir. Şeytan insanı məhz uzun arzular vasitəsilə məyus edər.

Müqəddəs Quranın başqa yerdə buyurulur: “Sınamaq üçün onların bəzi təbəqələrini bəhrələndirdiyimiz şeyə (var-dövlət, övlad və məqama) gözünü dikmə ki, onlar dünya həyatının çiçək və zinətləridir. Və Rəbbinin ruzisi (kitab və din) daha yaxşı və əbədidir”. (“Taha” 131).

Allah Təala bu ayədə müsəlmanlara tövsiyə edir ki, başqalarının sərvətinə göz dikməsinlər və insanların əlində olana həsəd aparmasınlar. Əksinə, səy göstərərək öz hacətlərinin yerinə yetməsi üçün çalışsınlar.

Hər kim Allahın rəhmətinə ümidli olar – onun duaları göyə qalxar. Dua edən insanı Allah sevər. Çünki Özü buyurmuşdur ki, Məndən istəyin ki, sizə verim.

Hər kim ümidsiz olar, dua etməkdən uzaq olar. Ona görə də şeytanın (lən) tələsinə tez düşər və günah bataqlığından çıxa bilməz.

Xülasə, deyə bilərik ki, şeytanın (lən) insanı ümidsiz etməsi üçün silahları çoxdur. Buna uzun arzuları, başqalarının sərvətinə göz tikməyi, səy göstərmədən hacətinin yerinə yetməsini istəməyi... misal göstərmək olar.

Hər kim şeytanın bu tələlərindən uzaq olmaq və hacətinin yerinə yetməsini istəyirsə, gərək tələsməsin və səbirlə, dua edərək, Allahın rəhmətinə ümid edərək səy göstərsin və müsbət nəticəni gözləsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930