Həzrət Əzrayil (ə) ilə dost olmaq olurmu?
Mьəllif: Admin
Tarix: 24-04-2024, 12:53
Həzrət Əzrayil (ə) ilə dost olmaq olurmu?
Allahın bütün mələkləri, o cümlədən, Həzrət Əzrayil (ə) Allahın əmrini yerinə yetirirlər. Allahın əmrlərinə itaət etməkdən başqa bir iş görmürlər. Ölüm mələyinin necə olması insanları həmişə düşündürmüşdür.

Əlbəttə ki, hədislərimizdən belə başa düşürük ki, Ölüm Mələyi möminlərə qarşı rəhmət və məhəbbətə malikdir. İman əhli üçün ölüm daha asandır.

Ona görə də insanın Allahla rabitəsi hər nə qədər çox olarsa, istər-istəməz dünyaya bağlılığımız da bir o qədər az olacaqdır.

Hər kimin dünyaya əlaqəsi az olarsa, ruhunun qəbz olunması daha asan olar. Bəzi insanlar ölümə aşiqdirlər və Ölüm Mələyinin intizarını çəkirlər.

İnsanların ölümdən qorxmasının səbəbi ölüm haqqında məlumata malik olmamaqlarına görədir. Həqiqət budur ki, Ölüm Mələyi – Allah tərəfindən məmur edilmiş bir mələkdir. O, ancaq Allahın əmrlərini yerinə yetirir, özündən heç bir şey etmir.

“(Ya Peyğəmbər!) de: «Sizə müvəkkil olan ölüm mələyi sizi(n varlığınızın bütün həqiqətini təşkil edən ruhunuzu) kamil surətdə (bədəninizdən) alar (ayırar), (ruh qalar və bədən isə torpağa çevrilər), sonra (Qiyamətdə, həmin bədənin qəlibində) öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!»”. (“Səcdə” 11).

Bu ayədən də göründüyü kimi, insanın ruhunu alan – əslində Allahdır, mələk deyildir. Əzrayil (ə) ruhu qəbz edəndən sonra demişdir: “Allaha and olsun ki, biz ona zülm etmədik və əcəlini üstələmədik.

Təqdirindən tez onun sorağına gəlmədik. Canını almaqdan bizə günah yoxdur. Əgər Allahın etdiklərinə razı olarsa, əcr əldə edər. Əgər qəmgin və narazı olarsa, günahkar olar”.

Hər bir insanın ruhunun alınma zamanı vardır. Bu zamanı nə gecikdirərlər, nə də tezləşdirərlər. Mələk Allah tərəfindən təyin edilmiş bu zamanda insanın ruhunu qəbz edər. Ona görə də ruhun alınmasının Əzrayil (ə) ilə heç bir əlaqəsi yoxdur. O, Allahın əmrini yerinə yetirər.

O kəs ki, bir hadisənin baş verəcəyini bilər – həmin hadisə baş verən zaman şoka düşməz və heyrətlənməz. Ancaq o kəs ki, qafil olar – həmin hadisəyə hazır olmaz və onu gözləməz, nəinki qorxar, bəlkə gözləmədiyinə görə qorxusu daha şiddətli olar.

Ona görə də insan özünü ölüm üçün hazırlamalıdır. Ölüm haqdır və qəti bir hadisədir. Hər bir insanın sorağına gələcəkdir. İnsan əgər bu həqiqəti qəbul edərsə, o zaman ölüm haqqında məlumata malik olar.

Bilər ki, ölüm – məhv olmaq demək deyildir, əslində bir dünyadan başqa dünyaya köçməkdir. İnsan bu dünya üçün xəlq olmamışdır. İnsanın əbədi məkanı axirətdir.

Bu dünya sadəcə kiçik bir müddətdə keçib getdiyi bir mənzildir. Bu mənzilə bağlanması onu ölümdən qorxmağa vadar edər və əsil mənzilindən qafil edər.

Beləliklə deyə bilərik ki, əgər Həzrət Əzrayil (ə) ilə dost olmaq istəyiriksə, gərək ölümü tanıyaq və onun haqqında məlumata malik olaq.

Həmçinin bilək ki, bizim canımızı alan Allahdır, Əzrayil (ə) sadəcə Allahın əmrini yerinə yetirən bir mələkdir. Ona görə də dünya ilə olan bağlarımızı azaltmalıyıq ki, ölümümüz daha rahat olsun.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031