İbadur-Rəhman necə dua edər?
Mьəllif: admin1
Tarix: 9-03-2021, 23:17
İbadur-Rəhman necə dua edər?
Allah Təala “Furqan” surəsində ibadur-rəhman olanların sifətlərini bizə tanıtmış və onların necə dua etməsi haqqında bizə məlumat vermişdir.

Belə ki, buyurur: “Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir.

Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər.

Və o kəslər(dir) ki, «ey Rəbbimiz, Cəhənnəm əzabını bizdən dəf et, ki, həqiqətən onun əzabı (Cəhənnəm əhli üçün) ayrılmaz və həmişəlikdir» deyərlər”. (“Furqan” 63-65).

İbadur-rəhman olan bəndələr təvazökar insanlardır və mülayimlik – onların bariz sifətlərindəndir. Onlar nadanlar qarşısında mülayimlik edər və nəfslərinə hakim olarlar.

İbadur-rəhman olan bəndələr o kəslərdir ki, gecələri Rəbbləri qarşısında səcdə edər və gecə ibadəti ilə məşğul olarlar.

Onlar dualarında deyərlər: «Ey Rəbbimiz, Cəhənnəm əzabını bizdən dəf et, ki, həqiqətən onun əzabı (Cəhənnəm əhli üçün) ayrılmaz və həmişəlikdir”.

Başqa yerdə deyərlər: “Və o kəslər ki, «ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları, qolları və təlimlərində) bizi təqvalılara başçı et» deyirlər”. (“Furqan” 74).

Əmirəl-möminin (ə) buyurur: “Allaha and olsun, mən Allahımdan gözəl üzlü və gözəl qamətli övlad istəməmişəm. Bəlkə itaət əhli olan övlad istəmişəm ki, nə zaman ona nəzər salsam və onu Allaha itaət halında görsəm – gözlərim aydın olsun”.

Bəli, budur ibadur-rəhman olanların duaları.

“Və o kəslər ki, (Allah yolunda) xərcləyən zaman nə israf edərək həddi aşar, nə də simiclik göstərərək həddən aşağı enərlər, (onların əməli) bu iki yolun arasında orta həddə və ədalətli olar.

Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şəri cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla, öldürmürlər və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar. (Və əqidə və əməl günahları birləşdiyi üçün) Qiyamət ünü onun əzabı ikiqat olar və xarlıqla həmişə həmin əzabda qalar.

(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək, onların yerinə yaxşılıq yazar).

Allah çox bağışlayan və mehribandır. Kim tövbə etsə və yaxşı işlər görsə, o, gözəl və bəyənilən şəkildə Allaha tərəf qayıdar. (Buna görə də günahın savaba çevrilməsi təəccüblü deyil).

O kəslər ki, yalandan şahidlik etmir (yalan, ğina, söyüş və sairə məclislərində iştirak etmir) və bihudə və boş şeyin yanından keçən zaman etinasız və alicənablıqla keçirlər;

Və o kəslər ki, Rəbblərinin (vəhy, Qur’an və moizə kimi) nişanələri ilə öyüd-nəsihət verildikdə onun müqabilində özlərini kar və kor (kimi) aparmırlar (əksinə, onu qəlb ilə dinləyir və batini gözlə görürlər)”. (“Furqan” 67-73).

Allahın ibadur-rəhman bəndələri o kəslərdir ki, nə xərcləyən zaman həddi aşarlar və nə də simiclik edərlər. Onlar xərclərində də belə, etidal həddi qoruyarlar.

Onlar Allaha şərik qoşmur və ancaq Ona pərəstiş edirlər. Zina və başqa günahlar etmir və Qiyamətin ağrılı əzabından qorxurlar.

Onlar tövbə edən, yaxşı işlər görən möminlərdir ki, Allah onların günahlarını yaxşılıqlara çevirər. Onlar yalandan şahidlik etməzlər və alicənab insanlardırlar. Onlar Allahın verdiyi öyüd və nəsihətə qulaq asan və buna əməl edən möminlərdirlər.

Ona görə də Allah onlar haqqında buyurur: “Səbirləri müqabilində (Cənnətin) yüksək talvar və dərəcələr(i i)lə mükafatlandırılanlar və orada (Allah və mələklər tərəfindən) xeyir-dua və salamla qarşılaşanlar onlardır!

(Onlar) orada əbədi qalacaqlar (və ora) gözəl yer və gözəl məskəndir”. (“Furqan” 75-76).

Bəli, ibadur-rəhman o kəslərdir ki, bütün varlıqları Allahın rəhməti ilə doludur və Allahın yer üzərində rəhman sifətinin təcəllisidirlər.

Onlar Allaha yaxın olan bəndələrdirlər ki, Allah onları əbədi behiştlə mükafatlandıracaqdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031