İrfan nədir?
Mьəllif: admin1
Tarix: 26-01-2021, 10:30
İrfan nədir?
İslam mədəniyyətinin qucağında yaranmış, inkişaf etmiş və təkamül tapmış elmlərdən biri də irfan elmidir. İrfan barəsində iki baxımdan danışmaq və tədqiqat aparmaq olar: ictimai baxımdan və mədəni baxımdan.

Arifləri İslam mədəniyyətinin müfəssir (təfsirçi), mühəddis (hədisşünas), fəqih (fiqh alimi), mütəkəllim (kəlam alimi), filosof, ədib, şair və s. təbəqələrindən fərləndirən mühüm bir cəhət vardır.

Bu da ondan ibarətdir ki, ariflər mədəni təbəqə kimi mövcud olmaqdan, irfan adlı elm yaratmaqdan, öz sıralarında böyük alimlər yetişdirməkdən və əhəmmiyyətli əsərlər yazmaqdan əlavə, həm də İslam dünyasında özünəməxsus cizgilərə malik ictimai dəstə (firqə) də yaratmışlar.

Halbuki, fəqihlər, hikmət sahibləri və sair təbəqələr yalnız mədəni təbəqə olaraq qalmış və başqalarından seçilən dəstə kimi tanınmamışlar. İrfan əhlini mədəni baxımdan yanaşdıqda "ariflər", ictimai baxımdan yanaşdıqda isə çox vaxt "təsəvvufçular" adlandırırlar.

Ariflər və təsəvvufçular İslamda dini parçalanmanın məhsulu olmadıqlarına, heç bunun iddiasında da bulunmadıqlarına, bütün islami qrup və məzhəblərin daxilində yayıldıqlarına baxmayaraq, eyni zamanda, çox möhkəm və mütəşəkkil ictimai dəstə halındadırlar.

Fikir və düşüncələri, xüsusi davranış qaydaları, geyim və zahiri görünüşlərindəki özünəməxsusluq, xanəgahlarda yaşamaları və s. xüsusiyyətlər onları özəl dini-ictimai qrup kimi fərqləndirmiş və hazırda da fərqləndirməkdədir.

Əlbəttə, hər yerdə (xüsusilə, şiəlik daxilində) zahirən başqalarından heç nə ilə fərqlənməyən, eyni zamanda, irfani seyru-süluk əhli (haqq yolunun yolçusu) olan ariflər mövcud olmuşdur və hazırda da vardır. Özlərindən yüzlərlə dəb çıxarıb bidətlər icad edən dəstələrdən fərqli olaraq, əsil ariflər də elə onlardır.

Hazırki məqalədə irfanın ictimai cəhətlərinə, yəni təsəvvuf baxımından təhlilinə toxunmayacağıq. Yalnız mədəni baxımdan söhbət açaraq, irfana bir elm və İslam mədəniyyətinin bir şaxəsi kimi nəzər salacağıq.

Əgər məsələyə ictimai baxımdan yanaşsaq, mütləq bu təbəqənin (sufilərin) yaranma səbəblərini, mənşəyini, İslam dünyası üçün müsbət yoxsa mənfi, faydalı yoxsa ziyanlı rol oynadığını, başqa İslam cərəyanlarına münasibət və təsirini, İslam maarifinə və İslamın dünyada yayılma prosesinə göstərdiyi təsirləri araşdırmalıyıq.

Lakin biz bu mövzuların heç birinə toxunmayacaq, irfan barədə yalnız bir elm və mədəni bölmə olaraq söz açacağıq.

İrfan bir elmi və mədəni kompleks kimi iki hissədən ibarətdir: əməli (praktiki) hissə və nəzəri hissə.

ƏMƏLİ İRFAN

Əməli irfan insanın özü, dünya və Allahla münasibətdə əlaqə və vəzifələrini açıb göstərir və bunları izah edir. Bu cəhətdən irfan əxlaq elminə bənzəyir. Yəni, onun kimi praktiki elmdir (aralarındakı fərq bir qədər sonra göstəriləcək).

İrfanın bu bölümünü "seyru-süluk" elmi adlandırırlar. Burada insaniyyətin ən yüksək nöqtəsinə, yəni "tövhid" mərhələsinə çatmaq üçün "salik"in (haqq yolçusunun) mənəviyyat səfərinə haradan başlayacağı, hansı mənzil və mərhələləri ardıcıllıqla keçəcəyi, yol boyunca bu mənzillərdə nə kimi hallarla üzləşəcəyi və hansı vəziyyətlərə düşəcəyi izah edilir.

Əlbəttə, bütün bu mənzil və mərhələlər, həmin yolu əvvəlcədən keçmiş, onun qayda-qanunlarından xəbərdar olan kamil və yetkin bir şəxsin nəzarəti və rəhbərliyi altında keçilməlidir. Əgər həmin kamil insan bələdçilik etməsə, düzgün yoldan azmaq təhlükəsi yaranar.

Ariflər bu mənəviyyat yoluna yeni qədəm basmış şəxsi mütləq müşayiət etməli olan kamil insanı rəmzlər vasitəsilə "tairi-qüds" (müqəddəs quş) və "Xızr" adlandırmışlar.

Ariflər tərəfindən insaniyyətin ən yüksək nöqtəsi hesab edilən və seyru-sülukun son məqsədi sayılan tövhidlə sadə camaatın, hətta filosofların dərk etdikləri tövhid (yəni, vacibu'l-vücud (Allah) yeganədir) arasında yerlə göy qədər fərq vardır.

Arifin tövhidi budur ki, həqiqi mövcud olan yalnız Allahdır, Allahdan savayı hər şey "görünüş"dür (təzahürdür), "varlıq" deyil. Arifin tövhidi "Allahdan savayı heç nə yoxdur" deməkdir. Arifin tövhidi, yollar keçərək, Allahdan savayı heç nəyi görməmək mərhələsinə çatmaqdır.

Ariflərin əleyhdarları tövhidin bu mərhələsini təsdiq etmir, adətən onu küfr və mülhidlik adlandırırlar. Amma ariflərin əqidəsincə, həqiqi tövhid elə budur, tövhidin digər mərhələləri isə şirkdən xali deyil.

Ariflərin fikrincə, bu mərhələyə ağıl və düşüncə ilə deyil, ürəyin çalışma və mübarizələri, seyru-süluk və ruhi təmizlənmə, paklanma yolu ilə çatmaq mümkündür.

Hər halda, irfanın bu bölümü (əməli irfan) ilə "nə etməli" sualına cavab axtaran əxlaq elmi arasında oxşarlıq vardır. Aralarındakı fərq isə aşağıdakılardan ibarətdir:

- Birincisi, irfan insanın özü, dünya (ətraf mühit) və Allaha əlaqələrindən bəhs edir və əsas diqqəti bəndə ilə Allah arasındakı rabitəyə yönəldir. Halbuki, heç də bütün əxlaqi sistemlər insanın Allahla rabitəsini araşdırmağı zəruri saymır, yalnız dini əxlaq sistemləri bu məsələyə əhəmmiyyət və diqqət göstərir.

- İkincisi, qərarlaşmış və sabit xarakterli əxlaq elminin əksinə olaraq, irfani seyru-süluk, adından da məlum olduğu kimi, təkamülpərvər mütəhərrik anlayışdır, yəni irfanda salikin ilk nöqtədən başlayaraq son mənzilə kimi ardıcıl surətdə keçəcəyi məqsəd, mənzil və mərhələlərdən bəhs edilir.

Arifin fikrincə, insan üçün real, şəkk-şübhəsiz bir sirat (yol) mövcuddur ki, onu mərhələlər, mənzillər üzrə qət etməlidir. Bu yolda bir mənzili keçmədən növbəti mənzilə çatmaq mümkün deyildir.

Beləliklə, bəşər ruhu arifin gözündə bir bitki, yaxud körpə uşaq kimidir; onun kamilliyi xüsusi qanun üzrə inkişaf etməsindədir. Əxlaq elmində isə bir sıra fəzilətlərdən – doğruculluq, düzlük, ədalət, iffət, yaxşılıq, insaf, fədakarlıq və s. bu kimi sifətlərdən söz açılır; ruh bunlarla zinətlənib cilvələnməlidir.

Əxlaq nöqteyi-nəzərindən insan ruhu naxışlarla bəzədilməsi lazım olan evə bənzəyir, amma işin hansı ardıcıllıqla görülməsi, haradan başlayıb harada qurtarmaq lazım gəldiyi göstərilmir.

İzah edilmir ki, əvvəlcə tavanı, yoxsa divarı (və əvvəlcə hansı divarı) bəzəmək, naxışları divarın yuxarısından, yoxsa aşağısından vurmaq lazımdır. Amma irfanda isə, əksinə, əxlaqi ünsürlər, necə deyərlər, dialektik formada, yəni hərəkətli şəkildə müzakirə olunur.

- Üçüncüsü, ruhun əxlaqi ünsürləri (elementləri) məna və məfhum cəhətdən məhduddur və adətən, onları asanlıqla tanımaq olur. Ruhun irfani ünsürləri isə xeyli geniş və əhatəlidir.

İrfani seyru-sülukda bir sıra hal və emosiyalardan söz açılır ki, onları yalnız salik (haqq yolçusu) müəyyən mərhələləri keçmək, ruhi çalışmalar və mübarizələr aparmaq yolu ilə duya bilər. Başqaları bu vəziyyətlərdən xəbərsizdirlər.

NƏZƏRİ İRFAN

İrfanın digər bölümü varlığın təfsiri, yəni Allah, aləm və insanın izahı ilə məşğuldur. Əxlaq elminə bənzəyən və onun kimi insan təbiətini yaxşılığa doğru dəyişdirməyə çalışan əməli irfandan fərqli olaraq, irfanın bu bölümü (nəzəri irfan) fəlsəfəyə yaxındır və varlığı izah etməyə çalışır. Əməli irfan əxlaqla fərqli cəhətlərə malik olduğu kimi, nəzəri irfan da bəzi məsələlərdə fəlsəfədən fərqlənir.

İrfanın bu bölümü varlığın izahına çalışan ilahiyyat fəlsəfəsi ilə oxşardır. İlahiyyat fəlsəfəsinin müəyyən predmet, metod və məsələləri olduğu kimi, irfan da özü üçün müvafiq elementlər müəyyən etmişdir.

Lakin dəlillərində təkcə əqli prinsip və metodlara əsaslanan fəlsəfədən fərqli olaraq, irfan kəşfə (hissiyyatla dərketməyə) əsaslanan prinsip və metodları əsas sayır, sonra onları ağla müvafiq surətdə izah edir.

Əqli fəlsəfi dəlillər yazıldığı dildə də oxunan oricinal kitaba bənzəyir. İrfani dəlillər isə başqa dildən tərcümə edilən mətn kimidir. Yəni arif (heç olmazsa, iddia etdiyi kimi) öz qəlb gözü və tamam vücudu ilə müşahidə etdiyi həqiqətləri ağıl dili ilə izah edir.

Varlığın irfani şərhi, yəni varlıq aləmi barədə irfani dünya görüşü varlığın fəlsəfi şərhindən xeyli fərqlənir. İlahiyyatçı filosofun nəzərində həm Allah, həm də Allahdan qeyri şeylər hamısı həqiqidir (əsldir).

Fərq bundadır ki, Allah "vacibu'l-vücud" (mövcudluğu zəruri olan) və "qaimu biz-zat"dır (öz zatına dayanıqlı, sabit və ehtiyacsızdır). Allahdan savayı hər şey isə "mumkinu'l-vücud" (mövcudluğu mümkün olan), "qaimu bil-ğeyr" (başqasına dayanıqlı) və "məluli vacibi'l-vücud"dur (vacibul-vücuddan törəmişdir).

Arif isə bu fikirdədir ki, Allahdan savayı heç nə Allah qarşısında qərar tuta biləcək vücuda malik deyildir (hətta mövcudluğunun səbəbi Allah olsa belə). Allahın vücudu hər şeyi əhatə etmiş və özündə toplamışdır. Hər şey yalnız Allahın ad, sifət, iradə və təcəllasıdır, ondan başqa bir şey deyildir.

Ümumiyyətlə, filosofla arifin dünyaya baxış tərzləri də fərqlidir. Filosof dünyanı dərk etmək istəyir. Çalışır ki, dünya barəsində düzgün, nisbətən ətraflı və mükəmməl təsəvvür əldə etsin.

Filosofun fikrincə, insan kamilliyinin ən yüksək həddi budur ki, ağıl vasitəsilə dünyanı olduğu kimi qavrasın, dünya onun vücudunda dərk edilə bilən şəkil alsın. Ona görə, fəlsəfəyə verilmiş tərifdə deyilir: "Filosofluq odur ki, insan həqiqi aləmə bənzər əqli aləmə çevrilsin".

Arif isə ağıl və fəhmə etina etməz. Arif istəyir ki, varlığın mənası və həqiqəti olan Allaha yetişsin, ona qovuşsun və onu müşahidə etsin. Arifin fikrincə, təkcə varlıq haqqında təsəvvürün zehndə canlandırılması insanın kamilliyi üçün kifayət etməz.

Kamillik seyru-süluk yollarında addımlamaqla vaxtilə çıxdığı əsil məqama qayıtmaqdan, Allahla özü arasındakı məsafə və fasilələri aradan götürməkdən, yaxınlıq məqamında özünü fani edib, Allahla birgə baqi qalmaqdan ibarətdir.

Filosofun alət və vasitələri ağıl, məntiq və istidlal (əsaslandırma), arifinki isə ürək, daxili mübarizə, batini təlaş, hərəkət, təmizlik və paklaşdırmadır.

(Şəhid Murtəza Mutəhhərinin "İslami elmlərlə tanışlıq" kitabından hissə)



Fars dilindən tərcümə edən:
Natiq RƏHİMOV (natiq@islam.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930