Zülmün 3 növü
Mьəllif: admin1
Tarix: 5-12-2020, 20:09
Zülmün 3 növü
İslamın nəzərinə görə, zülmün 3 növü vardır: Allaha qarşı edilən zülm, insanlara edilən zülm və insanın özünə etdiyi zülm.

1. Allaha qarşı edilən zülm. Allah Təala adildir və O, insanlara – istər dünyada olsun, istərsə də axirətdə – zülm etməz. Ancaq insan öz bəzi əməlləri ilə Allaha qarşı zülm edə bilər. Allaha iftira etmək, ayələrini inkar etmək, Allaha şərik qoşmaq... kimi əməllər.

“Kim Allaha qarşı yalan uydurmuş və ya Onun ayələrini təkzib etmiş kəsdən daha zalımdır?! Şübhəsiz, zalımlar nicat tapmayacaqlar”. (“Ənam” 21).

“Və (kitab əhli) dedi: «Allah (Özü üçün) övlad götürmüşdür!». O, (bütün bunlardan) pakdır! Əksinə, göylərdə və yerdə olanların hamısı Onun həqiqi mülküdür (çünki onların yaradılışı, qorunması, idarə olunması və yox edilməsi Onun əlindədir). Hamı Onun qarşısında təslimdir. (Belə olan halda, mülkiyyət necə övlad ola bilər və mülkiyyət sahibinin ona nə ehtiyacı var?)”. (“Bəqərə” 116).

“Onlar heç bir şey yaratmayan (bir şeyi yoxdan var etmək və mövcuda ruh vermək qüdrəti olmayan) və özləri yaradıl(mış ol)an varlıqları (Allaha) şərik qoşurlar?”. (“Əraf” 191).

2. İnsanlara edilən zülm. Hər bir insana yaşamaq haqqı verilmişdir. Bu haqqı ona Allah Təala vermişdir. İnsanın malı, canı, abırı – onun hərimi hesab olunur. Hər kim bu üç şeyə ziyan vurarsa, insana zülm etmiş olar.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, müsəlmanın üzünə bir sillə vurar, Allah Qiyamət günü onun sümüklərini bir-birindən ayırar”.

Mal oğurlamaq, haqqı tapdalamaq, haqqı gizlətmək, iqtisadi əmin-amanlığı aradan aparmaq, insanların abırını aparmaq – bunların hamısı zülmdür.

İmam Zaman ağa (ə.f) buyurur: “Caiz deyildir ki, kimsə başqasının malından, onun icazəsi olmadan istifadə etsin”.

3. İnsanın özünə etdiyi zülm. İnsanın bədən üzvlərinin onun üzərində haqqı vardır. Bu haqqa riayət etməmək – özünə zülm etmək deməkdir.

İnsanın dilinin, gözünün, qulağının, əlinin, ayaqlarının... haqları vardır. Hər kim bu üzvlərlə günah edərsə, özünə zülm etmiş sayılar.

İnsan gözünü, qulağını, dilini, qarnını haramdan qorumalıdır. Əgər harama baxarsa, haram söz deyərsə, harama qulaq asarsa və haram yeyərsə – özünə zülm etmiş olar. Bütün bu haqların tapdalanmasına görə Qiyamət günü cavab verməli olacaqdır.

İnsanın bədəni – ona verilmiş əmanətdir və bu əmanət Qiyamət günü öz sahibinin əleyhinə şəhadət verəcəkdir.



/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031