Salavat zikrinin əhəmiyyəti ilə bağlı 3 nöqtə
Mьəllif: admin1
Tarix: 10-07-2020, 10:36
Salavat zikrinin əhəmiyyəti ilə bağlı 3 nöqtə
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَن صَلّى صَلاةً لَم يُصَلِّ فيها عَلَيَّ ولا عَلى أهلِ بَيتي لَم تُقبَل مِنهُ

“Namaz qılıb, namazında mənə və Əhli-beytimə salavat deməyənin namazı qəbul olmaz.” (“Sünəni-Dar Qutni”, c.1, səh.355, hədis 6.)

Bildiyimiz kimi, namazın ikinci rükətində – təşəhhüddə salavat deyilir və təşəhhüdün bir hissəsinin salavatdan ibarət olması onun əhəmiyyətini bildirir. Salavat deməmək namazın batil olmasına səbəb olur. Əhli-sünnənin dörd imamından biri sayılan Şafei Əhli-beytə (ə) ithaf etdiyi şeirdə belə deyir:

يا أهلَ بَيتِ رَسولِ اللّهِ، حُبُّكُمُ

فَرضٌ مِنَ اللّهِ فِي القُرآنِ أنزَلَهُ

كَفاكُمُ مِن عَظيمِ القَدرِ أنَّكُمُ

مَن لَم يُصَلِّ عَلَيكُم لا صَلاةَ لَهُ


Ey "Peyğəmbər Əhli-beyti", sevginiz,

Vacib olub, Qurandadır bu yazı!

Yetər sizə o möhtəşəm qədriniz,

Salavatsız kəsin puçdur namazı!

Bəli, namazda salavat demək vacibdir və bu hökm yalnız şiələrə yox, bütün firqələrə aiddir.

Amma salavat zikri ilə bağlı incə-nöqtələr:

1-ci nöqtə: Duanın qəti qəbul olması üçün ondan əvvəl və sonra salavat demək dua qaydalarından biridir. Bu işin səbəbi belə izah olunur: Duadan öncə və sonra salavat zikr olunarsa, bu əslində üç dua hesab olunacaq.

Çünki salavatın mənası Peyğəmbər (s) və onun Əhli-beyti (ə) üçün xüsusi rəhmət istəməkdir. Heç şübhəsiz, duadan öncə və sonrakı salavat Allah tərəfindən qəbul olunur.

Çünki Allahın ən gözəl bəndələr üçün edilən ən xalis duaları qəbul etməməsi mümkün deyil. Eyni zamanda iki qəbul olunmuş dua arasında bir yığcam duanı qəbul etməmək də Allahın fəzl və kərəmindən uzaqdır.

(Əlbəttə, bu o hala aiddir ki, duanın qəbul olma şərtləri yerində olsun; misal üçün, özgələr üçün ziyan və ya günah istəyi olmasın!)

Demək, belə bir dua, heç şübhəsiz, qəbul olunur. Allah bu istəyi və ya ondan daha gözəlini əta edir.

2-ci nöqtə: Salavatın faydası insanın özünə qayıdır. Çünki Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) vücudu başdan-başa ilahi rəhmətlə doludur.

Beləliklə, bizim göndərdiyimiz rəhmətlər onların vilayətində olanlara çatır. Dolmuş stəkana dayanmadan su töksək, onun altındakı qab və ətrafında olanlar bu sudan bəhrələnəcəkdir.

Peyğəmbər (s) və onun Əhli-beytin (ə) vücudu ilahi rəhmətdə qərq olduğundan göndərilən salavatın bərəkəti insanın özünə və digər şəxslərə çatır.

Dualarda oxuyuruq: “İlahi, Muhəmməd (s) və onun Əhli-beytinə (ə) rəhmət göndər. Elə bir rəhmət ki, onun vasitəsi ilə günahlarımızı bağışlayasan və eyiblərimizi örtəsən. (Əl-muraqibat, Seyid ibn Tavus, c.1, səh.76.)

Göndərdiyimiz hədiyyələr (salavatlar) müqabilində Peyğəmbər (s) və Əhli-beyti (ə) bizim üçün dua edir və bizi öz hədiyyələri ilə faydalandırır. Bütün bunlardan əlavə, göndərdiyimiz salavatların nəticəsi özümüzə qayıdır.

3-cü nöqtə: Psixoloji prinsiplərə əsasən, ləyaqətsiz insan böyük bir şəxsdən nə isə istədikdə, əvvəlcə onun diqqətini cəlb etməlidir. Məsələn, öncə onun övladı və ya yaxın bir dostu ilə əlaqə yaradaraq öz istəkləri üçün zəmin hazırlamalıdır.

Heç şübhəsiz, biz insanlar günahlar və çirkin işlərimizə görə Allahın əzəmətli dərgahından nə isə istəməyə layiq deyilik. Başqa bir tərəfdən, ehtiyaclarımızın ödənməsini Onun dərgahından istəməkdən başqa çarəmiz yoxdur. Demək, istəmək üçün icazə almalı və ləyaqət əldə etməliyik.

Bu iş üçün ilahi övliyalara rəhmət diləməkdən yaxşı heç bir şey yoxdur. Beləliklə, Allahın ən əziz dostlarına salavat göndərib, ədəb nümayiş etdirməklə Allahın diqqətini cəlb etməyə layiq olur və ehtiyaclarımızı istəyirik.

Əslində salavat vasitəsilə Allahın əzəmətli dərgahında söz demək üçün cürət əldə edirik. Özümüzə nə isə istəməzdən öncə Allahın dostlarına rəhmət istəyirik.

Başqa sözlə, bir növ israr edirik. Xüsusi bir tərzdə Əhli-beytə ərz edirik: “Başdan-başa ehtiyac içində olmağımıza baxmayaraq, sizi sevdiyimiz üçün özümüzdən əvvəl sizə rəhmət istəyirik.”

Əhli-beytin bizim dualarımıza ehtiyacı yoxdur. Lakin bizim bu işimiz fəqirin imkanlı bir şəxsin qapısını döyüb “Allah sənə ömür, sağlamlıq və bərəkət əta etsin” deməsinə bənzəyir.

Fəqir bu şəxsin malik olduğu şeyləri Allahdan onun üçün istəyir. Bu sözlər məhəbbət göstəricisi və diqqəti cəlb etmək üçündür.

İmkanlı şəxs heç zaman fəqirə “mən sağlamam” cavabını verməz. Çünki fəqirin bu duadan savay əlindən heç bir iş gəlmədiyini bilir. Başqa bir misala diqqət yetirək:

“Bir bağban öz ağası üçün bağ salır. Bağdakı güllərin toxumu, su, torpaq, açmış güllər və hətta bağban özü də ağanın mülkü hesab olunur. Lakin güllər böyüdükdə, bağda gözəl mənzərə yarandıqda ağa tamaşa üçün bağa gələrkən bağban güllərdən bir dəstəsini ədəblə ona təqdim edir və xoşgəldin deyir.

Əvəzində isə mükafat alır. Bu bir növ ədəb qaydasıdır. Çünki bağban və bütün güllər ağaya məxsusdur. Demək, biz salavat göndərməklə məsumların bağından bir gül dərib onların özünə hədiyyə edirik.”

Əllahummə salli ələ Muhəmməd və ali-Muhəmməd.

(“Münacatın əzəməti” – (Şukuhe-nəcva), Ayətullah Misbah Yəzdi, səh.2-7.)

Maide.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031