Ustad Əlirza Pənahiyan kimdir?
Mьəllif: admin1
Tarix: 29-04-2020, 23:25
Ustad Əlirza Pənahiyan kimdir?

Ustad Əlirza Pənahiyan 1965-ci il aprel ayının 17-də Tehranda dünyaya gəlib. Atası dövrün təbliğatçı ruhanilərindən olub. Pənahiyan ibtidai və orta təhsili ilə yanaşı erkən yaşlarından hövzə elmlərini də öyrənməyə başlayıb. 1986-cı ildən öz təhsilini Qum elmi hövzəsində davam etdirib.

Daha sonra on iki il müddətində Ayətullah əl-üzma Vəhid Xorasani, Ayətullah Cavadi Amuli, Seyyid Muhəmmədkazim Hairi və Ayətullah əl-üzma Seyyid Əli Xameneinin ali xaric dərslərindən bəhrələnib.

Hövzədə olduğu illərdə Şəhid Mütəhhərinin kitablarından müxtəlif səviyyələrdə tədrislə məşğul olub. Hövzə və universitet arasındakı əməkdaşlıq proqramı çərçivəsində psixologiya ixtisası üzrə dərs alıb. On ildən çox Tehran incəsənət universitetində ustad olub və bu universitetin formalaşmasında əmək sərf edib.

Hal-hazırda da təbliğ ixtisası üzrə elmi mərkəzin heyət üzvüdür və həmin mərkəzlə dərsliklərin hazırlanması və sair elmi sahələrdə həmkarlıq edir. Bununla yanaşı, onun fəaliyyətinin əsas hissəsi hövzəylə bağlıdır.

O, Tehranda “Darul-hikmət” elmi mədrəsəsini təsis edib və bu elm ocağının məsuliyyətini öz üzərinə götürüb.

Əsərləri

“Təqva”, “Allah ayı”, “Qadının qüdrəti və əzəməti”, Gizli təkəbbürdən xilas”, “Allah ziyafəti” “Necə kamil namaz qılaq?”, “Bəndə və mövla” və sair kitabların müəllifidir.

Əlinizdə olan “İntizar” əsərində müəllif mötəbər mənbələrdən toplanmış 200-dən çox ayə və rəvayətlərə əsasən, “İntizar” mövzusunu bir çox tərəfləri ilə araşdırmış və bu mövzuda ortaya çıxan bir çox suallara cavablar vermişdir.

Ustad Əlirza Pənahiyan ilə müsahibə
(“Aman” jurnalı, avqust 2009)
(ixtisarla)

- Lütfən özünüzü təqdim edin.

- Mən Əlirza Pənahiyan, kiçik yaşlarımdan məktəblə yanaşı dini tələbəliyə başlamışam. 1982-ci ildə rəsmi olaraq hövzəyə daxil olmuşam. Tələbəlik illərində həmişə gənclərlə, ümumiyyətlə cəmiyyətlə bağlı təbliğat işlərimi davam etdirmişəm.

- Yaddaşınız necədir? Özünüzə neçə qiymət verirsiniz?

- Təfərrüatda çox deyil, 10 verirəm, amma ümumi nəzəriyyədə 20.

- 100 ballıq qiymətləndirmə ilə 20?

- Yox, 20 ballıqla.

- Quranla nə qədər bağlılığınız vardır? Bu sahədə qiymətiniz neçə olar?

- Qiymət vermək çətindir. Təəccüb edə bilərsiniz, amma mənim ilk mütaliə kitabım Quran olub. Bu kitabın nə dediyini anlamaq üçün onu bir dəfə əvvəldən axıra qədər oxumağım bir neçə il çəkib. Bu mütaliəmi özümün ən sevimli işim hesab edirəm.

- Universitet təhsiliniz də vardırmı?

- Bəli, psixologiya ixtisası üzrə təhsil almışam.

- Müvəffəqiyyətinizin qaynağı nə olub?

- Bu barədə soruşanlara açıq şəkildə deyirəm ki, mən müvəffəqiyyət qazanan biri deyiləm. Müvəffəqiyyət astanasına çatmaq üçün xüsusi özəlliklərə sahib olmaq lazımdır ki, bu özəllikləri özümdə toplaya bilməmişəm.

Əlbəttə, az-çox olub. Xüsusilə təbliğat sahəsində bu hal özünü biruzə verib. Bəzən isə Allahın bəxş etdiyi uğurlar qismətim olub. Bunun şükrünü unutmamaq lazımdır. Lakin insanlar məni ən çox minbər söhbətləri ilə tanıyırlar. Tələbələr isə dərslərimi minbər söhbətlərimdən daha çox bəyənirlər.

- Bəzilərinin dediyinə görə, sizin söhbət əsnasında işlətdiyiniz misallar yeni və bənzərsizdir. Eşidənləri, xüsusilə gəncləri özünə cəlb edən amil sizin bu üslubunuz ola bilərmi? Bu baxımdan xüsusi təfəkkür tərziniz var, yoxsa bu bir inayətdir?

- Haqqın təbliği insana yetişən ilahi inayətdən başqa bir şey deyil. Lakin bu, bizim yeni baxışları kəşf etmə gücümüzün olmaması anlamına gəlməz. Mühüm olan budur ki, bir rəvayətə hansı rakursdan baxırsınız, rəvayətlər arasında necə əlaqə yaradırsınız, mövzunuzu necə ifadə edirsiniz və necə ən yaxşı nəticə əldə etmiş olursunuz.

- Mövzunuzu necə qurursunuz? Əvvəlcə onu təyin edib sonra ona uyğun ayə və rəvayətlər tapırsınız, yoxsa ayə və rəvayətlərə baxıb oradan mövzu yaradırsınız?

- Həmişə ilk olaraq ayə və rəvayətlərə baxıram. Hətta çox vaxt bir mövzu olmadan da ilk onlara müraciət edirəm. Fikrimcə ayə və rəvayətlər mövzu baxımından ləpələnən dalğalı dəniz kimidir, xüsusilə “insan” mövzusu. Bizim hər işimiz bu mövzuyla bağlıdır.

Əgər kimsə məndən ən çox fikirləşdiyim və nəticə aldığım mövzunun hansı olduğunu soruşsa, cavabında “insan” deyərəm. Xatirimdədir, 1988–89-cu illər idi. O zamanlar bəzi araşdırmalarımın nəticəsini Ayətullah Məzahiriyə danışırdım.

O, həmin dövrdə Qumda yaşayırdı. Bir dəfə mənim cavabımda dedi: “Əgər mərcəyi-təqlid olsaydım, sənə bu araşdırmalarını kitab şəklinə salmağını vacib edərdim.” Məncə din təbliğinin iki əsas amili vardır: Biri dinin dərin əsaslarını bilmək, digəri isə qarşındakının ehtiyacını dərindən öyrənmək. Bundan sonra bu iki amili bir yerə toplayan dini ədəbiyyatla məşğul olmaq olar.

- Məhdəviyyət mövzusuna nə zamandan başladınız?

- 1997-ci il idi. Tələbə heyəti ilə Quma gəlmişdik. Tələbələr xahiş etdilər ki, Cəmkərana getməmiş onlara İmam Zamandan (ə.f) danışım. Onların xahişinə əsasən, bu mövzuda söhbət etdim. Söhbət onların ürəyinə yatdı.

İmam Zaman (ə.f) barədə çox məlumatlar toplamışdım. Amma ahəng və nizamlı məlumatlar deyildi. Tələbə heyətimiz növbəti həftə də bunu təkrarlamaq istədilər.

Bu minvalla mövzuya əsaslı və nizamlı yanaşma yarandı. Daha sonra müxtəlif heyətlərə məhərrəm ayının ilk ongünlüyündə məhdəviyyət mövzusunda zəncirvari söhbətlər etdik. Televiziyada da eyni mövzuda proqramlı şəkildə çıxışlar oldu.

- Sizə görə, zühur intizarı çəkənlərin ən başlıca diqqət etməli olduqları məsələ hansıdır?

- Ən əsası odur ki, zühuru yaxın bilməliyik. Şəhid Behiştinin sözü ilə desək, biz zühura müqəddimə ola biləcək bir cəmiyyət qurmalıyıq. Bu cəmiyyət özünü dünyaya tanıtdırmağı bacarmalıdır.

- Çox insanlar soruşur ki, İmam Zamanın (ə.f) bizdən razı olub-olmadığını necə bilək? Bu barədə siz nə deyə bilərsiniz?

- Bu sual Allah razılığı barədə də soruşulur. Əlbəttə, Həzrət barədə soruşanlar da az deyil. Sual verənlər bilməlidirlər ki, burada gizli bir fəlsəfə vardır və çox tərbiyəvi xüsusiyyətə malikdir.

Bunu qəbul etmək insanı təkamülə aparır. Bu da mövla ilə bəndə münasibətləridir. Ümumiyyətlə, bu formada sual eşq və irfan məktəbində doğru sayılmır. Allah ilə münasibətlərdə biz qorxu və ümid arasında olmalıyıq. Həzrət ilə münasibətlərdə də həmçinin. İnsan üzərinə düşəni etməlidir. Vəssalam.

Biz bu sualı verməklə nəyə nail olmaq istəyirik? Etdiyimiz əməllərin çekini (təsdiqini) əlimizə almağı? Bunu beynimizi rahatlatmaq üçün edirik? Bəzən bu rahatlıq (razılığı bilməyimiz) bizə süstlük gətirməzmi? Yaxud bizdə özündən razılıq halı baş qaldırmazmı? Əksinə olduqda (yəni, razılıq olmadıqda), bizdə məyusluq yaranmazmı? İnsan qorxu və ümid arasında olmalıdır. Bəndəçilik etməli, itaətdən boyun qaçırmamalıdır.

- Mehribanlıq və qəzəb hissinizi necə izah edərdiniz? Sizi adətən mehriban simada görürlər. Ailədə də mehribansınız?

- Ailədə də belədir. Bir dəfə qızım mənə dedi: “Ata, məktəbdəki uşaqlar atalarından qorxurlar.” Mən soruşdum: “Sən atandan qorxmursan?” Dedi: “Yox.”

Məktəb yoldaşlarında gördüyü ona çox qəribə gəlmişdi. Bu, onun nəzərində inanılmaz idi. Mən pis xasiyyətli insanlara da qəlbimdə mehribanlıq hissi duyuram.

Yəni, pisliklərini düşünməkdən daha çox onlara ürəyim yanır. Əslində onların yaxşı cəhətlərini görürəm. Allah onları da sevir və cənnətə aparmaq istəyir.

- Sizcə, ustad Pənahian daha yaxşı necə ola bilərdi?

- Əgər bu işləri əvvəldən görüb, müqəddəs müdafiə zamanında şəhid olsaydı, daha yaxşı olardı.

Ustad Pənahiyann “İntizar” kitabından

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031