Siyasətçinin orucu
Mьəllif: admin1
Tarix: 16-03-2024, 21:53
Siyasətçinin orucu
İnsanı dəyərli yaradan Allahın adı ilə!

Mübarək Ramazan ayındayıq. Bu ay – ilk öncə mərhəmət, güzəştlilik, daxili aləmin harmoniyası dönəmidir.

Bu, bir İlahi fürsətdir ki, insan olub-keçmişlərə obyektiv bucaq altında baxsın, umu-küsülərdən irəli gələn daxili deformasiyalara qalib gələ bilsin.

Təəssüflər olsun ki, sosial şəbəkələrin siyasi seqmentində bu, faktiki olar ki, özünü göstərmir.

- Qarşılıqlı ittihamlar adı bir normaya çevrilib.

- Mənim kimi düşünməyirlərsə, mənim səfimdə deyildilərsə - birmənalı rəqibdirlər. Bu azmış kimi, bu zaman rəqibə qarşı hər şey icazəlidir.



Nəticədə:

Eyni hadisə kimin üçünsə uğur, digəri üçün sual doğuran mövzuya çevrilir.

Eyni hadisə biri üçün repressiya, digəri üçün araşdırma tələb edilən məsələ kimi səciyyələnir.

Burada isə:

Ən sərt ifadələri bizimkilər islədirsə – haqqınadır, qarşıdakılar işlədirsə – həddi aşmaq kimi dəyərləndirilir.

Hörmətli və dəyərli siyasi-ictimai insanlar!

Zatən, siyasi baxışların müxtəlifliyi, ictimai mövqelərin fərqlənməsi – normaldır və əslində, siyasi mühitin inkişafına xidmət edən aspektlərdəndir.

Lakin, pozisiyaların formaca bu cür kəskinliyi – qətiyyən qənaətbəxş sayıla bilməz və əslində, ümumi vəziyyətin pisləşməsinə xidmət edir.

Axı bütün bunları, prinsipləri tam qoruyaraq, amma formaca adekvat üslubda etmək nəinki mümkündür, hətta yeganə doğru yol da – zatən elə budur.

Aşağılamaqla, tikanlı sözlərlə opponenti nəyəsə inandırmaq – mümkünsüz bir işdir.

Tənqid odur ki, hansısa hal, mahiyyət mənfi təhlilə məruz qalsın, amma forma opponentin həzm edə biləcəyi səviyyədə olsun.

Qoy sərt olsun. Qoy hətta ağrılı olsun.

Amma şəxsiyyətə keçməsin.

Hətta, bir tərəf keçirsə, digər tərəf qətiyyən təhqirə keçməsin.

İnanın ki, izləyənlər hesabı itirir. Təhqirə əl atan istənilən tərəfi qınayır. Bütün arqumentlər təhqir burulğanında itib-batır.

Sayın bəylər və yoldaşlar!

İlk qıcığın dalğasında, reflekslər səviyyəsində, dərhal reaksiya verməyə çalışmayaq.

Bu, əksər hallarda, yanlış olur. Sonra peşmançılıq gətirir.

Mübarək Ramazan ayındayıq.

Siyasətin orucunu tutaq. Allah bəyənən siyasi performans sərgiləyək.

Bu, ən birincisi, tərəfin özü üçün uğur gətirəndir.

Hacı İlqar İbrahimoğlu

P.S.

Bu yazı, çox az faiz olan və bütün hallarda tənqidlə təhqirin sərhədini qoruyan dəyərli insanlara təbii ki, aid deyil.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031