Bərzəx aləmi ilə Qiyamətin fərqi nədədir?
Mьəllif: admin1
Tarix: 7-04-2020, 22:31
Bərzəx aləmi ilə Qiyamətin fərqi nədədir?
Quran ayələrindən və hədislərdən belə nəticəyə gəlmək olur ki, heç kəs ölən kimi Qiyamətə daxil olmaz.

Öləndən sonra daxil olduğu aləm – bərzəx aləmi olar. Qiyamət isə dünya dağılandan və bütün canlılar öləndən sonra baş verər və hər kəs əbədi məkanına daxil olar. Ona görə də deyə bilərik ki, bərzəx – Allah bəndələrinin daxil olduğu müvəqqəti aləmdir.

Quranın nəzərinə görə, insan öləndən sonra iki aləmə daxil olar. Dünyalardan biri dünya həyatı kimi sona çatandır, bərzəx aləmi adlanar. O birisi isə Qiyaməti-kubradır ki, heç bir zaman sona çatmaz və əbədi olar.

“(Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: Ey Rəbbim, məni (dünyaya) qaytar, bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm. Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır”. (“Muminun” 99-100).

Bu ayədən göründüyü kimi, Qurani-Kərimdə dəfələrlə bərzəx aləminin adı çəkilmiş və insanın öləndən sonra ora daxil olacağı vurğulanmışdır.

Bərzəx – yəni, vasitə deməkdir. Yəni, elə aləmdir ki, dünya ilə axirət aləminin arasında yerləşər. Bu səbəbdən bərzəx aləmində insanların əməllərinə yüngül hesab çəkilər. Qiyamət günü isə əsil məhkəmə qurular.

Səadət əhli ölən zamandan başlayaraq, nemət içərisində olarlar. Onlar həm bərzəx aləmində və həm də Qiyamət günü Allahın lütfündən bəhrələnərlər.

Ancaq günah əhli ölüm zamanından başlayaraq, əzab görərlər. Bu əzablarının şiddəti Qiyamət gününün əzabına çatmaz. Ancaq yenə də günahkarları peşman edər və əzab görməklərinə səbəb olar.

Qiyamət günü – bərzəx aləmindən fərqli olaraq, fərdə aid bir dünyadır. Yəni, bərzəx elə aləmdir ki, hamı oraya daxil olmalıdır. Yəni, həm kafir və həm mömin bu aləmə cəm halında daxil olar və cəm halında əzab və ya savab görərlər.

Ancaq Qiyamət günündə insanları tək-tək hesaba çəkərlər. Hər bir fərd öz əməllərinə əsasən əzab və savab görər. Bu aləmdəki məhkəmə hər kəsi əməlinə görə ya cənnətə göndərər, ya da cəhənnəmə.

Bərzəx aləmi ilə Qiyamətin fərqlərindən biri də budur ki, Qiyamət günü möminlər şəfaət görəcəklər. Ancaq bərzəx aləmində şəfaət yoxdur.

Beləliklə deyə bilərik ki, bərzəx aləmi dünya ilə axirət arasında körpü rolunu oynayan bir dünyadır ki, sona çatandır və əbədi deyildir.

Ancaq Qiyamət əbədidir və sona çatmaz. Bərzəx aləmində insanların hesaba çəkilməsi yüngül olar və cəzaları da Qiyamətdən fərqli olaraq, şiddətli olmaz.

Ancaq Qiyamət günü – əsil İlahi məhkəmənin qurulduğu gündür. Bu gündə insanlar əbədi məkanlarına çatarlar. Mömin – behiştə, günahkar isə cəhənnəmə.

Bərzəx aləmində şəfaət yoxdur, ancaq Qiyamət günü şəfaətçilər olacaqdır ki, bəzi günahkarlara şəfaət verib, onları behişt əhlindən edəcəklər.

Allah Təala bizləri həmin şəfaətə layiq olanlardan qərar versin, inşəallah!



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031