Quran baxımından ilahi zikrə maneə olan 6 səbəb
Mьəllif: admin1
Tarix: 15-03-2023, 12:43
Quran baxımından ilahi zikrə maneə olan 6 səbəb
1. Firavanlıqla yaşamağa çalışmaq və həddən artıq dünyaya bağlılıq zikrə mane olan səbəblərdən biridir. Allah-Taala bu barədə buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُلْهِكُمْ أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُمْ عَن ذِكْرِ اللَّهِ وَمَن يَفْعَلْ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْخَاسِرُونَ

“Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də övladınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.” (“Münafiqun”, 9.)

Tövhidə, Allahpərəstliyə və aləmlərin Rəbbini yad etməyə meyillilik insan fitrətindən qaynaqlanır. İnsan fikrini özünə məşğul edən məsələlərdən biri də budur ki, öz Rəbbini və yaradanını tanısın.

Bununla yanaşı, Allah tərəfdən göndərilmiş peyğəmbərlərin çalışmalarına baxmayaraq, çox az insanlar öz fitrətlərinin və sağlam əqidələrinin onlara göstərdiyi yolu seçirlər və adətən, bütün əsrlərdə yollarını azmış insanların sayı daha çoxdur. Allah-Taala bu həqiqət barədə buyurur:

قَلِيلاً مَّا تَذَكَّرُونَ

“Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!” (“Əraf”, 3.)

Bu baxımdan, Allah-Taala maddi və mənəvi istəkləri Allah yadının qarşısını alan bir amil kimi tanıtdırır. Həddən artıq var-dövlətin və övladların fikrində olmaq insan ruhunu bulandırır və onun səfalı olmasının qarşısını alır.

Əgər Allahdan qafil olmaq vaxtında müalicə olunmasa, insan dünya və axirətdə ziyankarlardan olacaqdır. Allah yadından qafil olmaq insanın əsl hədəfinə çatmasına mane olur, insanı bu məhdud və müvvəqəti yaşayışa aid olan və həmişəlik bədbəxtçiliklə nəticələnən məsələlər barədə düşünməyə məcbur edir.

2. Allah zikrinin maneələrindən biri də zahirbinlik və həyatı ciddi tutmamaqdır. Qurani-Kərim bu barədə buyurur:

يَعْلَمُونَ ظَاهِرًا مِّنَ الْحَيَاةِ الدُّنْيَا وَهُمْ عَنِ الْآخِرَةِ هُمْ غَافِلُونَ

“Onlar dünya həyatının zahirini (məişət məsələlərini) bilirlər, axirətdən isə xəbərsizdirlər.” (“Rum”, 7.)

Mömin insan bu dünyanı hikmətli və hər bir şeyə agah Allahın xəlq etdiyi varlıq kimi tanıyır və elə buna görə heç bir mövzunun kənarından, hətta kiçik olsa da, sadəliklə keçmir və hər bir şeylə rastlaşanda hikmət sahibi olan Allahı xatırlayır.

Amma imansız şəxslər yaranışa və dünyada baş verən hadisələrə bir təsadüf kimi baxır və ölmü yaşayışın sonu kimi təsəvvür edirlər. O, yalnız dünya həyatının zahirinə baxır və işlərin nəticəsindən qafildir.

3. Zikrin maneələrindən biri də pis dostların olmasıdır. Quranda bu barədə oxuyuruq:

وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَى يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا يَا وَيْلَتَى. لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي وَكَانَ الشَّيْطَانُ. لِلْإِنسَانِ خَذُولًا

“O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: “Kaş, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutardım; Vay halıma! Kaş fılankəsi özümə dost etməyəydim.

And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər).” (“Furqan”, 27-29.)

Nəql olunur ki, Peyğəmbər (s) vaxtında Üqbə və Übəy adlı iki şəxs çox səmimi dost idilər. Üqbə hər vaxt səfərdən qayıdanda böyük qonaqlıq təşkil edirdi. İslam dinini qəbul etməsə də, Peyğəmbərə (s) məhəbbəti olduğu üçün o Həzrəti də dəvət edirdi.

Bu qonaqlıqların birində Peyğəmbər (s) süfrə sərildikdən sonra buyurdu: “Əgər Allahın təkliyinə və mənim peyğəmbərliyimə şəhadət verməsən, süfrədə olan yeməklərdən yeməyəcəyəm.”

O, Peyğəmbərin (s) buyurduğu bu sözlərdən sonra İslam dinini qəbul etdi. Amma dostu Übəy bu hadisədən xəbərdar olanda, Üqbəni danlayaraq dedi: “Öz əcdadlarının dinindən çıxdın?”

Üqbə dedi: “Mən İslam dinini qəbul etməyincə o süfrədə olan yeməklərdən yemirdi, utanırdım bir şəxs mənim süfrəmdən yemək yemədən evimdən xaric olsun.”

Übəy dedi: “Əgər Peyğəmbərin qarşısında dayanaraq onu təhqir etməsən, səndən razı olmayacağam.” Üqbə onun dediyi kimi etdi. (Peyğəmbəri(s) təhqir etdi.)

Bu minvalla, öz dünya və axirətini xarab etdi. O, Bədr müharibəsində düşmən qoşununda İslama qarşı vuruşarkən öldü. Yuxarıdakı ayələr onun barəsində nazil oldu.

Şübhəsiz, insan şəxsiyətinin formalaşmasında təsirli amillərdən biri də dostdur. Yolunu azmış insanlarla oturub-durmaq, onların rəftar və danışıqları insanın ruhu və rəftarında elə təsir qoyur ki, çox aram və tədrici olduğundan hiss olunmur.

4. Şeytanın insana hakim olması da zikrə mane amillərdən biridir. Allah-Taala bu barədə belə buyurur:

اسْتَحْوَذَ عَلَيْهِمُ الشَّيْطَانُ فَأَنسَاهُمْ ذِكْرَ اللَّهِ

“Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur.” (“Mücadələ”, 19.)

“اسْتَحْوَذَ” (İstəhvəzə) ifadəsi şeytanın bütünlüklə insana hökümranlıq etməsidir. Elə bir tərzdə ki, insanın ixtiyarını da ondan almış olur. Bu elə insanlar üçün irəli gəlir ki, öz agahlığı və iradəsi ilə neçə illər günaha qərq olurlar. İmam Hüseyn (ə) Aşura günü Yəzidin qoşununa xitab edərək buyurdu:

لقد اسْتَحْوَذَ عَلَيْکم الشَّيْطَانُ فَأَنسَاهُمْ ذِكْرَ اللَّهِ العظيم

“Həqiqətən şeytan sizə hakim olub və Allahı sizin yadınızdan çıxarıb.” (“Biharul-ənvar”, c.45, bab 38.)

5. Zikrə mane olan səbəblərdən biri də uzun-uzadı arzulardır. Quranda bu barədə buyurulur:

ذَرْهُمْ يَأْكُلُواْ وَيَتَمَتَّعُواْ وَيُلْهِهِمُ الأَمَلُ فَسَوْفَ يَعْلَمُونَ

“(Ya Rəsulum!) Qoy (kafirlər) hələ (istədikləri kimi) yeyib-içsinlər ,(dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər!” (“Hicr”, 3.)

Allah-Taala bəşərə elə istedad bəxş edib ki, onun vasitəsilə öz maddi rahatlığını və mənəvi kamilliyini təmin edərək dünya və axirətini abad edə bilər.

Amma təəssüf ki, bəşər bu imkanlar və istedadlardan düzgün istifadə etmir və onlardan öz inkişafı üçün istifadə etmək əvəzinə özünün maddi və mənəvi süqutu yolunda istifadə edir.

Bu istedadlardan biri də arzudur ki, əgər ağıl, məntiq və qabaqgörənliklə olarsa faydalıdır, hətta onun olması lazımlıdır. Amma hər vaxt bu amil öz həddini aşarsa və sonu olmayan uzun-uzadı arzulara çevrilərsə, insanın bədbəxtliyi və Allahdan qafil olması ilə nəticələnər.

6. Nəfs istəklərinə uymaq da ilahi zikr üçün mühüm maneələrdəndir. Allah-Taala bu barədə buyurur:

وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَن ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا

“Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!” (“Kəhf”, 28.)

Nəfs istəklərinə uyan kəs öz şəhvətini doyurmaqdan başqa heç bir şey barədə düşünmür və bu, onu bütün kamilliklərin kökü olan Allah yadından məhrum edir. (“Yade-U,”, Ayətullah Misbah Yəzdi, səh.11-116.)


Maide.Az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031