Koronavirusun insan qalmaq testi
Mьəllif: admin1
Tarix: 17-03-2020, 12:31
Koronavirusun insan qalmaq testi
“Ey çətinliklər düyününü açan!

Ey çıxılmaz hallarda yol açan!

Ey sıxıntıdan asayişə çıxmaq üçün çağırılan (Allah)!

Çətin işlər Sənin qüdrətinlə asanlaşır, (həyatın davam etməsi üçün lazım olan) səbəblər və vasitələr Sənin lütfünlə yaranır, qəza-qədər (hadisələr) Sənin qüdrətinlə dövran edir və hər bir şey Sənin iradən əsasında meydana gəlir....”

(“Səhifeyi-Səccadiyyə”nin 7-ci duasından)

Son dövrün gündəmini zəbt etmiş koronavirus, bir əlamətdar tendensiyanı da üzə çıxardı: bu virusun pandemiyası, qəlblərin mənəvi virusu ilə həmahəng bir durumu faş etdi. Təəssüf ki, hər zaman çox dəqiq surətdə rahatlığının təmini üçün lüksluq performansına diqqət edən rəsmi Qərb, sanki virusdan müdafiə olunmaq üçün tibbi maskanı taxmaqla, alicənablıq maskasını bilmərrə kənara atmış oldu.

Avropa İttifaqı təmsilçisinin tibbi maskaların ixracatına qadağa qoymaq barədə bəyanı, sözün həqiqi mənasında şok effektini yaratmışdır. Dünyanın ən qabaqcıl elmi fikrinin, aparıcı texnologiyaların, qlobal kommunikativ həllərin ünvanı olan Avropa, bəşəriyyətin mübtəla olduğu koronavirus bəlasının aradan getməsində avanqard rolunu oynamaq əvəzinə, tam izolyasiya siyasətini seçirsə, bunu nə ilə izah etmək olar?

Axı bir çox ölkələrin, millətlərin gözləntisi məhz Avropadandır. Ən yeni texnologiyaların məkanı olan Avropa, tibbi maskaları ixrac etməyə qadağa qoyursa, digər ölkələr bunu təmin edə bilmədikdə, bu kimi tibbi ləvazimatları axı haradan əldə etsinlər?!

“Boğulanın xilası – boğulanın öz əlundədir” prinsipi ilə bəşəriyyət haraya gedəcək?!

İstehsalı birə-on artırmaq əvəzinə, maskaları və digər zəruri materialları maya dəyərinə hər ehtiyaclı ölkəyə tezcə çatdırmaq əvəzinə, səyyar həkim briqadaları təşkil edərək, könüllü volontorlar korpusu formalaşdıraraq ən ucqar nöqtələri də belə himayə ilə əhatə etmək əvəzinə – hansı ki, hər zaman bunun iddiasında olublar – izolyasiya strategiyası yürüdən Qərb bürokratları, fədakarlıq matrisasına beynəlmiləl miqyasda nə böyüklükdə zədə vurulduğunun fərqindədirlərmi?!

Sərhədlər bağlanır, şirkətlər müflis olur, neft artıq 30 dollardan aşağı düşüb, iqtisadi kollaps və qlobal maliyyə depressiyası qaçılmaz görünür. Belə olan şəraitdə izolyasiya olunmaqmı olar?!

Əcəba, din-iman bir yana, məgər minillərin mədəniyyəti, ədəbiyyatı, incəsənəti, humanitar elmlər toplusu sizlər üçün bu suala düzgün cavab üçün kifayət etmədimi?!

Əcəba, həyatlarını elmin inkişafı, bəşəriyyətin nicatı üçün qurban vermiş görkəmli insanların irsi haraya getdi?!

Günəş sisteminin elmi isbatına görə tonqalda yandırılan, “Mən elmin fədaisi olaraq könüllü olaraq bu həyata əlvida deyirəm və yəqin bilirəm ki, axır nəfəsimlə mənim ruhum behiştə gedəcəkdir” – deyərək sonadək prinsiplərinə sadiq qalan Cordano Brunoların nümunəsi haraya getdi?!

Total blokada şəraitini yaşayaraq, ən yüksək fədakarlıq nümunələrinə imza atan, eyni zamanda ən elementar avadanlıq və ləvazimatların çatışmazlığından əziyyət çəkən İrana qarşı sanksiyaları ləğv etməməyə nə ad vermək olar?!

Yeri gəlmişkən, “xidmət şəhidi” fəxri adını alaraq, əbədiyyətə qovuşan onlarla tibb işçisi nümunəsi qoyan İranda, virusa yoluxanların əksəriyyəti məsul şəxslərdir. Niyə? Çünki, ölümcül təhlükəyə baxmayaraq, xalqdan ayrı düşməyi özlərinə yaraşdırmırlar.

İran xalqını sanksiya məngənəsində saxlayan ABŞ-da isə bu günlərdə silah satışı bir neçə qat artıb. Amerikalıların qarşılıqlı etimadsızlıqları ən pik nöqtəyə çataraq, ancaq əllərindəki silaha güvənmək sərhədinə yetişib. Trampizmin törətdiyi ən dəhşətli yekun…

Xırda məişət səviyyəsindən tutmuş, dövlətlərarası münasibətlərə qədər hər sferanı zədələmiş koronavurus pandemiyası, ən zərif kateqoriyanı – insanlıq durumunu hədəfə alıb. Amma azad və səmimi insanlar dünyanın hər yerində – kim necə bacarır – insanlıqlarını qorumağa çalışırlar.

Bu günlərdə İtaliyada insanlar evlərin eyvanına çıxaraq, kütləvi flaşmob keçiriblər. “Ölərik, amma təslim olmarıq!” şüarı ilə milyonlarla italiyalı sevimli futbol komandalarının marşlarını oxuyublar.

Onminlərlə italiyalı həkim artıq evə getmir, yaxınları ilə internet üzərindən əlaqə saxlayırlar.

İspaniyada milyonlarla insan eyni saatda eyvanlara çıxaraq, əl çalmaqla fədakar həkimləri alqışlamışlar.

Bəli, bəşəriyyət öz insanlığını qorumağa çalışır.

Əminik ki, toplumumuz da bu testi layiqincə verəcək.

Əminik ki, iblis xislətli xaos memarlarının ortaya atdığı koronavirus bəlasını fədakarlıq, isarlıq, şücaətlə dəf etməyə nail olacağıq.

Hamılıqla.

İnşəAllah.



Hacı İlqar İbrahimoğlu

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930