İslamda qonşuluq haqqı
Mьəllif: admin1
Tarix: 21-01-2024, 11:34
İslamda qonşuluq haqqı
İslamda qonşularla bağlı bir çox göstərişlər var. Bu göstərişlərdən biri Qurani-Kərimdə zikr olunmuşdur. Ayədə xüsusi əhəmiyyətli müəyyən göstərişlərin ardınca qonşular tapşırılır:

وَاعْبُدُوا اللهَ وَلا تُشْرِكُوا بِهِ شَيْئاً وَبِالْوالِدَيْنِ إِحْساناً وَبِذِي الْقُرْبى وَالْيَتامى وَالْمَساكِينِ وَالْجارِ ذِي الْقُرْبى وَالْجارِ الْجُنُب

“Allaha pərəstiş edin, Ona nəyisə şərik qoşmayın, ata-anaya yaxşılıq edin; qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın (qohum) və uzaq (qohum olmayan) qonşulara yaxşılıq edin.” (“Nisa”, 36.)

Ayədən göründüyü kimi, qonşular müəyyən səciyyələrinə görə fərqlənir: Qohum qonşu, qohum olmayan mömin və müsəlman qonşu, kafir qonşu… Qonşu kafir də olsa, onun qonşuluq haqqı var. Əgər digər qonşuların çeşidli haqları varsa, kafir qonşunun yalnız qonşuluq haqqı mövcuddur. Əmirəlmöminin Əli (ə) oğulları İmam Həsənlə (ə) İmam Hüseynə (ə) vəsiyyətində belə buyurur:

وَاللهَ اللهَ فِي جِيرَانِكُمْ فَإِنَّهُمْ وَصِيَّةُ نَبِيِّكُم) صلى الله عليه وآله (مَا زَالَ يُوصِينَا بِهِمْ حَتَّى ظَنَنَّا أَنَّهُ سَيُوَرِّثُهُم

“Qonşulara münasibətdə Allahı, Allahı unutmayın! Çünki onları Peyğəmbəriniz tapşırıb; o Həzrət qonşular haqqında daim elə tövsiyə edirdi ki, tezliklə onlara miras düşəcəyini güman edirdik.”

İmam Əli (s) buyurur ki, qonşuluq haqlarına riayət olunması girami Peyğəmbərin (s) tapşırıqlarındandır. Bildirir ki, Peyğəmbər (s) ardıcıl şəkildə qonşuları tapşırırdı.

Belə ki, onun buyruqlarından qonşuların övladlarla yanaşı irsdən pay alacağı güman edilirdi. Məşhur bir rəvayətdə İmam Həsən (ə) buyurur:

رَأَيتُ اُمّي فاطِمَةَ (س) قائِمَةً في مِحرابِها لَيلَةَ الجُمُعَةِ، فَلَم تَزَل راكِعَةً ساجِدَةً حَتَّى انفَجَرَ عَمودُ الصُّبحِ، وسَمِعتُها تَدعو لِلمُؤمِنينَ والمُؤمِناتِ وتُسَمّيهِم وتُكثِرُ الدُّعاءَ لَهُم ولا تَدعو لِنَفسِها بِشَيءٍ، فَقُلتُ: يا اُمّاه، لِمَ لا تَدعينَ لِنَفسِكِ كَما تَدعينَ لِغَيرِكِ؟ فَقالَت: يا بُنَيَّ، الجارَ ثُمَّ الدّارَ

“Anam Fatiməni (ə.s.) cümə gecəsi mehrabda ibadət etdiyini gördüm və o, sübh açılana qədər rükuda qaldı. Dualarında eşitdim ki, bir-bir mömin kişi və qadınların adını çəkir, özünü isə əsla dilə gətirmirdi. Bu zaman mən dedim: “Ana! Nə üçün başqalarına dua edir, özünü isə unudursan?” O buyurdu: “Oğlum, əvvəl qonşu, sonra ev.” (“Dəlailul-imamət”, səh.125, hədis 65.)

Dini rəvayətlərdə qonşuluq haqlarına riayət edilməsinin və yaxşı qonşuluğun bir sıra bərəkətləri qeyd olunmuşdur. Uzun ömür, mal və ruzinin artması, evlərin abadlığı yaxşı qonşuluğun bərəkətlərindəndir. Bu rəvayətlərdən bəzilərini nəzərdən keçirək:

İmam Baqir (ə) buyurur:

صِلَةُ الاَرْحامِ وَحُسْنُ الْجَوارِ زِيادَةٌ فِي الاَمْوال

“Qohumlarla rabitə və yaxşı qonşuluq var-dövlətin artmasına səbəb olur.” (“Biharul-ənvar”, c.74, səh.97, hədis 32, bölüm 3.)

İmam Sadiq (ə) buyurur:

صِلَةُ الرَّحِمِ وَحُسْنُ الْجَوارِ يُعَمِّرانِ الدِّيارَ وَيَزيدانِ فِي الاَعْمارِ

“Qohumlarla rabitə və yaxşı qonşuluq evləri abad edir, ömürləri uzadır.” (“Biharul-ənvar”, c.74, səh.120, hədis 82, bölüm 3.)

İmam Sadiqdən (ə) nəql olunmuş digər bir rəvayətdə buyurulur:

حُسْنُ‌الْجَوارِ يَزيدُ فِي الرِّزْق

“Yaxşı qonşuluq ruzini artırır.” (“Biharul-ənvar”, c.74, səh.153, hədis 14, bölüm 9.)

Dini rəvayətlərdə müxtəlif qonşuluq haqlarından danışılır. Bu haqlardan biri budur ki, qonşu xəstələndikdə, onu yoxlamaq lazımdır.

Haqlardan biri də budur ki, qonşunun problemi olduqda gücünüz çatırsa, bu problemi aradan qaldırın. Rəvayətlərə əsasən, qonşu xüsusi ilə məişət əşyalarına, qab-qacağa ehtiyac duyduqda, ona əl tutmaq lazımdır.

Öz növbəsində pis qonşuluğun da mənfi təsirləri vardır. Bu mənfi təsirlər əməli olaraq sübuta yetmişdir. Qonşunu incitmək ömrü qısaldır, ruzini azaldır, həyatı acılaşdırır, ömrün bərəkətini aparır.

Bir nöqtəni də qeyd edək ki, yaxşı qonşuluq o demək deyil ki, qonşunu incitməyəsən. Qonşunun əziyyətlərinə dözmək də yaxşı qonşuluqdur. Əgər hər iki qonşu İslam təlimlərində nəzərdə tutulmuş göstərişlərə əməl etsələr, çox şirin bir həyat yaşayar, dünyanın bərəkətlərindən faydalanarlar. Şübhəsiz ki, onların mehribanlığı müqabilində axirət mükafatları da nəzərdə tutulmuşdur. (“Peyame-Movla əz bəstəre-şəhadət” (Şəhadət yatağında Mövlanın öyüdü), Ayətullah Misbah Yəzdi, səh.174-177.)

Maide.Az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031