Var-dövlət və vəzifəni üstünlük meyarı bilənlər bu ayədə tənqid olunurlar
Mьəllif: admin1
Tarix: 30-11-2019, 10:21
Var-dövlət və vəzifəni üstünlük meyarı bilənlər bu ayədə tənqid olunurlar
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 246-247-ci ayələrində buyurur:

أَلَمْ تَرَ إِلَى الْمَلإِ مِن بَنِي إِسْرَائِيلَ مِن بَعْدِ مُوسَى إِذْ قَالُواْ لِنَبِيٍّ لَّهُمُ ابْعَثْ لَنَا مَلِكًا نُّقَاتِلْ فِي سَبِيلِ اللّهِ قَالَ هَلْ عَسَيْتُمْ إِن كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ أَلاَّ تُقَاتِلُواْ قَالُواْ وَمَا لَنَا أَلاَّ نُقَاتِلَ فِي سَبِيلِ اللّهِ وَقَدْ أُخْرِجْنَا مِن دِيَارِنَا وَأَبْنَآئِنَا فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ تَوَلَّوْاْ إِلاَّ قَلِيلاً مِّنْهُمْ وَاللّهُ عَلِيمٌ بِالظَّالِمِينَ. وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ اللّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا قَالُوَاْ أَنَّى يَكُونُ لَهُ الْمُلْكُ عَلَيْنَا وَنَحْنُ أَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةً مِّنَ الْمَالِ قَالَ إِنَّ اللّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ وَاللّهُ يُؤْتِي مُلْكَهُ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ

“Bəni-İsrail böyüklərindən olan o dəstəni görmədinmi ki, Musadan sonra öz peyğəmbərlərinə dedilər: “Bizim üçün bir başçı seç, Allah yolunda (zülmkarlarla) savaşaq.”

O dedi: “Sizə savaşma əmri olduqda, bəlkə, vuruşmadınız?” Dedilər: “Necə olar ki, Allah yolunda savaşmayaq? Bir halda ki, evlərimizdən və övladlarımızdan ayrılmışıq?” Elə ki, onlara savaş əmri verildi, kiçik bir hissəsi istisna olmaqla, boyun qaçırdılar. Allah zalımlardan xəbərdardır.

Peyğəmbərləri onlara dedi: “Həqiqətən, Allah Talutu sizə hakimlik üçün məbus etmişdir.” Dedilər: “O, bizə necə hakim ola bilər ki, biz rəhbərliyə ondan daha layiqik və ona çoxlu sərvət verilməyib?”

Peyğəmbərləri dedi: “Allah onu sizin üçün seçmiş, elm və cisim gücünü artırmışdır. Allah öz mülkünü istədiyinə verər. Allahın (ehsanı) genişdir və O (bəndələrinin ləyaqətindən) xəbərdardır.”

Bəni-İsrail Həzrət Musadan sonra qanunu pozmaq, rifah axtarmaq xatirinə yenidən zalım hakimlərin hökmü altına düşdü. Onlar öz azadlıqlarını və torpaqlarını əldən verdilər. Onlar avaralıqdan qurtarmaq və zalım hakimlərin boyunduruğundan xilas olmaq üçün mübarizə qərarına gəldilər.

Öz peyğəmbərləri Eşmuyeldən Tağutla mübarizə üçün başçı istədilər. Bütün bu iddialarına baxmayaraq, göstəriş verilən zaman əksəri döyüş meydanına arxa çevirib, əmrdən boyun qaçırdı.

Bəni-İsrailin öz peyğəmbərlərinə savaşa rəhbərlik üçün hərbi komandan istəsə də, onların bu istəyinə cavab verildikdə, bəhanə gətirib dedilər: “Talut hara, hakimiyyət hara?” Məlum olur ki, Talut onlara hərbi komandan olmaqdan əlavə, hakim də təyin edilmişdir.

Bəni-İsrail öz peyğəmbərlərindən savaş üçün başçı istəsə də, gənc, fəqir, adsız-sansız Talut başçı təyin olunduqda dedi: “Şöhrəti və sərvəti olmadığı halda, o bizə necə komandanlıq edər? Biz öz sərvətimiz və imkanlarımız baxımından ondan daha layiqik!”

Peyğəmbər onların bəhanələrini eşidib buyurdu: “Şübhəsiz ki, Allah onu sizin üçün seçmişdir və onun savaşa başçılıq üçün elmi, fiziki və digər imkanları vardır. Allah istədiyi kəsə ləyaqəti, gizli istedadları xatirinə başçılıq verər.

Bəli, Allahın bir nəzəri daşı cəvahirə döndərər. Onun baxışı bərəkətindən tikan gül olar, fəqir isə hakim! Məgər qoyunlarını itirmiş bir çoban hakimlik ləyaqətinə malikdirmi?

Rəvayətdə deyilir: Talut itmiş qoyunları axtararaq şəhərə üz tutmuş bir çoban idi. O, peyğəmbərin xidmətinə gəldi. Allah Öz peyğəmbərinə vəhy etdi ki, bu çobanın başçılıq ləyaqəti var və onu xalqa təqdim etsin.

Bəlkə də ayədəki “bəstətən fil-ilmi” cümləsi Talutun əhatəli elminə işarədir. Yəni o bir çox elmlərdə geniş məlumata malik olmuşdur.

Bildirişlər

1. Müsəlmanlar Bəni-İsrailin tarixinə diqqətlə nəzər salmalı və ibrət götürməlidirlər.

2. İlahi rəhbərin mövcudluğu pərakəndəliyin, avaralığın və zülmə təslimçiliyin qarşısını alır.

3. Bəzi peyğəmbərlərin risaləti xalqın yalnız bir hissəsinə aid olmuşdur.

4. Hərbi komandan səmavi rəhbər tərəfindən seçilməli və təyin olunmalıdır. Demək, din siyasətdən ayrı deyil.

5. Müvəffəqiyyətli savaş üçün layiqli komandan lazımdır.

6. Zalım hakimlərdən xilas olmaq üçün ilahi peyğəmbərlərə sığınmaq lazımdır.

7. İslah təklifi verənlərdən öhdəçilik alınmalıdır.

8. Rəhbər uzaqgörən olmalıdır. O, xalqın öz əhdini sındırması və məsuliyyətdən qaçmasını ehtimal etməlidir.

9. Zülmdən yaxa qurtarmaq və vətənin müdafiəsi üçün aparılan cihad Allah yolunda cihaddır.

10. Çətinliklərin meydana çıxması azadlıq hərəkatı səbəbidir.

11. Mübarizə meydanı iddialı insanların qiymətləndirilmə vasitəsidir.

12. Əhdi pozanlar və əməlsiz şüarçılar zalımdırlar.

13. Allah agahdırsa, bir bu qədər pərdələnmə nə üçündür?!

14. Peyğəmbərlər vəhy əsasında öz canişinlərini seçirlər.

15. Allahın təyin etdiyi rəhbərlik xalqın xeyrinədir.

16. Azadlıq və qurtuluş arzusundasınızsa, ilahi rəhbəri qəbul etməlisiniz.

17. Din siyasətdən ayrı deyil. Peyğəmbərlər hərbi məsələlərə bilavasitə müdaxilə etmiş və hərbi komandanların təyinatı ilə məşğul olmuşlar.

18. Ad-sansız və fəqir insanların gizli istedadlarından qəflətdə qalmayın.

19. Həqiqi iman nişanəsi Allaha və Onun rəsuluna təslimçilikdir. Bəni-İsrail öz yanlış düşüncəsi səbəbindən təslim olmadı.

20. Bizim ilahi rəhbərlə rəftar qaydamız ilahi imtahanlardan biridir.

21. İnsanın özünü üstün tutması məhkum edilir. (Necə ki, şeytan “Əraf” surəsinin 12-ci ayəsində “ənə xəyrun minhu” (Mən ondan yaxşıyam) deməklə özünü üstün tutdu.)

22. Ad-san, vəzifə, şəhərdə yaşamaq üstünlük nişanəsi deyil. Bu ayədə var-dövləti, vəzifəni üstünlük meyarı sayanlar tənqid olunmuşdur.

23. İlahi seçim boş-boş şeylərə yox, ləyaqətə əsaslanır.

24. Elmi və fiziki qüdrət qoşun başçılığının iki zəruri şərtidir.

25. Elmi qüdrət fiziki qüdrətdən də mühümdür. Əvvəlcə elm, sonra cisim sözü gəlmişdir.

26. Seçim zamanı daha elmli olmaq əsas məsələdir.

27. Rəhbər, müdir öz işçilərinə diqqətlə yanaşmalı, işinin və seçiminin dəlillərini bəyan etməli, şübhələri aradan qaldırmalıdır. Onlar deməlidirlər ki, hansı işi görüb-görməmək öz haqlarıdır. Peyğəmbər, Talutun seçim dəlili kimi onun elmi və cismi gücünü bəyan etdi.

28. İlahi lütf nə fəqirlik və ad-sansızlıqdan, nə də sərvət və şöhrətdən asılıdır. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 246-247-ci ayələrin təfsiri.)

Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930