Sonra deməyin dualarımız niyə qəbul olunmur
Mьəllif: admin1
Tarix: 27-11-2019, 20:46
Sonra deməyin dualarımız niyə qəbul olunmur
İslam dinində ən çox təkid olunan məsələlərdən biri duadır. Mövzumuz iki əsas hissədən ibarətdir: Birincisi, müqəddimə, ikincisi, Allah-Təala, Peyğəmbərlər (ə) və İmamlardan (ə) nəql olunan ayə və hədislər. Əslində dua etmək bir vəzifədir. Onun qəbul olunub-olunmaması ikinci, üçüncü, bəlkə də neçənci məsələdir.

Hədislərə nəzər saldıqda görürük ki, dua ibadətlərin gözəli, nuranisidir. Bəzi insan elə düşünür ki, dua insanın Allahdan öz ehtiyaclarını istəməsidir. Və burada, xüsusilə maddi və dünyəvi ehtiyaclar nəzərdə tutulur. Belə istəkləri diləmək əvvəlinci yox, bəlkə sonuncu mərhələdir. Amma məsumlar buna dəfələrlə işarə ediblər ki, hətta kiçik ehtiyaclarınızı da Allahdan istəyin. Onda belə nəticəyə gələ bilərik ki, duanın fəlsəfəsi insanın Allahdan öz kiçik ehtiyaclarını istəməsi yox, Allahla insan arasında əlaqənin qurulmasıdır. Əsas budur ki, insan Allahla danışa, müzakirə edə və özünün Ona möhtaclığını hiss edərək Haqqı unutmaya.

Dua özü bir eşqdir. Dua ibadətlərin ən gözəlidir. Biz zatımızın fəqirliyinə görə mənəvi, ruhi, maddi ehtiyaclarımızı qəni olan Allahdan istəyirik. Lakin onun qəbul olunub-olunmaması haqqında mühakimə yürüdə bilmərik. Buna görə də duanın qəbulluğuna görə kiminsə yaxşı, kiminsə pis adam olmasını deməyə ixtiyarımız yoxdur. Bir nəfər İslam Peyğəmbərinin (s) yanına gəlib soruşdu: "Allah yaxındır, ya uzaq? Bilmirəm asta səslə çağırım, yaxud uca səslə?"

Peyğəmbərə (s) bu ayə nazil oldu: "Bəndələrim Məni səndən soruşan zaman (söylə ki), Mən onlara yaxınam". (“Bəqərə” surəsi, ayə 186) "Biz ona hətta şah damarından daha yaxınıq" ("Qaf" surəsi, ayə 16). Sonra əlavə edir: "Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da dəvətimi qəbul etsinlər və mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, öz yollarını tapsınlar və məqsədə çatsınlar". (“Bəqərə” surəsi, ayə 186)

Ayənin nəticəsi:
- Allah bizə özümüzdən çox yaxındır.
- Allah onu çağıranlara cavab verər. Amma Allahın cavabına nail olmağın iki şərti var: Allahın dəvətini qəbul etməli və ona iman gətirməliyik. Yalnız bu mərhələləri keçdikdən sonra öz yolumuzu tapa və məqsədimizə yetişə bilərik.

İmam Sadiq buyurur: "Dua et, demə iş-işdən keçmişdir. Həqiqətən, Allahın yanında bir yer vardır ki, istəmədən ona nail olmaq olmaz". (Mizanul-Hikmət)

Duanın qəbul olunmasında iki mətləb çox mühümdür:
- Hazırlıq görmək, yolu hamarlamaq,
- Maneələri aradan götürmək.

Hazırlıq görmək dedikdə dua etmək üçün lazımi şərait nəzərdə tutulur. Dua edən insanda Allaha qarşı eşq, məhəbbət, şövq, inam yaranmalıdır ki, duasını lazımi şəkildə dilə gətirə bilsin.

Duanın qəbul olunmasına mane olan bir neçə məsələlər vardır. Bu maneələrdən ən birincisi günahdır. Məsələn, bir şəxs övlad istəyir. Burada evlənmək şərt, xəstəlik isə maneədir. Yaxud bir başqası həccə getmək arzusundadır. Pulun olması şərt, yolun bağlı olması maneədir. Duaların da qəbul olmasına ən böyük maneə günahdır.

"Kumeyl" duasında deyilir: "İlahi, mənim günahlarım səbəb olub ki, dualarım məhbus ola."

İmam Baqir (ə) buyurur: "Həqiqətən, bir bəndə Allahdan hacət istəyir və onun gerçəkləşməsi çox yaxın zamanda mümkündür. Lakin o bəndə günah etsə, Allah mələyə deyər ki, hacətini qəbul etmə və onu bundan məhrum et. Çünki o mənim qəzəbimə düçar olub".

İnsan duasının qəbul olunmasını istəyirsə, öz daxilində böyük dəyişiklik etməlidir, özünü günahların girdabından çıxarmalıdır. İnsan zülm etsə, yaxud zülmü himayə etsə, onun duası qəbul olunmaz. Çünki bunların hər ikisi bərabərdir. Salehin dəvəsinin dastanı və İmam Hüseynin (ə) ziyarətnaməsini buna misal çəkmək olar.

Salehin dəvəsinin dastanından məlumdur ki, dəvəni bütün Səmud tayfası deyil, bir neçə kəs öldürmüşdü. Amma bütün tayfa bu zülmün qarşısını almağa çalışmadıqları üçün Allah onların hamısını bəlaya mübtəla etdi.

"Onlar isə dəvəni tutub kəsdilər və (Saleh) dedi: "Üçcə gün yurdunuzda yaşayın! Bu yalan çıxmayan bir vədədir. Zülm edənləri şiddətli bir səs, (gurultu) yaxaladı və nəticədə yurdlarında dizləri üstə (meyit) düşüb qaldılar" ("Hud" surəsi, ayə 65, 67).

İmam Hüseynin (ə) ziyarətnaməsində oxuyuruq: "Allah səni öldürən və bunu eşidib razı olan ümmətə lənət etsin."


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031