Oruc sizə vacib edildi ki...
Mьəllif: admin1
Tarix: 3-04-2023, 14:17
Oruc sizə vacib edildi ki...
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 183-cü ayəsində buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

“Ey iman gətirənlər! Oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, təqvalı olasınız.”

Təqva günahdan çəkinmək mənasını bildirir. Əksər günahlar qəzəb və şəhvət kimi iki kökdən qaynaqlanır. Oruc bu iki meylin, qərizənin qarşısını alır. Ona görə də oruc vasitəsi ilə fəsad azalır, təqva isə yüksəlir. (“Kafi”, c.2, səh.18.)

Quran təfsirçilərinin və alimlərinin nəzərincə, “ey iman gətirənlər” xitabı ilə başlayan ayələr Mədinədə nazil olmuşdur və Mədinə ayələrindən sayılır. Oruc hökmü də cihad və zəkat hökmləri kimi 2-ci hicri-qəməri ilində verilmişdir.

Orucun təsir və bərəkətləri

Təqva və allahpərəstlik orucun zahirdə və batindəki mühüm təsirləridir. Oruc yeganə gizli ibadətdir. Namazı, həcci, cihadı, zəkatı, xümsü xalq görür. Orucu izləmək isə mümkünsüzdür. Oruc insan iradəsini möhkəmləndirir.

Bir ay müddətində yemək-içməkdən, bir çox nəfs istəklərindən kənarlaşan insan xalqın malına və namusuna münasibətdə özünə nəzarət edə bilir. Oruc mərhəmət hisslərinin güclənməsinə səbəb olur. Bir ay müddətində aclığı dadan insan yoxsulluq içində yaşayanların dərdinə şərik olur.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Oruc səbrin yarısıdır.” Adi insanların orucu yemək-içməkdən və cinsi yaxınlıqdan çəkinməkdir. Orucu bəyənilmiş şəkildə tutanlar isə orucu batil edən şeylərdən çəkinməklə yanaşı, böyüklü-kiçikli digər günahlardan da uzaqlaşırlar.

Allahın xas bəndələri isə nəinki orucu pozan işləri görmür və günahdan çəkinir, hətta qəlblərini Allah zikrindən xali etmirlər. Oruc insanı mələklərə oxşadır. O, eynən mələklər tək yeyib-içmir, şəhvətdən uzaq olur.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs Ramazan ayında Allaha görə oruc tutsa, bütün günahları bağışlanar.” (“Təfsiri-Məraği”, c.2, səh.69.)

Qüdsi bir hədisdə nəql olunur ki, Allah-Taala buyurmuşdur: “Oruc Mənim üçündür və Mən onun əvəzini verərəm.” (“Təfsiri-Məraği”, c.2, səh.69.)

Oruc o qədər əhəmiyyətlidir ki, rəvayətlərdə bir çox ibadətlərin savabı orucun savabı ilə müqayisə olunur. (“Kafi”, c.2, səh.100.)

Oruc əvvəlki ümmətlər üçün də vacib olmuşdur. Amma Ramazan ayının orucu peyğəmbərlərə məxsusdur. Belə bir oruc bütün İslam ümməti üçün də vacib edilmişdir. (“Təfsiri-Nurus-səqəleyn”, c.1, səh.136.)

Nəql olunur ki, Həzrət Peyğəmbər (s) belə buyurmuşdur: “Hər bir şeyin zəkatı var və bədənlərin də zəkatı orucdur.” (“Biharul-ənvar”, c.69, səh.380.)

Sözügedən ayənin davamında buyurulur:

أَيَّامًا مَّعْدُودَاتٍ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَرَ وَعَلَى الَّذِينَ يُطِيقُونَهُ فِدْيَةٌ طَعَامُ مِسْكِينٍ فَمَن تَطَوَّعَ خَيْرًا فَهُوَ خَيْرٌ لَّهُ وَأَن تَصُومُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

“Sayı müəyyən olan bir neçə gün (bir ay) (sizin üçün oruc qərar verildi.) Amma hansınız xəstə və ya səfərdə olsa, digər günlər həmin sayda (oruc tutsun). Oruc tutmağa taqəti olmayanlar (xəstələr, qoca kişi və qadınlar) kəffarə verməli, miskini doyurmalıdırlar. Hər kəs öz meyli ilə çox yaxşılıq etsə, onun üçün daha yaxşıdır. Amma əgər (orucun təsirlərini) bilsəniz, (anlayarsınız ki,) oruc tutmaq sizin üçün yaxşıdır.” (“Bəqərə” surəsi, ayə 184.)

Ərəb dili qrammatikasında “ifal” babının mənalarından biri “aradan götürülmə”dir. Məsələn, lallıq mənasını verən “ucmə” sözü “ifal” babında “icam” olur. Bu söz lallığın aradan getməsini bildirir. Bu ayədəki “yutiqunə” sözü də güc-qüvvənin götrülməsini bildirir.

Allah əmrinə təslimçilik bir dəyərdir. Əgər oruc tutmaq əmr olunursa oruc tutmalıyıq, əgər iftar etmək hökm olunursa orucumuzu açmalıyıq. “Məcməul-bəyanda” nəql olunur: “Peyğəmbərin səhabələrindən bir dəstəsi hətta səfərdə də oruc tutur və öz oruclarını açmaq istəmirdilər. Həzrət Peyğəmbər (s) onları günahda suçladı.”

İmam Sadiq (ə) buyurmuşdur: “Əgər bir şəxs səfərdə oruc tutsa, mən onun cənazəsinə namaz qılmaram.”

“Təfsiri-Qurtubi”də də nəql olunmuşdur ki, Həzrət Peyğəmbər (s) Ramazan ayı Mədinədən Məkkəyə səfər edərkən yolda su istədi. O, su qabını əlinə götürdü ki, xalq bunu görsün. Hamı bunu müşahidə etdikdən sonra Həzrət su içdi.

Müsafir və ya xəstə insan oruc tutarsa, bu oruc batildir və onun qəzasını yerinə yetirmək lazımdır. (“Təfsiri-Nurus-səqəleyn”, c.1, səh.164.)

İmam Sadiq (ə) buyurmuşdur: “Hətta ana körpəsinin süd əmməsindən və ya bətnindəki körpədən nigaran olarsa, orucunu iftar etməlidir. Bu, Allahın lütf nişanəsidir.” (“Təfsiri-Bürhan”, c.1, səh.182.)

Bildirişlər

1. Gözəl müraciət sözün qəbulunda təsirli bir addımdır. “Məcməul-bəyanda” belə bir hədis nəql olunur: “Ey iman gətirənlər” xitabının ləzzəti orucun çətinliyini asanlaşdırır. Valideynlər istəsələr ki, övladları onların sözünə qulaq assın, onlara gözəl şəkildə müraciət etməlidirlər.

2. Çətin göstərişləri asan göstərmək təbliğ şivələrindəndir. Bu ayədə buyurulur: “Oruc göstərişi təkcə siz müsəlmanlara aid deyil.” Bütün əvvəlki ümmətlər üçün olan bir göstəriş təkcə bir ümmət üçün olan göstərişdən asandır.

3. Quranda bir çox hökmlərin, eləcə də orucun fəlsəfəsi bəyan olunmuşdur. Xalq gördüyü işin nəticəsini bildikdə daha həvəslə çalışır.

4. İslamın istənilən bir şəraitdə, istənilən bir fərd üçün münasib qanunları var. Bu ayədə müsafirlərin, xəstələrin və qocaların hökmü bəyan olunmuşdur.

5. Şərait hökmün, təsirlərin və mənafelərin fəlsəfəsini biryolluq aradan aparmamalıdır. Əgər xəstə və ya müsafir şəxs bir şəraitdə oruc tuta bilmirsə, başqa bir vaxt həmin orucun qəzasını yerinə yetirməlidir. Orucun faydasından biryolluq məhrum qalmaq olmaz.

6. Səfər məqsədi öz-özlüyündə oruca mane olmur. Orucu pozmaq üçün səfərə çıxmaq zəruridir.

7. Orucun qəzalarının xüsusi vaxtı yoxdur.

8. Qüvvə vəzifə şərtidir.

9. Fəqirlərin yedirdilməsi əhkam mətnində yerləşdirilmişdir.

10. Yalnız həvəslə yerinə yetirilən ibadətlər inkişaf və Allaha yaxınlıq səbəbidir.

11. İlahi göstərişlərin ən aşağı hədləri hamıya vacib etmişdir. Yuxarı dərəcələr isə insanın öz ixtiyarındadır. Ayədə bir acı doyurmaq vacib, birdən artığını yedirtmək isə müstəhəb əməl ünvanı ilə insanın ixtiyarında qoyulmuşdur.

12. İlahi göstərişlərin yerinə yetirilməsinin Allaha yox, insana aid müsbət təsirləri var.

(“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 183-184-cü ayələrin təfsiri.)


Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930