HƏZRƏT ƏLİNİN (Ə) GÖZÜNDƏ DÜNYA
Mьəllif: admin1
Tarix: 28-11-2020, 10:52
HƏZRƏT ƏLİNİN (Ə) GÖZÜNDƏ DÜNYA
İmam Əli (ə) buyurur: “Bilin ki,dünya çox hiyləgər və məkrli bir saraydır. Hər gün birinə ərə gedər, hər gecə bir ailəni öldürər və hər dəm, hər saat birlikdə olanları bir-birindən ayırar”

Dünya nədir? Dünya mömünə zindandır. Dünya məzluma qandaldır. Dünya zalıma canandır. Dünya həm sevilər, həm sevər. Sevər o insanı ki, onu hər cürə sevər. Sevilər həm axirət üçün, həm mal-dövlət üçün.

Dünya Əli (ə) üçün vəfasızdır. Dünya Əli (ə) üçün şəfasızdır. Dünyanın əvvəli naz-nemət, sonu isə puçdur, fanidir. Dünya mömünə cəhənnəm, kafirə cənnətdir.

İmam Sadiq(ə) buyurub: “Allah-Təala, gecə-gündüz ən böyük dərdi-səri dünya olan kəsin gözləri önünə yoxsulluğu gətirər, işini pərişan edər və Allah-Təalanın qismət etdiyindən başqa dünyadan ona bir şey yetişməz. Gecə və gündüz ən böyük dərdi-səri axirət olan kəsin qəlbini Allah-Təala ehtiyacsız edər və işlərinin səhmana salar”.

İmam Əli (ə) buyurub: “Dünya üç gündür. Onun dünənində olan hər bir şey keçib gedər və heç vaxt qayıtmaz. Bu günü gərək qənimət biləsən.

Sabahına da ki, məlum deyil çatacaqsan, ya yox. Dünən, ədəb öyrədən həkimdir. Gərək onun təcrübəsi bu günü işıqlandırsın. Bu gün vida halında olan dostudur. Sabahı isə, sadəcə olaraq bir arzudur”.

Həqiqət budur. Biz dünyanı sevirik, onun ləl-cavahiratına heyran qalırıq, yolumuzun önünə baxmırıq. Gözümüz ancaq şöhrət axtarır.

Dəbdə olan maşınlar, telefonlar, geyimlər bizləri unutqanlığa aparır. Nə Allaha verdiyimiz vədlər yada düşür, nə də gözümüzün önündə Allahın bizə göstərdiyi qəzaları-bəlaları görüb, ölümü xatırlayırıq. Doğrusu, ölümü hər gün, hər gecə xatırlasaq, dünyanın sehrindən ayrılmış olarıq.

Böyük Mühəqqiq Mövlana Məclisi buyurmuşdur: “Bil ki, məzəmmət edilmiş dünya, insanı Allaha itaətdən, Onun sevgisindən və axirətin qazanılmasından uzaqlaşdıran amillərin miniyidir.

Riya məqsədi ilə edilən əməllər, hər nə qədər zöhd və məşəqqətlərlə əldə edilsə də, əslində dünyavidir”.

İnsanın iki dünyası var. Biri bəyənilmiş, o biri isə qınanılmış. Bəyənilən dünya buraya daxil olmadan tərbiyə, təhsil, ticarət və məqam əldə edilməsi mümkün olan bir yerdir.

Bir gün Mömünlərin Əmiri Həzrət Əli (ə), bir şəxsin dünyanı qınadığını gördükdə belə buyurmuşdur: “Həqiqətən, dünya onunla düzgün davranan üçün sədaqət, nəsihət almaq istəyənin nəsihət diyarı, Allahın dostlarının məscidi və Allah dostlarının ticarətgahıdır ki, orada rəhmət qazandılar və Cənnətə düşdülər”.

Allah-Təalanın “Müttəqilərin yurdu necə də gözəldir” sözü, Əyyasinin Həzrət Baqirdən (ə) rəvayət etdiyi hədisə görə, dünya şəklində təfsir edilmişdir.

Deməli, gözəllik məhzəri olan bu dünya qınanılmış deyildir. Əsl qınanılan şey - insanın sevib, bağlandığı, bütün qəlbi fəsad və xətaların qaynağı anlamında olan öz dünyasıdır.

Əgər bu dünyanı aləmlərin ən aşağı, yoxluq, fəna dəyişkənlik aləmi ,eləcə də həlak və nöqsanlıq ölümdən sonrakı aləmlərin hər birinin isə əbədi kamil və sabit həyat, eləcə də şadlıq diyarı olduğunu qəlbən dərk etsələr, o,aləmə fitrətən sevgi bəsləyər və beləliklə dünyadan qaçmağa başlayardılar.

Dünyanı sevmənin böyük fəsadlarından biri də, insanın şəri zöhdlük, ibadət və itaətdən ayırması, insanın əzmini süstləşdirməsi və iradəsinin zəiflətməsidir.

Əgər bizlər həqiqi dünyanı görməməzlikdən gəlib, öz fəsadlarımız sayəsində öz fanı dünyamıza bağlansaq, Allahın bizə bəxş etdiyi bütün gözəl nemətləri gec olsa itirəcəyik.

Allah bizləri inşəllah bu dünyanın sehrlərindən lazımınca qorusun.

Amin ya Rəbbəl-aləmin! (“Qırx hədisin şərhi” kitabına istinadən. Xütbələr ixtisarla verilmişdir).


Zeynalova Yeganə,
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031