Tövbənin mahiyyəti və xalis tövbə
Mьəllif: admin1
Tarix: 9-10-2023, 10:29
Tövbənin mahiyyəti və xalis tövbə
İmam Sadiq (ə) buyurur: "Hər dəstənin özünə məxsus tövbəsi var. Allahın məxsus bəndələrinin tövbəsi Allahdan bir an da olsa, qafil olmaları üçün etdikləri tövbədir. Ümumi camaatın tövbəsi isə günahlardan tövbə etməkdir".

İmam Baqir (ə) buyurur: «Allah Təalanın bəndəsinin tövbəsinə sevinməsi, övladı olmayan adamın uşağı olandan sonrakı sevincindən, itirdiyi şeyi tapan şəxsin və həmçinin, susuz adamın su tapdıqdan sonrakı sevincindən çoxdur».

İmam Baqir (ə) buyurur: «Tövbəni tə’xirə salmaqdan çəkin. Çünki tövbəni tə’xirə salmaq bir dənizə bənzər ki, tövbə etməyi tə’xirə salan şəxs onda boğulacaqdır».

Xalis tövbənin beş şərti var:

1. Günahı tərk etmək;

2. Keçmiş günahlardan peşman olmaq

3. Günah etməyəcəyini qərara almaq

4. Etdiyi günahları ibadətlə əvəz etmək

5. Dillə tövbə etmək

Xalis tövbə nədir?

«Təhrim» surəsinin səkkizinci ayəsində buyurulur: «Allah dərgahına qayıdıb xalis tövbə edin».

İmam Sadiq (ə) xalis tövbənin təfsirində buyurur: «Xalis tövbə budur ki, insan günahı tərk etdikdən sonra bir daha günaha qayıtmasın».

İmam Hadi (ə) xalis tövbəni belə şərh edir: «Xalis tövbə odur ki, insan tövbə etdikdən sonra onun daxili zahiri kimi, hətta zahirindən də yaxşı olsun».

İslam Peyğəmbəri (c) xalis tövbə haqqında buyurur: «Xalis tövbə odur ki, südün ana döşünə qayıtmadığı kimi, tövbə edən şəxs də günaha qayıtmasın».

İmam Əli (ə) xalis tövbənin mə’nasında buyurur: «Ürəkdən peşman olmaq, dillə üzr istəmək və günahı tərk etməyi qərara almaq».

2. TÖVBƏNİN MƏRTƏBƏLƏRİ

Bir şəxs İmam Əlinin (ə) hüzurunda özünü göstərmək üçün dedi:

(Allahdan bağışlanmaq istəyirəm.) Həzrət Əli (ə) dedi: «Anan matəminə otursun! Bilirsənmi, istiğfar təkcə dildə deməklə deyil. Onun yüksək mərhələsi var. (Sonra buyurdu:) Tövbə və istiğfarın altı şərti var:

1. «Keçmiş günahlardan peşman olmaq».

2. «Günahları tərk etməyi qərara almaq».

3. «Camaatın haqqını yeyibsə onları qaytarmaq».

4. «Allahın onun üzərinə qoyduğu vəzifələri yerinə yetirmək». (Namaz qılmaq, oruc tutmaq kimi).

5. «Bədəninin haram maldan əmələ gələn ətlərini ibadətlə əritmək».

6. «İnsanın bədəni günahın ləzzətini çəkdiyi kimi ibadətin çətinliyini də dadsın». Bu mərhələlərdən sonr Allahdan bağışlanmaq istəyirəm deyə bilərsən».

İmam Səccad (ə) buyurur: «Tövbə etmək təkcə dildə deyil; tövbə pis yollardan çəkilib yaxşı işlər görməkdən ibarətdir».

Bununla da tövbənin qəbul olunmasının şərtlərini öyrəndik ki, günahı tərk etməkdən və günahlardan peşman olmaqdan əlavə, günahkar şəxs etdiyi günahların əvəzini də çıxmalıdır. Misal üçün: Qur’anda oxuyuruq: «İffətli qadına böhtan atan şəxsə 80 zərbə şallaq vurulmalıdır».

Sonra Quran buyurur: «(Bu qanundan) o kəslər istisna olunurlar ki, bundan (böhtan atdıqdan) sonra tövbə edib işlərini düzəltsinlər». («Nur» surəsi, ayə 5)

Bu ayədə (işlərini düzəltsinlər) cümləsi onu bildirir ki, tövbənin qəbul olunmasının mühüm şərtlərindən biri də budur ki, insan tövbə etdikdən sonra keçmiş səhvlərini düzəltsin və yaxşı işlərlə məşğul olsun. Xalis tövbənin şərtlərindən biri də günahkar şəxsin etdiyi günahları e’tiraf etməsidir.

İmam Baqir (ə) buyurur: «Allaha and olsun! Günahı e’tiraf etmədən günahdan qurtuluş yoxdur».

İmam Əli (ə) buyurur: «Günahını e’tiraf edən şəxs tövbə etmiş kimidir».

3. TÖVBƏNİN NÖVLƏRİ

İmam Sadiq (ə) buyurur: «Hər dəstənin özünə məxsus tövbəsi var. Allahın məxsus bəndələrinin tövbəsi Allahdan bir an da olsa, qafil olmaları üçün etdikləri tövbədir. Ümumi camaatın tövbəsi isə günahlardan tövbə etməkdir».

Belə qənaətə gəlirik ki, keçmiş əməllərdən peşman olmaq və günahları tərk etmək tövbənin birinci mərhələsidir.

Sonrakı mərhələlər isə tövbə edən şəxsin hər cəhətdən günahdan qabaqkı mə’nəvi halətinə qayıtmasıdır. Qızdırması olan xəstə dərman qəbul etdikdən sonra hərarəti kəsilir, lakin bundan sonra onun bədənini möhkəmlətmək üçün başqa bir dərmana ehtiyac var. Günahkar da belədir: günahdan tövbə etdikdən sonra yaxşı işlər görməlidir ki, ruhu saflaşsın.

İmam Baqir (ə) buyurur: «Günahdan tövbə edən şəxs günahı olmayan şəxs kimidir. Günah etməkdə davam edən şəxsin tövbə etməsi isə istehza etməkdir».

4. TÖVBƏNİN QƏBUL OLUNMA ÇƏRÇİVƏSİNİN GENİŞLİYİ

Yuxarıda qeyd etdiyimiz kimi «Zümər» surəsinin 53-cü ayəsində oxuyuruq: «Allahın rəhmətindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayır».

Bu ayədən mə’lum olur ki, tövbə qapısı hamının üzünə açıqdır. Belə nəql edirlər ki, Peyğəmbərin sevimli əmisi Həmzənin qatili qara qul bu ayəni eşitdikdən sonra Peyğəmbərin hüzuruna gəlib tövbə etdi.

Peyğəmbər onun tövbəsini qəbul etdi. Lakin ona buyurdu: «Mənim gözümə görünmə, çünki sənə baxa bilmirəm».

Peyğəmbərdən bu ayə haqqında soruşdular ki, təkcə Həmzənin qatilinə aiddir, ya hamı üçündür. Həzrət buyurdu: «Hamı üçündür».

Tövbənin qəbul dairəsi o qədər genişdir ki, bunu indi qeyd edəcəyimiz əhvalatdan da anlamaq olar. Nəql olunub ki, bir nəfər İmam Rzanın (ə) hüzurunda dedi: «Allah lə’nət etsin İmam Əli ilə (ə) müharibə edənlərə!»

İmam ona buyurdu: «Tövbə edib yaxşı işlər görənlərdən başqa».

Bu hədisdən Allahın günahkar bəndələrinə nə dərəcədə mehriban olmasını başa düşürük. Ümumiyyətlə, İslam dini tövbə və Allaha tərəf dönüş qapısını heç kimin üzünə bağlamır.

«Büruc» surəsinin 10-cu ayəsində buyurulur: «O kəslər ki, iman gətirən kişi və qadınlara işgəncə verdilər və sonra tövbə etmədilər, onlar üçün cəhənnəm əzabı olacaqdır».

Bu ayədə «sonra tövbə etmədilər» cümləsi bildirir ki, hətta işgəncə verənlər də tövbə etsələr, onların tövbəsi qəbuldur.

5. ALLAH TƏALANIN GÜNAHDAN TÖVBƏ EDƏNLƏRƏ QARŞI XÜSUSİ İSTƏYİ


«Bəqərə» surəsinin 222-ci ayəsində oxuyuruq: «Allah tövbə edənləri sevir».

İmam Baqir (ə) buyurur: «Allah Təalanın tövbəkar şəxslərə qarşı sevinci gecə yarısı səhrada dəvəsini itirib sonradan tapan şəxsin sevincindən çoxdur».

İmam Baqir (ə) başqa bir hədisdə buyurur: «Allah Təalanın bəndəsinin tövbəsinə sevinməsi, övladı olmayan adamın uşağı olandan sonrakı sevincindən, itirdiyi şeyi tapan şəxsin və həmçinin, susuz adamın su tapdıqdan sonrakı sevincindən çoxdur».

İslam Peyğəmbəri (s) buyurur: «Heç bir məxluq Allah dərgahında tövbəkar qadından və ya kişidən sevimli deyil».

O Həzrət (s) başqa bir kəlamında buyurmuşdur: «Tövbə edən şəxs Allahın sevimli bəndəsidir»

6. TÖVBƏNİ TƏ’XİRƏ SALMAQ

İnsana hər an Allah tərəfindən tövbə etmək əmr olunur. Allahın «Tövbə edin» fərmanı bu mühüm işə tələsməyə çağırır. Deməli, tövbəni tə’xirə salmaq Allahın fərmanının icrasını tə’xirə salmaq deməkdir. Belə bir şəxs Allahın əmrini tərk etmiş hesab olunur.

İmam Cavad (ə) buyurur: «Tövbəni təxirə salmaq bir növ lovğalıqdır. Tövbənin tə’xir müddətini uzatmaq isə bir növ avaraçılıqdır».

Bir şəxs İmam Əlidən (ə) ona nəsihət verməsini xahiş etdi. O Həzrət (ə) buyurdu: «Yaxşı işlər görməmiş və ibadət etməmiş axirət və behişt ümidində olanlardan olma. Həmçinin uzun-uzadı arzularla tövbəni tə’xirə salan şəxslərdən olma».

İmam Əli (ə) başqa hədisdə buyurur: «Tövbə etməyi bu gün-sabaha saxlayan şəxsin dini yoxdur».

İmam Baqir (ə) buyurur: «Tövbəni tə’xirə salmaqdan çəkin. Çünki tövbəni tə’xirə salmaq bir dənizə bənzər ki, tövbə etməyi tə’xirə salan şəxs onda boğulacaqdır».

Diqqətli olmalıyıq ki, insanda ölüm əlamətləri görünəndən sonra daha onun tövbəsi qəbul olunmur.

Firon suda boğulan zaman tövbə edib iman gətirdi. Lakin onun tövbəsi Allah dərgahında qəbul olunmadı. Bu mətləbi açmaq üçün «Nisa» surəsinin 18-ci ayəsindən istifadə edirik.

Məhəmməd Həmədani deyir: İmam Rzadan (ə) soruşdum: «Nə üçün Allah Təala Fironu suda batırdı? Halbuki, o iman gətirdi və Allahın birliyini etiraf etdi».

İmam cavabında buyurdu: «Çünki o, Allahın əzabını gördükdən sonra iman gətirdi və Allahın əzabını gördükdən sonra iman gətirmək qəbul deyil».

Hədislərin bə’zisində belə oxuyuruq: «Mömin şəxs günah edərsə, 7 saata kimi ona möhlət verilir. Bu müddət ərzində etdiyi günahdan tövbə etsə, onun günahı yazılmır». Bəzi hədislərdə isə bu müddət səhərdən axşama kimi qeyd olunmuşdur.

İmam Sadiq (ə) buyurur: «Bəndə günah edərsə ona səhərdən axşama kimi möhlət verilir. Bu müddətdə Allahdan bağışlanmaq istəsə onun günahı yazılmır».

7. TÖVBƏNİN PARLAQ NƏTİCƏLƏRİ

Tövbə və onun Allah tərəfindən qəbul olunması Allahın böyük ne’mətlərindəndir. Tövbənin bir çox gözəl nəticələri var. O cümlədən:

1. Xalis tövbə günahkar insanı daxilən elə saflaşdırır ki, elə bil ki, günah etməyib.

İmam Baqir (ə) buyurur: «Günahdan tövbə edən şəxs günah etməyən şəxs kimidir».

Həqiqi tövbə günahların insanın ruhunda qoyduğu təsirləri məhv edir.

İmam Sadiq (ə) buyurur: «Bəndə tövbə edəndə Allah Təala onu sevir, dünyada və axirət aləmində onun günahlarını bağışlayır, onun etdiyi günahları günahlarını yazan mələklərin yadından çıxarır.

Onun bütün bədən üzvlərinə əmr verir ki, onun günahlarını gizlətsinlər və günah etdiyi yerlərə əmr verir ki, onun günahını gizli saxlasınlar».

Sonra buyurdu: «Deməli, tövbə edən şəxs elə bir halda Allahın görüşünə gedəcək ki, onun günahlarına şəhadət verən heç bir şey olmayacaq».

Qabaqda qeyd etdiyimiz kimi, «Təhrim» surəsinin 8-ci ayəsində mö’minlərə xalis tövbə etmək əmr olunubdur. Bu barədə xalis tövbənin 5 nəticə və səmərəsinə işarə olunub:

1. Günahların bağışlanması.

2. Allahın nemətləri ilə dolu olan behiştinə daxil olmaq.

3. Qiyamətdə rüsvay olmamaq.

4. Bu dünyada iman gətirib yaxşı işlər görməyin nuru Qiyamət günü tövbə edən şəxslərin sorağına gəlib onlarla birlikdə hərəkət edir və behiştin yolunu onlara göstərir.

5. Onların tövbədən sonra Allaha diqqətləri çoxalır, Allahdan mənəviyyət nurunun vücudlarında çoxalmasını və günahlarının daha kamil şəkildə bağışlanmasını istərlər.

Başqa sözlə, həqiqi tövbə insanı Allah dərgahında o qədər sevimli edir ki, Allah Təala bəndəsinə qarşı çox xoşhal olur. Onu özünə dost seçir və onu bəndələrinin ən sevimlisi hesab edir.

İmam Kazim (ə) buyurur: «Allahın ən sevimli bəndələri o kəslərdir ki, (bilmədən) günah etdikdən sonra çoxlu tövbə etsinlər».

Mə’sum İmamlarımızın (ə) birindən çatan başqa bir hədisdə oxuyuruq: «Allah Təala tövbə edən şəxslərə üç ne’mət verir ki, onlardan birini bütün yerlərin və göylərin əhalisinə versəydi, nicat tapardılar».

1. «Onlara belə bir müjdə verilib ki, «Allah Təala onları (tövbə edənləri) sevir. («Bəqərə», surəsi, ayə 222) və Allah sevdiyi və istədiyi şəxsə əzab verməz».

2. «Allahın ən yüksək dərəcəli bəndələri tövbə edənlərin günahlarının bağışlanması üçün dua edir və onların Allah dərgahında dərəcələrinin daha da ucalmasını arzu edirlər». («Mömin», surəsi, ayə 7-8-9.)

3 «Tövbə edən şəxslərin günahları pozulur, Allah onlara rəhmət və əmin-amanlıq müjdəsi verir». («Fürqan», surəsi, 68-70-ci ayələr)

Tövbə bəhsinin sonunda İmam Səccadın (ə) Allahla etdiyi raz-niyazdan bir hissəyə diqqət yetirək. O Həzrət Allaha belə ərz edir: «Ey mənim Allahım! Sən bəndələrinin günahlarını bağışlamaq üçün bir qapı açdın. O qapının adını da tövbə qoydun.

Sonra buyurdun: Allaha xalis tövbə edin! Daha bundan sonra bu qapıya daxil olmayan şəxsin üzrü nədir?»




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930