Bütün insanların canını Əzrayil (ə) alır?
Mьəllif: admin1
Tarix: 23-01-2019, 10:29
Bütün insanların canını Əzrayil (ə) alır?
Ölüm hamı üçün haqdır və heç kəs ölümdən qaça bilməz. Bəs insanın canını kim alır?

Quranda ölümə aid dörd dəstə ayələr vardır ki, onlarla tanış olaq.

1. Birinci dəstə ayələr ölümü birbaşa Allaha nisbət verir.

”Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır.

Beləliklə, ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir. Şübhəsiz, bunda (bu işdə) düşünənlər üçün (Allahın qüdrət və hikməti və Qiyamətin gəlməsi barəsində) nişanələr vardır”. (“Zumər” 42).

2. İkinci dəstə ayələr ölüm mələyi olan Əzrayilə (ə) nisbət verilir.

“(Ya Peyğəmbər!) de: «Sizə müvəkkil olan ölüm mələyi sizi(n varlığınızın bütün həqiqətini təşkil edən ruhunuzu) kamil surətdə (bədəninizdən) alar (ayırar), (ruh qalar və bədən isə torpağa çevrilər), sonra (Qiyamətdə, həmin bədənin qəlibində) öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!»”. (“Səcdə” 11).

3. Üçüncü dəstə ayələr elçilərə işarə edir.

“Odur bəndələri üzərində qalib və hakim! Sizin (cisim və ruhunuzu qorumaq üçün) üzərinizə gözətçilər göndərir, nəhayət sizdən birinizin ölümü yetişəndə, Bizim elçilərimiz (Əzrail və köməkçiləri) onun canını alırlar. Onlar (həmin can alan mələklər öz vəzifələrini yerinə yetirməkdə) əsla səhlənkarlıq etməzlər”. (“Ənam” 61).

4. Dördüncü dəstə ayələr İlahi mələklərə işarə edir.

“Həqiqətən mələklər özlərinə zülm etməkdə olan kəslərin canlarını alarkən (onlara) deyəcəklər: «(Din baxımından) nə (vəziyyət)də idiniz?».

Deyəcəklər: «Biz yer üzündə (iman və əməl cəhətdən) zəif (vəziyyətdə saxlanılmış halda) idik».

Mələklər deyəcəklər: «Məgər Allahın yeri geniş deyildi ki, orada (küfr mühitindən İslam mühitinə) hicrət edəydiniz?!».

Odur ki, onların yerləri cəhənnəmdir və ora çox pis bir dönüş yeridir”. (“Nisa” 97).

Bu ayələrdə canın müxtəlif şəkildə alınması ondan xəbər verir ki, ölümün özü də müxtəlif olur.

Əlbəttə ki, ölümü müəyyən edən və ona əmr edən Allahdır. Ondan birinci əmri alan Əzrayildir (ə), çünki ölüm mələyidir. Əzrayilə (ə) isə başqa İlahi mələklər və İlahi elçilər yardım edərlər. Ona görə də deyə bilmərik ki, hər bir insanın canını Əzrayil (ə) alır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930