Lut peyğəmbərin əxlaqsız qövmü, haqqa dəvət və qövmün aqibəti
Mьəllif: admin1
Tarix: 3-01-2019, 10:37
Lut peyğəmbərin əxlaqsız qövmü, haqqa dəvət və qövmün aqibəti
Lutun adı Qurani-Kərimin on dörd surəsində ("Əraf", "Hud", "Ənam", "Həcc", "Şüəra", "Hicr", "Nəml", "Ənkəbut", "Sad", "Qaf, "Qəmər", "Təhrim", "Ənbiya" və "Saffat") zikr olunub. Bu on dörd surənin on birində onun qövmünün adı və qövmü ilə mübahisəsindən qısa və ətraflı söhbət açılıb.

Lutun risalət, peyğəmbərlik məqamına seçilməsi, Sədum və onun ətrafındakı şəhərlərin camaatını təbliğ etmək məmuriyyətini almadan əvvəlki həyatı, məişəti barədə Qurani-Kərimdə və rəvayətlərdə geniş surətdə bir söz deyilməmişdir. Quranın bizə kamil bir şəxsiyyət olaraq tanıtdığı - elçilərdən biri, sadiq, səbrli, seçilmiş - Lut peyğəmbər hicrətdən sonra İbrahim peyğəmbərdən ayrılmış, Sodom qövmünün ərazisində məskunlaşmışdı. Qurandan anlaşılan odur ki, Həzrəti Lut məskunlaşdığı Sodom qövmündən olan bir qadınla evlənmiş və ondan övladları olmuşdur.

Lut qövmünün şəhəri, məskəni barədə tarixdə və həmçinin rəvayətlərdə ixtilaf vardır. Məşhur tarixə əsasən onlar Fələstin vilayətində və Mədinə ilə Şam arasında yerləşmiş Sədum adlı şəhərdə yaşayırdılar. Lut gölü və ya digər adıyla Ölü Dənizin cənub və şərqində qalan və bu gün tamamilə kimsəsiz olan bölgədə, bir çox qədim şəhər qalığı mövcuddur. Bu qalıqlardan, bölgənin bir zamanlar çox böyük bir əhalisi olduğu qənaətini irəli sürmək mümkündür. Arxeoloqlara görə, bu bölgə inkişaf və rifahının ən yüksək səviyyəsinə çatmışdır. Lut qövmünün yurdu olaraq bilinən həmin ərazi bu gün üçün çox sayda əhalini təmin edəcək təbii xüsusiyyətlərə sahib deyil. Meşələr, məhsuldar ərazilər və su qaynaqları olduqca azdır. Ancaq bu bölgə qədim qaynaqlarda İordaniyanın ən yaşıl və ən məhsuldar bölgəsi olaraq tanınırdı. Müasir arxeoloq və tarixçilərə görə, bu xoş və yamyaşıl bölgə şiddətli bir sarsıntı nəticəsində Ölü Dənizə çevrilmişdir.

Onların məclisləri bir-birinə söyüş söymək, qapaz vurmaq, qumar oynamaq, şallaq vurmaq, daş atmaq, tar və tütək çalmaq, kəşfi-övrət və ləvat etmək kimi pis əməllərlə keçərdi, bir-birinin yanında məclislərdə öz mədə havalarını xaric edirdilər.

Rəvayətlərdən görünür ki, oranın camaatı müxtəlif zülmlərə, azğınlıqlara, zülmcəsinə olunan hökümlərə pis əməllərə, günahlara və bihudə işlərə mübtəla idilər. O zamanadək ki, Lut peyğəmbər onların arasına gəlib və təbliğ edib düz yolu onlara göstərərək öz ağır və çətin risalətini onlara çatdırdı.

Lut qövmü də təhdidləri yalan saymışdı. Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik. (Qəmər surəsi, 33-34)

Əxlaqsızlığın belə əxlaq normaları var. Lut qövmü onlardan öncə kimsənin etmədiyi bir əxlaqsızlığı edir və onlarla eyni təfəkkürdə olmayan, təmiz olanlara qarşı da mübarizə aparır, onları yurdlarından çıxaracaqları ilə hədələyirlər. Ayələrdən onu da anlayırıq ki, bu qövm əxlaqsızlığı ümumi bir yerdə, camaat içində (Ənkəbut, 28-29) icra edirmiş.

Bu əsl mənada əxlaqsızlığa dəvət mənasını daşıyır. Qapalı bir yerdə zina etmək əxlaqsızlıq, açıq bir yerdə, gözlər önündə zina etmək isə bu əxlaqsızlığa dəvətdir. Lut qövmü məhz bunu edirdi. Bundan bir ibrət alsınlar deyə Lut qövmünə göndərilən əzabın qalıqları günümüzə qədər gəlib çatmışdır. Bəlkə ibrət alan olar deyə...



Həzrəti Lut bir müddət onların arasında yaşadıqdan sonra Allahın göstərişi ilə onları moizə, öyüd-nəsihət verməyə başlayıb onlara etdikləri əməlin nə qədər pis olduğunu başa salaraq ilahi əzabdan çəkindirdi.

Bir neçə il dəvət etməsinə baxmayaraq, camaatın hz.Luta dediyi bu idi: "Ey Lut! Əgər bu sözlərindən əl çəkməsən, sürgün olacaqsan və bu şəhərdən qovulacaqsan".

Öz-özlərinə belə deyirdilər: "Lutun ailəsini şəhərdən çıxartmaq lazımdır, çünki onlar pakizə insanlardır" və bizim əməllərimizi nalayiq hesab edirlər. Nəhayət onlar Luta dedilər: "Əgər doğru deyirsənsə, Allahın əzabını gətir".

Onları doğru yola dəvət etməsinin qarşılığında, qövmü hz. Lutu təhdid etdi və peyğəmbərin bu sözlərinə qəzəblənib, onu sürgün etmək istədilər. Bu səbəblə də həzrəti Lut Allahdan kömək istəyib, özü və ailəsinin xilas olmasını və onlara əzab nazil olmasını dilədi. Allah-təala da öz peyğəmbərinin duasını qəbul etdi.

Dedi: “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!” (Ənkəbut surəsi, 30)

Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən qurtar! (Şuara surəsi, 169)

Quranda qövmün həlakı belə təsvir edilir:

"Şəfəq doğanda o dəhşətli səs onları bürüdü. Onların altını-üstünü çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq. Bunda düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır! Həqiqətən, o yolun üstündə hələ də durmaqdadır!" (Hicr surəsi, 73-76)

(Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş (hər daş kimə dəyəcəkdisə, üstünə adı yazılmışdı). O zalımlardan də uzaq deyildir! (Hud surəsi, 82-83)

Ayədə "üstünü altına çevirmək" ifadəsi ilə güclü zəlzələ ilə bölgənin yerlə bir olduğu izah edilir. Belə ki, Lut gölündə belə bir zəlzələnin meydana gəldiyinə dair "açıq-aşkar dəlillər" mövcuddur.

Bu fəlakətdən hz. Lut və çox az sayda iman edənlər xilas edildi. Azğın qövm isə yerlə bir oldu. Hz. Lutun arvadı da iman gətirmədiyi üçün həlak oldu:

Biz onu (Lutu) və ailəsini xilas etdik. Yalnız övrəti həlak oldu. Onların üstünə yağış yağdırdıq. Bir gör günahkarların axırı necə oldu! (Əraf surəsi, 83-84)


Alman arxeoloq Verner Keller mövzu haqqında belə deyir: "Bu bölgədə özünü göstərmiş olan çox böyük bir çökmədə partlayışlar, ildırımlar, yanğınlar və təbii qazlarla birlikdə qorxunc bir zəlzələ olmuş və Siddim Vadisi ilə birlikdə Lut qövmünün şəhərləri də yerin dərinliklərinə qərq olmuşdur".

Quranda "üzərlərinə palçıqdan bişirilmiş, yığılmış daşlar yağdırdıq" cümləsində isə Lut gölü sahilində meydana gələn vulkan püskürməsi və bunun nəticəsində püskürən "bişirilmiş konsistensiyada" qaya və daşlar izah edilmiş ola bilər. Verner Keller bu mövzu haqqında da belə deyir: "Zəlzələdə yer qabığının çatlayıb çökməsi qabığın altında yatmış vulkanlara sərbəst şərait yaratmışdır. Şəriyənin yuxarı vadisində bu gün də sönmüş kraterlərə rast gəlinir, kirəcqatları üzərində böyük lava kütlələri və bazalt layları yer alıb".


Lava və bazalt layları vulkan partlayışlarının və zəlzələnin olduğunu göstərir. Quranda "üzərlərinə palçıqdan bişirilmiş, yığılmış daşlar yağdırdıq" ifadəsi ilə təsvir edilən hadisə də böyük ehtimalla bu vulkanik partlayışdır. Eyni ayədə "... əmrimiz gəldiyi zaman üstünü altına çevirdik" şəklində ifadə edilən hadisə də Rift Vadisində tektonik mənşəli olan və vulkanların yer səthinə çıxmasına səbəb olan zəlzələ və onun gətirdiyi yarılma və çöküntülər olmalıdır.

Aparılan araşdırmalarda Lut qövmünü yox edən zəlzələnin olduqca uzun yer qabığı çatı (fay xətti) nəticəsində meydana gəldiyi aydın olur. Şəriyə çayının axışı boyunca 180 metrlik eniş etməsi və Lut gölünün dəniz səviyyəsindən 400 metr aşağı olması böyük bir geoloji hadisənin meydana gəldiyini göstərir.

Lut qövmünün başına gələnlər bütün dünya üçün bir ibrətdir. Hələ də dünyanın bir çox yerində Lut qövmünə bənzər şəkildə əxlaqi degenerasiyamövcuddur və keçmiş qövmlərin başına gələn fəlakətlərdən dərs almamaqda israr edilir.

Bizim çıxarmalı olduğumuz nəticə isə budur: Xilas olanlar sadəcə iman edənlərdir. Heç kimin heç kimə yardım edə bilməyəcəyi gün gəlməmişdən öncə biz imana gələk ki, bəlkə Rəbbimizin lütfi ilə xilas ola bilək. Xilas olan topluluğa bir də belə əmr verilir: “Kimsə dönüb arxaya baxmasın!” Bəli, “arxaya baxma!”... Onlar yandılar, Sən yanma!
(E/Həsənov İslamazeri.com)


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031