Hz. İsa (ə) da Hz. Adəm (ə) kimidir!
Mьəllif: admin1
Tarix: 31-12-2022, 11:10
Hz. İsa (ə) da Hz. Adəm (ə) kimidir!
Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 59-cu ayəsində buyurur:

إِنَّ مَثَلَ عِیسَى عِنْدَ اللَّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِنْ تُرَابٍ ثُمَّ قَالَ لَهُ كُنْ فَیكُونُ

“Allah yanında İsa da (atasız dünyaya gəlməsi) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı və sonra ona: “Ol!” – dedi, o da oldu.”

Yaradılış aləminə səbəb-nəticə qanunu hakimdir. Aləmdə hər hansı bir fenomen müəyyən səbəbə arxalanır, bütün səbəb və nəticələrin banisi Allahdır və hər bir təsir və nəticə Onun iradə və istəyindən doğur.

Varlıq deyilən hər nə varsa, bütünlüklə, Allahın varlığına söykənir, Ondan güc və qüvvə alır. İslam dünyasında bu nəzəriyyəyə olduğu kimi inananlar “orta məktəb”, müqabilindəkilər isə “ifrat” və “təfrit” adı ilə tanınırlar.

1. Əşərilərin nəzərində fenomenlərin təsiri: İfratla suçlanan bu nəzəriyyə əşərilərə mənsubdur. Onlar fenomenlər arasında hər növ təbii əlaqəni və yaxud səbəb-nəticəni rəd edir və varlıq aləmində yalnız Allahı yeganə səbəb bilirlər.

Onların nəzərincə, varlıqlar arasında heç bir qanunauyğunluq yoxdur və ya heç bir məntiqli səbəb-nəticə hökm sürmür. Hər nə baş verirsə, onun vasitəsiz səbəbi Allahın Özüdür.

Şübhəsiz, bu nəzəriyyə tamamilə Qurani-Kərimə əksdir. Çünki Qurani-Kərim əşyalar arasındakı qarşılıqlı təsirləri inkar etmir və etiqad bəhslərində bu məsələ geniş araşdırılmışdır. (Bax: “Mənşuri-cavid”, 1-ci cild, səh.342.) Məsələn, “Bəqərə” surəsinin 22-ci ayəsində belə buyurulur:

الَّذِی جَعَلَ لَكُمُ الْأَرْضَ فِرَاشًا وَالسَّمَاءَ بِنَاءً وَأَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَكُمْ فَلَا تَجْعَلُوا لِلَّهِ أَنْدَادًا وَأَنْتُمْ تَعْلَمُونَ

“Həmin o Allah ki, yeri sizin üçün (sərilmiş) döşənəcək və göyü (ucaldılmış) bina etdi, göydən (yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsilə sizin üçün meyvələrdən ruzi çıxartdı. Buna görə də (bütlərin bu sayaq varlıqları yaratmaq və ruzi vermək qüdrətinə malik olmamalarını) bilə-bilə Allaha şəriklər qoşmayın.”

Bu ayədə kainatdakı qanunauyğunluqlar, o cümlədən, suyun bitkilərin inkişafındakı təsiri aşkar görünür. “Yaradılış” və “rübubiyyət”də tövhid anlayışlarında əşyalar arasındakı səbəb-nəticəni inkar etmək olmaz. Bütün maddi və təbii təsir və nəticələrin ilahi istəkdən asılılığı və Onun iradəsinə söykəndiyi aydın bir məsələdir.

2. Mötəzilənin nəzərində fenomenlərin təsiri: Təfritlə suçlanan ikinci nəzəriyyə isə mötəzililərə mənsubdur. Bu cərəyan ilahi ədalət prinsipini əsas götürməklə insana tam azadlıq verərək işlərində Allahla hər növ əlaqəni inkar edir. Bu da bir növ ikilik və gizli şirk sayılır.

3. “İfrat” və “təfrit”in hər ikisinə qarşı çıxan həqiqi məktəb və ya “orta yol” isə Əhli-beytə mənsubdur. Bu məktəbə əsasən, səbəb-nəticələr, o cümlədən, insanın azadlığı belə müəyyən çərçivə dairəsində Allaha söykənir və heç nə Ondan tam qırılmağa qadir deyil.

Qeyd edək ki, bəzən, təbii səbəblər bir sıra məsləhətlərə görə nəzərə alınmır və fenomen təbii səbəbsiz həyata keçir. Bunlar bir peyğəmbərin ecazkarlığı və yüksək məqama sahib insanın kəraməti kimi qiymətləndirilir.

Peyğəmbərlərin möcüzələrində fenomen təbii səbəbləri keçmədən vücuda gəlir. Məsələn, bir an içində ilana çevrilən həzrət Musanın (ə) əsası, yaxud əlacsız xəstələrin əlin sürtülməsi ilə sağalması və s. Bununla belə, möcüzə səbəbsiz fenomen yox, əksinə adi və təbii səbəbləri keçməyən hadisədir:

...وَلِنَجْعَلَهُ آیةً لِلنَّاسِ وَرَحْمَةً مِنَّا وَكَانَ أَمْرًا مَقْضِیا

“...Onu insanlar üçün (qüdrətimizdən) bir nişanə və Öz tərəfimizdən bir rəhmət üçün (belə etdik). (Yaradılışda olan bu yenilik) qəti hökmü verilmiş bir işdir.” (“Məryəm” surəsi, ayə 21.)

Həzrət İsanın (ə) vücudundakı əlamətdarlıq onun qeyri-adi şəkildə doğulmasıdır. Hətta anası həzrət Məryəmin özü belə bu işin mümkünlüyünə tərəddüdlə yanaşır:

...أَنَّى یكُونُ لِی غُلَامٌ وَلَمْ یمْسَسْنِی بَشَرٌ وَلَمْ أَكُ بَغِیا

“Mənə bir bəşərin toxunmadığı və heç vaxt pis əməl sahibi olmadığım halda mənim necə oğlum ola bilər?” (“Məryəm” surəsi, ayə 20.)

Allah tərəfindən belə bir xitab gəlir:

...كَذَلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَی هَینٌ...

“Elədir, (lakin) sənin Rəbbin buyurmuşdur: Bu iş Mənə asandır.” (“Məryəm” surəsi, ayə 21.)

Allah-Taala başqa bir ayədə buyurur:

وَجَعَلْنَا ابْنَ مَرْیمَ وَأُمَّهُ آیةً وَآوَینَاهُمَا إِلَى رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَمَعِینٍ

“Məryəm oğlunu və anasını (qüdrətimiz üçün) bir ayə və nişanə etdik. Onların hər ikisini uca, yaşayış üçün yararlı və axar sulu bir torpaqda yerləşdirdik.” (“Muminun” surəsi, ayə 50.)

Məsihilər Allahın “üç üqnüm”dən ibarət olduğunu deyirlər: ata allah, oğul allah və müqəddəs ruh. Onlar həzrət İsanı (ə) hətta Allahın bir hissəsi, həm də oğlu hesab edirlər. Onların həzrət İsanı (ə) Allahın oğlu sanmalarına dəlili yalnız həzrət Məryəmin onu atasız dünyaya gətirməsidir.

Bu etiqadı rədd edən Qruani-Kərimin məntiqi

“Ali-İmran” surəsinin 59-cu ayəsində bu etiqadı əsassız sanan bir məsəl çəkilir. Məsəldə həzrət Adəmin (ə) xilqətindən söz açılır. Bütün şəriətlərə əsasən, həzrət Adəm (ə) ata və anadan doğulmayan ilk insandır. Əgər atasızlıq Allahın övladlığı nişanəsidirsə, həzrət Adəm (ə) bu məqama daha layiqdir. Çünki onun nə atası, nə də anası vardır. Ayədə atasız dünyaya gələn həzrət İsa (ə) ata-anasız dünyaya gələn həzrət Adəmə (ə) bənzədilməklə bunun mümkün bir iş və Allahın nişanəsi olduğu vurğulanır:

إِنَّ مَثَلَ عِیسَى عِنْدَ اللَّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِنْ تُرَابٍ ثُمَّ قَالَ لَهُ كُنْ فَیكُونُ

“Allah yanında İsa da (atasız dünyaya gəlməsi də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı və sonra ona: “Ol!” – dedi, o da oldu.” (“Ali-İmran” surəsi, ayə 59; “Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 12-ci məsəl, səh.57-60.)


Tərcümə etdi: Rza Şükürlü (Maide.az)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930