Adəm (ə) günah edibmi?
Mьəllif: admin1
Tarix: 7-10-2018, 10:15
Adəm (ə) günah edibmi?
Allahın insanlara göndərdiyi bütün ilahi peyğəmbərlər (ə) insanları o həqiqət nuruna doğru hidayət edirlər. Hər kəs bu ilahi rəhbərlərin (ə) izi ilə getsə o nurun mənbəyinə yetişəcək. Lakin, təkəbbürlük göstərərək, o elçiləri qəbul etməyib və ya o elçilərin şəninə uyğun olmayan sözlər, ifadələr deyərək, bu və ya digər şəkildə onlarla mübarizəyə qalxsa dünya və axirət səadətindən məhrum olaraq bədbəxtlərdən olacaq.

Hz Adəm (ə) –a və digər peyğəmbərlərə (ə) günah nisbət verənlərə elə Quran və təfsirlə bir qədər geniş şəkildə cavab vermək istəyirəm. Gəlin ilk öncə günahın nə olduğunu öyrənək və daha sonra görək bu işi və əməli Allahın pak bəndələrinə (peyğəmbərlərə) nisbət vermək olar ya yox.

Günah nədir?

Günah yəni;

Dini-əxlaqi normaların pozulması, dincə qəbahət sayılan iş
Cəzalanmalı hərəkət; təqsir.
Nöqsan, çatışmazlıq.
Günah yəni Allaha qarşı çıxmaq. Dinimizdə Allahın qoyduğu qayda qanunları pozmağa, Allahın qoyduğu həddi aşmağa günah deyilir. Günah yəni, Allahın haram buyurduğu işi yerinə yetirmək.

Günahın hələ zahiri tərcüməsinə diqqət etsək görərik ki, günah peyğəmbərlərə (ə) yaraşmayan bir sifətdir. Biz müsəlmanlar belə günahdan qaçıb, onu tərk etməkdə səy və təlaş göstərdiyimiz halda necə ola bilər ki, Allahın peyğəmbərləri (ə) bu işə mürtəkib ola və ya bəziləri onlara bu günahı nisbət verə?

Cənnət nə deməkdir?

Gəlin yenə də ilk öncə Cənnət sözünün mənasını öyrənək.

” CƏNNƏT ” sözün kökü ” CƏNNƏ ” felidir, və mənası : ” gizli, örtülü ” deməkdir . Bu ” CƏNNƏ ” kökündən bir sıra sözlər yaranıb ki bəzilərinə işarə edək.

1) CƏNAN – yəni ” qəlb ” bu da görünməyəndir .

2) CUNNƏ – qalxan , yəni bədəni örtən.

3) CƏNİİN – ana bətnində olan uşaq . O da örtülü, görünməyəndir.

4) CƏNNƏT- gizli, gözə görünməyən bağ.

5) CİN – gizli, gözə görünməyən .

6) MƏCNUN – cin vurmuş, ağlı örtülmüş.

Cənnət sözünün istilahi mənasına gəlincə isə qısa və çox sadələşdirilmiş şəkildə deyə bilərik ki; Cənnət, Qiyamət günü yaxşı əməl sahiblərinə veriləcək əbədi və sonsuz bir mükafat.

Bu məqamda bir məsələni də araşdırmaq yerinə düşərdi. Görəsən Qurani-Kərimdə gələn bütün cənnət sözləri bizim bildiyimiz, axirətdə möminlərin girəcəyi Cənnətdir?

Qurana baxdıqda görəcəyik ki, Cənnət sözü həm də bağ və bağça mənasındadır. Xüsusən dünya üçün işlənən bütün “cənnət” kəlmələri “bağ, bağça” mənasındadır. Nümunə üçün bəzi ayələrə diqqət edək;

Səba 15: جَنَّتَانِ عَنْ يَمِينٍ وَشِمَالٍ (Orada) sağdan və soldan iki bağça var idi.

Səba 16: وَبَدَّلْنَاهُمْ بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ – Onların iki bağçasını elə iki bağçaya çevirdik.

Kəhf 39: إِذْ دَخَلْتَ جَنَّتَكَ – Bağına girdiyin zaman.

Cənnətə, Cənnət deyilməsinin bir səbəbi də ordakı nemətlərin gözlərimizdən, gizli olmasındadır. Buna dəlil Səcdə sürəsi 17-ci ayədir.

Səcdə 17: Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz.

Axirət Cənnətində günahın baş verməsi Quran baxımından qeyri mümkündür.

Quran ayələrinə nəzər saldıqda görəcəyik ki, axirət Cənnətində günah, günah işin və həmçinin mənasız işlərin baş verməsi mümkün deyildir. Həmin ayələrə diqqət edək;

لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًا – Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər. (Nəbə 35)

لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا – Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər. (Vaqiə 25)

لَا تَسْمَعُ فِيهَا لَاغِيَةً – Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir. (Ğaşiyə 11)

Bu ayələr dəlildir ki, Hz Adəm (ə) axirətdəki əbədi Cənnətdə ümumiyyətlə olmayıb. Cənnət deyildikdə elə dünya bağçalarından bir bağça olub. Nəinki bizim bildiyimiz axirət Cənnəti. Araşdırmamızın bu yerində sual meydana çıxır. O şəxslər ki, iddia edirlər Hz Adəm (ə) axirət Cənnətində olub, Quran deyir ki, Cənnətdə günaha bais olan heç bir şey yoxdur. Buna sözünüz nədir? Bu ayəyə cavab verin əgər o iddianızda hələ də israr edirsinizsə.

Hz Adəm (ə) –ın axirət Cənnətində olmamasına daha bir neçə dəlil.

Hz Adəmin həqiqi-axirət Cənnətində olmamasına daha bir neçə dəlil təqdim edək;

1) Axirət cənnətində qadağan yoxdur. (Mursəlat 43)

2) Orada üsyan və günahdan söhbət belə gedə bilməz. (Ğaşiyə 11, Vaqiə 25, Nəbə 35)

3) Əsl cənnət olsaydı Şeytan ora girə bilməzdi. – Şeytanın həqiqi Cənnətdə nə işi var?

4) Əbədilik yurdudur. Ora girən bir daha ordan çıxarılmaz. – Quranda dəfələrlə Allah buyurur ki; – Onlar orada əbədi qalacaqlar. (Ali-İmran 107 )

5) Adəm yer üzünün xəlifəsi olmaq üçün yaradılmışdır. (Bəqərə 30) – إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً

“Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”.

6) Hz Adəmdən (ə) danışan bu ayələrdə Allah Hz Adəm mövzusuna başlamadan öncə buyurur;

Əraf 10: Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz!

Əraf 11: Sizi yaratdıq, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa (hamısı) səcdə etdi. O, səcdə edənlərdən olmadı.

Ayələrdən gördüyünüz kimi, Allah insanları yer üzündə yaratdığını və Hz Adəmin hadisəsin də yer üzündə baş verdiyini deyir. Qeyd olunan dəlillərə əsasən, kimsə desə ki, Adəm (ə) Cənnətdə günah edib və Cənnətdən qovulub o Qurana əsasən yalan danışır.

Hz Adəm (ə) günah edibmi? – Ayələrin izah və, təfsiri.

Hz Adəm (ə)-ma irad tutulan və guya günah etməsinə dəlil olaraq gətirilən ayə, əslində Hz Adəmin məsumluğu üçün dəlildir. Hz Adəmə günah nisbət verənlər Taha 121-ci ayədə olan وَعَصَىٰ آدَمُ رَبَّهُ فَغَوَىٰ hissəsini dəlil gətirirlər. Ayənin zahiri tərcüməsi budur ki, “Adəm Rəbbinə asi oldu və yoldan çıxdı.” Gəlin bir yerdə ayəni araşdıraq. Biz dəfələrlə qeyd etdik ki, Quranı təkbaşına, boş zahiri tərcümə ilə anlamaq olmaz. Mütləq gərək hədislərə, təfsirə müraciət edək. Əgər boş tərcümə ilə yola çıxsaq onda yolumuzu azarıq. Çox gülməli hal meydana çıxıb. Hərə bir Quran tərcüməsi götürüb əlinə ki, mən Quranı oxuyub originaldan tərcümə edirəm. Sən çox böyük səhv edirsən. Quranı təfsir, hədis olmadan başa düşmək olmaz. Bu haqda biz kifayət qədər dəlil dedik və izah etdik.

Taha 121-ci ayənin təfsiri – Hz Adəm (ə) asi oldu?

وَعَصَىٰ آدَمُ رَبَّهُ فَغَوَىٰ Təfsir oxusaq görərik ki; Adəm (ə) günaha yol vermədi, sadəcə “tərki-ovla” etdi. Başqa sözlə, yaxşı bir işdən uzaq düşdü. Həqiqi əhli sünnə mənbələrinə baxsaq görərik ki, Adəm (ə) günah etdi yox, Adəm “zəllə” etdi yazılıb. Bəs “zəllə” nədir?

“Zəllə” sözünün mənasını Hənəfi fiqhi ilə gedən, kəlam və təfsir alimi olan Əbul- Bərəkat Nəsəfi Mədarikut- Tənzil və Həqaiqut- Təvil adlı təfsrinin 4-cü cild səhifə 365 də yazır: “ Zəllə ən fəzilətli bir əməli tərk edib, fəzilətli bir əməli etməkdir.” (Əbul- Bərəkat Nəsəfi Mədarikut- Tənzil və Həqaiqut- Təvil cild 4, səhifə 365)

Deməli Adəm (ə) “zəllə” edib, yəni; Ən fəzilətli işi tərk edərək, fəzilətli bir işi edib. Hər bir halda Adəm (ə) yaxşı iş görüb. Odur ki, çalışmaq lazımdır ki, danışdığımız və dediyimiz sözlərin məna və izahına diqqət edək. Təfsirə, hədisə arxa çevirəndə, “Quran bizə kifayət edər” deyəndə nəticə bu cür olur ki, sadə bir məsələni anlamadan Allahın peyğəmbərlərinə günah nisbət verirlər.

Deməli bura qədər aydın oldu ki, Hz Adəmin günahı, onun günah etməməsidir. Vəssalam.

Ayədə keçən “ğəva” yolunu azdı yox, “inkişaf etmədi” mənasını bildirir. Yəni Hz Adəm (ə) ən yaxşı işi görməklə inkişaf edib daha da qabağa gedə bilərdi bu təkamül yolunda.

وَعَصَىٰ آدَمُ – bu ayədə “Üsyan” dedikdə müstəhəbb – yaxşı bir işin tərk olunması nəzərdə tutulur. Bu sözü də Əhli sünnənin ən görkəmli təfsir alimlərindən biri olan Fəxri Razi öz Təfsiri Kəbirində qeyd edir. (“Təfsire-kəbire-Fəxr Razi” – Taha 121-ci ayənin izahında)

Ayənin izahına baxıb gördük ki, bu ayənin Hz Adəmin günah etməsi ilə heç bir əlaqəsi yoxdur. Bu ayəyə əsasən Hz Adəm nəinki günah, fəzilətli bir iş görüb. İndi kimsə Quranı anlamırsa, peyğəmbərlərə (ə) qarşı düşmənçilik nümayiş etdirirsə onda bu iş onun öz problemidir. Hz Adəm Allaha üsyan etmədi və səhv yol tutmadı. Kim Allahın adından deyirsə ki, Adəm (ə) üsyan etdi yalan danışır və bu onun öz sözüdür.

Hz Adəmin (ə) Cənnətdə olmamasına daha bir dəlil isə Bəqərə sürəsinin 35-ci ayəsindəki “Bu ağaca yaxınlaşmayın” ifadəsidir. Çünki həqiqi Cənnətdə yuxarıda qeyd etdiyimiz kimi qadağa yoxdur. (Mursəlat 43) Əgər orada qadağa varsa ki, “bu ağaca yaxınlaşmayın” məlum olur ki, ora dünyada bir bağça imiş. Belə olduqda qadağanın da mənası başa düşülən olur. Çünki dünyada insanın kamilliyə yetişməsi üçün müəyyən qadağalar var.

Hz Adəm və Həvva hadisəsində olan ixtilaflı məsələlərdən biri də bu ayədə olan “Bu ağaca yaxınlaşmayın” ifadəsidir:

Bəqərə 35. Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə bağçada yerləş və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin (için), təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.

Bu ağac nə ağacıdır və qadağa niyə qoyuldu və Hz Adəm (ə) qadağanı pozdumu? Bunu araşdıraq. Əvvəla bunu qeyd edək ki, Quranda olan kəlimələr ancaq bir məna ifadə etmir. Bəzən bir söz çoxlu mənalar ifadə edir. Bəzən o söz, ərəblər arasında olan bir ifadə tərzinin ədəbiləşmiş forması olur və s. Bu ayədəki ağac sözü də təkcə bizim bildiyimiz adi ağac mənasında deyil. Ağac sözü bəzən mənəvi mənada işlənib.

وَشَجَرَةً تَخْرُجُ مِنْ طُورِ سَيْنَاءَ تَنْبُتُ بِالدُّهْنِ وَصِبْغٍ لِلْآكِلِينَ

Sina dağından çıxan bir ağac da yaratdıq. (Muminun 20)

Bu ayədə adi ağac mənasında işlənib.

Digər ayədə isə ağac sözü tam başqa mənada gəlib.

وَ الشَّجَرَةَ الْمَلْعُونَةَ فِي الْقُرْآنِ

“və Quranda lənətlənmiş ağac.” (İsra 60)

Bu ağacda məqsəd həqiqi ağac deyil. Məqsəd müşriklər, yəhudilər və bir tayfa ilə bağlıdır. Gördüyünüz kimi bu ayədə də mənəvi ağac nəzərdə tutulur.

Hz Adəm (ə) qissəsində yer alan ağac, bəs nə ağacıdır? Bu barədə təfsir və hədislərdə əsasən iki fikir var. Necə ki Quranda həm maddi və həm mənəvi ağaca işarə olunur. Eləcə də təfsirdə də iki cür məna qeyd olunur.

Əgər Bəqərə 35-də, sözügedən ağacı maddi mənada götürsək, bəziləri o ağacın alma, buğda, üzüm və s olduğunu qeyd edir. Əlbəttə bu zahiri və olduqca sadə bir sözdür. Buna dəlilim apardığımız araşdırmalar və Hz Adəm (ə) bəhsinin davamında olan ayələrdir. Biz ikinci – mənəvi- mənanın tərəfdarıyıq. Araşdırmamıza əsasən o ağac mənəvi ağac idi. O zaman ki, Allah Adəmi və Həvvanı dünyada bir yerdə yerləşdirdi. Onlar öz-özlüyündə düşünürdülər ki, görəsən bu varlıq aləmində bizdən üstün bir varlıq olacaqmı? Allah onlara bu məqamda xəbərdarlıq edir ki, bəs sizə deməmişdim ki, bu ağaca yaxınlaşmayın? Demədim, bu fikrə düşməyin, demədim bu cür təsəvvür etməyin? Yəni Adəm (ə) bir nəsihət xarakterli sözə əməl etmədi. Ən aydın və müvafiq məna araşdırmamıza əsasən elə bu mənadır.

“…bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”. (Bəqərə 35)

Bu ayədə olan “zalımlardan olarsınız” ifadəsi bəzilərinin də düşündüyü kimi, belə deyil ki, Hz Adəm (ə) guya günah etdi və Allaha qarşı zülm etdi. Nəfsə zülmün bir-birindən fərqli dərəcələri var. Namaz qılmamaq da nəfsə zülmdür, şirk də nəfsə zülmdür. Yalan danışmaq da. Hətta məkruh iş görmək, müstəhhəb əməli tərk etmək də nəfsə zülmdür. Bir nəfər məkruh iş görəndə biz demirik ki, o günah etdi. Deyirik; Yaxşı olardı etməyəydi. Amma edibsə də günahı yoxdur. Və ya biri nafilə namaz qılmır. O da nəticə etibari ilə öz nəfsinə zülm edir. Çünki, hər bir yaxşı iş, insanı kamilləşdirir. Bir şəxs bu yaxşı işləri tərk etməklə özünə zülm edir. Amma bu günah sayılmır. Tərki-övla – yəni yaxşı bir işi tərk etmək bunlar nəfsə zülm olsa da, kiçik zülm sayılır. Bu bizim üçün kiçik bir şeydir ki, nafilə qılmırıq, məkruh işləri edirik. Amma Allah, peyğəmbərlər (ə) bu cür edəndə onlara xatırladır ki, siz gərək ən kamil olasınız. Onlar da bu işlərə görə Allaha tərəf qayıdırlar. Yəni tövbə edirlər. “Zalımlardan olarsınız” sözündən məqsəd: yəni, özünüzə zülm edənlərdən olarsınız. Ona görə də savabı əldən verən şəxs barəsində “nəfsinə zülm etdi” deyilə bilər. Necə ki, Allah-Təala Əyyub (ə) –ın dilindən buyurur : “Həqiqətən mən, zalımlardan idim.” (Ənbiya 87) Çünki bəyənilən bir işi görməməklə savabı əldən vermişdi.

Zülm ərəb dilində “həddi keçmək və bir şeyi öz yerindən başqa bir yerdə qərar vermək” mənasınadır. (“Lisanul-ərəb”, zülm maddəsi)

“Həqiqətən, sən burada acmaq nədir, çılpaq olmaq nədir bilməzsən! Həmçinin, burada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!” (Taha 118-119).

Bu ayələrədən məlum olur ki, zülmün nəticəsi yalnızca dünya həyatında aclıq, susuzluq kimi məşəqqətlərə düşməkdir. Buna əsasən, onların etdikləri zülm şəriətdəki günah və Allaha qarşı edilən zülm mənasında deyil, öz nəfslərinə qarşı etdikləri zülmdür. Buradan həmçinin aydın olur ki, “ağaca yaxınlaşmayın” ayəsindəki qadağa mükəlləfi öz xeyrinə olacaq işlərə yönləndirmək üçün edilən nəsihət xarakterli qadağadır.Yəni etsən savabdır. Etməsən heç bir günahı yoxdur. Halbuki, əgər qadağa şəriət xarakterli olsaydı, o zaman etdikləri tövbə qəbul olunduğu təqdirdə, həmin qadağanın cəzası ləğv edilməli və onlar təkrar olduqları yerə qayıtmalı idilər. Halbuki, onlar tövbə edib, etdikləri tövbənin də qəbul olunmasına baxmayaraq, bir daha cənnətdəki yerlərinə qayıda bilmədilər. Ona görə də nəsihət xarakterli (irşadi) vəzifəyə müxalifətçiliyin aqibəti yanızca təkvini məşəqqətə- dünya heyatında giriftar olmaqdır, tövbə olunduğu təqdirdə öz əvvəlki məqamlarına qayıtmalarını gərəkli edən təşrii vəzifə deyil. Bu qeyd olunan sözlər,bu ayənin təfsir və izahlarından ələ gələn nəticələr idi.

Biz dedik: “Hamınız oradan çıxın! (Bəqərə 36, Bəqərə 38, Əraf 22, Əraf 24, Taha 123)

وَقُلْنَا اهْبِطُوا Bu ayələrdə “çıxın” deyə tərcümə olunan ٱهْبِطُوا۟ (ih’bitu) kəlməsi tərcümələrdə “enin” deyə tərcümə olunub, yəni, göydən yerə enmək. ٱهْبِطُوا۟ (ih’bitu) kəlməsi Quranda 8 dəfə keçib və bu kəlmə göydən yerə enmək üçün yox, dünyada hər hansı yerdən başqa yerə keçid üçün işlənib. Məsələn, Allah Bəni israilə əmr edir ki “ihbitu misra” (şəhərə gedin) (Bəqərə 61) ayəsində hər hansı planetdən düşmək üçün yox hər hansı bir şəhərə girmək, keçmək anlamında işlənib. Və digər bir ayədə Allah Nuha “ihbit bi-sələm” (salamatçılıqla en) deyir (Hud 48).

Nuhun (ə) gəmisi hər hansı planetdə və ya səmada deyildi bu dünyada idi. Və demək ki “ihbitu” kəlməsi başqa planetdən enmək -keçid etmək üçün yox elə bu dünyada hər hansı yerdən başqa yerə keçmək üçün işlənib. Hz Adəm (ə) da bu dünyada idi. Və onlar Allahın onlar üçün dünyada seçib və xüsusi nemətlərlə bəzədiyi yerdən xaric edildilər. Yəni o məkandan, o yerdən başqa bir yerə keçdilər. Bu enmə həm də məqamın enməsinə bir işarədir. Necə ki, insan nafilə namaz, digər müstəhəbb işlərlə daha ali məqama yetişə bilir, və etmədikdə də günah qazanmır, əksinə o ali məqamdan məhrum olur.

Hz Adəmin (ə) –in məsəli də elə bu cürdür. Əraf və Bəqərə sürəsindəki ayələrə bəziləri özündən müəyyən sözlər artırır. Hər iki sürədə Allah buyurur: “Bir-birinizə düşmən olaraq enin” Bu ayəyə bəziləri özündən bəzi sözlər əlavə edir və belə deyir: “Bir-birinizə düşmən olaraq (Cənnətdən yerə) enin” Cənnət və yer sözün bura əlavə edirlər. Halbuki ayənin ərəbcəsində nə yer sözü var, və nə də Cənnət sözü. Bunu deyənlər haradan deyir bunu?

Baxın: Əraf 24

Baxın: Bəqərə 36.

فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ – Şeytan onları azdırıb olduqları yerdən çıxartdı. ( Bəqərə 36) Bəziləri deyə bilər ki şeytan Adəm (ə) –mı necə azdıra bilər? Bu ayədə istifadə olunan zəllə sözünün izahını biz yuxarıda verdik. Dedik ki, “zəllə” bəzilərini düşündüyü kimi günah yox, ən fəzilətli bir işi tərk etməkdir.

فَوَسْوَسَ لَهُمَا الشَّيْطَانُ – Şeytan onlara vəsvəsə verdi ki….

Gəlin, öncə vəsvəsə sözünün lüğəti mənasını öyrənək.

Vəsvəsə lüğətdə, şübhə və tərəddüd, narahatlıq, iztirab, qorxu, əsli olmadığı halda xəyala gələn şey, qəlbimizdən keçən fikir və təsəvvürlər mənasına gəlir. Vəsvəsəni adi insan da digərinə edə bilər. Yəni bir fikri ona deyərək təlqin edər və sonda istəyinə çatar. İnsanın öz nəfsi də insana vəsvəsə edə bilər.

وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ – And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Deməli vəsvəsə təkcə şeytan işi deyil. Fikirdir xəyaldır ki insana təlqin olunur. Ya insan bunu özü edir, ya digəri, ya da şeytan. Şəriətə əsasən zehniə və xəyalına mənfi iş gələn kimsə günahkardır? Əlbəttə xeyr. Amma hətta günahın fikir və xəyalı da insanın mənəviyyatına ziyan vura, onu zədələyə bilər. Şeytan Hz Adəmə nəyi vəsvəsə etdi yəni nəyi pıçıldadı? Çünki vəsvəsə çox gizli səsə də deyilir. Hətta bir ovçunun ova gedərkən çox sakit şəkildə hərəkət etməsinə də vəsvəsə deyilir.Çünki o işi də çox gizli, və səssiz, etməyə çalışır. Pıçıltı da danışığın gizli və səssiz formasıdır.

Şeytan vəsvəsə etdi ki ağaca yaxınlaş. Həmin ağacın nə olduğunu yuxarıda qeyd etdik. Qısaca belə deyək; Şeytan hey Hz Adəmin fikrinə salırdı ki, o düşünə ki, Allah ondan daha üstün bir varlıq yaratmayıb. Bu fikri (fikir yəni vəsvəsə) onlar etdilər yəni ağaca yaxınlaşdılar. Bu ayələrdə vəsvəsə yəni şeytanın pıçıldağı söz və fikir.

Bu məsələdə təfsirə ehtiyacı olan məqamlardan biri də “…ayıb yerləri özlərinə göründü. Cənnət yarpaqlarından üstlərini örtməyə başladılar.” (Əraf 22) ifadəsdir. Bəziləri bu ayəni izah edərkən qeyd edirlər ki, Hz Adəm və Həvvanın əynində bildiyimiz paltardan var idi. Elə ki o paltarlar aradan getdi onların ayıb yerləri göründü. Digər bir dəstə isə düşünür ki, onların ümumiyyətlə övrətləri yox idi.

Bu hadisədən sonra onların övrətləri zahir oldu. Bu iki fikrin tam mənada isbat və sübutu əlimizdə yoxdur. Ən uyğun məna və izah budur ki, o libas mənəvi libas idi, və ayədə qeyd olunan məna zahiri övrətdən getmir, əksinə onların mənəvi halına işarədir. Əhli sünnənin mötəbər təfsir alimlərindən olan Fəxri Razi bu ayə haqda danışarkən buyurur: Bu libas, bir libas idi ki, nurdan idi və bu libas təqva libası idi. (Fəxrəddin Razi – Məfatihul-Ğeyb c 14, s 223.)

Çox gözəl və qane edici bir izahdır. Bu sürədə Allah geyimdən söz açanda buyurur ki, وَلِبَاسُ التَّقْوَىٰ ذَٰلِكَ خَيْرٌ – təqva libası daha yaxşıdır (xeyirlidir). (Əraf 26) Deməli söhbət yenə də işin mənəvi tərəfindən gedir. Təqva libası yəni, həqiqi şəkildə pəhrizkar olmaq. Ayədə qeyd olunan “ayıb yerləri göründü” ifadəsi ərəb dilində “بدا یبدی” felindən istifadə olunub. Bu felin Quranda işlənmə yerlərinə baxsaq görərik ki, bu fel bir çox yerlərdə qabağına çıxdı, kimi işlənib. Məsələn Ənam 28-ə baxaq: بَلْ بَدَا لَهُمْ مَا كَانُوا يُخْفُونَ مِنْ قَبْلُ – Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri onların qabağına çıxdı. (Ənam 28)

Deməli, “ayıb yerləri göründü” ayəsində məqsəd ancaq elə bu deyil ki, övrətləri göründü. Bu zahiri məna Quranın və Hz Adəm (ə)-la bağlı olan mövzudakı ayələrlə tam uzlaşmır. Bu ayədən təfsir və ayələrə əsasən nəticə alaq. Ayıb yerləri göründü yəni onlar tərki ovla –zəllə ki etdilər, bu onların məqamı baxımından, Allahla onlar arasındakı məqam cəhətdən onlar bunu özlərinə eyib bildilər.

Yəni Allahın verdiyi nemətlər qarşısında hətta yaxşı işi də tərk etmək bu cür şəxsiyyətlər üçün eyib sayılır. Onlar bunu dərk etdiklərində o xüsusi nur onlardan uzaqlaşdı. Etdikləri qabaqlarına çıxdı. Nəinki övrətləri göründü. Bunu Quran ayəsinə əsasən gördük. Bu ayənin davamında olan “…Cənnət yarpaqlarından üstlərini örtməyə başladılar.” (Əraf 22) ifadəsinə də qısa izah verək.

Yuxarıda qeyd etdiyimiz kimi ayənin zahiri tərcüməsi bizə təkbaşına kifayət edən deyil. Mümkündür ayənin zahiri tərcüməsi bir cür, amma təfsiri tam başqa cür olsun. Burda da məqsəd budur ki, elə ki onlar tərki ovla etdilər və eyibləri üzə çıxdı. Onlar tövbə ilə Allah qarşısına qayıtdılar və günahlarının üstünü örtdülər. Buna dəlilimiz mübarək bir hədisdir. Hədisə əsasən Allah həqiqi tövbə edənlərin günahlarının üstünü örtür, hətta o günhahları onu qeyd edən mələklərin də yaddaşından silir. Həmçinin o günaha şahid olan məkan, bədən üzvü və s.

Hz Adəm (ə) günah etməyibsə niyə tövbə etdi?

Ənənmizə sadiq qalaraq yenə ilk növbədə öyrənək görək tövbə nə deməkdir? Tövbə sözü lüğətdə; qayıdış, dönmək, Peşman olmaq, Allaha tərəf qayıdış kimi mənalara gəlir. Hz Adəm (ə) nə üçün tövbə etdi? Hz Adəm ki, ən fəzilətli işi tərk etdi. Yəni tərki ovla, və ya belə deyək zəllə etdi. Bu həqiqətdə günah olmasa da peyğəmbər (ə) kimi şəxsiyyət üçün Allahla onun arasında eyib sayılır. Bizim namazımız qəza olduqda narahat olmuruq.

Amma bir Allah dostunun namazı qəzaya gedəndə ömür boyu onun üçün tövbə edir. Bizim üçün adi görünən əməl onlar üçün çox əhəmiyyətlidir Odur ki, hətta günah olmayan bir əməl üçün də bağışlanma diləyirlər. Bütün bunlardan əlavə məgər tövbə ancaq günah üçündür ki, bəziləri Hz Adəmin (ə) tövbəsini günahla əlaqələndirir? İnsan hər halda tövbə etməli və Allahdan bağışlanma diləməlidir. Deməli Hz Adəm (ə) –ın tövbəsi də günaha görə deyildi əksinə, yaxşı bir işi tərk etdiyi üçün idi.

Hz Adəm mövzusunun nəticəsi.

1.Hz Adəm (ə) axirət Cənnətində ümumiyyətlə olmayıb. Çünki ora əbədidir. Ora girən oranı əsla tərk etməz. (Ali-İmran 107 )

Hz Adəmin axirət Cənnətində günah etməsi və oradan qovulması Quran baxımından qeyri mümkündür. Çünki axirət Cənnətində günah yoxdur. (Ğaşiyə 11, Vaqiə 25, Nəbə 35)

Hz Adəm (ə) dünyada bir yerdə – bir bağçada idi. Biz həmçinin öyrəndik ki, Quranda Cənnət ancaq axirətdəki Cənnət mənasında deyil. Bir çox yerlərdə elə bağ və bağça mənasındadır.(Səba 15-16, Kəhf 39)

4.Hz Adəm (ə) qissəsində qadağan olunmuş ağac, biz bildyimiz adi ağac deyildi, əksinə mənəvi bir ağac idi. Və həmin ayənin (Bəqərə 35) təfsirinə əsasən o ağacda məqsəd fikir və təsəvvür idi ki, onlar düşündülər ki “görəsən Allah burada bizdən daha üstün birini yaradıbmı?”

Həmin ağaca yaxınlaşmaqda məqsəd, o fikrə düşmək, o fikri təsəvvürünə gətirmək idi. (Daha ətraflı ayənin təfsirinə bax)

Hz Adəm (ə) qissəsində yer alan – Oradan enin – (Bəqərə 36) ifadəsinə gəlincə; Qeyd etdik ki Quranda bu söz göydən yerə enmək üçün yox, bir yerdən başqa bir yerə keçid üçün işlənib. (Bəqərə 61, Hud 48)

Öyrəndik ki, zülm təkcə günakar şəxs barədə işlənmir. Hətta yaxşı bir işi tərk edən şəxs haqqında da “o nəfsinə zülm etdi” ifadəsi Quranda işlənmişdir. (Ənbiya 87)
Hz Adəm (ə) barədə Taha 121-də keçən üsyan sözü – Allaha asi olmaq – mənasında deyil. Əhli sünnənin görkəmli təfsir alimi Fəxri Razi deyir: “Üsyan dedikdə müstəhəbb bir işin tərk olunması nəzərdə tutulur.” (Təfsire Fəxri Razi – Taha 121 təfsirində)

8.Taha 121-də qeyd olunan فَغَوَىٰ kəlməsi yolunu azmaq demək deyil, inkişaf etmədi deməkdir. Yən yaxşı bir işi tərk etdi. Zəllə etdi. Zəllə və tərki ovla hər ikisi də eyni mənanı ifadə edir. (Daha ətraflı bax: (Əbul- Bərəkat Nəsəfi Mədarikut- Tənzil və Həqaiqut- Təvil cild 4, səhifə 365)

“Ayıb yerləri göründü” ayəsində məqsəd əhli sünnənin mötəbər təfsir alimlərindən biri olan Fəxrəddin Razinin dediyi kimi “təqva libası idi, ki fəzilətli bir işi tərk etməklə belə o libas onlardan alındı. (Fəxrəddin Razi – Məfatihul-Ğeyb c 14, s 223.) Və Cənnət yarpaqları ilə bədənlərini örtdülər ifadəsinin də təfsiri – tövbə ilə o eyibin üstün örtdülər.
Tövbə məsələsinə gəlincə; Tövbə günahkarlara xas bir əməl deyil. Tövbəni Allahın əvliyaları da edir. Ümumiyyətlə insan hər halda tövbə edən halda olmalıdır.
Müvəffəqqiyyət varsa Allahdandır, naqisliklər varsa bizdəndir.

Mahir Şəkərov – İlahiyyatçı yazar.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930