İNFAQDAN SONRA MİNNƏT
Mьəllif: admin1
Tarix: 28-09-2018, 18:33
İNFAQDAN SONRA MİNNƏT
Qurani-Kərimin “Bəqərə” surəsinin 266-cı ayəsində buyurulur:

أَیوَدُّ أَحَدُكُمْ أَنْ تَكُونَ لَهُ جَنَّةٌ مِنْ نَخِیلٍ وَأَعْنَابٍ تَجْرِی مِنْ تَحْتِهَا الْأَنْهَارُ لَهُ فِیهَا مِنْ كُلِّ الثَّمَرَاتِ وَأَصَابَهُ الْكِبَرُ وَلَهُ ذُرِّیةٌ ضُعَفَاءُ فَأَصَابَهَا إِعْصَارٌ فِیهِ نَارٌ فَاحْتَرَقَتْ كَذَلِكَ یبَینُ اللَّهُ لَكُمُ الْآیاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ

“Məgər sizdən hansı biriniz istər ki, içində xurma ağacları, üzümlüklər, (ağacları) altından arxlar axan və cürbəcür meyvələr olan bir bağçası olsun və (sonra) zəif (iş bacarığı olmayan, himayəyə möhtac) uşaqları olduğu halda ona qocalıq üz versin, həmin vaxtda da ora odlu bir qasırğa düşsün və o bağ yanıb tələf olsun?! Allah ayələri sizin üçün bu sayaq aydınlaşdırır ki, düşünəsiniz.”

“ƏHBAT” VƏ “TƏKFİR” MƏSƏLƏSİ

İslam mütəkəllimləri arasında çox vaxt mübahisə obyektinə çevrilən predmetlərdən biri də “əhbat” və “təkfir” məsələsidir. “Əhbat” lüğətdə məhv etmək, puça çıxarmaq və qüvvədən salmaq mənalarını daşıyır. Məsələn: “Əhbətəllahu əmələl-kafir.” Yəni Allah kafirin əməlini puç etdi.” (“Məqayisül-lüğət”, 2-ci cild, səh.129, “həbt” sözünün şərhi.)

“Təkfir” sözü isə örtmək, gizlətmək mənasını verir. Toxumu torpağın altında gizlədən əkinçiyə ərəb dilində “kafir” deyilir. Qurani-Kərimdə də buna dair bir misal var:

اعْلَمُوا أَنَّمَا الْحَیاةُ الدُّنْیا لَعِبٌ وَلَهْوٌ وَزِینَةٌ وَتَفَاخُرٌ بَینَكُمْ وَتَكَاثُرٌ فِی الْأَمْوَالِ وَالْأَوْلَادِ كَمَثَلِ غَیثٍ أَعْجَبَ الْكُفَّارَ نَبَاتُهُ...

“(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr...” (“Hədid” surəsi, ayə 20.)

Bu ayədə qeyd olunan “kuffar” (kafirlər) sözü əkinçilər mənasındadır.

İslam mütəkəllimlərinin qeydlərində “həbt” termini günah vasitəsilə yaxşı işlərin savabının aradan qalxması, “təkfir” isə yaxşı işlərin sayəsində günahların cəzasının bağışlanması mənasını bildirir.

“Əhbat”la bağlı hallardan biri günahdan sonra infaq edənin və Allah yolunda xərc çəkənin halını aşılayan uyğun ayədir. Belə ki, infaq və yardım edən şəxs infaqdan sonra ilahi qəzəbi alovlandıran və infaqını yandıran bir iş görmədiyi zaman onun infaqı qəbul olunur və yaxud yerində verilən bir dirhəmə yeddi yüz qat əvəz verilir.

Rəvayətdə deyilir ki, hər kəs Allahı zikr etsə, “La ilahə illəllah”, “Allahu-əkbər” və “Subhanəllah” desə, hər bir zikrə görə behiştdə onun üçün bir ağac əkilər. Bir şəxs Peyğəmbərdən (s) soruşdu ki, demək, bizim behiştdə ağaclarımız çoxdur?” Həzrət buyurdu: “Bəli, bir şərtlə ki, onların ardınca atəş göndərib oda çəkməyəsiniz.” (“Biharul-ənvar”, 8-ci cild, səh.186.)

İslamın birinci əsrinin axırlarında səhv təfəkkür tərzindən “mürciə” adlı bir cərəyan meydana gəldi. Həmin cərəyanın tərəfdarları öz şüarları ilə gənc nəsli təhrik edir, onları öz sıralarına daxil edirdilər.

Onlar deyirdilər: “Günah imana zərər yetirmir!” Onların nəzərincə, Allaha qəlbən iman kifayətdir və onun sahibi qurtuluş tapacaq. Günah günahkarın əlindən qurtuluşu almır: şərabxorluq, qumarbazlıq, iffətsizlik və bu sayaq günahlar qəlbində Allaha imanı olanların behiştə daxil olmasına mane törətmir!

Doğrusu, “günah imana zərər yetirmir” ikibaşlı şüardır və bir mənada doğrudur. Çünki bəzən günah küfrə və imansızlığa səbəb olmur. Lakin diqqət yetirmək lazımdır ki, ağır günahlar daşıyan insanın nicatı üçün, təkcə imanı kifayət etmir. İmam Sadiq (ə) gəncləri günaha rəğbətləndirən bu azğın cərəyana qarşı öz tərəfdarlarına xəbərdarlıq edərək belə buyurur: “Mürciə zümrəsi gənclərinizi ovlamazdan qabaq onların dadına çatın!” (“Kafi”, 6-cı cild, səh.47, hədis 5.)

Sözügedən ayəyə əsasən, bəzi pis əməllər böyük infaq xırmanını yandırıb kül edir və ona məsəl də çəkilir: içərisində xurma ağacları və üzüm tənəklərindən ibarət çeşidli meyvələr verən və altından arxlar arxan bir bağı təsəvvür edin.

Bu bağ yaşlı bir bağbana məxsusdur və ətrafını hələ işləyə bilməyən azyaşlı övladları əhatə edib. Hamı gözünü bu bağa dikib və onun məhsulunu satıb illik güzəranını keçirməyi düşünür. Birdən odlu bir qasırğa düşərək bağı külə çevirir. Burada bağbanın həsrət və qəm-qüssəsini bəyanla təsvir etmək çətindir. Bu an, hətta onun ürəyi həsrətin ağırlığından dayana da bilər.

Sərvətindən yoxsullara bağışlayanların xeyirxah işlərindən savab qazanması günahlara bulaşmayacağı təqdirdədir; yoxsullara minnət gözü ilə baxmamalı və onlara əziyyət verməməlidirlər. Əks-təqdirdə, onların xeyirxah işləri puça çıxacaqdır.

Ayədə qeyd olunan “odlu qasırğa”nın bir nümunəsi “Bəqərə” surəsinin 262 və 264-cü ayələrində buyurulan minnət qoymaq və əziyyət verməkdir. Əlbəttə, təfsirçilər onu minnət qoymaq və əziyyət vermək kimi təfsir etsələr də, ayənin özündə onu aşılayan bir şahid yoxdur.

Amma ayənin məzmunundan onun minnət və əziyyətdən əlavə böyük günahlara da şamil olduğu başa düşülür. Burada{...وَأَصَابَهُ الْكِبَرُ وَلَهُ ذُرِّیةٌ ضُعَفَاءُ...} (Bağ sahibi zəif uşaqları olduğu halda artıq qocalsın) – ibarəsindən məlum olur ki, infaq və xeyirxahlıq nəticə etibarilə insanın özü və övladlarını da əhatə edir. Çünki o bağdan həm sahibi, həm də övladları faydalanırlar. (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 6-cı məsəl.)


Tərcümə etdi: Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031