ZİLHİCCƏ AYININ 25-Cİ GÜNÜ –“HƏL-ƏTA” (“İNSAN”) SURƏSİNİN NAZİL OLDUĞU GÜN
Mьəllif: admin1
Tarix: 6-09-2018, 09:59
ZİLHİCCƏ AYININ 25-Cİ GÜNÜ –“HƏL-ƏTA” (“İNSAN”) SURƏSİNİN NAZİL OLDUĞU GÜN
Zilhiccə ayının 25-ci günü mübarək və şərafətli bir gündür.

Həmin gün Əhli-beytin yüksək məqamını aşılayan və onların fəzilətlərini sübut edən “Həl-əta” (“İnsan”) surəsi nazil olmuşdur. Bu surənin ayələri ümumilik kəsb edib, onun “İnnəl-əbrarə yəşrəbunə min kə’sin...”

(Şübhəsiz, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərbət içəcəklər...) ayəsindən başlayaraq 22-ci ayəsinədək (on yeddi ayə) “əbrar” (yaxşılar) adlı qrup haqda söz açsa da, İslamın məşhur mənbələrində nəql olunan çoxlu rəvayətə və bu ayənin nazilolma səbəbinə əsasən, “əbrar”ın tam mənada nümunələri imam Əli (ə), xanım Fatimeyi-Zəhra (ə.s), imam Həsən (ə) və imam Hüseyndir (ə). Həmin surənin 5-10-cu ayələrində belə buyurulur:

إِنَّ الْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاء وَلَا شُكُورًا إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا

“Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərab içəcəklər. O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu istədikləri yerə asanlıqla axıdacaqlar. Onlar elə kəslərdir ki, etdikləri nəzrə vafa edər və əzabı bürüyəcək gündən qorxarlar. Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri (yeməyə möhtac olduqları) halda (və ya Allahın razılığını qazanmaq üçün) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Sonra da yedirtdikləri kimsələrə belə deyərlər:) “Biz sizi yalnız Allah razılığından ötrü yedirdir və sizdən nə bir mükafat, nə də təşəkkür istəyirik. Həqiqətən, biz çox sərt və çətin bir gündə Rəbbimizdən qorxuruq!”

Bu ayələrin nazilolma səbəbi haqda İbn Abbasdan belə nəql olunur: “Bir gün Həsən və Hüseyn (ə) xəstələnmişdi. Peyğəmbər (s) bir qrup səhabə ilə onlara baş çəkməyə gəldi.

Səhabələr Əliyə (ə) müraciət edərək dedilər: “Ya Həsənin atası! Nə yaxşı olardı ki, uşaqlarının şəfa tapması üçün nəzir edəsən.”

Əli (ə) bu təklifi məmuniyyətlə qəbul etdi. Üstəlik, Fatimeyi-Zəhra (ə.s) və xidmətçisi Fizzə də uşaqların sağalacağı təqdirdə üç gün oruc tutmağı nəzir etdilər.

(Bəzi rəvayətlərə əsasən, Həsən və Hüseyn (ə) də nəzir etdilər.) Nəhayət, uşaqlar şəfa tapıb sağaldılar. Lakin o ərəfələrdə Əlinin (ə) evində iftar üçün ərzaq yox idi.

Odur ki, gedib bir nəfərdən üç “sa” (təxminən 10 kq) arpa borc aldı. Fatimə (ə.s) onun üçdə bir hissəsini üyüdüb un etdi və ailə üzvlərinin sayı qədər (beş ədəd) çörək bişirdi. İftar vaxtı çörəklər süfrəyə qoyuldu.

Yeməyə hazırlaşarkən, qapı döyüldü. Yoxsul bir şəxs dedi: “Salam olsun sizə, ey Mühəmmədin Əhli-beyti! Mən bir müsəlman yoxsulam, mənə də yeməyə bir şey verin. Allah sizə cənnət süfrələri nəsib etsin!”

Bu sözləri eşidən Əhli-beyt (ə) heç nə fikirləşmədən süfrədə olan çörəklərin hamısını ona verdi, özləri isə su ilə iftar edib gecəni belə keçirdilər. Səhəri gün yenə ac halda oruc tutdular. Ötən gün kimi, Fatimeyi-Zəhra (ə.s) yenə çörək bişirdi.

Onlar axşam iftar üçün süfrə başına əyləşərkən, bir yetim qapıya gəlib yemək istədi. Onlar bu dəfə süfrədəkiləri o yetimə verib, özləri ac qaldılar. Üçüncü axşam da qapıya bir əsir gəlib yemək istədikdə, bu müqəddəs şəxslər iftara hazırladıqlarını ona verdilər.

Ertəsi gün Əli (ə) Həsən və Hüseynlə (ə) birlikdə Peyğəmbərin (s) hüzuruna getmişdi. Peyğəmbər (s) onların aclıqdan halsız olduqlarını görüb buyurdu: “Sizi bu halda görmək mənə çox ağırdır!”

Sonra onlarla birlikdə Fatimənin (ə.s) evinə getdi. Peyğəmbər (s) gördü ki, qızı Fatimə (ə.s) acından zəifləmiş və gözləri çuxura düşdüyü halda, mehrabda ibadət edir. Bu mənzərə Peyğəmbərə (s) çox təsir etdi.

Cəbrail nazil olub dedi: “Ey Mühəmməd! Allah səni belə bir Əhli-beytin olduğuna görə təbrik edir.” Sonra “Həl-əta” surəsi nazil oldu.” (“Peyami-Quran”, 7-ci cild, “Həl-əta” surəsinin təfsiri.)

Rza Şükürlü / Maide.Az /
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031