MUSA SƏDR - Qəddafi çağırmışdı, indi bütün dünya onu axtarır
Mьəllif: admin1
Tarix: 2-09-2018, 09:05
MUSA SƏDR - Qəddafi çağırmışdı, indi bütün dünya onu axtarır
Livanın əsasən şiələrin yaşadığı bölgələri olmaqla demək olar ki, hər tərəfində hələ də 31 avqust 1978-ci ildə Liviyada itən Musa Sədrin fotoları var. Aradan 40 il keçməsinə baxmayaraq, ara-sıra beynəlxalq gündəmə də gələn Sədr hadisəsi isə Livan gündəmindəki yerini bu günə kimi heç vaxt itirməyib.

Amerikalı yazıçı Piter Terouks, "İtkin İmam" adlı kitabında Sədrin itməsini belə təsvir edir:

"Yaxın Şərq tədqiqatçıları üçün heç bir sirli hadisə İmam Musa Sədrin 1978-ci ildə rəsmi dəvətlə getdiyi Liviyada itməsindən daha təəccüblü və başa düşülməsi çətin olmamışdır".

İki dostu ilə Liviyada itən Sədr 1978-ci ildə regional böhrana səbəb oldu və Livan ilə Liviya arasındakı bu böhran illərlə davam etdi. Müəmmar Qəddafinin rəhbərlik etdiyi Liviyanın Sədr və yoldaşlarının Liviyadan İtaliyaya getdiyini iddia etməsi, hadisəni daha da mürəkkəb hala gətirdi.

Sədrin itməsinə görə 1986-cı ildə Livanda açılan istintaqda Qəddafi adam oğurlamaq və gizlətmək cinayətlərində ittiham edildi, ancaq dəlil çatışmazlığı üzündən istintaq bağlandı. Yeni dəlillərin ortaya çıxdığı iddiası ilə 2004-cü ildə cinayət işi yenidən açıldı və 2008-ci ilin avqust ayında Qəddafi haqqında həbs qərarı çıxarıldı.

Musa Sədrin itməsi dəfələrlə araşdırılıb

İranda 1979-cu ildə baş verən inqilabından sonra İmam Xomeyni, "oğlum kimi idi", - dediyi Musa Sədrin aqibətini araşdırmaq üçün komissiya yaratdı. Amma yenə heç bir nəticə əldə edilmədi.

Musa Sədrin itməsindən indiyədək keçən 40 illik müddətdə minlərlə fərqli açıqlama verilib və iddia ortaya atılıb.

Bu bəyanatlardan ən ciddisi 2012-ci ilin martında Misirin devrilmiş prezidenti Hüsnü Mübarək tərəfindən səsləndirilib. Mübarək İngiltərə mediasından birinə açıqlamasında Sədr ilə Qəddafi arasında mübahisə yarandığını, Qəddafinin şəxsən özünün Sədrə işgəncə verdiyini, 4 saatlıq işgəncədən sonra Sədrin öldüyünü və cəsədinin dənizə atıldığını deyib.

Livanlı şiələr illərlə "İmam" ləqəbi verdikləri Sədrin yaşadığına, Liviyada həbsdə olduğuna və bir gün sağ-salamat qayıdacağına inanıblar. Lakin 1978-2011-ci illər arasında edilən bütün cəhdlər nəticəsiz qalıb və Sədrin aqibəti qeyri-müəyyənliyini qoruyub.

Qəddafinin öldürülməsi Sədri yenidən gündəmə gətirdi

"Ərəb Baharı" adlandırılan prosesdə Liviyada baş verən münaqişələr zamanı 42 il Liviyanı idarə edən Qəddafi 2011-ci ilin oktyabrında öldürüldü.

Qəddafinin öldürülməsindən sonra uzun illərdir heç kimin bilmədiyi gizli işlər açılmağa və Qəddafinin yanında xidmət edən kəşfiyyatçılar danışmağa başladılar. Bu vəziyyət 1978-ci ildə itən Sədrin 2011-ci ildə yenidən dünya gündəminə gəlməsinə səbəb oldu.

Qəddafinin öldürülməsindən bir müddət sonra Livan hökuməti yeni Liviya hökumətilə, şahidlərlə görüşlərə və iddianın araşdırılması üçün danışıqlara başladı. Bu çərçivədə hadisə haqqında məlumatı olduğu hesab edilən bəzi dövlət adamları istintaqa çəkildi.

Qəddafi rejiminin Ərəb Birliyindəki nümayəndəsi olduğu halda müxalifətə keçən Abdumunim əl-Huni 2011-ci ilin avqustunda Misir mediasına açıqlamasında Musa Sədr ilə Qəddafi arasında dini mübahisə yaşandığını bildirərək, "Sədr və Qəddafi arasında dini mövzularda başlayan mübahisə getdikcə alovlandı və sərt sözlərə çevrildi. Sədr və yanındakılar Qəddafinin qarşısında heç bir insanın təsəvvür etməyəcəyi şəkildə cinayətkarcasına qətlə yetirildi", - deyə bildirdi.

Liviya Milli Keçid Şurasının sədri Mustafa Əbdülcəlil 2012-ci ilin aprelində verdiyi açıqlamada Sədrin meyitinin paytaxt Tripolidə ortaya çıxarılan kütləvi məzarlıqda olduğuna dair "həqiqətə yaxın" nəticələr əldə etdiklərini dedi.

Mustafa Əbdülcəlil Sədrin aqibətini araşdırmaq üçün xüsusi prokuror ayırdıqlarını və kütləvi məzarlıqda cənazələrin Livandan gələcək səlahiyyətli şəxslərin iştirakı ilə çıxarılacağını bildirdi.

Amma çıxarılan cəsədlərdə aparılan DNT testləri nəticəsində Sədrə aid dəlil tapılmadı.

Dövrün Livan XİN rəhbəri Adnan Mənsur 2012-ci ilin avqustunda İranda verdiyi açıqlamada, "qəti şəkildə Sədr və yoldaşlarının həyatda olduğuna əminik", - dedi və yaxında ortaya çıxacaqlarını söylədi.

Liviyadakı Milli Konqres tərəfindən baş nazir seçilən Mustafa Əbu Şakur 2012-ci ilin sentyabrında keçirdiyi mətbuat konfransında Liviya hökumətinin Livan rəhbərliyinə təzminat ödəyəcəyi istiqamətindəki iddialar haqqında, "Musa Sədr kimi dəyərli bir qonağı öldürən Liviya xalqı deyil, Qəddafidir. Buna görə də Livan hökumətinə məsələyə dair təzminat ödənilməsi məsələsi müzakirə mövzusu", - deyil söyləmişdi.

Livan ilə Liviya hökumətləri arasında 2014-cü ildə imzalanan memorandumunda Liviya Qəddafi rejiminin Sədrin oğurlanmasında məsul olduğunu rəsmi olaraq qəbul etdi.

Qəddafinin oğlu Seyfülislam Qəddafinin müavinlərindən olan Məhəmməd İsmayıl 2016-cı ilin martında Qərb mediasına açıqlamasında, Sədrin Qəddafi tərəfindən öldürüldüyünü və cəsədinin də dənizə atıldığını bildirdi.

Sədr və yoldaşlarının Qəddafi tərəfindən öldürüldüyü aydınlaşdı

Qəddafinin öldürülməsindən sonra Liviyadan hadisə ilə bağlı yüzlərlə fərqli açıqlama səsləndirildi.

Nəticə olaraq Sədr və yoldaşlarının Qəddafi tərəfindən öldürüldüyü aydınlaşdı, ancaq Livanda 1992-ci ildən bu yana Məclis sədri olan Nəbih Bərrinin rəhbərliyi altındakı "Əməl Hərəkatı" qəti dəlillər olmadığı iddiası ilə Sədrin öldürüldüyünü hələ də qəbul etmir.

Livanda hər il 31 avqust günü Sədri anmaq üçün təşkil olunan mərasimlərdə Liviyada həbsdə olduğu və bir gün yenidən Livana qayıdacağı iddiası səslənir.

Son olaraq 2017-ci ildə Sədri anmaq üçün Beyrutda təşkil olunan nümayişdə danışan Bərri, Sədr və yoldaşlarının həyatda olduqlarına inandıqlarını və hadisəni araşdıran bəzi məhkəmələrin hələ də davam etdiyini vurğuladı.

Beynəlxalq cəmiyyətin Sədr və yoldaşlarının öldürülməsini qəti olaraq qəbul etməsinə baxmayaraq, "Əməl Hərəkatı"nın bunu qəbul etməməklə Sədr üzərindən motivasiya yaratdığı, bazanı itirmək qorxusundan bunu etdiyi bildirilir.

Qəddafinin oğlu Hannibal Qəddafi Livanda həbs olundu

Qəddafinin oğlu Hannibal Qəddafi 2015-ci ilin dekabrında Suriyadan qayıdarkən Livanın Bəkə dərəsində silahlı qruplar tərəfindən qaçırıldı və sonra sərbəst buraxıldı.

Musa Sədrin aqibətini araşdıran livanlı səlahiyyətli orqanlar daha sonra Hannibalın hadisə ilə bağlı məlumatlı olduğunu düşünərək onu həbs etdi və Beyrutda mühakimə etdi.

Sədrin yoxa çıxdığı 1978-ci ildə hələ üç yaşında olan Hannibalı livanlı rəsmilər Sədr hadisənin müəyyənləşməsi məsələsində potensial açar kimi görür və onu hazırda Livanda həbsxanada saxlayır

Musa Sədr necə yoxa çıxdı?

Ərəb dünyasındakı liderlərlə tez-tez görüşən Sədr iki köməkçisi ilə birlikdə 25 avqust 1978-ci ildə Livandan çıxaraq Qəddafinin görüşünə gedir.

Sədrin yoxa çıxmasına qədər gedən prosesin isə belə inkişaf etdiyi bildirilir:

Musa Sədr Livanın Liviya Müvəqqəti İşlər vəkili Nizar Fərhad ilə Ramazan ayı olduğuna görə, 30 avqust axşamı iftar yeməyi yeyir. Bu yeməkdə 1 sentyabrda Qəddafi ilə görüşəcəklərini söyləyir və Liviyadan sonra Fransaya getmək üçün Fərhaddan viza düzəltməsini istəyir.

31 avqustda Sədr və dostlarının qaldığı otelə gedən Fərhad, qrupun rəsmi kortejlə oteldən çıxdığı məlumatını alır. Bu məlumat Sədr və iki yoldaşı haqqındakı son konkret məlumatdır. O gündən sonra Sədr və iki dostundan heç bir xəbər yoxdur.

Sədr və yoldaşlarından xəbər ala bilməyən Livan rəhbərliyi Liviyadan məsələ ilə bağlı izahat istəyir. Livan şiə icmasının Ərəb Birliyi ölkələri nəzdindəki cəhdlərindən sonra Liviya rəsmi orqanları bəyanat verirlər.

Gərgin təzyiqlər nəticəsində Liviya rəhbərliyi Sədr və iki yoldaşının 31 avqust axşamı Tripolidən ayrılaraq İtaliyaya uçduqları açıqlamasını verir. Sədr və iki yoldaşının 31 avqustda İtaliyaya səfər etdiklərinə dair sənəd göstərilir. Sərnişin siyahısında Sədr və iki yoldaşının adları olur. Liviyanın bu açıqlamaları başda Livan olmaqla bir çox ölkə və qurumu qane etmir.

Hadisəni araşdırmaq üçün aparılan araşdırmalar Liviyanın "İtaliyaya getdilər" açıqlamasının həqiqəti əks etdirmədiyini ortaya çıxarır.

Sədrin İtaliyaya getmək üçün mindiyi iddia edilən təyyarənin sərnişinlərinə Sədr və yoldaşlarının şəkli göstərilir. Sərnişinlər göstərilən fotolardakı şəxslərə bənzəyən şəxslərlə təyyarədə üzləşmədiklərini bildirirlər.

Sədrin ailəsi 2015-ci ilin iyul ayında Sədrin itməsi ilə bağlı İtaliyada prokurorluğa şikayət edir və cinayət işi açılır. İtaliya məhkəməsi Sədr və iki yoldaşının 31 avqust 1978-ci il axşamı Tripolidən Romaya gəlmədiklərini açıqlayır.

Musa Sədr kimdir?

Əslən livanlı ailəyə mənsub olan Sədr 1928-ci ildə İranın Qum şəhərində anadan olub. Qumda və İraqın Nəcəf şəhərində aldığı dini təhsillə yanaşı Tehranda hüquq fakültəsində oxuyub.

1959-cu ildə Livana qayıdan Sədr aldığı təhsil, şiə dünyasının tanınmış şəxsləri ilə olan qohumluğu və xarakterinə görə Livandakı şiələr arasında ön plana çıxmağa başlayır. O, dini təhsil almasına baxmayaraq, özünü dini sahədə deyil, siyasi və sosial sahədə ön plana çıxarır.

Sədrin Livandakı şiə cəmiyyəti üzərindəki hakimiyyəti 1969-cu ildə qurulmasına rəhbərlik etdiyi və ilk mühüm şiə təşkilatlanması olan "Ali Şiə İslam Şurasının" rəhbərliyinə keçməsi ilə başlayır. 1974-cü ildə xristian din xadimi ilə bərabər bütün dini və məzhəb qruplara açıq olan və bərabərlik tələbi əsasında təşkilatlanan "Hərəkat əl-Mahrumin"-i yaradır.

Sədr Livanda 1975-ci ildə vətəndaş müharibəsi başladıqda "Əməl Hərəkatı"nı (Livan Müqavimət Briqadası) yaradır.

"Əməl Hərəkatı"nın Livan vətəndaş müharibəsinin mühüm iştirakçılarından biri halına gəlməsi və daha sonra Livan siyasətində də təsirini artırmasına görə, hərəkatın banisi Sədr bütün Yaxın Şərqdəki ən təsirli liderlərdən biri olur.

Sədrin yaratdığı "Əməl Hərəkatı" 1980-ci illərdə Hizbullah təşkilatının yaranmasına yol açır.

FaktXəbər
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930