Peyğəmbər (s): “İnsanın Allah qarşısında günah etməsinin altı səbəbi var”
Mьəllif: admin1
Tarix: 2-08-2018, 21:51
Peyğəmbər (s): “İnsanın Allah qarşısında günah etməsinin altı səbəbi var”
Bu yolun ən böyük maneələrindən biri maddi və dünyəvi bağlılıqlardır.

O cümlədən, mal-dövlətə, həyat yoldaşına, övladlara, evə, həyat-məişət vasitələrinə, mənsəbə, məqama, rəyasətə, ata-anaya, qardaşa, bacıya, hətta elm və biliyə olan bağlılıq buna misal ola bilər. Bu cür bağlılıqlar insanı mənəvi yüksəliş yolundan və hərəkətdən saxlayır.

İmam Cəfər Sadiq (ə) buyurur: “Dünyaya məhəbbət bütün günahların mənşəyidir.”[1]

Peyğəmbəri-Əkrəm (s) buyurur: “İnsanın Allah qarşısında günah etməsinin altı səbəbi var: Dünyaya bağlılıq, rəyasətə bağlılıq, qadına bağlılıq, yeməyə bağlılıq, yatmağa bağlılıq və rahatlığa bağlılıq.”[2]

İmam Cəfər Sadiq (ə) buyurur: “Bəndənin Allahdan ən uzaq olan vaxtı odur ki, qarnını doyurmaqdan, şəhvət hisslərini təmin etməkdən başqa bir məqsədi olmasın.”[3]

Peyğəmbəri-Əkrəm (s) buyurur: “İnsan imanın şirinliyini yalnız o zaman dada bilər ki, dünya yeməklərinə etinasız yanaşsın.”[4]

Deməli, təkamül yolçusu bu əlaqə və bağlılıqları öz qəlbindən çıxarmalıdır ki, yüksək mənəvi, ilahi məqamlara doğru hərəkət etmək onun üçün müyəssər olsun. Dünya işlərinin fikrini qəlbindən çıxarsın ki, onun yerinə Allahın zikri keçsin.

Qeyd olunmalıdır ki, hədislərdə məzəmmət olunan şey dünyəvi işlərin özləri yox, onlara qəlbən bağlılıq və ona məftun olmaqdır. Təkamül yolçusu sair insanlar kimi, öz həyatını davam etdirmək üçün yeməyə, geyməyə, məskənə, həyat yoldaşına ehtiyacı var və bu kimi ehtiyacları o, hökmən təmin etməlidir.

Nəslin davam etməsi üçün insan evlənməlidir, cəmiyyətin həyatını idarə etmək üçün müəyyən ictimai məsuliyyətləri qəbul etməlidir. Məhz buna görə də müqəddəs islam şəriətində bunların heç biri məzəmmət olunmamışdır, əksinə, onların hər biri qürbət qəsdi ilə yerinə yetirilərsə, ibadət hesab olunur və insanı Allah dərgahına yaxınlaşdırır. Bunların özləri insanın mənəvi yüksəlişinə maneə, Allahın zikrindən qafilliyə səbəb olmaz. Maneə bu kimi dünyəvi işlərə bağlılıq və məftun olmaqdır. Əgər bu işlər həyatda əsas məqsədə çevrilsə, insanın bütün fikrini-zikrini özünə məşğul etsə, onda bunun ardınca Allahdan qafil olmaq gəlir. Pulpərəstlik, qadın və vəzifə düşkünlüyü, məqampərəstlik, elmpərəstlik məzəmmət olunur və insanı Allah dərgahına seyr etməkdən saxlayır, amma pul, məqam, elm özü isə öz-özlüyündə belə deyildir.

Məgər Peyğəmbəri-Əkrəm (s) Əmirəl-möminin (ə), İmam Səccad (ə) və sair imamlar (ə) çalışıb fəaliyyət etmir və ilahi nemətlərdən bəhrələnmirdilərmi? Bu da islamın ən böyük məziyyətlərindən biridir ki, həm dünya, həm də axirət işləri üçün müəyyən hədd-hüdud təyin etmişdir.



www.ahliman.info

[1] “Biharul-ənvar”, 73-cü cild, səh.90

[2] “Biharul-ənvar”, 73-cü cild, səh.94

[3] “Biharul-ənvar”, 73-cü cild, səh.18

[4] “Biharul-ənvar”, 73-cü cild, səh.49
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930