ŞADLIQ VƏ HÜZN – MEYARLAR
Mьəllif: admin1
Tarix: 23-06-2018, 09:59
ŞADLIQ VƏ HÜZN – MEYARLAR
Şübhəsiz, Allah yanında ən sevimli ibadətlərdən biri insanın öz mömin qardaşını sevindirməsidir. Bir hədisdə Peyğəmbəri-Əkrəm (s) buyurur:

اِنَّ اَحَبَّ الاَْعْمالِ اِلَى اللّهِ تعالى اِدْخالُ السُّرورِ عَلَى الْمُؤْمنين؛

“Həqiqətən, Allah-Taalanın dərgahında ən sevimli əməl mömini sevindirməkdir.” (“Üsuli-kafi”, cild 2, səh.189.)

İmam Rza (ə) bu barədə belə buyurur:

فَإِنَّهُ لَيْسَ شَيْ‏ءٌ مِنَ‏ الْأَعْمَالِ‏ عِنْدَ اللَّهِ‏ عَزَّ وَ جَلَّ بَعْدَ الْفَرَائِضِ أَفْضَلَ مِنْ إِدْخَالِ السُّرُورِ عَلَى الْمُؤْمِنِ

“Allah-Taalanın dərgahında vacib əməllərdən sonra möminin qəlbini sevindirməkdən dəyərli, fəzilətli əməl yoxdur.” (“Əl-fiqhul-mənsub iləl-imamir-Riza (ə)”, səh.339.)

Həmçinin o həzrət başqa bir hədisdə buyurur:

مَنْ‏ فَرَّجَ‏ عَنْ‏ مُؤْمِنٍ‏، فَرَّجَ‏ اللَّهُ‏ عَنْ قَلْبِهِ يَوْمَ الْقِيَامَةِ

“Hər kim bir möminin qəmini aradan qaldırsa, Allah-Taala qiyamət günü onun qəlbinin qəmini aradan qaldırar.” (“Əl-kafi”, 3-cü cild, səh.510.)

Bu sayaq rəvayətlər çoxdur və mömini sevindirməyin kifayət qədər bəyənilmiş bir iş olduğu haqda heç bir şübhə yoxdur. Amma yenə də suallar doğur. Əgər insan istənilən bir şəxsi istənilən bir yolla sevindirsə, bu onun üçün ibadət hesab oluna bilərmi?

İslam maarifi ilə tanış olanlar üçün bu sualın cavabı aydındır. Aydındır ki, günaha batmaqla başqasını sevindirmək olmaz. Əgər insan öz mömin qardaşını günah yolla şad edərsə, nəinki savab qazanmaz, hətta günaha batar. İslam alimlərinin nəzərincə, hətta mənasız işlərlə, zarafatla, masqarabazlıqla mömini sevindirmək bəyənlilməyən işdir. Əlbəttə ki, istisnalar da ola bilər; əgər bir mömin hansısa ruhi sarsıntılardan bədbinləşmişsə, onu bu vəziyyətdən çıxarmaq üçün zarafat, baməzəlik etmək məqsədəuyğundur və bu istisna xəstənin müalicəsi üçün nəzərdə tutulur. Adi hallarda “Muminun” surəsinin 3-cü ayəsində buyurulduğu kimi:

وَ الَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُون؛

“Möminlər mənasız işlərdən çəkinənlərdir...”

İkinci bir tərəfdən hər insanı yox, yalnız mömini sevindirmək ibadətdir. Zalım və kafir insanla münasibətlərdə isə məhdudiyyətlər vardır.

ŞADLANMAQ FİTRİ İSTƏKDİR

Bu mövzuda daha dərin və mürəkkəb suallar vardır. Ümumiyyətlə, İslamda şadlığa münasibət necədir? İnsan üçün şadlanmaq, yoxsa qəmlənmək daha faydalıdır?

Şəksiz ki, insanın fitrətində şadlanmağa meyil var. Qiyamət günü möminlərə əta olunacaq nemətlərdən biri şadlıqdır. “Ğaşiyə” surəsinin 8-ci ayəsində oxuyuruq:

وُجُوهٌ يَوْمَئِذ ناعِمَة؛

“O gün bir çox üzlər sevinəcək.”

Sevinc mənfi hiss deyildir. Behiştə daxil olanlar deyəcəklər:

الْحَمْدُ لِلّهِ الَّذِي أَذْهَبَ عَنَّا الْحَزَنَ؛

“Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun!” (“Fatir” surəsi, ayə 34.)

Bəli, şadlıq fitri istək, qəm-qüssə isə cəhənnəm əzablarındandır. “Zumər” surəsinin 60-cı ayəsində buyurulur:

وَيَوْمَ الْقِيَامَةِ تَرَى الَّذِينَ كَذَبُواْ عَلَى اللَّهِ وُجُوهُهُم مُّسْوَدَّةٌ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِّلْمُتَكَبِّرِينَ

“(Ya Peyğəmbər!) Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?! (Əlbəttə vardır!)”

Əksinə, Allahın rəhmətinə qovuşmuş şəhidlər haqqında buyurulur:

فَرِحِينَ بِما آتاهُمُ اللّهُ مِنْ فَضْلِهِ وَ يَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُوا بِهِمْ مِّنْ خَلْفِهِمْ أَلاَّ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ؛

“Onlar Allahın Öz mərhəmətindən bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.” (“Ali-İmran” surəsi, ayə 170.)

İnsan fitrətən şadlıq sorağındadır. Dünya həyatı sevinc və kədərsiz ötüşmür. Kimsə ömür boyu sevinc duymadığı kimi, kimsə də ömrünün sonunadək qəm-qüssə içində qalmır. Təbii olaraq şadlıq ardınca gəzən insan məqsədinə çatmaq üçün müxtəlif yollar axtarır. Bəzən insan bir saat şadlıqdan ötrü günaha batır və ömrünün bütün qalan hissəsini həmin şadlığın əzabını çəkir. Məsələn, narkotik maddələrdən, spirtli içkilərdən duyulan şadlıq müvəqqətidir. İnsan ağlı bu sayaq sevinci qəbul etmir. Şəxsiyyəti, ailəni və cəmiyyəti bədbəxtliyə sürükləyən bu cür saxta şadlıqlara bəraət qazandırmaq olmaz. İslam dini o şadlığı qəbul edir ki, bu şadlıq insanı əbədi səadətdən məhrum etməsin. Əgər dünya sevinci əbədi axirət sevincinə qənim kəsilməyibsə, qəbul edilir. Bəs dinə zidd olmayan şadlıqlar hansıdır? Əvvəla, onu qeyd edək ki, ifrat qəm-qüssəyə batıb bədbin olmuş insan nə özü, nə ailəsi, nə də cəmiyyət üçün xeyirli ola bilər. Belə bir insan nə dünya, nə də axirət həyatı üçün çalışmaq iqtidarında deyil. Belə insan küfrə batıb özünü öldürə də bilər. Bu sayaq ifrat qəm-qüssə İslam dinində pislənilir. Amma insanın dünya və axirət səadətini təmin edən şadlıqlar müsbət qiymətləndirilir. Bir şadlıq ki, insanı təhsilə, ibadətə və zəhmətə həvəsləndirir, bu şadlıq din tərəfindən təqdir olunur.

İnsanın mənəvi təkamülünə yardımçı olan bütün şadlıqlar İslam dinində bəyənilir. Elə ruhani insanlar vardır ki, yalnız Allaha ibadət edərkən sevinirlər. Belə insanları şad etmək üçün onlara ibadət şəraiti yaratmaq lazımdır. İmam Səccad (ə) münacatlarının birində belə ərz edir: “Allahım Səninlə ünsiyyətdən kənarda duyduğum ləzzətlərə görə tövbə edirəm. Səninlə görüşdən kənardakı sevinclər mənə günahdır. Belə şadlıqlardan Sənə pənah aparıram.” (“Məfatihul-cinan”, Zakirin münacatı.)

Bəli, belələri yalnız Allahla ünsiyyətdən ləzzət alırlar, şadlanırlar.

Belə də ola bilər ki, insan şadlanmaqla günahdan uzaqlaşa. Məsələn, ailədə şadlıq varsa, bu şadlıq ərlə arvad arasında mehribanlıq yaradır və onların kənarda günaha düşməsinin qarşısını alır.

Mömin insanın dünya sevinci onun ibadətinə, Allaha bəndəçilik etməsinə yardımçı olmalıdır. İslam dinində yorğunluğun qarşısını almaq üçün səfər yoldaşları ilə zarafat etmək icazəsi verilir. Amma bu zarafatda ifrata varmamalı, ətrafdakılar üçün narahatlıq yaratmamalıdır.

Bir də hədisdə mömini sevindirmək nəzərdə tutulur. Mömini isə günahla sevindirmək olmaz. İnsanlar müxtəlif iman mərtəbələrindən olduğundan onları eyni bir işlə sevindirmək çətindir. Yetkinlik yaşına təzə çatmış mömini psixoloji sarsıntıdan çıxarmaq yaxşı iş hesab olunur.

Demək, dünya həyatına aid olan ifrat şadlıqlar məqbul hesab edilmir. “Hud” surəsinin 10-cu ayəsində oxuyuruq: “Başına gələn müsibətdən sonra ona rahatlıq nəsib etsək, sevinərək deyər ki, artıq fəlakətlər məndən sovuşdu.”

Həddini aşmış Qarun haqqında isə belə buyurulur ki, qövmü Qaruna belə dedi:

لا تَفْرَحْ إِنَّ اللّهَ لا يُحِبُّ الْفَرِحِينَ

“Sevinmə, şübhəsiz ki, Allah qürrələnib sevinənləri sevməz.” (“Qəsəs” surəsi, ayə 76.)

Bu sayaq şadlıqlar bəyənilmir. Çünki bu şadlığın nəinki təkamülə heç bir xeyri yoxdur, hətta onu yuxuya verib qəflətdə saxlayır, səadətə doğru hərəkətdən saxlayır. Hətta Quranda buyurulur ki, dünyada çox sevinənlərin axirətdə vəziyyəti çətin olacaq. (“İnşiqaq” surəsi, ayə 13.)

Qəm-qüssəyə gəldikdə isə, insanın diqqətini Allaha, axirətə, dini və ictimai vəzifələrə yönəldən qəm-qüssə faydalıdır. Əgər insan vəzifəsini yerinə yetirə bilmədiyi, günaha batdığı üçün qəmgin olursa, bu qəmginlik çox faydalıdır. Amma bu hüzn ifrat dərəcədə olmamalıdır. Hüznün elə bir həddi vardır ki, insanı bədbinləşdirib fəaliyyətdən saxlayır. İnsan qəm dəryasına qərq olub təhsildən, ibadətdən, xalqına xidmətdən dayanırsa, bu qüssənin nə faydası ola bilər?! Bir sözlə, insanı səadətə aparan hüzn bəyənilmişdir.

Aydın məsələdir ki, imam Hüseyn (ə) üçün qurulmuş əzadarlıq mərasimində ağlamaq faydalı olduğu üçün əzadarı hüzndən ayırmaq olmaz. Gecə yarı Allahla raz-niyaz edərkən ağlayan insana mane olmaq lüzumsuzdur. Çünki bu iki halda qəm-qüssə mənəvi yüksəlişə yardımçıdır. (“Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, 11-ci dərs, səh.125-134.)


(Maide.Az)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930