İMAN VƏ ƏMƏLİN SƏADƏTƏ ÇATMAQDA ROLU
Mьəllif: admin1
Tarix: 20-06-2018, 22:58
İMAN VƏ ƏMƏLİN SƏADƏTƏ ÇATMAQDA ROLU
Mühüm etiqadi məsələlərdən biri budur ki, insanın xoşbəxtliyində iman və əməlin rolu nədir? İman və əməlin hər ikisi zəruridirmi? Əsas imandır, yoxsa əməl?

Qurani-Kərim nəzərindən imansız əməl faydasızdır. Bir şəxs Allaha, qiyamətə, peyğəmbərlik və imamətə inanmazsa, təkcə yaxşı işləri hesabına axirət səadətinə qovuşa bilməz və behiştə inanmayanın behişt əhli olması məntiqdən kənardır. “Nur” surəsinin 39-cu ayəsində buyurulur:

وَ الَّذِينَ كَفَرُوا أَعْمالُهُمْ كَسَراب بِقِيعَة يَحْسَبُهُ الظَّمْآنُ ماءً حَتّى إِذا جاءَهُ لَمْ يَجِدْهُ شَيْئاً وَ وَجَدَ اللّهَ عِنْدَهُ فَوَفّاهُ حِسابَهُ وَ اللّهُ سَرِيعُ الْحِسابِ؛

“Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyər; susuzluqdan ürəyi yanan onu su bilər, nəhayət, gəlib çatdığı zaman heç nə tapmaz. Tapdığı əməli müqabilində Allahın cəzası olar. Allah da onun cəzasını verər. Allah tez bir zamanda bütün məxluqatının hesabını çəkər!”

Xalq adətən yol çəkib körpü salan varlıları əziz tutur. Amma bu adamların Allaha etiqadı olmazsa, Allah da onların yaxşı işlərini nəzərə almaz. Sual oluna bilər ki, əgər bütün dünya Lodıgin və Edisonun zəhmətləri hesabına elektrik işığından istifadə edirsə, nə üçün onlar cəhənnəmə getməlidir? Cavab belədir ki, bir insana Allah, qiyamət, peyğəmbər və imam sübut olduğu halda, inad üzündən qəbul etməzsə, bu insan əbədi ilahi nemətlərdən faydalanmaq ləyaqətinə malik deyil. Bir şəxs bilərəkdən hər hansı bir həqiqəti inkar edərsə, axirət səadətindən məhrum olar. Belə insan gördüyü xeyir işlərin əvəzini elə dünya həyatında da alar, axirət mükafatındansa məhrum olar.

İslam və Quran nəzərincə ilahi biliklərdən xəbərdar insan bilərəkdən bu həqiqətləri inkar edirsə, nəinki behiştə getməz, heç onun qoxusunu da duymaz. (لا يَجِدُ ريحَ الجَنَّة) Əksinə, imanlı olduğu halda, heç bir xeyir iş görməyən insan əbədi səadətə qovuşa bilməz. Bəlkə də, bu ehtimal həqiqətdən uzaqdır. Necə ola bilər ki, imanlı insan heç olmasa bir dəfə də Allaha səcdə etməsin?! Axı iman insanın həyatında zərrə qədər də olsa təsir qoymalıdır. Demək, həqiqi iman sahibinin heç bir xeyir iş görməməsi ehtimalı çox zəifdir. Bu yalnız o vaxt mümkün olar ki, insan iman gətirən kimi dünyasını dəyişsin.

Ömür boyu günaha batıb cinayətlərə yol vermiş insan imanlı olduğunu iddia edirsə, şübhəsiz ki, yalan deyir. İmanlı insan xeyir işlərdən uzaq ola bilməz.

Əgər saleh əməl imanın şərtidirsə, nə üçün möminlər günaha yol verir? Əgər imanlı insan günaha batırsa, demək, onun imanı zəifdir. Belə insanda şəhvət və qəzəb oyanan kimi iman yaddan çıxır. Rəvayətə görə, günah edən zaman iman ruhu tərk edir. Həmin an insanı mömin adlandırmaq olmaz. Onu kafir də hesab etmək düzgün deyil. Çünki qəzəb və şəhvət alovu sönən kimi iman ruhu geri qayıdır. Amma bir günah imanın unudulmasına səbəb olmaqla gündəlik təkrarlanaraq artarsa, belə insan üçün kafir olmaq qorxusu vardır. Qurani-Kərimdə buyurulur:

ثُمَّ كانَ عاقِبَةَ الَّذِينَ أَساؤُا السُّواى أَنْ كَذَّبُوا بِآياتِ اللّهِ وَ كانُوا بِها يَسْتَهْزِؤُنَ؛

“Nəhayət, Allahın ayələrini yalan hesab edib istehza edənlər kafir oldular.” (“Rum” surəsi, ayə 10.)

Təbii ki, günah çirkabında qərq olmuş qəlbdə iman ləyaqəti yoxdur. Günah insanın imanını asta-asta zəiflədərək, nəhayət, bir gün onu tamamilə aradan aparır. Əlbəttə ki, xeyir iş görən imanlı insanlar da ehtiyatlı olmalıdırlar. Çünki şəhvət, qəzəb, dünyagirlik, vəzifəpərəstlik hər zaman pusqudadır. İman o zaman səadətə aparır ki, insana son nəfəsədək davamlı olsun. Bir ömür imanla yaşayıb ölüm məqamında küfrə düçar olanlar da az olmayıb. Hansı ki, ömrünün axır dəqiqələrində həqiqətdən xəbər tutub tövbə edərək dünyadan imanlı gedənlər də var.

Bəs mömin insan saleh işlər görməklə yanaşı günaha çox batarsa, onu hansı tale gözləyir? Əgər bu insan ölümündən qabaq həqiqi tövbəyə nail olarsa, bütün günahları bağışlanar. Bəziləri nöqsan tuta bilər ki, bu baxış günaha yol açır. Amma kim əmin ola bilər ki, həqiqi tövbəyə nail olacaq?! Hər halda, həqiqi tövbə edə bilən möminin günahları bağışlanacaqdır:

إِلاّ مَنْ تابَ وَ آمَنَ وَ عَمِلَ عَمَلاً صالِحاً فَأُوْلئِكَ يُبَدِّلُ اللّهُ سَيِّئاتِهِمْ حَسَنات وَ كانَ اللّهُ غَفُوراً رَحِيماً؛

“Hər kəs tövbə edib yaxşı iş görsə, şübhəsiz ki, gözəl bir dönüşlə Allaha tərəf qayıdar.” (“Furqan” surəsi, ayə 71.)

Ömür boyu böyük günaha yol verməyib, yalnız kiçik günahlara batanlar tövbə edəcəkləri təqdirdə bağışlancaqlar:

إِنْ تَجْتَنِبُوا كَبائِرَ ما تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَيِّئاتِكُمْ وَ نُدْخِلْكُمْ مُدْخَلاً كَرِيماً؛

“Əgər böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızın üstünü örtərik.” (“Nisa” surəsi, ayə 31.)

Onu da qeyd edək ki, bilərəkdən kiçik günahları davam etdirmək böyük günah hesab olunur. Böyük günaha batmış insan tövbə etmədən dünyadan gedərsə, axirət əzabına layiq görüləcək. Əslində, böyük günaha yol vermiş insan tövbə etmədiyi halda, əzaba düçar olsa da, dinin əsasları və zəruri məsələlərini qəbul etdiyindən onu kafir adlandırmaq olmaz. İnsan nə qədər böyük günaha batsa da, tövbə etdikdən və cəzasını çəkdikdən sonra imanı olduğu üçün səadət əhlindən qərar verilər. Bəli, behiştə yalnız imanı ləkələnməmiş insanlar gedə bilər. (“Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, 9-cu dərs, səh.106-109.)

(Maide.Az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930