Qərb öz elmi irsini müsəlmanların vasitəsilə tanıdı
Mьəllif: admin1
Tarix: 16-06-2018, 08:55
Qərb öz elmi irsini müsəlmanların vasitəsilə tanıdı

Hələ Abbasi xəlifəsi Mənsurun zamanında Bağdadda astronomiya barədə Hindistan alimlərinin yazdığı bir kitab ərəb dilinə tərcümə edilmişdi; bu kitab müsəlman dünyasının üzünə astronomiya elminin qapılarını açdı. İlk müsəlman alimləri arasında Bağdadda yaşayan fars əsilli, ərəb dilli əl-Xarəzmi (vəf. 850) xüsusilə məşhurdur. O, hind mıənbələri əsasında öz nücum cədvəllərini yaratdı, bu cədvəllər də 1126-cı ildə İspaniyanın Toledo şəhərində latın dilinə tərcümə edildi. Astronomiya ilə yanaşı, ərəb tərcüməçiləri riyaziyyat barədə də kitablara diqqət yetirdilər; beləliklə, bu kitablarda mövcud olan “ərəb rəqəmləri” dövriyyəyə girdi. Əl-Xarəzmi cəbr mövzusunda ilk əsər sayılan “əl-Cəbr” adlı kitabında bu rəqəmlərdən istifadə etmişdi. Əl-Xarəzminin əsərlərinin latın dilinə tərcümə edilməsi sayəsində riyaziyyatın bu bölümü (cəbr) və ərəb rəqəmləri Avropada da tanınmağa başladı.

Ərəblər Hindistan və İrandan ilk nağıl toplusunu – “Kəlilə və Dimnə”ni əxz etdilər; oxucu bu nağıllardakı heyvanların başına gələn macəralar vasitəsilə əxlaqi dərslər öyrənirdi. Təmsilləri hind filosofu Bidpay yazmış və onlar VIII əsrin ortalarında İslamı qəbul etmiş keçmiş atəşpərəst müəllif tərəfindən fars dilindən ərəbcəyə tərcümə edilmişdi. Ərəb dilində ilk ədəbi əsər sayılan bu təmsillər hətta katolik İspaniyasında hakimiyyət sürmüş, amma müsəlman mədəniyyətinin himayədarı və məftunu kimi tanınmış kral Müdrik Alfons (vəf. 1284) zamanında ispan dilinə də çevrilmişdi. Tezliklə “Kəlilə və Dimnə” təmsilləri latın dilinə də tərcümə olundu. Kitabın orijinalı hind (sanskrit) dilində idi, fars dilinə edilmiş ilk tərcümə itmişdi, ona görə məhz ərəb dilinə çevrilmiş variant sonralar qırxdan artıq Avropa dilində qələmə alınmış təmsillər üçün ilham mənbəyi rolunu oynadı. Fransız təmsilçisi Lafonten etiraf edirdi ki, öz şeirlərindən bir çoxunun süjetinə görə Bidpayın nağıllarına borcludur.

Yunanıstan ərəblər üçün Hindistan və İrandan daha artıq dərəcədə zəngin mənbəyə çevrildi, bu ölkə ərəblərə fəlsəfi və elmi biliklərin əsasını bəxş etdi. Bu sahədə ən görkəmli şəxs xristian mənşəli Hüneyn ibn İshaq (809-873) idi. O, Abbasi xəlifəsi Məmun tərəfindən 830-cu ildə təsis edilmiş “Darül-hikmə”yə (“Hikmət evi”) rəhbərlik edirdi. “Darül-hikmə” akademiya, kitabxana və tərcümə mərkəzinin sintezindən ibarət bir kompleks idi. Hüneyn ixtisasca həkim idi, yunan dilini bilir və bu dildən öz ana dili olan süryani dilinə tərcümələr edirdi, onun tərcümələrini isə oğlu və qohumları ərəb dilinə çevirirdilər. Hüneynin və qələm dostlarının fəaliyyəti sayəsində ərəb oxucuları Halen və Hippokratın tibb əsərləri, Dioskuridin botanika barədə yazıları, Aristotel və Platonun fəlsəfi irsi ilə tanış oldular.

Abbasi xəlifəsi Mütəvəkkil şəxsi həkimi olan Hüneynə öz düşmənlərindən biri üçün zəhər hazırlamağı tapşıranda o, qəti surətdə etiraz etmiş və buna görə həbsxanaya salınaraq orada bir il qalmışdı. Əmrə tabe olmadığı təqdirdə onu edam etməklə hədələdilər. Amma Hüneyn bildirdi ki, xəlifənin əmrini yerinə yetirməyəcək. Çünki onun dini hətta düşmənə də yaxşılıq etməyi əmr edir, peşəsi isə insanlara pislik etmək yox, onları çətinlikdən xilas etmək məqsədini daşıyır. Mütəvəkkil bir xristiandan bu sözü eşitdikdə utandı və öz həkimini yoxlamaq istədiyini deməklə hərəkətinə bəraət qazandırmağa çalışdı.

Daha bir məşhur suriyalı tərcüməçi Sabit ibn Qürrə (836-901) idi. Hərranlı astroloq Sabit astronomiya və riyaziyyatla məşğul olan qohumlarından və dostlarından ibarət məktəbə başçılıq edirdi. Məhz bu məktəbin əməkdaşları Evklidin “Başlanğıc” və Ptolemeyin “Əlməcisti” kitablarını ərəb dilinə tərcümə etmişlər. İsgəndəriyyəli astronom-coğrafiyaşünas Ptolemey tərəfindən təxminən eramızın 140-cı ilində yazılmış “Əlməcisti” (Almagest) kitabının yalnız ərəbcə tərcüməsi bizə gəlib-çatmışdır; kitabın adından da (“Əlməcisti”) bu görünür.

Tərcümələr dövrü (790-890) erkən İslam mərhələsində mühüm intellektual hərəkata təkan verdi. Bu hərəkatın katolik Qərb dünyasına təsirini nəzərə alaraq deyə bilərik ki, o, dünya miqyasında ən böyük düşüncə hərəkatlarından biri olmuşdur. Onun sayəsində ərəb dilinin daşıyıcıları hind-iran, semit və ellin mədəni irsinin şah əsərləri ilə tanış oldular. İslam öz primitivliyi və milli məhdudiyyəti ilə vidalaşdı, Qərbi Asiya ilə Şərqi Avropa arasında bağlayıcı halqaya çevrildi. XIX əsrə kimi bu hərəkatın anoloqu görünmədi. Yalnız XIX əsrdə durğunluq dövrünü yaşayan Yaxın Şərq mədəniyyəti ingilis və fransız dillərindən edilmiş tərcümələr sayəsində inkişafa yeni təkan aldı. Tərcümə vasitəsilə bilik və ideyaların ötürülməsi orijinal əsərdən heç də az əhəmiyyət daşımır. Tərcümə və tərcüməçilər olmasaydı, dünya mədəniyyət xəzinəsi nə Bibliyanın On qanunu, nə İsanın (ə) dağüstü moizəsi, nə Aristotel fəlsəfəsi, nə də Yustinianın hüquq məcmuəsi ilə zənginləşməzdi.

Tərcümə və təqlid mərhələsindən sonra orijinal yaradıcılıq dövrü başladı. Bu mərhələnin də mərkəzi Bağdad oldu. Bu yolla şəhər Yerusəlim və Afina kimi nüfuzlu maarifçilik mərkəzləri ilə bir sırada özünə layiqli yer tutaraq, dünyanın elm paytaxtına çevrildi. Ərəb alimləri ilahiyyat və hüquq, dilçilik və lüğət elmlərində özlərini yenilikçi və yaradıcı qüvvə kimi təsdiq etmişdilər. İndi isə onlar başqa dillərdən tərcümə etməklə qazandıqları ideyaları mənimsəməyə və onlar üzərində yaradıcı şəkildə işləməyə başladılar. Bu fəaliyyət tibb, riaziyyat və coğrafiya sahələrində özünü xüsusi şəkildə göstərdi...


(Filip Hittinin “Yaxın Şərqin qısa tarixi: üç qitənin körpüsü” adlı kitabından)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031