İMAM HƏSƏNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
Mьəllif: admin1
Tarix: 26-03-2024, 11:27
İMAM HƏSƏNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
İmam Həsənin (ə) həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:

Peyğəmbərin (s) əziz qızı xanım Fatimeyi-Zəhranın (s) və imam Əlinin (ə) ilk meyvəsi, şiələrin ikinci imamı Həsən Müctəba (ə) hicrətin 3-cü ili, Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlmişdir.

Peyğəmbər (s) nəvəsinin dünyaya gəlişindən sonra, onu qucağına alıb sağ qulağına “azan” və sol qulağına “iqamə” dedi, onun dünyaya gəlişi münasibətilə bir qoyun qurbanlıq etdi və adını Həsən qoydu. O vaxa qədər kiməsə Həsən adı qoyulmamışdı.

İmam Həsən (ə) təxminən yeddi yaşında ikən Peyğəmbər (s) dünyadan köçdü. Peyğəmbərdən (s) sonra, təxminən, otuz il atası imam Əli (ə) ilə birgə oldu. Atasının şəhadətindən sonra (hicrətin 40-cı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq etdi və nəhayət, hicrətin 50-ci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənərək şəhadətə yetdi. Müqəddəs məzarı Mədinə şəhərinin “Bəqi” qəbiristanlığında yerləşir.

Bəli, imam Həsən (ə) Rəsulullah (s) kimi böyük bir peyğəmbərin, imam Əli (ə) və xanım Zəhra (ə) kimi ata və ananın qucağında böyümüşdü. Peyğəmbər (s) imam Həsənə (ə) və qardaşı imam Hüseynə (ə) “Oğlum!” – deyə xitab edir və gələcəkdə Əhli-beytin əleyhinə xilafəti ələ keçirməklə bağlı təbliğat apara bilən siyasətçilərin, Əməvilər və Abbasilərin Əmirəlmöminin Əli (ə), imam Həsən (ə) və imam Hüseynin (ə) Peyğəmbərə (s) çatan ruhi və qohumluq əlaqələrini zədələyə və Əhli-beytin sevgisini xalqın ürəyindən çıxara bilməmələri üçün bu məsələyə çox israr edir və onu açıq-aşkar vurğulayırdı. “Mübahilə” ayəsində (“Ali-İmran” surəsi, ayə 61)

“oğullarımız” təbirinin imam Həsən (ə) və qardaşı imam Hüseyn (ə) barəsində işlədilməsi də onlar üçün əbədi bir iftixar, zati paklıq və müqəddəsliklərini göstərən aydın bir sənəddir. “Təthir” ayəsinin onların (Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn əleyhimus-salam) məqamı haqda nazil olması bu məsələyə daha çox təkid edir. (“Ət-təbəqatul-kubra”, İbn Səd, s.167.)

Ənəs ibn Malikin də nəql etdiyi kimi, Əhli-beyt üzvləri içərisində imam Həsən (ə) qədər Rəsulullaha (s) bənzəyən bir şəxs yox idi. Rəsulullah (s) ən gözəl təbirlərlə onu mədh edir və elə üstün tuturdu ki, Əhli-beytin düşmənləri belə, sonralar Rəsulullahın (s) onunla necə davrandığını xatırladıqda, istər-istəməz o həzrətə qarşı ehtiram bəsləyir və qarşısında hörmətlə dayanırdılar.

Ümeyr ibn İshaq deyir: “Əbu Hüreyrənin imam Həsən ibn Əli (ə) ilə qarşılaşaraq belə dediyini gördüm: “Köynəyini qaldır ki, Rəsulullahın (s) öpdüyü yeri mən də öpüm...” (“Əl-müsnəd”, Əhməd ibn Hənbəl, c.2, s.427.)

Rəsulullah (s) imam Həsən (ə) və imam Hüseyn (ə) haqqında buyurur: “Həsən (ə) və Hüseyn (ə) istər qiyam, istərsə də, (bəzi maneə və məsləhətlər üzündən) sükut etsinlər, hər iki halda imamdırlar.” “Həsən və Hüseyn cənnət gənclərinin sərvəridirlər.” (“Əl-irsad”, Şeyx Müfid, s. 220.)

Əmirəlmömininin Əlinin (ə) şəhadətindən sonra imam Həsən (ə) minbərdə danışaraq camaatı onunla beyətə təşviq etdikdə, “Əzd” qəbiləsindən bir nəfər fəryad edərək dedi: “Rəsulullahın (s) Həsən ibn Əlini (ə) yanında əyləşdirib belə buyurduğunu eşitdim: “Məni sevən hər kəs Həsəni də sevsin və bunu eşidənlər eşitməyənlərə çatdırsınlar.” (“Ət-tarixul-kəbir”, Buxari, c. 3, s. 428.)

İMAM HƏSƏN (Ə) ATASI İMAM ƏLİNİN (Ə) XİLAFƏTİ DÖNƏMİNDƏ

İmam Həsən (ə) atası imam Əlinin xilafəti dönəmində baş verən döyüşlərdə iştirak etdi. O həzrətin “Nakisin”lə döyüşündəki təsirli rolu onun cəmiyyətdəki siyasi üstünlüyünü aşılayan ən mühüm səhnələrdən biri idi.

Əmirəlmöminin Əli (ə) “Nakisin”in islami hökumətə qarşı qiyamı barəsində Kufə xalqını məlumatlandırmaq və imam Əlini (ə) “Cəməl” səhabələrinə qarşı müdafiə etmələri üçün imam Həsəni (ə) öz nümayəndəsi olaraq Kufəyə göndərdi.

O həzrət əvvəlcə “qan axıdılmasını önləmək” bəhanəsilə camaatın imam Əlinin (ə) dəvətini qəbul etməsinə mane olmaq istəyən Əbu Musa Əşərini səhnədən kənarlaşdırdı və sonra coşqun və təhrikedici sözlərilə döyüşdə iştirak etmək üçün Kufə əhalisindən on min adamı bir yerə topladı. (“Vəqətu Sitfeyn”, Nəsr ibn Müzahim, s.15.)

İmam Həsən (ə) “Siffeyn” döyüşündə də camaatı Müaviyənin ordusuna qarşı təhrik etməkdə nəzərə çarpacaq şəkildə fəaliyyət göstərən döyüşçülərdən idi.

O həzrət o zaman Kufə əsgərlərini döyüşə və müqavimətə təşviq etmək məqsədilə onlara belə xitab etdi: “Qarşınızda səf çəkib düzülən düşmənlərinizlə (Müaviyə və əsgərlərilə) döyüşməkdə əl-ələ verin və əsla süstlük göstərməyin; çünki süstlük qəlbin müqavimətini azaldır.”

İMAM HƏSƏNİN (Ə) ŞƏHADƏTİ

Müaviyənin öz hakimiyyəti dövründə törətdiyi dəhşətli cinayətlərdən biri də Rəsulullahın (s) məhəbbət bəslədiyi imam Həsəni (ə) şəhadətə yetirməsi idi. Tarixdə bu faciə açıq-aşkar qələmə alınmışdır və bu cinayət belə həyata keçirildi:

Müaviyə özündən sonra oğlu Yezidi xəlifə təyin etmək istəyirdi. Amma imam Həsənlə (ə) imzaladığı “sülh müqaviləsi” ona mane olurdu. Buna görə də, xalqdan zorla beyət almaq və oğluna bu iş üçün yol açmaq məqsədilə İmamı (ə) qətlə yetirmək qərarına gəldi.

O, hiyləgərcəsinə bir sui-qəsd təşkil edərək Əşəs ibn Qeysin qızı Cödədən (imam Həsənin (ə) həyat yoldaşı) istifadə etməklə İmamı zəhərləyərək şəhadətə yetirdi.

Belə ki, Müaviyə Cödəyə bir qabda zəhər göndərdi və vəd etdi ki, əgər ərini zəhərləsə, ona yüz min dirhəm verib, oğlu Yezidə arvad edəcək. Şeytani vəsvəsələr, pul və şöhrət Cödənin gözünü tutub qəlbini kor etdi və səbəb oldu ki, tarixin heç bir zaman unutmayacağı bir xəyanəti həyata keçirib, Müaviyənin çirkin təklifini qəbul etsin.

Nəhayət, Cödə 50-ci hicri-qəməri ilinin Səfər ayının 28-də, İmamın (ə) oruc olduğu bir vaxtda süd içdiyi qaba zəhər töküb, iftar üçün o həzrətin hüzuruna gətirdi. Beləliklə, bütün ömrü boyu hiyləgər və xain kimi tanınan Müaviyənin ikiüzlü və nifaq törədən siması bir daha bu cinayətdə camaatın gözü önündə sərgiləndi.

O həzrətin dəfn mərasimindəki məzlumiyyəti diqqəti daha çox cəlb edir. İmam Həsənin (ə) yaxınları və şiələri o həzrəti öz vəsiyyətinə uyğun olaraq, İslam Peyğəmbərinin (s) məzarı kənarında dəfn etmək istədikdə, bir qrup Əməvi, Peyğəmbərin (s) zövcəsi Ayişə ilə birlikdə buna qarşı çıxdı.

Mərvan ibn Həkəm bu fitnəkarların arasından səslənərək dedi: “Osman “Bəqi” qəbiristanlığının ən uzaq bir yerində dəfn edildiyi halda, Həsən ibn Əlinin (ə) Rəsulullahın (s) evində dəfn edilməsinə icazə verəcəyimizi sanırsınızmı?” (“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.2, s.175.)

Fitnəkar şəxs qatıra minərək miras yolu ilə Peyğəmbərin (ə) evinə sahib olduğunu iddia edir və canı bahasına olsa belə, imam Həsənin (ə) Rəsulullahın (s) qəbrinin kənarında dəfn edilməsinə mane olacağını bildirirdi. Bu kədərli hadisədən sonra imam Həsəni (ə) “Bəqi” qəbiristanlığında dəfn etdilər.

Allahın salam və salavatı olsun o həzrətin pak ruhuna!

(Mənbə: Məsum imamların həyatı”, Ustad Mehdi Pişvayi; “Məsum imamların ictimai-siyasi həyatı”, Ustad Rəsul Cəfəryan; “.)


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031