İBADƏTDƏ NİYYƏTİN ROLU
Mьəllif: admin1
Tarix: 18-05-2022, 11:21
İBADƏTDƏ NİYYƏTİN ROLU
İslam dinində əməli dəyərli edən niyyətdir. Bu barədə Peyğəmbərdən (s) belə bir hədis nəql olunur:

اِنَّما الاَعمالُ بِالنّيات وَ لِكُلِّ امْرِىء ما نَوى؛

“Əməllərin dəyəri niyyətdən asılıdır və hər kəs niyyətinə görə bəhrələnəcək.” (“Biharul-ənvar”, cild 70.)

Niyyəti dilə gətirmək zəruri deyil. Niyyət hər hansı bir işi görərkən insanın əsas məqsədidir. İnsan müxtəlif niyyətlərlə işə başlaya bilər: Allahın razılığını qazanmaq, cəhənnəm əzabından qurtulmaq, behişt nemətlərinə çatmaq və s. Rəvayətdən belə görünür ki, qeyri-ilahi işə görə axirət mükafatı yoxdur.

Məsələn, yol kənarına düşmüş dəmir parçasını istifadə etmək niyyəti ilə götürən şəxs üçün heç bir axirət mükafatı yoxdur. Amma bu dəmir parçasını başqalarının ayağına ilişməsin deyə onu götürməklə Allahı razı salmaq istəyən insan üçün ilahi mükafat nəzərdə tutulur.

Xalqın gözündə şöhrətlənmək üçün bütün var-dövlətini kasıblara paylayan milyonçu Allahdan mükafat gözləməsin. Amma Allah rizası üçün tabağının son çörəyini ehtiyaclı qonşusu ilə bölən şəxs əbədi behişt nemətləri ilə mükafatlandırılacaqdır.

İslami əxlaq fəlsəfəsinə əsasən, Allaha görə görülməyən iş sıfıra, dünyəvi məqsədlərlə yerinə yetirilən ibadətlər isə sıfırdan da aşağı, mənfiyə bərabərdir.

İslami düşüncə tərzində olmayanlar belə bir tənasübü qəbul etmirlər. Onlar iddia edirlər ki, hansı niyyətlə olursa-olsun kasıblara pul paylayan şəxs üçün axirət mükafatı vardır. Maraqlıdır, bir şəxsə prezident olmaq üçün xalqın səsi lazımdır.

O, xalqa pul paylayaraq onların səsini alır və prezident olur. Demək, bu şəxs verdiyinin əvəzini alır. Bəs bu adam hansı əsasla Allahdan mükafat uma bilər. İslamda yalnız insan mənəviyyatı üçün xeyirli olan işlər məqbul hesab olunur.

Axirətdə bu ruhiyyə nemətlərlə yüksəldilir. İnsanın Allahla rabitəsinin nəticəsi həmin yüksək əhval-ruhiyyədir. Peyğəmbərin (s) buyuruğuna görə, insan Allahı zikr etməklə özü üçün behişt nemətlərini artırır. Əksinə, məsələn, bir insan yetimin malını yedikcə özü üçün cəhənnəm odunu alovlandırır:

إِنَّ الَّذِينَ يَأْكُلُونَ أَمْوالَ الْيَتامى ظُلْماً إِنَّما يَأْكُلُونَ فِي بُطُونِهِمْ ناراً

“Həqiqətən yetimlərin mallarını haqsızlıqla yeyənləri yedikləri onların qarınlarında oda çevriləcək və onlar alovlu cəhənnəmə girəcəklər.” (“Nisa” surəsi, ayə 10.)

İbadət zamanı insanın qəlbinə qeyri-ilahi fikirlərin nüfuzu da müxtəlif olur. Məsələn, camaatın diqqətini cəlb etmək üçün namaz qılan şəxsə bir çoxları heç əhəmiyyət vermir. Amma mədrəsə, xəstəxana tikib yol çəkən adama hamı hörmətlə yanaşır. Cəmiyyətdə, adətən, namazqılana yox, xeyriyyə işi görənə maraq daha çox olur. Hər iki niyyət qeyri-ilahi olsa da, əhəmiyyətli şəkildə fərqlənir.

RİYA İNFAQIN BƏLASIDIR

İslam dinində ehtiyaclıya göstərilən yardım “infaq” adlanır. İnfaq edən şəxs Allahın razılığından əlavə, ətrafdakıların nəzərini də güdə bilər. Əgər o yardım əlini uzadarkən başqalarının bu işdən xəbər tutmasını istəyirsə, niyyəti Allahın razılığını qazanmaq yox, özünü cəmiyyətə tanıtdırmaqdır.

İnsanın bu sayaq ikili niyyəti riya, insan özü isə riyakardır. İnfaq edən şəxs bu işi gizli görməlidir ki, kömək göstərdiyi insan utanıb-sıxılmasın.

Gizli infaqın savabı da böyükdür. Ümumiyyətlə, düzgün icra olunmuş çox kiçik bir ibadətin böyük savabı ola bilər. Özü-özündə fiziki işin heç bir dəyəri yoxdur. İşi gözəlləşdirən iş görənin niyyətidir. “Rum” surəsinin 38-ci ayəsində buyurulur:

فَآتِ ذَا الْقُرْبَى حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ ذَلِكَ خَيْرٌ لِّلَّذِينَ يُرِيدُونَ وَجْهَ اللَّهِ

“Yaxın qohuma, yoxsula, miskinə, müsafirə haqqını ver. Allah rizasını diləyənlər üçün bu daha xeyirlidir...”

İnsan öz xeyir əməlinin savabını qorumalıdır. Od zəmini yandırdığı kimi günah da savabı yandırır.

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُبْطِلُواْ صَدَقَاتِكُم بِالْمَنِّ وَالأذَى كَالَّذِي يُنفِقُ مَالَهُ رِئَاء النَّاسِ وَلاَ يُؤْمِنُ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ

“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla puça çıxarmayın...” (“Bəqərə” surəsi, ayə 264.)

Qurani-Kərim insanı namazdan daha çox infaqda xalis, səmimi olmağa çağırır. Riya namazı batil edir. Amma infaqda riya ilə daha çox qarşılaşırıq. İmam Sadiq (ə) Abdullah ibn Cündəbə belə buyurur:

يَا ابْنَ جُنْدَب لا تَتَصَدَّقْ على اَعيُنِ النّاسِ لِيُزَكّوْكَ فَأِنَّكَ اِنْ فَعَلْتَ ذلكَ فَقَدِ اسْتَوْفَيْتَ اَجْرَكَ و لكن اذا أَعطَيْتَ بِيَمينِكَ فَلا تَطَّلِعْ عَليها شِمالَكَ فَاِنَّ الّذى تَتَصَدَّقُ لَهُ سِرّاً يَجْزيكَ عَلانيةً عَلى رُؤوسِ الاَشهادِ فِى الْيوم الّذى لا يَضُرُّكَ اَنْ لا يَطَّلِعَ النّاسُ على صَدَقَتِك ...

“Xalqın gözü qarşısında infaq etmə ki, səni tərifləsinlər. Əgər belə etmisənsə, sənin infaqının mükafatı camaatın tərifi olacaq. Elə et ki, sağ əlinin infaqından sol əlin xəbərsiz olsun. Gizli sədəqənin mükafatını qiyamət günü hamının gözü qarşısında alacaqsan.”

Əlbəttə, insan riya qorxusu ilə sədəqəni tərk etməməlidir. Özünü kamilləşdirmək istəyən bəzi möminlərə şeytan “baxanlar deyəcək özünü göstərir, vermə!” pıçıldaya bilər. İnsan bu vəsvəsələrin qabağını alaraq daha qiymətli şeyi infaq edə bilər.

Məsələn, insan yol kənarında oturmuş dilənçiyə beş yüz manat sədəqə vermək istəyir. Ətrafda baxanlar da bilir ki, bundan çox sədəqə verən yoxdur. İnsan riyadan qorunmaq üçün ovcunda beş yüz manat yox, min manat tutub onu elə gizli verə bilər ki, kimsə min manat verdiyini hiss etməz.

Bundan əlavə, insan nəfsi ilə mübarizə aparıb çox sevdiyi əşyaları hədiyyə etməklə böyük savab qazana bilər. Amma belə də ola bilər ki, insanın öz nəfsinə hakim olması şərti ilə açıq işin böyük savabı olsun. Çünki bəzən açıq xeyirxahlıq başqalarında da belə bir maraq oyadır.

الَّذِينَ يُنْفِقُونَ أَمْوالَهُمْ بِاللَّيْلِ وَ النَّهارِ سِرًّا وَ عَلانِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ؛

“Mallarını gecə və gündüz, gizli və aşkar sərf edənlərin Allah yanında böyük mükafatları vardır...” (“Bəqərə” surəsi, ayə 274.)

Bir sözlə, niyyət doğru, xalis olmalıdır və əməli dəyərli edən də doğru və xalis niyyətdir... (“Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, 20-ci dərs, səh.224-229.)


(Maide.Az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930