QURAN BAXIMINDAN YARANIŞIN MƏQSƏDİ
Mьəllif: admin1
Tarix: 19-05-2018, 22:14
QURAN BAXIMINDAN YARANIŞIN MƏQSƏDİ
Qurani-Kərimdə insan yaranışının məqsədi barəsində müxtəlif təbirlər vardır. Bir ayədə buyurulur ki, sizin yaranışınız sizin yoxlanışınız üçündür:

الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا

“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur...” (“Mulk” surəsi, ayə 2.)

Başqa bir ayə yaranış məqsədini Allaha ibadətdə görür:

وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ

“Cin və insanı yalnız ibadətdən ötrü yaratdıq.” (“Zariyat” surəsi, ayə 56.)

Başqa bir ayədə isə yaranışın ilahi rəhmət və Allaha yaxınlıq üçün olduğu bildirilir:

وَلَوْ شَاء رَبُّكَ لَجَعَلَ النَّاسَ أُمَّةً وَاحِدَةً وَلاَ يَزَالُونَ مُخْتَلِفِينَ. إِلاَّ مَن رَّحِمَ رَبُّكَ وَلِذَلِكَ خَلَقَهُمْ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لأَمْلأنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ

“Əgər Rəbbin istəsəydi bütün insanları (eyni dində olan) tək bir ümmət edərdi. Onlar hələ də ixtilafdadırlar. Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. Rəbbin onları bunun üçün yaratmışdır.” (“Hud” surəsi, ayə 118-119.)

Zahirən ayələr fərqli olsalar da, hər üç ayə bir həqiqətin mərhələlərini nəzərdə tutur. Başqa sözlə, onun yaxın, orta və son hədəfini bəyan edir. Əsas hədəf Allaha yaxınlıqdır.

İnsan ixtiyari əməl və seçim etmək gücündədir. O, Allaha ibadət yolunu seçib Ona yaxınlığa çatmalıdır. Əgər insan düzgün yol getməyə məcbur edilsəydi, onun bu hərəkəti kamilliyə doğru hərəkət hesab olunmazdı. Qurani-Kərimdə buyurulur:

وَعَلَى اللّهِ قَصْدُ السَّبِيلِ وَمِنْهَا جَآئِرٌ وَلَوْ شَاء لَهَدَاكُمْ أَجْمَعِينَ

“Doğru yol göstərmək Allaha aiddir. Haqdan kəc olan yol da vardır. Əgər Allah istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi.” (“Nəhl” surəsi, ayə 9.)

Allah insan qarşısında müxtəlif yollar qoyub. İnsan öz ixtiyari hərəkəti ilə öz kamillik yolunu tapıb bu yolda addımlamalıdır. Bu yoxlanış və düzgün yolun seçimi ilə insan təkamülünün bir mərhələsi adlanır.

Həyatın başdan-başa Allaha bəndəlikdə ötüşməsi üçün iş görmək lazımdır. Hər nə varsa Ondandır və biz Onun bəndəsiyik. Bəndəyə bəndəlikdən başqa heç bir şey layiq deyil. Dünyəvi ehtiyaclar və maddi ləzzətlər insanın son hədəfi sayılmır. Zəruri olan həddə bu işlərlə məşğul olmaq lazımdır. İbadət və bəndəlik üçün səy göstərmək, ibadət və Allaha pərəstişlə ilahi yaxınlığa çatmaq lazımdır.

İbadət ümumi məfhumdur, təkcə namaz və oruca aid deyil. Allah üçün görülən və Allah bəyənən hər bir iş ibadət hesab olunur. Ramazan ayında hətta oruc tutan şəxsin yuxusu ibadətdir. Çünki oruc tutan şəxs səhər Məbudu ilə raz-niyaz etmək üçün istirahət edir: “İlahi, məni dünya malı ilə varlı et və ruzini mənə artır. Məni varlıların malında gözü olmaqla imtahana çəkmə!”

İnsan həyatının Allaha itaətdə keçməsi üçün maddi ehtiyaclar – yemək, geyim, məskən, ictimai münasibətlər və s. onun hərəkətinə mane olmamalıdır.

Halal ruzi qazanmaq üçün çalışmaq ibadətdir. Lakin bu ibadətlə insan qəlbinin yalnız Allahla olduğu ibadət arasında çox fərq vardır. İbadət zamanı Allahdan başqasını düşünmək insanın Allaha doğru hərəkətini süstləşdirir. İnsan aləmlərin Məbuduna nə qədər diqqətli olarsa, onun Allaha doğru hərəkəti daha sürətli olar. Əgər halal ruzi əldə etmək üçün çalışmaq insanın Allahdan qeyrisini düşünməsinə və Allahı unutmasına səbəb olmursa, o daha yaxşı ibadət edib həqiqi təkamülə çata bilər.

Qüdrət və bol ruzi insanın məğrur olmasına səbəb olur. Bununla insan Allahdan qafil olub, Onun qarşısında inadkarlıq göstərir. Beləliklə, halal ruzi üçün təlaşın öhdəmizdəki məsuliyyətlərə mane olmaması üçün səy edib Allahdan kömək istəməliyik: “İlahi, məni xalqın yanında əziz et və məni təkəbbürə düçar etmə!”

İnsanın fizioloji ehtiyacları olduğu kimi, psixoloji ehtiyacları da var. Bunlardan biri hörmətli olmaq ehtiyacını hiss etməkdir. (Əlbəttə, üstün mərifət məqamına çatmış şəxslər Allahdan qeyrisinə etina etmir və başqalarının hörmətinə ehtiyac duymurlar. Bəzən bu təbii ehtiyacın ödənməsi ilə insanda təkəbbür yaranır, bu isə onun inkişafının qarşısını alır.)

Təkəbbürün bir çox fəsadları vardır. Təkəbbürdən yaranmış fəsadların əlacı insan varlığının həqiqəti barəsində təfəkkürlə əldə olunur. Əgər insan heç nəyi olmadığını və vücudunun aləmləri Yaradana bağlı olmasını anlasa, özünü başqalarından üstün saya bilərmi?

Dua edək: “İlahi, Sənə ibadət etmək üçün mənə tofiq ver. İbadətimi təkəbbürümlə puç etmə!”

İbadət üçün tofiq əldə etmək kifayət etmir. İbadət zamanı şeytani vəsvəsələrin insanda təkəbbür yaratması mümkündür. Təkəbbür yaxşı əməlləri böyük saymaq, özündənrazılıq və özünü savablara tam layiqli hesab etməkdir. Təkəbbür bir neçə mərhələdən ibarətdir:

1. Öz yaxşı əməllərinə görə Allaha minnət qoymaq; bu, təkəbbürün ən qorxulu mərtəbələrindəndir.

2. Allah qarşısında etdiyin yaxşı əməllərə görə xoşhal olmaq;

3. Özünü savaba tam layiqli bilmək;

4. Özünü başqa möminlərdən üstün hesab etmək.

Bu alçaq sifətin bir çox fəsadları var. İmam Əli (ə) buyurur: “Təkəbbürə uğrayan şəxs həlak olar.” (“Vəsailuş-şiə”, 1-ci cild, səh.321.)

Dua edək: “İlahi, mənə xalqa xidmət üçün tofiq ver və xidmətimi minnət qoymağımla məhv etmə!”

İnsanın ilahi tofiq taparaq Allahın razılığı üçün ehtiyaclıya kömək etməsi, xəstəyə yardım göstərməsi, fəqirə əl tutması, borclunun borclarını ödəməsi və sair xeyirxah işlər görməsi mümkündür. Lakin insan bir müddət sonra hansısa bir söz və ya əməllə həmin şəxsə minnət qoya bilər. Məsələn, ona deyər: “Əgər sənə kömək etməsəydim, çətinlikdə qalacaqdın.” Bu söz bütün göstərilən xidmətləri məhv edir. Qurani-Kərimdə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُبْطِلُواْ صَدَقَاتِكُم بِالْمَنِّ وَالأذَى كَالَّذِي يُنفِقُ مَالَهُ رِئَاء النَّاسِ وَلاَ يُؤْمِنُ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ

“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın…” (“Bəqərə” surəsi, ayə 264.)

Dua edək: “Mənə gözəl əxlaq əta et və məni qürrələnməkdən qoru!”

Mühüm və zərif bir nöqtəni də qeyd edək: İbadətdə riya və yaxşı işlərdə minnət insanı fəlakətə düçar edən yeganə bəla deyil. Bəzən insan özünü qoruyur, başqalarına minnət qoymur və riya edərək öz ibadətini özgələrə göstərmir. Lakin qəlbində özünü başqalarından böyük və əzəmətli hiss edərək onlardan üstün bilir. Bu nöqsanın aradan götürülməsi üçün dayanmadan çalışmaq və Allahdan kömək istəmək lazımdır: “Pərvərdigara, məni başqalarının gözündə nə qədər ucaltsan, öz gözümdə bir o qədər kiçilt!”

Alimin elmi nə qədər artsa, öz cahilliyindən bir o qədər çox xəbərdar olar. Elmi məlumatı olmayan bir şəxsdən neçə elmdən xəbərsiz olduğunu soruşsaq, 10, ya 20 elm adı çəkər. Lakin onun məlumatı artdıqca, öz cahilliyini daha çox dərk edəcəkdir. Alim şəxs qarşısında xəbərsiz olduğu elm dəryası görür.

Mərifət baxımından insan Allahı nə qədər yaxşı tanısa, öz nadanlığı, acizliyi və çarəsizliyini bir o qədər çox dərk edər. İnsan nöqsanlarını etiraf edərsə, təkəbbürdən uzaqlaşar. Başqa halda nəfs tüğyan edər və insan əxlaqi fəsadlara düçar olar. İmam Səccad (ə) özünü Allah qarşısında hamıdan günahkar bilərək deyirdi: “Məndən də pis halda kim var?” “Məni öz gözümdə kiçiltməyincə başqaları qarşısında izzət mərtəbəsinə çatdırma!”

Allahın dostları Ona yaxınlaşdıqca təvazökar olurlar. Cahil insanlar isə bir şey öyrəndikdə, yaxşı və savab iş gördükdə, mələklərdən də qabağa düşür, bütün aləmin yaxşı işlərini öz adlarına çıxırlar.

Layiqli bəndələr mərifətləri artdıqca özlərini Allah qarşısında kiçik görürlər və onların həqiqi təvazökarlığı yüksəlir. Həqiqi təvazökar insanın qəlbində də özünü kiçik bilməsidir. Onlar özünü yalnız zahirdə, xalqın gözü qarşısında təvazökar göstərmirlər. Əks hal nifaq və ikiüzlülükdür. Həqiqi təvazökarlıq yalnız Allahın lütfü ilə müyəssər olur. Çünki insan nəfsi azğındır və tez bir zamanda qürura düçar olur.

Dua edək: “İlahi, bizi nəfsin azğınlığından, qürur və təkəbbürdən uzaq saxla!” (“Rəbbin dərgahında”, Ayətullah Misbah Yəzdi, səh.211-215.)

Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930