Orucu batil edən işlər
Mьəllif: admin1
Tarix: 17-03-2024, 10:39
Orucu batil edən işlər
Orucu batil edən işlərə “müftirat” deyilir və onlar aşağıdakılardır:

1. Yemək-içmək. 2. Cinsi yaxınlıq. 3. İstimna (masturbasiya). 4. Allaha, peyğəmbərlərə (ə) və məsumlara (ə) yalan bağlamaq (vacib ehtiyata əsasən). 5. Qatı tozu hülquma yetirmək (vacib ehtiyata əsasən). 6. Başı bütövlükdə suyun altına batırmaq (salmaq) (vacib ehtiyata əsasən). 7. Sübh azanınadək cənabətli ya heyzli və ya nifaslı qalmaq. 8. Maye ilə imalə etmək. 9. Bilərəkdən qusmaq.

1. Yemək-içmək

Əgər oruc tutan bilərəkdən bir şey yeyə ya içə, orucu batildir, yeyib içdiyi istər yeməli və içməli olsun, istərsə də yeməli və içməli olmasın, parça və kağız kimi, istər çox olsun, istərsə də az, çox kiçik su damcısı və ya çox kiçik çörək qırıntısı kimi.

Əgər oruc olan şəxs dişinin dibində qalan (xörək qırıntısını) bilərəkdən uda, orucu batil olur, amma əgər dişinin dibində bir şeyin qaldığını və ya hülqumuna yetişdiyini bilməyə və ya udmağı qəsdən olmaya yaxud qəflət üzündən ola, orucu batil olmur.

Səhv və unutmaq üzündən yeyib-içmək orucu batil etmir. Bu barədə vacib və müstəhəb oruclar arasında fərq yoxdur. Həmçinin ağız suyunu udmaq orucu batil etmir.

Vacib ehtiyat budur ki, enerji verən ya qida sayılan iynələrdən (ampullardan) və ya damara vurulan iynələrdən yaxud sis-tem köçürülməsindən qorunsun, amma əzələyə vurulan və ya bihiss etmək üçün vurulan iynələrin, həmçinin yara və kəsik üzərinə qoyulan dərmanların işkalı yoxdur.

Vacib ehtiyat budur ki, burun yolu ilə və dil altına qoymaqla cəzb olunan narkotik maddələrdən qorunsun.

Əgər yemək yeyən zaman bilə ki, sübh oldu, gərək ağzındakı tikəni çıxartsın və əgər bilərəkdən udarsa, orucu batil olur. (Orucu bilərəkdən batil edənin hökmü sonradan deyiləcək).

Başdan və sinədən gələn bəlğəmi ağızın fəzasına (daxilinə) yetişmədikdə udmağın eybi yoxdur və orucu batil etmir, amma ağız daxilinə gəldikdə vacib ehtiyata əsasən udmaq olmaz.

Əgər oruc halında təzyiq dərmanı (həbb, kapsula) içmək zəruri olarsa işkalı yoxdur, lakin onu içmək orucu batil edir (yəni dərman atmaq yemək sayılır).

Damaqdan gələn qanı nə qədər ki, udmayıb, orucu batil deyil və əgər ağzın suyuna qarışıb aradan gedərsə, pakdır, onu udmağın işkalı yoxdur və orucu da batil etmir. Həmçinin əgər ağzının suyu qanlı olub olmamasında şəkk edərsə, onu udmağın işkalı yoxdur və orucu səhihdir.

Ağızdan qan gəlməklə oruc batil olmur, amma vacibdir ki, hülqumuna yetişməyin qarşısını alsın.

2. Cinsi yaxınlıq

Cinsi yaxınlıq orucu batil edir, hərçənd məni (sperma) xaric olmasa belə.

Əgər oruc olmağını unudub cinsi yaxınlıq edə, orucu batil olmur, amma yadına düşən kimi, dərhal bu işdən əl götürməlidir, əks təqdirdə orucu batildir.

3. İstimna (masturbasiya)

Əgər oruc tutan bilərəkdən öz əməlilə özündən məni xaric edə, orucu batildir.

Gündüz möhtəlim olmaq (məninin yuxuda xaric olması) orucu batil etmir, hətta əgər bilə ki, yatdıqda möhtəlim olacaq, yuxusunun qarşısını almaq lazım deyil.

Əgər oruc olan şəxs yuxuda məni xaric olan zaman yuxudan ayıla, qarşısını almaq vacib deyil.

4. Allaha, Peyğəmbərlərə və məsumlara (ə) yalan bağlamaq.

Allaha, peyğəmbərlərə və məsumlara (ə) yalan bağlamaq (vacib) ehtiyata əsasən orucu batil edir, hərçənd sonradan tövbə edə və yalanına etiraf edə.

Rəvayət (hədis) kitablarında yalan olub olmaması sabit olmayan (məlum olmayan) hədisləri deməyin işkalı yoxdur, amma müstəhəb ehtiyat budur ki, onları deyən zaman nəql etdiyi kitablara istinad etsin (məsələn, desin ki, filan kitabda belə yazılıb ki, Peyğəmbər (s) buyurubdur. . . ).

5. Qatı tozu hülquma yetirmək

Oruc tutan şəxs vacib ehtiyata əsasən yeri süpürərkən yerdən qalxan toz kimi qatı tozu udmasın, amma tozun təkcə ağıza ya buruna daxil olması orucu batil etmir, həmçinin siqaret tüstüsü və digər tüstülər də vacib ehtiyata əsasən orucu batil edir.

Əgər oruc tutan tənginəfəsliyə düçar ola (astma xəstəliyi), elə bir maddədən istifadə edə ki, təzyiqli hava, dərmanla hərçənd qaz şəklində hülquma daxil ola (sprey), orucun işkalı yoxdur.

6. Başı suya batırmaq (salmaq)

Əgər oruc tutan şəxs bilərəkdən başını bütövlükdə suyun altına sala, vacib ehtiyata əsasən orucu batildir və gərək o günün orucunun qəzasını tutsun.

Yuxarıdakı məsələdə fərqi yoxdur ki, başını suya batırarkən bədənini də sala yaxud təkcə başını sala.

Əgər birinci başının bir yarısını suya sala, sonra onu çıxardıb o biri yarısını sala, orucu batil olmur.

Əgər başını bütövlüklə suyun daxilinə sala, amma saçlarından bir miqdarı çöldə qala, orucu batil olur.

Əgər şəkk edə ki, başı bütöv suyun altına daxil oldu ya yox, orucu səhihdir.

Əgər oruc tutan ixtiyarsız olaraq suya düşə və başı tamamilə suyun altına girə, orucu batil olmur, lakin gərək dərhal başını sudan çıxarsın. Həmçinin əgər oruc olmağını unuda və başını suya sala, orucu batil olmur, lakin yadına düşən kimi gərək dərhal başını sudan çıxarsın.

Əgər oruc tutan şəxs məxsus geyimlə (dalğıcların libası kimi), bədəni islanmadan suya girə, o libas bədənə yapışan libas olduqda orucun səhih olması işkallıdır və vacib ehtiyata əsasən onun qəzasını tutmalıdır.

Başa su tökmək (qabla, duşla və s. ) orucu batil etmir.

7. Sübh azanınadək cənabət və (ya) heyz və (ya) nifas halında qalmaq

Ramazan ayının gecəsi cənabətli olan şəxs gərək sübh azanından qabaq qüsl etsin və əgər bilərəkdən qüsl etməsə, orucu batildir (səhih deyil). Bu hökm Ramazan ayının qəza orucuna da aid olur.

Əgər bir şəxs Ramazan ayının gecəsində cünub ola, bilmədən sübhə kimi qüsl etməyə, məsələn, yuxuda cünub ola və sübhədək yuxuya qala, orucu səhihdir.

Sübhədək cənabətli qalmağın orucun batil olmasına səbəb olması Ramazan ayının orucuna aiddir, başqa oruclar, xüsusilə müstəhəb orucları batil etmir.

Əgər cünub Ramazan ayında cənabət qüslünü sübhədək unuda və cənabətli halda sübh edə, orucu batildir. (Vacib) ehtiyata əsasən Ramazan ayının qəzası da bu hökmdədir, amma başqa oruclarda oruc batil olmur.

Əgər bir şəxs cənabətli olmamağı orucun səhih olmasının şərtlərindən olmasını bilmədən cənabətli halda bir neçə gün oruc tuta, bu oruclar batildir və gərək qəzasını yerinə yetirsin.

Əgər bir şəxs Ramazan ayında nəcis suyla qüsl edə, bir neçə gündən sonra o suyun nəcis olmasını bilə, onun tutduğu oruclar səhihdir .

Ramazan ayının gecəsində vəzifəsi qüsl vermək olan şəxs, vaxtın darlığına yaxud suyun ona zərər etməsinə və ya başqa səbəblərə xatir qüsl edə bilmirsə, gərək qüsl əvəzinə təyəmmüm etsin.

Vəzifəsi təyəmmüm olan şəxs Ramazan ayının gecəsi özünü cünub edə bilər (xanımı ilə yaxınlıq edə bilər), bu şərtlə ki, təyəmmüm etmək üçün kifayət qədər vaxt olsun.

Ramazan ayının gecəsində cənabət qüslu yaxud bu qüslun əvəzinə təyəmmüm edən şəxsdən sübh azanından sonra məni xaric olsa da belə onun orucu səhihdir.

Yuxuda cünub olmaq orucu batil etmir, buna əsasən əgər sübh azanından qabaq və ya sonra yata və yuxuda cünub ola və sonra yuxudan oyana, orucu batil olmur baxmayaraq ki, namazlar üçün qüsl verməsi vacibdir və qüslu namaz vaxtına qədər təxirə sala bilər.

Oruc tutan şəxs Ramazan və sair aylarda yuxuda cünub olarsa, dərhal qüsl etmək vacib deyil.

Əgər bir şəxs oyaq halda cünub ola yaxud da yuxuda cünub olduqdan sonra oyana və bilə ki, əgər yatarsa qüsl üçün sübh azanından qabaq oyana bilməyəcək, qüsl etmədən qabaq yatmaq caiz deyil.

Əgər yata və sübhdən qabaq qüsl etməyə, orucu batildir. Amma əgər ehtimal verə ki, yatarsa sübh azanından qabaq qüsl etmək üçün oyanacaq və qüsl etmək fikri də olarsa (yəni durduqdan sonra qüsl etmək qərarında olarsa), oyana bilmədiyi təqdirdə orucu səhihdir, am-ma əgər ikinci dəfə yata və sübhədək oyana bilməyə, gərək o günün qəzasını tutsun.

Hər zaman Ramazan ayının gecəsində sübh azanından qabaq möhtəlim olduğunu bilməyə və yenidən yata, sübh azanından sonra bilə ki, sübh azanından qabaq möhtəlim olubdur, orucu səhihdir.

Həmçinin əgər fəcrdən qabaq (sübh azanından qabaq) şəkk edə ki, möhtəlim olub ya yox və şəkkinə etina etmədən yenidən yata, sübh azanından sonra ayıla və bilə ki, fəcrdən qabaq möhtəlim olubdur, necə ki, birinci dəfə ayıldığından sonra möhtəlim olmaqdan heç bir əsər-əlamət müşahidə etməyə və təkcə ehtimal verə ki, möhtəlim olubdur, orucu səhihdir.

Aylıq adətindən pak olan və vəzifəsi qüsl vermək olan qadın, həmçinin nifasdan pak olan və qüsl verməsi vacib olan qadın, qüslünü Ramazan ayının sübh azanınadək verməzsə orucu batildir.

Oruc olan qadın gün əsnasında heyz və ya nifas qanı görərsə, orucu batil olur hərçənd məğrib azanına yaxın olsa belə.

Əgər qadın nəzir orucu əsnasında heyz qanı görərsə orucu batildir və pak olduqdan sonra qəzasını tutmaq vacibdir.

8. İmalə etmək

Maye ilə imalə etmək orucu batil edir, hərçənd naçarlıq üzündən və müalicə üçün ola.

Müalicə üçün bəzi xəstə qadınların istifadə etdikləri (bə-dəninə qoyulan) xüsusi dərmanlar orucu batil etmir.

9. Qusmaq

Oruc tutan bilərəkdən qusarsa, hərçənd xəstəliyə görə buna naçar olsa belə orucu batildir, amma əgər səhvən ya ixtiyarsız olarsa işkalı yoxdur (orucu səhihdir).

Əgər gəyirmək nəticəsində (mədəsindən) bir şey ağız boşluğuna gələ, gərək onu bayıra çıxarsın (yəni əgər bilərəkdən udarsa, orucu batildir), amma əgər ixtiyarsız olaraq udarsa, orucu səhihdir.

Əgər oruc tutan bilərəkdən ixtiyarlı olaraq orucu batil edən işlərdən birini edə, orucu batil olur, amma əgər bilərəkdən olmazsa, məsələn, ayağı sürüşüb suya düşməklə başı suya bata yaxud oruc olmağını unuda və bir şey yeyə və ya icbarla boğazına bir şey tökələr, orucu batil deyil. Bu hökmdə vacib, müstəhəb, Ramazan və qeyri-ramazan orucları arasında fərq yoxdur.

Əgər oruc tutan ikrah nəticəsində iftar edə, belə ki, başqası onu orucunu batil etməyə məcbur edə (məcbur edə ki, özü orucunu sındırsın), məsələn, ona deyələr ki, əgər orucunu açmasan canına ya malına zərər vuracaq və o, bu zərərin qarşısını almaq üçün orucunu aça, orucu batildir.

Əgər oruc tutan səhvən orucu batil edən işlərdən birini edə və orucu batil olub deyə bilərəkdən yenidən orucu batil edən-lərdən qarşıya çıxara, orucu batil olur.

Əgər bir şəxs şəkk edə ki, orucu batil edən işlərdən qarşıya çıxarıb ya yox, məsələn, ağzına daxil olan qatı tozu yaxud suyu udub ya yox, orucu səhihdir.


Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930