NAMUSUN QORUNMASI – QEYRƏT
Mьəllif: admin1
Tarix: 5-07-2020, 18:16
NAMUSUN QORUNMASI – QEYRƏT
Namusu qorumaq, qeyrətli olmaq hər bir mömin şəxsə vacibdir. İslam nəzərindən bu iş xeyli tövsiyə olunmuşdur. Qadın və kişinin küçə-bazarda, xiyabanlarda, məktəb və universitetlərdə, xüsusilə əgər qadınlar yarıçılpaq halda olarsa, onda bu halda qeyrət və abır-həya cəmiyyətdən yığışılar, əxlaqi və cinsi pozğunluq yayılar.

İslam düşmənləri, xüsusilə Qərbin istismarçılar aldadıcı “qadın azadlığı” pərdəsi altında bu dəyərli varlığı–qadını öz əllərində oyuncağa çevirərək onun şəxsiyyətini öz maddi mənafeləri üçün təbliğat alətinə çevirirlər.

Tərbiyə işləri üzrə mütəxəssislərin araşdırmaları göstərir ki, oğlan və qızların bir yerdə təhsil aldığı məktəblərdə, yaxud qadın və kişilərin bir yerdə açıq-saçıq şəkildə işlədiyi idarələrdə əxlaqsızlıq hökm sürür. İşdə geriləmə, məsuliyyətsizlik və s. kimi iqtisadi və ictimai problemlər qadın və kişilərin bu cür xoşagəlməz qarışıqlığının nəticəsidir.

Müqəddəs İslam dini qeyrətli olmağı, namusu qoruyub saxlamağı imanın və kişiliyin əlamətlərindən bilir. Bunun sui-zənn ilə minlərlə kilometr arası vardır.

İslam sui-zənni, bədgümanlığı kəbirə (bağışlanmayan) günah bilir, bunun da müqabilində qeyrətli, namuslu olmağı vacib və imanın bir hissəsi hesab edir.

İmam Sadiq (ə) buyurur: “Allah-taala qeyrətlidir və bütün qeyrətliləri sevir və məhz Öz qeyrəti səbəbi ilə bütün zahiri və batini fahişəlikləri, pozğunluqları haram etmişdir.”

Rəsuli-Əkrəm (s) buyurur: “Atam İbrahim (ə) qeyrətli idi, mən ondan da qeyrətliyəm. Allah qeyrətsizləri məhv və zəlil edər.”

Rəsuli-Əkrəm (s) buyurur: “Əgər bir kəsin arvadı cəlbedici qiyafə ilə, habelə ərinin icazəsi və təşviq etməsi ilə bəzənib evdən çölə çıxsa, onun əri qeyrətsizdir (dəyyusdur), əgər bir kəs belə adama biqeyrət desə, heç də günah etməmişdir.”

Əli (ə) Kufə qadınlarının küçə-bazarda hərəkət edib kişilərlə qarışmasını eşidəndə dərindən təəssüf hissi keçirdi və kufəlilərə xitabən yazdı:

“Ey İraq camaatı, eşitmişəm ki, qadınlarınız küçələrdə kişilərə toxunurlar. Aya, həya etmirsinizmi? Aya, qeyrət və həyanız yoxdurmu ki, qadınlarınız bazarlara gedib və açıq-saçıq şəxslərə toxunurlar?”

İmanlı kişi qeyrətini imanının bir hissəsi kimi bilir və öz namusunu hifz edib qoruyur, bədgümanlıq və sui-zənndən uzaq olur, başqasının namusuna da pis və əyri gözlə baxmır və əgər baxarsa, onun baxışlarının gətirəcəyi pis nəticələrdən qorxur.

Belə ki, Əmirəlmöminin Əli ibn Əbutalib (ə) zinanın təsirlərinə işarə edərək buyurur: “Namus və qeyrəti olan bir şəxs camaatın namusuna təcavüz (zina) etməz. Əgər zina edərsə, onun da namusuna təcavüz olunacağından qorxar.”

Burada əziz oxucular üçün qısa bir dastanı təqdim edirik. Bir gün Cəbrail (ə) nazil olub Həzrət Peyğəmbərə (s) dedi: Allah buyurur ki, Mən Cəfər ibn Əbitalibin (Cəfəri Təyyarın) dörd xüsusiyyətinə görə təşəkkür edirəm.

Həzrət Cəfəri çağırıb Allahın kəlamını ona çatdırdı. Sonra bu xüsusiyyətlər hansıdır deyə soruşdu. Cəfər ərz etdi ki, əgər Allah-taala sənə xəbər verməsəydi, onları sənə deməz, özümü tərifləməzdim. Amma indi ki, belə oldu, onları deyirəm:

Heç vaxt şərab içməmişəm, çünki şərab insanın ağlını aparır.

Heç vaxt yalan danışmamışam, çünki yalan danışmaq insanı etibardan salır və şəxsiyyətini ləkələyir.

Heç vaxt bütə sitayiş etməmişəm, çünki büt hətta özünü müdafiə edə bilmir, özü üçün xeyrə, şərə malik ola bilmir, pərəstişə də layiq deyildir.

Heç vaxt başqalarının namusuna təcavüz (zina) etməmişəm. Çünki bilirəm ki, Allah eləməmiş, əgər belə bir iş görsəm, onun əks nəticəsindən amanda qalmaram; digər tərəfdən də namusa edilən xəyanətə dözə bilmədiyimdən, heç kəsin namusuna təcavüz etməmişəm.

Rəsuli-Əkrəm (s) əlini onun çiyninə vurub buyurdu: “Layiqdir ki, Allah sənə iki qanad əta etsin, mələklərlə birlikdə Cənnətdə pərvaz edəsən.”
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930