ƏMƏLİSALEH ÖVLADIN DÜNYA VƏ AXİRƏTDƏKİ FAYDALARI
Mьəllif: admin1
Tarix: 6-04-2018, 10:07
ƏMƏLİSALEH ÖVLADIN DÜNYA VƏ AXİRƏTDƏKİ FAYDALARI
Övladlarin hüquqları və valideynlərin onlara qarşı məhəbbət göstərmələrinin ilahi bir vəzifə olması, bütün ata-anaların bu vəzifəni layiqli surətdə yerinə yetirməyə borclu olmalarından əlavə fitri cəhətdən də bütün valideynlər öz övladlarının layiqli və sağlam olmalarını istəyir, öz övladlarını ədəbli görməklə xoşhal olur, sevinir, fərəhlənir, onların varlığını öz xoşbəxtlikləri hesab edirlər.

Əksər hallarda öz övladları ilə o qədər mehriban və gözəl rəftar edirlər ki, hətta öz varlıqlarını belə xətərə salırlar.

Bir müddət bundan əvvəl Fransada baş verən yanğın hadisəsində bir leylək öz balalarını xilas edə bilmədiyi üçün son anlara qədər balalarının yanından uçub getmədi və yanıb külə döndü.

Həmçinin, 1875-ci ildə alman-fransız müharibəsində almanların atdıqları top mərmisi fransızların sursat anbarına dəydi, amma top mərmisinin partlaması yumurtalarının üstündə yatan ana göyərçini yerindən tərpədə bilmədi.

Ata-analar fitri və dini göstərişlər əsasında müxtəlif hallarda övladlarının çoxlu müşküllərinə dözürlər. Allah da bu fədakarlıqların və zəhmətlərin müqabilində onlara dünya və axirət xeyri əta edir.

ÖVLADIN DÜNYADAKI XEYRİ

Qurani-məciddən və Məsum İmamların kəlamlarından məlum olur ki, övladlar dünyada valideynlərin xoşbəxt və xatirələrinin aram olma səbəbi olmaqla yanaşı, onların qüdrətli qolları, zinətləri və aramlıq səbəbi sayılır. İndi sizin diqqətinizi bu dəlillərin bir qisminə yönəldirik.

Allah-taala buyurur: “ Mal-dövlət və övlad dünya həyatının zinətləridir.”

Yəni bu dünyada insanların həyatının zinəti və sərmayəsi iki şey əsasındadır: mal-dövlət və övlad. Bu ayənin övlad və mal-dövlət üçün yaranan qüruru sındırmaq üçün nazil olmasına baxmayaraq, bu həqiqəti də qəbul edir ki, onlar dünya zinətləridir.

İmam Səccad (ə) buyurur: “İnsanın səadətlərindən, xoşbəxtliyindən bir budur ki, özünə kömək edəcək bir övladı olsun.”

Peyğəmbər (s) buyurur: “Dünyanın zinəti üç şeydir: mal-dövlət, övlad və qadın.”

İmam Sadiq (ə) övladın və həyat yoldaşının ruzinin artmasında olan rolu barədə buyurur: “Övlad və həyat yoldaşı (zövcə) ruzinin artması səbəbidir.”

İmam Həsən Əskəri (ə) buyurur: “Övlad necə də gözəl köməkçi, arxadır! Həqiqətən zəlil o kəsdir ki, onun övladı olmasın.”

İmam Əli (ə) buyurur: “Övlad ölümü insanın belini sındırır və onun ciyərində yara əmələ gətirir.”

Diqqət yetirdiyiniz kimi, övladların dünyadakı rolları həddindən artıq çoxdur və övladı olmayan insan acı, zillətli həyatla qarşılaşır.

Tarix boyu dünyanın müxtəlif xalqları qüdrət və səltənət əldə etmək, azadlıq və heysiyyətlərini müdafiə etmək üçün həmişə övlada ehtiyac duymuşlar və indinin özündə də bu ehtiyac duyulmaqdadır.

Amma bu ilahi nemətlərdən mənfi istiqamətdə istifadə edilməməli, qürur və təkəbbür onları insaniyyətdən uzaqlaşdırmamalı, başqalarının hüquqlarına təcavüz etmələrinə səbəb olmamalıdır.

ÖVLADLARIN AXİRƏT FAYDALARI

Övladların dünyəvi fayda və səmərələrindən əlavə, onların gözəl tərbiyə olunmasının axirət dünyasında da çoxlu fayda və mükafatı vardır. Sizin diqqətinizi onlara cəlb edirik.

Peyğəmbər (s) buyurur: “ İnsan öldükdən sonra onun əməl dəftəri bağlanır, yalnız üç yolla ona savab və fayda çatır: ümumxalq mənfəəti üçün bir şey düzəldən və ardıcıl sədəqə qoyub gedən; cəmiyyət üçün faydalı şagird yetişdirib lazımlı kitablar yazan alim; insanın özündən sonra qoyub getdiyi və onlar üçün ehsan edən əməlisaleh övlad.”

O Həzrət (s) yenə buyurur: “Hər kəs üç qızının və ya üç bacısının zəhmət və xərclərini öhdəsinə alarsa, Cənnət ona vacib olar.”

Bir şəxs Həzrətdən soruşdu: Ya Rəsulallah, bir şəxs iki qızın və ya iki bacının zəhmətlərini, xərclərini öhdəsinə alarsa, onda necə?

Həzrət buyurdu: “O da Cənnətə daxil olar.”

Həzrət başqa rəvayətdə buyurur: “İsa ibn Məryəm (ə) bir qəbrin yanından keçərkən bəsirət gözü ilə müşahidə etdi ki, o qəbrin sahibinə əzab verilir.

Amma sonrakı il həmin yerdən keçəndə gördü ki, artıq o qəbrin sahibinə əzab verilmir. Həzrət, Allah ilə münacat etdikdə bu işin səbəbini soruşdu.

Xitab gəldi ki, ey İsa, o qəbir sahibinin övladı böyüyüb bir yolu təmir etdi və yetimə sığınacaq verdi. Mən o övladın yaxşı əməlləri xatirinə qəbir sahibindən əzabı götürdüm.”

Peyğəmbərimiz (s) buyurur: “O zaman ki, bir ana bir övlada hamilə oldu, o, canı və malı ilə Allah yolunda cihad edən, gündüzləri oruc tutan, gecələri namaz qılan bir şəxs kimidir.

Elə ki, uşağı dünyaya gətirdi, onun mükafatı o qədər çoxdur ki, heç kəs onun qədrini bilmir. O ananın övladına verdiyi hər bir qurtum südün dəyəri Həzrət İsmailin övladlarından bir qulu Allah yolunda azad etmiş kimidir və südvermə dövrü qurtarandan sonra bütün günahlardan paklanar.”

Bu hədislərdən Allah-taala valideynin övlad yolunda çəkdiyi zəhmətlər müqabilində nə qədər də böyük və gözəl vədlər verməsi məlum olur! Behişt onların zəhmətlərinin dəyəri kimi qiymətləndirilir, belə bir şəxsin günahları bağışlanır, şəhidlərin və ibadət edənlərin savabı ona verilir.

Əlbəttə, bütün bu rəvayətlər və vədlər səhihdir, lakin onlara bəzi əlavə şərtlər də vardır. O cümlədən, valideynin bu mühüm və məsuliyyətli işdə öz vəzifəsini layiqincə ifa etməsi və səhlənkarlığa yol verməməsi şərtdir.

Belə ki, sadəcə övlad sahibi olmaq və onu doğmaq qeyd olunan mükafatlara səbəb olmayacaq, əksinə, onun düzgün tərbiyə edilməsi, məsuliyyət hissinə malik olan xidmətçi və ürəyiyanan bir insanın cəmiyyətə təhvil verilməsi qeyd olunan mükafatlara, dərəcələrin yüksəlməsinə səbəb olacaqdır.

İnsana əziyyət verən canlılar da öz nəsillərini artırırlar, amma əsas məsələ layiqli insan tərbiyə edib yetişdirməkdir.

Lakin bunu da qeyd etmək lazimdır ki, əksər vaxtlarda övladların çoxluğu bu ilahi vəzifənin öhdəsindən gəlməyin çətinləşməsinə, ailənin iqtisadi vəziyyətinin pisləşməsinə, nəhayətdə isə uşaqların tərbiyəsiz böyümələrinə gətirib çıxarır.

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Üç şey ən böyük bəlalardandır: övladların çoxluğu, borcun çoxluğu və xəstəliyin uzun surməsi.”

O Həzrət yenə başqa bir hədisdə buyurur: “Ailənin və övladın az olması iki əldən biri, yaxud iki asan işdən biridir.”

(Yəni ailə üzvlərinin sayı nə qədər az olsa, onlara lazim olan xərclər və valideynlərin çəkdiyi zəhmətlərdə bir o qədər az və asan olacaqdır)

Bu iki hədisdə övladın, əhali-əyalın azlığı rahatlıq, onların çoxluğu isə böyük bəlalardan hesab olunur.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930