Övladların dini təlim-tərbiyəsi...
Mьəllif: admin1
Tarix: 29-03-2018, 10:17
Övladların dini təlim-tərbiyəsi...
Övladların dini təlim-tərbiyəsi ataların övlad qarşısında olan vacib borclarından və övladın ata üzərindəki hüququ sayılır.

Əgər valideyn, yaxud uşağın qəyyumu bu böyük və ilahi vəzifəni yerinə yetirsələr, özlərinin və övladlarının səadətini təmin edər, üstəlik, cəmiyyətin xoşbəxtliyi və islahı yolunda çox müsbət və təsirli addım atmış olar. Çünki ölkə daxilində və ya dünya səviyyəsində olan cəmiyyətlər məhz bu cavan sinifdən təşkil olunmuşdur.

Sağlam ailədən və dini tərbiyədən məhrum olan övladlar əksər hallarda başqa insanlara əziyyət verən ünsür, cəmiyyətdə bir növ mikrob sayılır və xüsusilə cavan, pak nəsilləri fəsada, pozğunçuluğa çəkirlər. Hətta demək olar ki, bu kimi şəxslərin vurduğu ziyan və xəsarətlər heç vaxt bərpa oluna bilməz.

Deməli, əxlaqi süqut, mənəvi uçurum tələləri qarşısında müqavimət göstərərək diqqətli olmaq lazımdır. Hörmətli valideynlərin övladların düzgün dini təlim-tərbiyəsi yolundakı məsuliyyətləri çox ağırdır və tam layiqli şəkildə bu vəzifəni yerinə yetirməlidirlər. İndi isə sizin diqqətinizi bu məsələ ilə əlaqədar bir neçə hədisə yönəldirik.

Rəsuli-Əkrəm (s) buyurur: “Axirəzzamanda dünyaya gələn övladlara ataları tərəfindən vay olsun! Çünki ataları onlara, vacibatdan heç nə öyrətməzlər.”

Soruşdular ki, ya Rəsulallah, o atalar kafir və ya müşrik olarlarmı?

Həzrət buyurdu: “Yox, onların ataları mömindirlər, amma öz övladlarına dini məsələləri öyrətmirlər. Əgər övladların özləri bu məsələləri öyrənmək istəsələr, ataları bu işə mane olub qabağını alar. Mən onlardan (atalar) bizaram, onlar da məndən uzaqdırlar.”

Bu dövrdə həssas olan şey övladların həddi-büluğa çatmaları məsələləridir ki, düşmənlər bu mərhələdə pak övladları tələyə salıb yoldan azdırırlar. Ata-analar övladlara bu yaş çağlarında daha artıq nəzarət etməlidirlər.

Peyğəmbər (s) buyurur: “Övladlarınıza hörmət edin və ədəblərinizi gözəlləşdirin.”

Həzrət (s) bu hədisdə göstəriş verir ki, valideyn övlada qarşı məhəbbət və nəvaziş etməklə yanaşı, özü də əməldə, rəftarda, digər yönlərdə ədəbli olmalı, öz yaxşılıqlarını əməli olaraq həyata keçirməklə övladlarını tərbiyələndirməlidirlər. Çünki layiqli övladlar yalnız İslam qanunlarına riayət edən layiqli valideynlər olduqda mümkündür.

Əmirəl-möminin Əli ibn Əbutalib (ə) buyurur: “Yalan–istər ciddi olsun, istərsə də zarafatyana, caiz deyildir. Həmçinin caiz deyil ki, sizlərdən biri öz övladına vəd verib onu yerinə yetirməsin.”

Şübhəsiz, zarafat üzündən olan yalanlar böyük və ciddi yalanlara cürət tapmağa səbəb olur və bu, böyük yalanların müqəddiməsidir.

Məhz buna görə də caiz deyildir. Bu cür yalanlar və vədə xilaf çıxmalar, xüsusilə övladlara qarşı, onların təlim-tərbiyəsində mənfi təsir qoyaraq azğınlığa düçar olmasına səbəb olur, onların pak fitrətlərini sarsıdır, bu da övladın tərbiyəsində xəyanət hesab olunur.

Əmirəl-möminin Əli ibn Əbutalib (ə) buyurur: “Həqiqətən insanlar gözəl ədəbə, qızıl və gümüşə olan ehtiyaclarından daha çox ehtiyaclıdırlar.”

Həzrət (ə) başqa bir hədisdə övladların ədəbli tərbiyə olunması barədə buyurur: “Atanın övlada etdiyi ən yaxşı bəxşiş, düzgün tərbiyəsidir və heç nə ona çata bilməz.”

Bundan əvvəlki hədisin yalnız tərbiyənin səhih bir ictimai yönünü təcəssüm etdirməsinə baxmayaraq onun kamil nümunəsi cavanlar və yeniyetmələrdir.

Bu hədisdə də Həzrət Əmirəl-möminin Əli ibn Əbutalib (ə) övladların ata tərəfindən gözəl tərbiyəsini ən gözəl hədiyyə və bəxşiş kimi təqdim edir.

İmam Sadiq (ə) xatırladır: “Nə qədər ki, müxaliflər və əcnəbilər övladlarınızı yollarından azdırmayıb, onlara islami məsələləri öyrədin.”

Tarixdə var ki, bir nəfər öz övladı ilə Rəsuli-Əkrəmin (s) hüzuruna gəlib ərz etdi: “Ey Peyğəmbər, bu övladımın qarşısında olan borcum nədən ibarətdir?”
Həzrət buyurdu: “Ona gözəl ad qoyub yaxşı ədəb verəsən, onun üçün yaxşı həyat yoldaşı seçəsən.”

Bu hədislərdən belə nəticə alırıq ki, övladların düzgün tərbiyəsi ictimaiyyətin ən zəruri ehtiyaclarından biridir. Əgər bu məsələyə diqqət yetirilməzsə, ictimaiyyətin, ailənin və fərdin həqiqəti, şərafəti təhlükə ilə qarşılaşacaq.

Valideynlər bu barədə ağır məsuliyyətləri vardır, azacıq diqqətsizlik, səhlənkarlıq və ya etinasızlıq onların əziz sərmayələrini məhv edib puça çıxara bilər.


(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930