SÖZDƏ VƏ ƏMƏLDƏ SƏDAQƏT VƏ XƏYANƏT
Mьəllif: admin1
Tarix: 15-03-2018, 09:59
SÖZDƏ VƏ ƏMƏLDƏ SƏDAQƏT VƏ XƏYANƏT
Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən buyurur:

يا أَباذَرٍّ؛ مَنْ وافَقَ قَوْلُهُ فِعْلَهُ فَذلِكَ الَّذى أَصابَ حَظَّهُ وَ مَنْ خالَفَ قَوْلُهُ فِعْلَهُ فَإِنَّما يُوَبِّخُ نَفْسَهُ

“Ey Əbuzər! Hər kəsin dediyi ilə etdiyi bir olsa, öz xoşbəxtlik payını almışdır və hər kəsin sözü ilə əməli bir-birinə zidd olarsa, mükafat verilən zaman (qiyamətdə) özünü danlayacaqdır.” (“Əmali”, Şeyx Tusi, 2-ci cild, səh. 135-152.)

Əksər insanlar danışıqda yaxşı işləri sadalayıb deyirlər: “Bu iş görülməlidir, fılan işin dəyəri və əhəmiyyəti bu qədərdir, insan kamalına təsir qoyur” və s.

Lakin icra məhrələsində rəftarları dedikləri ilə düz gəlmir. Çox az adamın bütün danışdıqları əməldə öz əksini tapır. Əgər bir adamın sözü ilə əməli arasındakı uyğunluğun onun imanının dərəcəsinə bağlı olduğunu desək, imanı kamil olanların daha sədaqətli olduqlarını görəcəyik.

Onların söz və əməlləri daha çox üst-üstə düşür və həqiqətdə, gördükləri iş dediklərinə bir nümunədir.

“Onlardır; sədaqətlilər və təqvalılar da elə onlardır” (أُولئِكَ الَّذِينَ صَدَقُوا وَ أُولئِكَ هُمُ الْمُتَّقُون) – ayəsinin (“Bəqərə/177.) təfsirində mərhum Əllamə Təbatəbai yazır:

“Sədaqət – elm və əməldə mövcud olan bütün fəzilətləri özündə toplayan bir sifətdir. Çünki sədaqət bütün əxlaqi fəzilət və dəyərlərlə, məsələn iffət, şücaət, hikmət və ədalət kimi sifətlərlə yanaşı olan bir xislətdir; onu insanın etiqadından, sözündən və əməlindən ayırmaq olmaz.

İnsanın sədaqətli olması onun əqidə, söz və əməlində bir olması deməkdir. İnsan fitrəti haqqı qəbul edib daxilən ona təzim etmək istəyi ilə yoğrulmuşdur. Baxmayaraq ki, zahirdə düşündüyünün əksini deyir.

Deməli, əgər haqqı etiraf edib ona sadiq qalırsa, etiqad etdiyi şeyi deyib dediyini əməldə də nümayiş etdirirsə, onun imanı xalisləşmiş, əxlaq və saleh əməlində tamamlayıcı mərhələyə çatmışdır.”

Həmçinin yazır: “Allah-Taalanın bəzilərini “siddiq” (həddən artıq sadiq) adlandırması ona görədir ki, onların rəftarı dediklərini əməldə təsdiq edir.”

Danışığı etiqadına uyğun olan adam da sadiqdir, lakin siddiq daha yüksək mərhələdə durur. Siddiq bütün məsələlərdə danışığı etiqadına müvafiq olduğu kimi, əməlində də müvafiq olan şəxslərə deyilir. Peyğəmbər (s) buyurur: “Bir adamın danışığı ilə əməli uyğun olsa, səadətə çatar.”

Əgər insan etiqadının, danışığının və əməlinin uyğun olmasına səy edərsə, siddiqlər məqamına nail olar. Əksinə, sözünə əməl etməyən insan münafiq və yalançıdır. Necə ki, Qurani-Kərim dildə Peyğəmbərin (s) peyğəmbərliyinə şəhadət verib, qəlblərində etiqadı olmayan münafiqləri yalançı sayır və buyurur:

إِذاجاءَكَ الْمُنافِقُونَ قالُوا نَشْهَدُ إِنَّكَ لَرَسُولُ اللّهِ وَ اللّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُ وَاللّهُ يَشْهَدُ إِنَّ الْمُنافِقينَ لَكاذِبُون

“Ey peyğəmbərimiz! Elə ki, münafiqlər sənin yanına gəlib dedilər: “Şəhadət veririk ki, sən Allahın elçisisən – aldanma! Allah bilir ki, sən Onun elçisisən və O şəhadət verir ki, münafiqlər yalan deyirlər.” (“Münafiqun” surəsi, ayə 1.)

Münafiqlərin sözlərinin yalan olmasına dəlil budur ki:

...يَقُولُونَ بِأَفْواهِهِم مَّا لَيْسَ فىِ قُلُوبِهِمْ وَاللّهُ أَعْلَمُ بِما يَكْتُمُون

“Dildə izhar etdikləri şeyin əksini qəlblərində gizlədərlər. Allah onların gizlətdiklərini onlardan daha yaxşı bilir…” (“Ali-İmran” surəsi, ayə 167.)

Peyğəmbər (s) buyurur: “Bir adam öz dediyinə əməl etmirsə, ancaq özünü qınayıb məzəmmət etsin. Çünki danışığından aydın olur ki, haqqı və vəzifəsini yaxşı bilir və höccət onun üçün tamamlanmışdır.”

Təbiidir ki, haqqı və doğru yolu tanıyıb, hətta başqalarını bu yola dəvət edən insan əməldə öz dediklərinə əməl etmirsə, ancaq özünü danlamalıdır.

Peyğəmbərin (s) bu sözü daha çox elm əhlinə və minbərə çıxıb xalqa nəsihət edən din xadimlərinə aiddir. Xalqı haqqa dəvət edən kəslər əvvəl özləri dedikləri sözün üstündə durmalıdırlar. Həmçinin əməlləri etiqad və söylədiklərinin həyatda bir cilvəsi olmalıdır. Allah Quranda bu dəstəni danlayaraq buyurur:

أَتَأْمُرُونَ النّاسَ بِالْبِرِّ وَ تَنْسَوْنَ أَنْفُسَكُمْ وَ أَنْتُمْ تَتْلُونَ الْكِتابَ أَفَلا تَعْقِلُون

“Siz camaatı yaxşı işlər görməyə əmr edirsiniz və (amma) özünüz onu yaddan çıxarırsınız! (Özü də) Allahın kitabını oxuyursunuz. Niyə düşünüb fikirləşmirsiniz?” (“Bəqərə” surəsi, ayə 44.)

Burada “yaddan çıxarmaq” unutmaq mənasında deyil. Quranın çatdırmaq istədiyi məna budur ki, öz dediklərinizə əməl etmirsiniz.

Çünki mümkündür, öz sözü yadında olsun, lakin ona əməl etməsin. Necə ola bilər ki, ürəyi yanan bir halda başqalarına “fılan işi görün, fılan işi tərk edin” – deyə nəsihət etsin, lakin özünü yadından çıxarsın! Başqalarına özündən çoxmu ürək yandırır? Belə şey inandırıcı deyil. İmam Əli (ə) buyurur:

أَللّهَ أَللّهَ فى أَعَزِّ الاَْنْفُسِ عَلَيْكُمْ وَ أَحَبِّها إِلَيْكُم

“Allahdan qorxun! Allahdan qorxun! (Hətta) sizin üçün ən əziz adamlar barəsində olsa da belə.” (“Nəhcül-bəlağə” (Feyzülislam), xütbə 156, səh. 494.)

Həzrətin (s) yuxarıdakı sözü deməkdə məqsədi budur ki, siz özünüzü başqalarından daha çox sevirsiniz. Başqalarını da sevməyinizin səbəbi, onların sizin öz hədəfinizə çatmağınızdan ötrü bir vasitə olması, həyatdan zövq almağınıız, səadətə qovuşmağınızdan ötrü sizin üçün yaratmalarıdır.

Onlarla birlikdə oturub-durmağınız, deyib-gülməyiniz sizin üçün xoşdur. Deməli, əsas siz özünüzsünüz və başqalarını da özünüzə görə sevirsiniz.

İndi necə olur ki, başqalarına can yandırıb nəsihət edir, lakin özünüzü yaddan çıxarıb halınıza acımayasınız və dediklərinizə əməl etməyəsiniz?! Allah-Taala buyurur:

يا أَيُّهَا الَّذينَ آمَنُوا لِمَ تَقُولُونَ مالاتَفْعَلُونَ كَبُرَ مَقْتاً عِنْدَاللّهِ أَنْ تَقُولُوا ما لا تَفْعَلُونَ

“Ey iman gətirənlər! Niyə bir şeyi söyləyib (sonra) əməl etmirsiniz. Deyilənə əməl etməmək Allah yanında çox pisdir.” (“Səff” surəsi, ayə 2-3; “Rəhe-tuşe” – Axirət azuqəsi, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh.107-110.)


(Maide.Az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930