İnsanın niyə övlada ehtiyacı vardır?
Mьəllif: admin1
Tarix: 6-12-2021, 11:16
İnsanın niyə övlada ehtiyacı vardır?
Niyə İslam dinimiz, Məsumlarımız (ə) övlad dünyaya gətirmək üçün bu qədər təkid edirlər? Bunun səbəbi nədir?

Quran və hədislərimizin nəzərinə görə övlad valideyn üçün budur:

- Allah Təala Qurani-Kərimdə övladları insanın gözünü nuru kimi tanıtmışdır. “Və o kəslər ki, «ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları, qolları və təlimlərində) bizi təqvalılara başçı et» deyirlər”. (“Furqan” 74).

- Övlad – Allahın layiqli insanlara əta etdiyi dəyərli hədiyyədir.

- Həzrət Peyğəmbərin (s) nəzərinə görə, bir kişinin evlənməsindəki əsil hədəfi – övlad dünyaya gətirmək olmalıdır.

- İmam Sadiq (ə) oğlan övladını nemət, qız övladını həsənə adlandırmışdır.

İnsanın ehtiyaclarını iki hissəsəyə bölmək olar: dünyəvi ehtiyacları, axirəvi ehtiyacları.

İnsanın dünyəvi ehtiyacları.

İnsanın dünya ehtiyaclarının özü də iki hissəyə bölünür: Cismi ehtiyaclara, ruhi ehtiyaclara.

Cismi ehtiyaclar.

İnsan dünyaya gələn gündən cismini inkişaf etdirmək üçün bəzi şeylərə ehtiyac duyur. O zaman ki, övlad sahibi olur, bu ehtiyacların bir hissəsini övladı vasitəsilə təmin edə bilir. O cümlədən:

1. Nəslinin davam etdirilməsi. Həzrət Peyğəmbər (s) buyurur: “Evlənin, çünki mən Qiyamət günü sizin başqa ümmətlərdən sayca çox olmağınıza görə fəxr edəcəyəm”.

2. İşlərdə yardımçıdır və insanın hamisidir. Quran bir çox ayələrində övladları valideynin yardımçısı kimi tanıtmışdır: “Sizə mallar və oğullarla kömək edər və sizi say baxımından (onlardan) çox edərik”. (“İsra” 6).

«Sizə heyvanlar və oğullar (əta etməklə) kömək etdi». (“Şuəra” 133).

«Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın». (“Nuh” 12).

3. Qocalan zaman sizin üçün əsa olar.

Ruhi ehtiyaclar.

1. İftixarınıza səbəb olar. O zaman ki, valideyn övladını layiqli şəkildə tərbiyə edər və övladı hər bir sahədə inkişaf edər, həmin övlad valideyn üçün iftixar mənbəyi olar.

2. İnsanın özündən sonra adının qalmasına yardım edər. İnsanın ruhi ehtiyaclarından biri də daima cavidan qalmaq istəməsidir. Əgər valideyn övladını layiqli şəkildə tərbiyə edərsə, övladının adı ilə birlikdə, onun da adı insanların dilində əzbər olar.

3. Həyatı gözəlləşdirər. Allah Təala Quranda buyurur: “Mal və övladlar – dünya həyatının zinət və bəzəyidir”. (“Kəhf” 46).

4. Qocalan zaman tənhalığını bölüşər. İnsan qocaldıqca tənha qalmaqdan qorxar. Əgər övladı olarsa, bu qorxu onu sarsıtmaz. Çünki bilər ki, tənhalığını aradan aparacaq insanlar vardır.

Axirəvi ehtiyaclar.

Həzrət Peyğəmbər (s) buyurur: “Dünya – axirət üçün bir tarladır”. İnsan o əməli ki, dünyada yerinə yetirər, təsirini axirətdə görəcəkdir.

Övlad dünyaya gətirmək dünya həyatı üçün çətin olsa da, insanın axirətində əlindən tutar. O zaman ki, insanın yaxşı əmələ ehtiyacı olar, övladlar insanın dadına çatar.

Qiyamət günü övladın valideynə faydaları:

1. Allahın Peyğəmbərini (s) şad edər. Çünki müsəlman övladlarının sayının çoxluğuna görə Həzrət (s) başqa ümmətlərə fəxr edəcəkdir.

Bu da Həzrəti (s) sevindirəcəkdir. Əziz Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Hər kim məni sevindirər – Allahı sevindirmiş olar”.

2. Günahların bağışlanması. O zaman ki, valideyn layiqli övladlar tərbiyə edər, başqa insanlar həmişə onun valideyninə yaxşı dualar edərlər və deyərlər ki, Allah atası ilə anasına rəhmət eləsin. Bu dualar insana həm qəbirdə, həm də Qiyamət günü yardım edər.

3. Əməl dəftəri açıq qalar. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman Adəm övladı ölsə, əməl dəftəri bağlanar, məgər üç haldan başqa: saleh övlad ki, onun üçün dua edər. O elm ki, başqaları ondan fayda apararlar. Cariyə sədəqəsi”.

4. Valideynin şəfaəti. O zaman ki, bəndələr Qiyamətə daxil olar, Allah Təala Cəbrayil Əminə (ə) əmr edər ki, möminlərin övladlarını behiştə daxil etsin.

Onlar behiştin qapısında dayanar və daxil olmaq istəməzlər. Gözətçilərdən atası və anası barəsində soruşarlar.

Onlar da cavab verərlər: “Sizin ata və ananız günahkardırlar və onların əməllərinin hesabı çəkilir”.

Bu zaman uşaqlar fəryad çəkib ağlayarlar.

Allah Təbarəkə və Təala bu ağlamağın səbəbini Cəbrayildən (ə) soruşar. O, deyər: “Allahım, Sən daha agahsan. Bu, möminlərin uşaqlarının səsidir ki, ata və anaları olmadan behiştə daxil olmaq istəmirlər”.

Allah Təala Cəbrayilə (ə) əmr edər ki, insanların arasından onların valideynlərinin əllərindən tutub, behiştə daxil etsin.

Beləliklə deyə bilərik ki, övlad – Allahın insana əta etdiyi ən şirin və ən dəyərli hədiyyələrdəndir ki, onun həm dünya və həm də axirət ehtiyaclarını təmin etməsinə yardım edər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031