İmam Həsən Əsgəri (ə) o qədər nəcib və nüfuzlu bir insan idi ki, düşmənləri də öz təsiri altına alırdı
Mьəllif: admin1
Tarix: 5-10-2022, 14:55
İmam Həsən Əsgəri (ə) o qədər nəcib və nüfuzlu bir insan idi ki, düşmənləri də öz təsiri altına alırdı
Məsum İmamlar (ə) ali insani dəyərlərin ən gözəl nişanəsi və İlahi ayələrin təcəllisidirlər. Onların öz Məbudları ilə münacatı və ibadəti, risalətlərini ən gözəl şəkildə yerinə yetirməkləri, fəzilət dənizləri kamil insan nümunəsini bizlərə tanıtmışdır.

On birinci İmam olan Həzrət Həsən Əsgəri (ə) – kamil insan nümunələrindən biridir. Bu gözəl İmamın (ə) əzəmətli şəxsiyyətini Abbasi sarayının vəziri olan Əhməd ibni Ubeydə belə təsvir edir: “Şəhərdə heç bir Ələvini Həsən ibni Əli ibni Muhəmməd ibni Rza (ə) kimi nə gördüm və nə də tanıdım.

Həm nəsli və həm də sultanlar arasında olan vüqarı, sükutu, iffəti və kərəmi qədər ona tay olanı görmədim.

Bəni-Haşim onu öz ağsaqqallarından və qüdrət sahiblərindən üstün tuturlar. Hakimlərdən, vəzirlərdən, adi insanlardan onu üstün tuturlar. Onun düşməni də, dostu da onu tərifləyir”.

İmam Həsən Əsgərinin (ə) bərəkətli 29 il ömrünü üç hissəyə bölmək olar: ilk 13 ilini Mədinədə keçirtmişdir, 10 il sonrakı ömrünü Samirrada atası həyatda olan zaman keçirtmişdir, 6 il imamət dövrünü də Samirrada keçirtmişdir. İmamın (ə) imamət dövrü Abbasilərin xilafətdə olduğu zamana təsadüf edir.

Mütəvəkkil (lən) bu xəlifələrdən biridir ki, İmamı (ə) zindana salır və səbəbini də heç kəsə açıqlamır. Abbasi xəlifələri səy göstərirdilər ki, İmamı (ə) daima nəzarətdə saxlayıb, ondan xəbərdar olsunlar.

Onu öz dostlarından və davamçılarından uzaq salmışdılar. Ona görə də İmam Həsən (ə) də çarəsiz olaraq, atası kimi Samirrada hərbi vəziyyətdə yaşamağa məcbur olur.

İmamın (ə) imamət dövrünün üç ili zindanda keçir. Baxmayaraq ki, İmam (ə) elə evində olan zamanda həbs rejimində idi, ancaq bu azgın xəlifələr bununla kifayətlənməyib, onu zindana salırlar.

Şəhid Mütəhhəri bu gözəl İmam (ə) haqqında buyurur: “İmam Həsən Əsgərinin (ə) varlığı cəlalı, heybəti və gözəl görünüşü ilə üstün idi. Yəni, onun əzəməti, heybəti xarici görünüşündən məlum idi və onunla görüşən hər kəsi öz təsiri altına salardı.

İmam (ə) bir söz deməmiş və elmini tanıtmamış, onun xarici görüşündən təsirlənirdilər. O zaman ki, danışardı, dalğalı dəniz danışmağa başlayardı”.

İmamın (ə) bu cür vəziyyətdə yaşaması hidayət olmuş Əhli-beyt (ə) alimlərinin üzərinə böyük bir vəzifəni qoyurdu. Bu alimlər İmamın (ə) nümayəndələri rolunu oynayaraq, insanları maarifləndirirdilər.

Çətin mövzuları isə İmamdan (ə) yazılı şəkildə öyrənirdilər. İmam (ə) da onlara məktublar yazır və öz möhürü ilə imzalayardı. İmam (ə) öz məktublarında insanları qeyb dövrü ilə tanış edir və sonuncu İmamın (ə.f) xüsusiyyətlərini onlara tanıdırdı.

Abbasi xəlifələri sonuncu İmamın (ə.f) gələcəyi qorxusundan, dəfələrlə İmamın (ə) evində axtarış aparmışdılar. Onlar Qaimin (ə.f) dünyaya gəlməsinə mane olmaq istəyirdilər.

İmam Həsən Əsgəri (ə) bu haqda yazdığı məktubda buyurur: “Belə hesab edirlər ki, məni öldürərək, nəslimi qət edəcəklər. Halbuki, Allah onların istəklərini inkar etmişdir. Allaha şükür edirəm ki, canişinimi və İmamı mənə tanıtmadan, məni dünyadan aparmadı.

O, xilqət və əxlaqda Peyğəmbərə (s) ən çox bənzəyən kəsdir. Allah onu qeyb zamanında qoruyacaqdır. Sonra onu zahir edəcək və Yer üzü zülmə büründükdən sonra, ədalət və bərabərliklə dolacaqdır”.

Bəli, bu İlahi şəxsiyyət qısa ömür sürməyinə baxmayaraq, risalətini ən gözəl şəkildə yerinə yetirmiş, həm dostları və həm də düşmənləri arasında nüfuza malik olmuşdur.

Onun yadigar qoyub getdiyi Qaim (ə.f) isə bütün İmamların (ə), xüsusilə də Peyğəmbər (s) sünnətinin davamçısıdır. İmam (ə) belə bir gözəl övlad tərbiyə edərək, İslam dininin həqiqi simasını qoruyub saxlamış və onu sonrakı nəsillərə ötürmək üçün böyük zəhmətlər və çətinliklər çəkmişdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930