İslam Peyğəmbərindən (s) uzaq ümmət
Mьəllif: admin1
Tarix: 17-11-2017, 21:10
İslam Peyğəmbərindən (s) uzaq ümmət
Təəssüflər olsun ki, bu gün İslam ümməti öz əziz Peyğəmbərinin (s) gətirdiyi dindən, yaşadığı sünnədən çox uzaq düşüb. Həqiqi İslami dəyərlər, Peyğəmbər (s) sünnəsi sonradan uydurulan ənənələrlə əvəz edilib. Fərq eləmir ki, kimsə Peyğəmbərdən (s) sonrakı hakimiyyətlər kimi İslamı təhrif etsin, bidət gətirsin, yaxud İslama əməl etməməklə hər il geriləsin.

İslam Peyğəmbərinin (s) vəfatı, İmam Həsənin (ə) şəhadəti Səfər ayının 28-ə təsadüf edib. Hər iki gün İslam dünyasında böyük matəm günlərindəndir. Səfər ayı digər tərəfdən İmam Hüseynin (ə) şəhadətinin qırxıncı gününü özündə ehtiva edir. İslam Peyğəmbəri (s) ilə İmam Həsəni (ə) bir-birinə bağlayan bağlar mövcuddur. Qohumluq əlaqələri öz yerində, bundan əlavə İmam Həsəni (ə) və Hüseyni (ə) İslam Peyğəmbərinə (s) bağlayan əlaqə bundan ibarətdir ki, bu iki əziz İmam (ə) İslam Peyğəmbərinin (s) sünnəsinin, İslam dininin təhlükəyə düşdüyünü gördükdə sinələrini qabağa verib dinin, sünnənin ölməsinə imkan verməyiblər.

Bəzi cahillər anlamadıqları məsələ barəsində mühakimə yürüdür, İmam Hüseynin (ə) əməlinin səhv olduğunu təbliğ edirlər. Əlbəttə bu cür insanlar öz hakimiyyətdəki dayaqlarını möhkəmlətməkdən ötrü bu cür çirkin işlər görür və İmama (ə) iftiralar atırlar. Baxın burada diqqət ediləsi bir məsələ var. Özlərini İslam Peyğəmbərinin (s) sünnəsinin müdafiəçiləri, davamçıları adlandıran cərəyan üzvləri İmam Hüseyndə (ə) "nöqsan" görməklə Peyğəmbərin (s) sünnəsini təhrif edirlər. O adamdan "irad tuturlar" ki, Peyğəmbər (s) onun haqqında "nicat gəmisi", "hidayət çırağı", "cənnət cavanlarının ağası" sözlərini buyurub. Amma bir dəstə zahirdə özlərini müsəlman hesab edənlər həmin sünnəni – İmam Hüseynə (ə) dil uzatmaqla baltalayırlar. Məgər İslam Peyğəmbərinin (s) İmam Hüseyni (ə) sevməsi, əzizləməsi, o həzrətin barəsində hədislər buyurması onun (s) sünnəsinin tərkib hissəsi deyilmi? Bəs nə üçün İmam Hüseyn (ə) barədə cahilcəsinə fikir yürüdənlər bu sünnənin əksinə gedirlər.

Bu insanların İmam Hüseyni (ə) qətlə yetirməklə Peyğəmbərə (s) hörmətsizlik edən şimrlərdən, ibni ziyadlardan, hərmələlərdən fərqləri odur ki, onlar İmamla fiziki müharibəyə girmişdilər, bu gün həmin yezid törəmələri isə İmamla (ə) imam aşiqləriylə fikri, ideoloji müharibə aparır.

İslam Peyğəmbəri (s) İmam Hüseyn (ə) arasında olan ortaq nöqtələrdən biri çox zaman ümmətin yadından çıxır. Allah Quranda iki mübarək ayədə iki məqama işarə edir. Birində buyurur ki, özünüzü təhlükəyə atmayın. Digər ayədə isə buyurur ki, bir xalq öz aqibətini dəyişdirincəyə qədər Allah onun aqibətini dəyişməz. Bu iki ayə insanlar tərəfindən çox zaman yanlış anlaşılır. Çünki bir ayədə insanın öz aqibətini dəyişməsindən danışılır, digər ayədə təhlükəyə düşməmək təlqin edilir. Yəni təsəvvür edin ki, bir ayə buyurur ki, təhlükədən uzaq olun, özünüzü təhlükəyə atmayın. Digər ayə isə insanı təhlükənin içinə atan dəyişikliyə təşviq edir. Ola bilər zahirdə bu iki ayə arasnda ziddiyyət görünsün. Amma əslində bu cür deyil. İslam Peyğəmbəri (s) Quranı ümmətə gətirməkdən əlavə özü hamıdan əvvəl və daha layiqli bir formada Quran əməl edib. Bəs necə olur ki, həm özünü təhlükədən uzaq tutub, həm də insanları dəyişikliyə səsləyib? Bu nöqtə İslam Peyğəmbəri (s) ilə İmam Həsəni (ə) və İmam Hüseyni (ə) birləşdirən nöqtədir – Qurana ən yaxşı şəkildə əməl etmək.

İslam Peyğəmbərinin (s) mübarək həyatına nəzər salsaq görərik ki, təhlükələrlə doludur. Ən təhlükəli məqamlarda özünü təhlükənin ortasına atıb. Məgər müşriklərə "günəşi bir əlimə, ayı o biri əlimə versələr də təbliğatımdan dönməyəcəyəm" demək hər insanın hünəridir? Bu mövqe nə qədər təhlükələr vəd edirdi. İslam Peyğəmbəri (s) Allaha arxalanaraq bu işləri görürdü. Hərblər, terror etmə planları, zəhərləmə arzuları, sürgün həyatı, qohum-əqrəbaya əziyyət, sehirbaz, yalançı, hiyləgər və s. kimi ittihamlarla ittiham etmək və s. bu kimi hadisələrin hər birisi təhlükə və risk vəd edirdi. İmam Hüseyn (ə) da bütün bu təhlükələri göz önünə almışdı. Deməli İmam Hüseyn (ə) əslində İslam Peyğəmbərinin (s) sünnəsini dirildirdi. Bu sünnəni diriltməyin özü də sünnəyə əməl etməklə (təhlükədən qorxmamaqla) gerçəkləşirdi. Deyilə bilər ki, İslam Peyğəmbərini (s) Allah qoruyurdu. Digər yandan biz də Peyğəmbərdən (s) ibrət almalıyıq. Allaha təvəkkül etməliyik ki, işlərimiz yaxşı, Allah istəyən kimi alınsın.

Bəs nə üçün İslam Peyğəmbəri (s) ilə İmam Həsən (ə), İmam Hüseyn (ə) eləcə də digər imamlar təhlükəli məqamlarda özlərini təhlükəyə atıblar? Çünki insanın özünü təhlükəyə atmaması, təhlükədən qorunması, canının halına yanması nə qədər mühüm olsa da İslam təhlükəyə düşəndə onu qorumaq ondan da mühümdür. Bu demək olar mentalitetlərdə, başqa millətlərdə də belədir. İnsan məgər vətəninə sahib çıxmaq üçün özünü təhlükəyə atıb şəhadəti belə gözə almırmı? Hansı ağıllı insan öz vətəni uğrunda canından keçən şəhidi qınayır, onu özünü təhlükəyə atmaqda ittiham edir? Bir vətəni qorumaq nə qədər mühümdürsə din yolunda, sünnə uğrunda candan keçmək ondan daha mühüm və tələb olunandır.

Biz də özümüzü Peyğəmbərin (s) sünnəsinin əhli, dininin davamçısı hesab ediriksə ağıllı rəftar etməli, hadisələri düzgün təhlil etməyi bacarmalı, dini, sünnəni insanlara doğru təbliğ etməli, lazım gələrsə təhlükələrdən qorxmamalıyıq.

Ümməti həqiqi İslama, həqiqi sünnəyə qaytarmağa çox ehtiyac vardır. Yezidlərin azalmadığı dövrdə hüseynçi olmaq zərurəti daha çox özünü biruzə verir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930