ALLAHIN ÖZ DOSTLARINA XÜSUSİ DİQQƏTİ
Mьəllif: admin1
Tarix: 13-11-2017, 10:10
ALLAHIN ÖZ DOSTLARINA XÜSUSİ DİQQƏTİ
Allah-Taalanın Qurani-Kərimdə “ilahi zikr” barəsində dərk olunası incə bir təbiri var: “Məni yad edin ki, mən də sizi yad edim!”

Bu təbir müxtəlif mərifət mərtəbələrində fərqli təhlil oluna bilər. Əlbəttə, Allah heç bir halda kimdən və yaxud nədənsə xəbərsiz deyil: “Rəbbin nə etdiklərinizdən qafil deyil.” (“Hud” surəsi, ayə 123.)

Allah heç bir şeyi unutmur: “Rəbbin unudan deyil.” (“Məryəm” surəsi, ayə 64.)

Allahın elmi keçmişi, indini və gələcəyi əhatə edir. Heç bir şey ondan gizli deyildir: “Yerdə və göydə zərrə qədər bir şey Allahdan gizli qalmaz.” (“Yunus” surəsi, ayə 61.)

Məlum olur ki, “Məni yad edin ki, mən də sizi yad edim” buyruğundakı zikr başqa bir zikrdir. Bu, Allahın Öz dostlarına münasibətdə xüsusi bir diqqətidir. Uyğun diqqət bütün varlığa aid ümumi diqqət deyil.

Bəzi təfsirçilər bu ayənin təfsiri ilə bağlı yazırlar:

Allah demək istəyir ki, siz yaxşı əməllərinizlə Məni yad edin, Mən də öz rəhmət və mükafatımla sizi yad edim. Bu həqiqətin kiçik bir hissəsini bəyan edən nəticədir. Lakin ayə daha lətif və dəqiq bir mövzuya işarə ola bilər; məhəbbət şirinliyini dadmış şəxslər daim məhbubun onları düşünməsi istəyindədirlər. Məsələn, məhbubu ilə olduğu bir məclisdə bəzən məhbubun göz ucu ona tərəf baxmasını istəyir. Sadiq aşiqin məşuqun diqqətindən aldığı bu ləzzət bütün maddi ləzzətlərdən üstün və dəyərlidir. Allah-Taala öz dostlarına tez-tez bu növ işarələr edir. Buna görə də Allah-Taala buyurur: Əgər sizə (xüsusi) diqqət etməyimi istəyirsinizsə, siz də Məni düşünün.

İlahi məhəbbət şirinliyini zərrə qədər dadmış şəxslər onu bir an belə unutmurlar. Yuxudan qalxan zaman dillərinə gətirdikləri birinci söz Allahın zikri olur. Böyüklərdən bəziləri buyururlar: İnsan təlaş nəticəsində elə bir məqama çatır ki, təkcə ibadətdə yox, başqa işlər gördüyü zaman da, yaşayış işlərinə məşğul olan və xalq ilə ünsiyyət saxlayan zaman da qəlbində Allahı düşünür. Yuxu zamanı da bu diqqətin təsirli olması mümkündür. Hətta yuxu zamanı insanda daha şiddətli diqqət yarana bilər. Bəlkə elə buna görə də deyirlər: “Möminin yuxusu ibadətdir.”

Beləliklə, Allahı yad etmək Onun öz zikr edən bəndəsinə xüsusi diqqətinə səbəb olur. Mərhum Əllamədən dəyərli ömrünün axırlarında bəzən nəsihət istəyirdilər. Bir neçə dəfə belə tələbdən sonra mərhum bu şərif ayəni oxuyur: “Məni yad edin ki, Mən də sizi yad edim.” Allahın Öz bəndəsinə diqqətinin əhəmiyyət və dəyərini qiyamət günü, kafirlər üçün Allahın onlara diqqət yetirməməsinin dərd olduğunu gördükdə anlayacağıq. Allah qiyamət günü kafirlərin həsrət və əzabının şiddətini bildirmək üçün buyurur: “Allah onlarla söhbət etmir, onlara nəzər salmır.” (“Ali-İmran” surəsi, ayə 77.)

Bu onlar üçün ən üzücü və ən böyük əzabdır. Biz Allahı yad etməməyin necə də ağrılı olduğunu indi dərk etməsək də, axirət günü pərdələr kənara çəkilən zaman dərk edəcəyik. Hətta kafirlər də bu itkinin əhəmiyyətini dərk edəcək.

BÜTÜN HALLARDA ALLAH ZİKRİ

İnsanın bütün halları üçün məsumlardan nəql olunmuş dualar (ən çox bu duaları onlar özləri oxuyurdu) bəndənin heç bir zaman Allahı unutmamalı olduğunu göstərir. Peyğəmbər (s) barəsində nəql olunur: “Allahı zikr etməmiş oturmaz və qalxmazdı.” (“Məkarimul-əxlaq”, Təbərsi, səh.14.)

Hətta Həzrətin qalxdığı və ya oturduğu zaman oxuduğu zikrlər nəql olunmuşdur. Hər vaxt yeni paltar geyinsəydi, xüsusi zikr edərdi. Yatdığı zaman xüsusi zikr, bəzən isə “ayətəl-kürsi” oxuyardı. Yuxudan qalxan zaman isə, əvvəlcə səcdəyə gedib Allaha sitayiş edirdi. İmam Baqir (ə) buyurur: “Allahın Rəsulu yuxudan oyanan kimi səcdə edərdi.” (“Məkarimul-əxlaq”, Təbərsi, səh.39.)

Həzrət yuxudan ayıldıqdan sonra ayrıca bir zikr deyərdi. Hidayət imamlarından nəql olunmuş başqa xəbərlərdə də möminin həmişə Allahı zikr etməli olduğu göstərilir. Bütün hallarda, hər bir iş Allahın zikri ilə başlamalıdır.

Allah-Taala Musa ibn İmrana buyurdu: “Ey Musa, heç bir halda Məni unutma və Məni yad etməkdən qafil olma.” Musa ərz etdi: “İlahi, bəzi hallarda Səni düşünməyə utanıram.” Xitab olundu: “Hətta o halda da Məni düşünmək yaxşıdır.” (“Biharul-ənvar”, 13-cü cild, səh.343, 21-ci rəvayət.)

Quran nəzərincə də heç bir şey möminin Allahı düşünməsinə mane ola bilməz. Sadiq möminlərin sifətləri barəsində buyurur: “(Möminlər o kəslərdir ki,) nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.” (“Nur” surəsi, ayə 37.)

Zahirdə iş-güclə məşğul olub, xalqla ünsiyyətdə olmalarına baxmayaraq, onların diqqəti həmişə Allahdadır. Heç bir şey onların Allahdan qafil olmalarına səbəb olmur. Allah “Merac” gecəsi Peyğəmbərinə möminləri vəsf edərək belə buyurdu: “Möminlər dünyadan gedən zaman onlardan soruşular ki, dünyanı necə tərk etdiniz? (Dünyadan nə xəbər var?) Belə cavab verərlər: “İlahi, and olsun izzət və cəlalına, mən dünyadan agah deyiləm. (Çünki) Məni yaratdığın gündən Sənin məqamından qorxmuşam.” Bu zaman Allah buyurur: “Düz dedin, ey Mənim bəndəm! Bədənin dünyada idi, lakin ruhun Mənim yanımda!”” (“Biharul-ənvar”, 77-ci cild, səh.21.)

ALLAHLA ÜNSİYYƏT ÖVLİYALARA LƏZZƏTDİR

Bəli, əgər həqiqi möminlər dünyanı düşünürlərsə, bu düşüncə səthi və çarəsizlikdəndir. Lakin onlar qəlblərinin dərinliyində Allahı düşünürlər. Onlar bəzən dünya nemətlərini də xatırlayırlar. Çünki bu nemətlər məşuq tərəfindən olan bir hədiyyədir. Əgər məşuq tərəfindən aşiqə bir çiçək çatarsa, bu hədiyyə aşiq üçün bütün dünyadan üstün və dəyərli olar.

Allahın övliyaları dünyada maddi ləzzətləri düşünmürlər. Axirətdə də başqa möminlər ilahi nemətlərdən faydalanarkən onlar öz Allahı ilə raz-niyaz edirlər. Merac hədisində buyurulur: “Behişt əhli behişt yeməkləri və şərablarından ləzzət alan zaman bu dəstə Məni yad edir və Mənimlə söhbətdən ləzzət alırlar.” (“Biharul-ənvar”, 77-ci cild, səh.23, 6-cı rəvayət.)

Behişt şərabları və yeməkləri dünya yeməkləri və şərablarından çox dəyərlidir, hətta müqayisə olunmaz dərəcədədir. Yüksək iradəli şəxslər dünyanın haram ləzzətlərinə göz yumub, behiştin şərab və yeməklərinə çatmaq istəyirlər. Lakin Allahı yad edən və onunla ünsiyyətin şirinliyini dərk edən şəxslər cənnət şərabları və yeməklərinə də diqqət ayırmırlar. “Dost bizim, onun bütün nemətləri isə sizin!”

Belə möminlər hətta Allahla ünsiyyətdən başqa bir şeydən ləzzət aldıqda, Allahdan bağışlanmaq istəyirlər. İmam Səccad (ə) öz münacatında Allaha belə ərz edir: “İlahi, Səni yad etməkdən başqa bir şeydən ləzzət aldığıma görə bağışlanmaq istəyirəm. Səninlə ünsiyyətdən savay hər bir rahatlığa və Sənə yaxınlıq məqamından başqa hər bir şadlıq və sevincə görə bağışlanmaq istəyirəm.” (“Məfatihul-cinan”, Münacati-Xəmsə Əşərə.)

Bu, həqiqətdə onların Allah zikrində tapdığı həmin ləzzətdir. Məhbubun onları düşünməsi!

“Allahım, dilimi zikrinlə hərəkətə gətir, qəlbimi eşq və məhəbbətinlə məğlub et. Qəbulunun gözəlliyi ilə mənə minnət qoy!” (“Məfatihul-cinan”, Kumeyl duasından bir hissə; “Rəbbin dərgahında”, Ayətullah Misbah Yəzdi, səh.153-157.) (Maide.az)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031