Ən təhlükəli mənəvi xəstəlikdən nicat yolu
Mьəllif: admin1
Tarix: 23-10-2022, 10:53
Ən təhlükəli mənəvi xəstəlikdən nicat yolu
Bismilləhir-Rahmənir-Rahim!

Bəşəriyyətə, insanlara Allah tərəfindən verilmiş ən böyük nemətlərdəndir ki, öz halı, durumu haqqında düşünə bilsin.

Birmənalıdır ki, əgər bizlər öz halımız, durumumuz haqqında düşünməsək, qəflət etsək, müxtəlif əxlaqi xəstəliklərə, mərəzlərə yoluxmamız labüd olar.

Gizli əxlaqi xəstəliklər – ən qorxululardır

Əxlaqi xəstəliklərin də içərisində elələri var ki, gizlidirlər. İnsan həmin xəstəliklərə yoluxur, amma onların fərqində olmur. Fiziki xəstəliklərin də içərisində bu cür xəstəliklər var.

Misal üçün, bir insanın şəkərli diabeti olanda, əgər yoxlatdırmasa, ola bilər ki, heç fərqində də olmaz ki, onun şəkəri var. Bu xəstəliyin cürbəcür əlamətləri olacaq, amma yoxlanmayana qədər fərqində olmayacaq ki, bütün bu əlamətlər onda gizli şəkildə olan şəkər xəstəliyindən qaynaqlanırmış.

Bu insan şəkər xəstəliyinin yaratdığı fəsadları müalicə edəcək, amma problem həll olmayacaq. Bir gün gözə, bir gün ürəyə, təzyiqə, ayağa, bədənin müxtəlif əzalarına vura bilər.

İnsan da şəkər xəstəsi olduğunu bilmədiyi üçün bir gün elə biləcək gözünün problemidi, bir gün elə biləcək ayağının problemidi və s. Onları müalicə etməklə məşğul olacaq, amma məsələ həll olmayacaq.

O cümlədən də əxlaqi xəstəliklərin içərisində ən dəhşətliləri, ən ağrılı olanları o xəstəliklərdir ki, onlar gizli şəkildədirlər, insan onlardan xəbərdar deyil. Həmin xəstəlik insanda o formada ola bilər ki, hətta yanında o xəstəlik barədə danışa bilərlər, o da təsdiqləyər ki, həqiqətən də ən pis xəstəlikdi, amma özünün də ona yoluxduğunun fərqində olmaz.

Əxlaqi xəstəliklərin içərisində ən ağır xəstəliklər onlardır ki, gizli şəkildədir. O gizli xəstəliklər içərisində insanın tutulma ehtimalı yetərincə yüksək olan xəstəlik – kibr, təkəbbür, insanın özünü böyük bilməsidir. İnsanın bütün müsibətləri, bütün faciələri, bütün müşkülləri çox zaman ondan qaynaqlanır. Biz sadəcə bunun nəticələrini müşahidə edirik.

İslamın mahiyyəti bu 2 cümlədə xülasələnib

Əgər İslamın, inancımızın insan həyatına təsir edə biləcək amillərini, bütün mahiyyətini iki cümlədə bəyan etmək istəsək, ümumiyyətlə bir kəs İslamın mahiyyətini bilmək istəsə, iki cümlədə xülasə etmək olar: birincisi – “Mən qovulmuş şeytandan Allaha pənah aparıram”, ikincisi – “Bütün işlərimi Rəhman və Rəhim olan Allahın adı ilə başlayıram”.

Bu iki cümlədə İslamın bütün mahiyyəti cəmlənib. Bizim iki işimiz olmalıdır. Bir, biz şeytanın (lən) malik olduğu bütün mənfi xislətlərdən təmizlənməli, uzaqlaşmalıyıq. İlk işimiz bu olmalıdır ki, iblisin (lən) bütün tələ və hiylələrindən Allaha pənah aparmalıyıq. İkincisi – Allahın bəyəndiyi bütün xüsusiyyət və keyfiyyətləri özümüzdə yaşatmalıyıq.

Bizim bundan mühüm işimiz yoxdur. Həm bütün şeytani xüsusiyyətlərdən paklanmalıyıq, həm də Allahın bəyəndiyi İlahi, nurani xüsusiyyətlərə sahiblənməliyik.

Əgər desək ki, ən şeytani, iblisvari xüsusiyyət hansıdır, deyə bilərik ki, bu, təkəbbürdür. Biz görürük ki, insanın əxlaqi xüsusiyyətləri içərisində ən pis sayılan əməl – təkəbbürdür. Peyğəmbərimizin (s) bəyanında görürük ki, Allah qatında ən mənfur, ən nifrətə səbəb olan əməl – təkəbbürdür.

Təkəbbür – insanın qeyri-təbii yüksəlişə can atmasıdır

Təkəbbür – insanın böyümək istəyinə qeyri-dürüst reaksiyasıdır. İnsanın içərisində fitrətən inkişafa can atma, böyümək istəyi var. Bu təbii, fitri istəyin qeyri-düzgün, yanlış həyata keçirməyə cəhd göstərilməsinə təkəbbür deyilir.

Bunu daha aydın başa düşmək üçün bir ibrətli hekayəyə toxunaq. Gümüşü qovaq ağacı var ki, çox böyük, möhtəşəm ağacdır. Bu ağac hardasa olsa, ona fikir verməyib keçmək mümkün deyil.

Onun bir toxumu olur. Həmin toxum, adi, kiçik bir şəkildə olur. Bu toxum istəyir ki, görsənsin. Küləyə qoşulur, ora-bura uçur ki, onu görsünlər – bir şey alınmır. Rəngli yarpaqların üzərinə özünü salır ki, bəlkə orada görsünlər – bir şey əmələ gəlmir. Hər nə edir ki, ona diqqət etsinlər, insanlar onu görmür.

Çox da görsənmək istəyəndə, onu görən yalnız iki tip varlıq olur: onu yemək istəyən quşlar və həşəratlar. Ona maraq göstərənlər yalnız onu yemək istəyənlər olur.

Bir gün artıq bu toxum yorulur, həyatdan küsür, inciyir, arzusuna, istəyinə çatmır. Allaha üz tutur, deyir: “Allahım, bu nə həyatdır ki, mən öz arzularıma çatmıram, böyüyə bilmirəm, mənə diqqət etmirlər”.

Ona ilham gəlir: “Ey mənim əziz, yaratdığım kiçik varlıq! Sən çox böyüksən, təsəvvür etdiyindən də böyüksən. Amma, sən özünü böyüməkdən məhrum etmisən. Sənin böyüməyin – təkamülün görsətməkdən keçmir, əksinə, sən özünü gizlədəndə böyüyəcəksən”.

Toxum gizlətməklə necə böyük mümkün olduğunu başa düşmür. Amma, özünü torpağa atır, torpaqda gizlənir. Torpaqda artıq bunu heç görən olmur. İllər keçir, həmin toxumdan elə bir böyük ağac meydana gəlir ki, onu görmədən keçmək mümkün olmur...

Əslində çox ibrətli məsələdir. Əgər biz Allah hüzurunda dəyərimizin olmasını istəyiriksə, bu, özümüzü görsətməkdən deyil, əksinə təvazökarlıqdan keçir. Təvazösüz insanın təkamülü yoxdur.

“Mən buna layiq deyiləm...”

Digər bir ibrətamiz deyim. Nəql edirlər ki, iki şeytan (lən) bir-biri ilə söhbət edir. Görürlər ki, bir mömin adam keçir. Biri digərinə deyir ki, mən bunu yoldan çıxardaram.

Digəri deyir ki, bunu yoldan çıxartmaq çətin olar, o, mənəvi düşüncələrlə yaşayan adamdı. Birinci şeytan (lən) israr edir ki, onu yoldan çıxarda bilər.

Gedir bir mələk qiyafəsində ona yaxınlaşır ki, gəlmişəm. Həmin mənəvi adam deyir ki, sən məni kiminləsə səhv salmısan, mən o adam deyiləm ki, mənim yanıma mələk gəlsin.

Bunu deyəndən sonra yoluna davam edir və şeytan (lən) da məyus olur. Şeytan (lən) onun üçün bu böyda tələ düzəltmişdi, amma alınmır. Çünki, həmin mömin kişi təkəbbürdən uzaq idi.

Təkəbbürlü olan insan hətta düşünər ki, nəyə görə onun ardınca hələ mələk gəlmir. Amma təvazökar insan, layiq olduğu halda da belə, özünü bu dərəcəyə uyğun bilməz.

Hikmətin binası təvazökarlıqla tikilir

Həzrət İsa (ə) bir gün öz həvarilərini, yaxınlarını yığır və deyir: “Mən bir iş görəcəyəm, amma siz mənə mane olmayın”. Həvarilər deyirlər ki, “biz hazırıq”.

Həzrət İsa (ə) onların ayağını yumağa başlayır. Onlar deyirlər ki, “biz bu işə daha uyğunuq”.

Həzrət İsa (ə) deyir: “Təvazökarlığa daha uyğun olan kəs, daha çox biləndir, daha çox alim olandır. Mən belə təvazökarlıq etdim ki, siz də məndən sonra insanlarla təvazökarlıqla davranasınız”.

Ondan sonra Həzrət İsa (ə) bir nurani buyuruşu bəyan edir: “Hikmətin binası təvazökarlıqla tikilir, necə ki, əkin yumşaq yerdə bitir, bərk yerdə bitmir”.

Bəli, necə ki, əkin yumşaq, şumlanmış yerdə bitir, insanın da təkamülü, yüksəlişi təvazökarlıq ab-havasında mümkün olur.

Həzrət İsa (ə) bir gün səyahətə çıxır. Səyahətə çıxmaq onun həyatının tərkib hissəsi olur. Onun ətrafındakı insanlardan biri ona qoşulur. Dənizdən keçməyə gəlirlər.

Dənizin üzərindən keçəndə, Həzrət İsa (ə) kamil yəqin və xalis niyyətlə “Bismillah” deyir və suyun üzəri ilə hərəkət edir.

Həzrət İsa (ə) ilə birlikdə olan həmin insan da kamil halda, ixlasla və yəqinlə “Bismillah” deyir və o da Həzrət İsanın (ə) ardınca yeriyir.

Onlar yollarına davam edirlər, həmin bu şəxs öz-özünə düşünür: “İlahi, Həzrət İsa (ə) da suyun üzəri ilə hərəkət edir, mən də suyun üzəri ilə hərəkət edirəm.

Həzrət İsanın (ə) məndən nə üstünlüyü var?”. Bu sualı düşünür və xudbinlik, özünübəyənmə və təkəbbür hissi onda baş qaldırır. Elə ki, bu, onda baş qaldırır, o, yıxılır və suya batır.

Həzrət İsanı (ə) köməyə çağırır. Həzrət İsa (ə) onu qaldırır və ondan nə etdiyini soruşur. Həmin kəs deyir: “Mən bir anlığa düşündüm ki, Həzrət İsa (ə) da suyun üzərində hərəkət edir və mən də suyun üzərində hərəkət edirəm – gör mən nə vəziyyətdəyəm?! Bunu düşünəndə mən suya düşdüm”.

Həzrət İsa (ə) ona deyir: “Allah sənə məqam inayət etmişdi, sən günah etdin, xudbinlik etdin və nəticədə bu vəziyyətə düşdün. Sən tövbə et ki, Allah səni bağışlasın”.

Təkəbbbür olduqca böyük bir eyibdir. İnsanın özünü böyük bilməsi, önəmli bilməsi, özünə vurğun olması çox böyük eyibdir.

Hətta insan birinin eybini eşitsə, desə ki, nə yaxşı ki, mən elə deyiləm – bu da təkəbbürdür. Əksinə, insan birinin eybi haqqında eşidəndə, gərək dərhal öz eyiblərinə nəzər salsın ki, bəlkə onda da hansısa eyiblər var, amma fərqində deyil.

İnsanın bu cür etməsi onun təvazökarlığından xəbər verir və əslində ən üstün əxlaqı keyfiyyət də elə təvazökarlıqdır.

Peyğəmbərimizin (s) nümunəsində təvazökarlıq

Çox dəyərli Quran müfəssiri Molla Fətullah Kaşani cənabları dəyərli “Minhəcus-Sadiqin” təfrisində “Qələm” surəsinin dördüncü ayəsinin təfsirində Peyğəmbərimizlə (s) bağlı çox önəmli hekayəni çatdırır. Ayədə buyurulur: “Həqiqətən Sən böyük əxlaqa maliksən”.

Peyğəmbərimiz (s) böyük bir əxlaqa malikdir. Təfsiri nöqtələrə diqqət edəndə görürük ki, bu Peyğəmbərimizin (s) malik olduğu bənzərsiz bir xüsusiyyətdir.

Bu nurani ayənin təfsirində Peyğəmbərin (s) həyatından çox gözəl bir hekayə çatdırılır. Peyğəmbərimizin (s) Mədinədə olduğu bir dövrdür və İslam artıq hər tərəfə yayılmağa başlayır. Səhrada yaşayan, çadırda yaşayan insanlara da artıq İslam çatır, onlar da İslamı qəbul edirlər.

Mədinədən bir qədər uzaqda yerləşən, həmin çadırlarda yaşayan bir qoca nənə olur ki, Peyğəmbərimizi (s) görmək istəyir. Övladlarına müraciət edir ki, onu Mədinəyə aparsınlar ki, Peyğəmbəri (s) görsün. O cür olur ki, getmək fürsətləri və tofiqatları yaranmır.

Hər gün dua edir, Allahdan istəyir ki, Peyğəmbərin (s) ziyarəti nəsibi olsun. Hər gün onların həyat gedişatı belə olur ki, oğlanlar öz işləri ilə bağlı səhraya gedir, anaları su, yemək baxımından hazırlıq işləri görür.

Növbəti gün oğullar yenə səhraya gedir, həmin yaşlı ana su qabını götürür və su üçün gedir. Bu zaman Peyğəmbər (s) həmin məntəqədə yaşayan bir neçə müsəlmanla həmin yerdən keçir. Peyğəmbərimizin (s) bu səhnəni görür və ondan icazə istəyir ki, su qabını götürsün və quyudan su çıxartsın.

Həmin bu yaşlı ana razı olur və bunun müqabilində onun üçün dua edəcəyini deyir. Peyğəmbər (s) suyu çıxardır və su qabını da götürüb, onu çadırına tərəf gedirlər.

Peyğəmbərimiz (s) həminq suyu daşıyarkən onun mübarək üzündən tər də axmağa başlayır. Yanındakılar götürmək istəyirlər, amma Peyğəmbərimiz (s) bildirir ki, ümmətin yükünü özü daşımaq istəyir.

Həmin məntəqəyə çatırlar, yerbəyer edirlər və gedirlər. Bir az keçmir ki, övladları gəlir və ana ona olanları danışır. Oğlanları həmin tərəfə gedirlər, görürlər ki, Həzrət Rəsulallahdır (s).

Övladları bildirir ki, anaları onun Peyğəmbər (s) olduğunu bilməyib və uzun müddət həsrətindədir ki, ziyarətinə getsin. Peyğəmbər (s) geri dönür, anaya vəziyyəti çatdırırlar, ana Peyğəmbəri (s) ziyarət edir, şükrünü həyata keçirir.

Bu, Peyğəmbərimizin (s) təvazösü idi və ən üstün əxlaqı idi.

Allahım, bizlərə təkəbbürdən uzaq olmağı nəsib et!

Allahım, bizə Peyğəmbərimizdən (s) nümunə götürüb, təvazökar davranmağı nəsib et!

Allahım, şeytandan (lən) Sənə pənah gətirməyi və Sənin rəhmətinə sığınmağı bizlərə nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,

İlahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031