Peyğəmbər (s) ümmətin dindən çıxacağından nigaran idi
Mьəllif: admin1
Tarix: 24-06-2021, 11:13
Peyğəmbər (s) ümmətin dindən çıxacağından nigaran idi
1) Quran ayələri göstərir ki, Peyğəmbər (s) öz sağlığında islam cəmiyyətinin gələcəyi ilə əlaqədar çox narahat idi və bəzi xoşagəlməz hadisələri müşahidə etməklə bir, yaxud bir neçə dəstənin onun vəfatından sonra cəhalət dövrünə qayıdıb ilahi qanunları yaddan çıxartması ehtimalı onun fikrində qüvvətlənirdi.

Ühüd döyüşündə Peyğəmbərin öldürülməsi şayiəsi yayılanda bu ehtimal onun zehnində daha da gücləndi. Peyğəmbər (s) öz gözləri ilə görmüşdü ki, müsəlmanların təqribən hamısı qaçmağa üz qoyaraq dağlara və uzaq yerlərə pənah aparırdılar, bəziləri qərara almışdılar ki, münafiqlərin başçısı Əbdüllah ibni Übəyyin vasitəçiliyi ilə Əbu Süfyandan aman (sığınacaq) istəsinlər. Onların dini əqidələri o qədər zəifləmişdi ki, hətta Allah barəsində belə bədgüman olaraq bağışlanılmaz səhvə yol verdilər.

Qurani-Məcid bunu belə bəyan edir: "Peyğəmbərin köməkçilərindən bir dəstəsi öz canlarının hayına elə qalmışdılar ki, Allah barəsində cəhalət dövrünə məxsus olan batil gümanlar edir və deyirdilər: Görəsən bizə bir çarə vardırmı?!"("Ali-Imran" surəsi, ayə:153)

Qurani-Kərim başqa bir ayədə Peyğəmbərin (s) vəfatından sonra onun köməkçilərinin ixtilafa düşmələrindən və müxtəlif dəstələrə parçalanmalarından xəbər verərək buyurur:

"Məhəmməd yalnız bir peyğəmbərdir ki, ondan qabaq da peyğəmbərlər gəlmişdilər. O ölsə, yaxud öldürülsə, siz cəhalət fikir və əqidələrinə qayıdacaqsınızmı?! Hər kəs geriyə qayıtsa Allaha heç bir zərər yetirməz. Allah şükür edənlərə yaxşı mükafat verəcək" (Ali-İmran" surəsi, ayə:144)

Bu ayə Peyğəmbər (s) səhabələrini "cahiliyyət əsrinə qayıdan" və "sabitqədəm və qədirbilən" kimi iki qrupa bölməyi işarə ilə göstərir və çatdırır ki, Peyğəmbəri-Əkrəm (s) vəfat edəndən sonra müsəlmanların ixtilafa düşmələri və ikitirəliyə düçar olmaları mümkündür.

2) Bəni-Saidə səqifəsində yığışan qrupun əməlləri göstərir ki, o gün neçə-neçə sirlər ifşa olunmuş, qohumluq və qəbilə təəssübləri və (Peyğəmbərin (s) köməkçilərinin danışıqları əsnasında) cəhalət dolu fikirlər özünü bir daha göstərmişdir.

Bununla məlum olurdu ki, hələ islam tərbiyəsi onların çoxunun ruhuna nüfuz etməmişdir. Islamı qəbul etmək və iman gətirmək sadəcə onların cahiliyyət sifətlərini örtən bir pərdə olmuşdur.

Bu tarixi hadisənin araşdırılmasından məlum olur ki, o yığıncaqda, çıxışlarda və hay-küydə əsil məqsəd şəxsi mənfəət qazanmaqdan başqa bir şey olmayıb. Orada hər kəs çalışırdı ki, ümmətin ən ləyaqətli fərdinə məxsus olan xilafəti öz əlinə keçirsin.

O yığıncaqda qarşıya qoyulmayan məsələ islamın və müsəlmanların mənafeyi, habelə rəhbərlik məsələsini özünün müdrik və ağıllı tədbirləri, dərin biliyi, böyük ruhu və gözəl əxlaqı ilə islamın təlatümlü dəryaya düşmüş gəmisini nicat sahilinə çatdıra biləcək bir ləyaqətli fərdə tapşırmaq idi.

İslami əqidənin qəlblərə nüfuz etmədiyi, cahiliyyət təqlidlərinin və adətlərinin hələ aradan qalxmadığı bir şəraitdə hər cür daxili müharibələr, cəbhələşmələr və qruplaşmalar cəmiyyətin süqutuna və camaatın çoxunun şirkə və bütpərəstliyə qayıtmasına səbəb olacaqdı.

3) Əlinin (ə) Səqifə hadisəsinin əvvəllərində buyurduğu sözlər gün kimi aydındır. İmam öz sözlərində islama, birliyin əhəmiyyətinə, ixtilaf və təfriqənin pis və acınacaqlı aqibətinə işarə etmişdir.

Məsələn, Əbu Süfyan Əlinin (ə) əlini beyət ünvanı ilə sıxmaq və bu yolla da özünün məkrli tədbirlərinə və murdar məqsədlərinə nail olmaq istəyəndə İmam (ə) üzünü cəmiyyətə tutub buyurdu:

"Fitnə dalğalarını nicat gəmiləri ilə yarın! İxtilaf, ikitirəlilik və təfriqə salmaqdan uzaq olun! Lovğalıq nişanələrini başınızdan çıxarın! Əgər danışsam, deyəcəklər ki, rəhbər olmağa hərisdir, əgər sakit otursam, deyəcəklər ki, ölümdən qorxur.

Allaha and olsun, Əbu Talibin oğlunun ölümə olan məhəbbəti uşağın ana döşünə olan məhəbbətindən çoxdur.

Sükut etməyim xas bir agahlığa və elmə görədir ki, onun dərinliklərinə varmışam. Əgər siz də mənim kimi xəbərdar olsaydınız, quyu ipi kimi iztirablı və titrəyişli olardınız."

Imam (ə)-ın söz açdığı elm məhz ixtilafların və ikitirəliklərin qorxunc nəticələrindən agah olması idi. O bilirdi ki, qiyamlar və daxili müharibələr islamın məhv olması və camaatın cəhalət əqidələrinə qayıtmaları bahasına tamamlanacaqdır.

4) Peyğəmbərin (s) vəfat xəbəri islamı yenicə qəbul etmiş qəbilələrin arasında yayılanda onların bir qrupu dindən çıxıb ata-babalarının ayinlərinə qayıtdılar, əməli olaraq mərkəzi dövlət ilə müxalifətçiliyə başladılar və islam vergilərini verməkdən boyun qaçırdılar.

Mərkəzi hökumətin gördüyü ilk tədbir könüllü və mətin müsəlmanlardan bir qrupunu mürtədlərlə döyüş üçün səfərbər etmək oldu ki, bəlkə yenidən mərkəzi hökumətə itaət edib islam qanunlarına tabe olalar və nəticədə başqa qəbilələrin də beynində təzə-təzə yer açmağa başlayan irtidad (dindən çıxmaq) fikri kökündən kəsilə.

Bəzi qəbilələrin dindən çıxmasından əlavə, Yəmamədə başqa bir fitnə də baş qaldırdı: Müsəyləmə, Səccah, Tüləyhə kimi yalançı peyğəmbərlər zahir olmağa başladı.

Mühacir və ənsarın arasında olan vəhdətin pozulduğu, ətraf qəbilələrin dindən dönməyə başladığı, Nəcd və Yəmamə vilayətlərində yalançı peyğəmbərlərin zahir olmağa başladıqları bir şəraitdə İmamın (ə) da müxalifətə başlaması, öz dəstəsi ilə birlikdə qiyam etməsi heç vaxt düzgün bir iş olmazdı.

İmam (ə) Misir xalqına yazdığı məktubların birində bu məsələyə işarə edərk buyurur: "Allaha and olsun, mən heç vaxt ərəblərin xilafəti Peyğəmbər (s) ailəsindən alacağını və ya məni xilafətdən kənarlaşdıracaqlarını fikirləşməzdim.

Məni təəccübləndirən şey yalnız budur ki, camaat başqasına üz tutdu və beyət əlaməti olaraq, onun əlini sıxdılar. Buna görə də, mən əl saxladım. Gördüm ki, bir qrup adam islamdan üz döndərmiş və Məhəmmədin (s) dinini məhv etmək istəyirlər.

Qorxdum ki, əgər islamın və müsəlmanların köməyinə yetişməsəm, onun bünövrəsində sarsıntı və virançılıq görəm. Bunun da müsibəti və qəm-qüssəsi mənim üçün ilğım, yaxud bulud kimi ötəri olan bir-iki günlük hökumətdən böyükdür.

Buna görə də, bu hadisə ilə qarşılaşmamaq üçün ayağa qalxıb müsəlmanlara kömək etdim, nəhayət, batil məhv oldu, dinclik islamın ətəyinə, ağuşuna qayıtdı."

Osmanın xilafətinin əvvəllərində, xəlifə təyin etmək üçün yaradılan şura Osmanın xeyrinə rəy verəndə İmam (ə) şura üzvlərinə xitabən dedi:

"Hamınız bilirsiniz ki, mən xilafət üçün hamıdan artıq ləyaqətliyəm. Amma müsəlmanların işi öz qaydasında olan vaxta qədər, hərçənd mənə zülm olunsa belə xilafəti boşlayacağam. Mənim hökumətə qarşı etinasızlığımın səbəbi bu yolda olan savab və mükafatı dərk etməyimdir."

İbni Əbil-Hədid yazır: Əli (ə) siyasətdən kənara çəkildiyi günlərin birində əllərini bir-birinin üstünə qoyub oturmuşdu. Əziz həyat yoldaşı Fatimeyi-Zəhra (ə) onu, qiyam edib öz haqqını almağa təhrik etdi. Həmin vaxt müəzzinin "əşhədu ənnə Muhəmmədən rəsulullah" səsi ucaldı. İmam üzünü Fatimeyi-Zəhraya tutub dedi: – İstəyirsənmi ki, bu səs yer üzündən kəsilsin?!

Fatimə "Heç vaxt!" - deyə cavab verdi. İmam (ə) buyurdu: – Elə isə bunun çarəsi mənim seçdiyim yoldur.

Məsələ çox əhəmiyyət kəsb etdiyinə görə, onun ətrafında bir qədər söhbət edib İmamın (ə) silahlı qiyam edəcəyi təqdirdə bunun nəticələrini düzgün sənədlər əsasında araşdırırıq.

Kitabın adı: Vilayət günəşi (birinci cild)

Müəllif: Ayətullah Cəfər Sübhani


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930