ALLAHA YAXINLIĞIN MƏNASI
Mьəllif: admin1
Tarix: 5-08-2017, 21:53

ALLAHA YAXINLIĞIN MƏNASI

 "Allaha yaxınlıq” ifadəsinin mənasını daha aydın dərk etmək üçün bəzi maddi və hissi anlayışlardan istifadə etmək olar. Yaxınlıq iki mənada işlənir. Birinci mənaya qaşla gözün yaxınlığını misal göstərmək olar. İkinci mənaya misal olaraq isə biri Kərbəla, digəri Məşhəddə yaşayan iki dostun qəlbən yaxınlığını göstərə bilərik. Əgər birinci mənada məkan yaxınlığı nəzərdə tutulursa, ikinci mənada mənəvi yaxınlıqdan söhbət gedir. İmam Əli (ə) buyurur: "Görmədiyim Allaha ibadət etmərəm.” Əlbəttə, söhbət adi göz yox, bəsirət gözü ilə görməkdən gedir. İmam Əli (ə) "Nəhcül-bəlağə”də bu məsələyə toxunur: "Gözlər Onu aşkar dərk etməzamma qəlblər Onu iman həqiqətivasitəsi ilə anlayar.”

Biz yaxınlıq dedikdə, adətən məkan və ya zaman yaxınlığını təsəvvür edirik. Görənsən Allahla bu cür yaxınlıq mümkündürmü? Allaha zaman və məkanca yaxınlaşmaq olarmı? Allah-Taala üçün zaman və məkan anlayışları mövcud olmadığından Onunla belə bir yaxınlıq qeyri-mümkündür. Bəziləri elə güman edirlər ki, Allah göydədir və insan göyə qalxarsa, Allaha yaxınlaşar. Bu fikir Allah haqqında məlumatsızlıqdan doğur. Bəzi nəzər sahibləri tərəfindən Allahla yaxınlıq məsələsinə dair verilmiş müəyyən təriflər zahirən düzgün görünsə də, eybsiz deyildir. Onların fikrincə əvvəl insanın vücudunda çoxlu nöqsan və çatışmazlıqlar mövcud olur. İnsan yaşadığı dövrdə bu çatışmazlıq və naqislikləri vicdana çevirdikcə Allaha yaxınlaşır. Mütləq kamillik yalnız Allah olduğundan insan öz naqisliklərini kamilliyə çevirə-çevirə həmin mütləq kamilliyə doğru hərəkət edir. Məsələn, insan öz elmini artırdıqca Allaha yaxınlaşır.

Bu nəzəriyyəni araşdırıb qiymətləndirdikdə görürük ki, heç də hər sifətin güclənməsi insanı ilahi məqama yaxınlaşdırmır. Məsələn, bədənin qüvvə və çəkisinin artımı inkişaf hesab olunsa da, bu inkişafın ilahi kamilliklə heç bir əlaqəsi yoxdur. Ağırlıq qaldırmaqda, güləşdə dünya çempionu adı qazananları Allaha yaxın hesab etməyə heç bir əsasımız yoxdur.

Bəziləri iddia edirlər ki, insanın elmi artdıqca, o, Allaha yaxınlaşır. Bütün elmlərdə belə bir xüsusiyyət varmı? Unutmaq olmaz ki, İslam dinində bəzi elmlərin təhsili haram buyurulmuşdur. İslam isə yalnız insanı Allahdan uzaqlaşdıran şeyləri haram buyurur. Deməli, uyğun xüsusiyyət heç də bütün elmərə şamil deyil.

Allaha yaxınlığa aparan amillərlə bağlı rəvayətlərin mütaliəsi bizə həqiqəti tapmaqda kömək edə bilər. Mərhum Kuleyninin "Üsuli-kafi”də, Şeyx Bəhainin "Ərbəin” kitabında nəql etdiyi bir rəvayət əxlaq alimləri arasında məşhurdur. İmam Sadiq (ə) nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur: "Allah-Taala buyurur: Mənim dostlarımdan birinə hörmətsizlik edən şəxs Mənə qarşı müharibə elan etmişdir. Mənə yaxınlaşmaq üçün ən gözəl vasitə vacib buyurduqlarıma əməl etməkdir. Bəndəm müstəhəb işləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, onu sevərəm. Onu sevən zaman ona eşidən qulaq, görən göz, danışan dil, işləyən əl olaram. Əgər Məndən bir şey istəsə, ona əta edərəm.”

Allahın Öz bəndəsinə qulaq, göz, dil, əl olması olduqca maraqlı görünür. Necə ola bilər ki, Allah insanın dili ilə danışsın? Araşdırmalar göstərir ki, rəvayətin əsl mənası zahiri mənasından fərqlidir. Zahiri mənadan belə çıxır ki, Allah qulaq, göz, dil və əl olur. Allah maddi olmadığından belə bir iş də mümkün deyil. Rəvayətin əsl məna və məqsədi Allahın öz bəndəsinə olduqca yaxınlaşdığını göstərməkdir. Rəvayətdə nəzərdə tutulan bəndə elə bir məqama çatmışdır ki, Allah daim onun yaxınlığındadır. Belə bir insan daim Allahın lütf və inayətindən bəhrələnir. Adi insanlar Allahın xüsusi lütfündən təsadüfən bəhrələndikləri halda rəvayətdə nəzərdə tutulan insan ilahi lütfə qərq olmuşdur.

Hər bir insan öz həyatında az-çox Allahın inayətini, yardımını hiss edir. Gözlənilməz halda çətinliyin aradan qalxması, hər hansı bir işin düzəlməsi Allahın lütf və inayətindən danışır. Mən özüm şahid oluduğum bir neçə hadisəni nəzərinizə çatdırıram:

Uzun illər Nəcəfdə olmuş bir tələbə İrana gəldiyi zaman deyirdi: "Atamla anam ixtilaf üzündən ayrıldıqlarından anamı tapa bilmirdim.” Bu tələbə Məşhədə gedib imam Rzanı (ə) ziyarət edir və İmamdan anası ilə görüş istəyir. Tələbə deyirdi ki, İmamı (ə) ziyarət edib bayıra çıxanda anamla rastlaşdım!

Allah evinin ziyarətindən qayıdan bir şəxs belə nəql edirdi: "Rəcəb ayında Məkkədə "ümrə” əməlini yerinə yetirməyin böyük savabı var. Amma Mədinədə şəri çətinliyim olduğu üçün Məkkəyə gedə bilmirdim. Müqəddəs bir torpaqda oduğum halda "ümrə”ni əldən vermək mənə ağır gəlirdi. Rəcəbin qurtarmasına iki-üç gün qalırdı. Peyğəmbərin (s) ziyarətinə gedib dua etdim ki, bu səfərə getməyim üçün şərait yaratsın. Səhəri gün oteldə məni çağırıb, "hazırlaş, maşın gözləyir, Məkkəyə gedirsən” dedilər!

"Ərəfə” duasında oxuyuruq: "Ya Rəbb, Öz tədbirinlə məni öz tədbirimdən ehiyacsız et. Öz ixtiyarınla məni öz ixtiyarımdan ehtiyacsız buyur.” Bu duada məqsəd o deyil ki, insan tənbəllik üzündən öz işlərini Allaha tapşırsın. Məqsəd ilahi inayət və yardımdan faydalanmaqdır. Qurani-Kərimdə buyurulur: "Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər.” ("Təlaq” surəsi, ayə 3.)

Allaha təvəkkül edən bəndə öz vəzifələrini yerinə yetirdiyi halda qəlbən inanır ki, əsl müvəffəqiyyət yalnız Allahın yardımı ilə mümkündür. O, əmindir ki, Allahın iradəsi, istəyi olmadan göstərilən səy əbəsdir. Belə insan həm çalışır, həm də Allaha təvəkkül edir: "Mən işlərimi Allaha həvalə edirəm.” ("Ğafir” (Mumin) surəsi, ayə 44.)

"Üsuli-kafi”dən nəql etdiyimiz rəvayətdə də məqsəd Allahın iradə və istəyini hər şeydən üstün tutan bəndənin məqamını işıqlandırmaqdır. Belə bəndə danışarkən, dinləyərkən, baxarkən, iş görərkən əsl hərəkətverici kimi Allahı tanıyır. Rəvayətin sonunda buyurulur ki, bu bəndə nə istəsə, ona verilər.

Fironun arvadı hərzət Asyanın Allahdan istədiyi yaxınlıq əsl yaxınlığın bir nümunəsidir. Asya sadə bir mömin yox, yüksək mərifət əhli idi. Bu əzəmətli qadın hətta çarmıxa çəkilən zaman bir olan Allahı inkar etmədi. O, belə dua edir: "Pərvərdigara, behiştdə Öz yanında mənə bir ev ver.” ("Təhrim” surəsi, ayə 11.)

Əslində Asya nə behişt, nə də behiştdəki evləri nəzərdə tutur. Asya Allaha yaxın məqam diləyir.

Bu məqamlar, həqiqətlər ifadə olunduqları kəlmələrin qəliblərinə yerləşmir. Həqiqət ifadə edildiyi sözdən çox-çox ucadır. Bu mövzunu araşdırarkən rastlaşdığımız təbirlərin zahiri yox, əsl mənasına diqqət yetirmək lazımdır. "Şəbaniyyə” münacatında deyilir: "Pərvərdigara, ümid və intizarımı Səndən başqa hər şeydən tamamilə üzməyi mənə nəsib et və Sənə doğru aşkar nəzər yetirməkdən ötrü qəlbimin bəsirətini aç ki, nur pərdələrini yarmaqla Sənin dərgahının əzəmətini dərk etsin və ruhum müqəddəs izzət nuruna qovuşsun!”

Bəli, insanın ruhu inkişaf edib elə bir kamala çata bilər ki, nuraniyyət mədəninə qoşular, ilahi dərgahda yerləşər. Belə insan artıq özünü unudur və yalnız şüa saçan nur mədənini görür. Belə bəndə özünü mütləq pak vücuda bağlı hiss edir.

Elə bir aşiq təsəvvür edin ki, öz məşuqunun eşqi ilə vurnuxur. İllər uzunu çalışır ki, heç olmaya bir dəfə uzaqdan da olsa, məşuqunu görüb səsini eşitsin. Qəfildən gözünü açan aşiq özünü məşuqun ağuşunda görərsə, bundan da böyük ləzzət duya bilərmi? İmam Əli (ə) və digər imamlar (ə) "Şəbaniyyə” münacatında Allahdan belə bir məqam istəyiblər. Bəli, aşiq yalnız məşuqa qovuşduğu zaman rahatlıq tapır. Nəfsini tərbiyələndirən bəndə, heç şübhəsiz, bu böyük səadətə – Allahla yaxınlığa çatacaqdır. ("Allaha doğru”, Ayətullah Misbah Yəzdi, səh. 20-21 və 25-30.)

Maide.az

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031