"Bəlkə təqvalı olasınız"
Mьəllif: admin1
Tarix: 30-05-2017, 22:30

 Mübarək "Bəqərə" surəsinin 183-cü ayəsindəki son ibarə olan "ləəlləkum təttəqun" ibarəsində iki mühüm mesaj var. Allah-Təala iman gətirənlərə xitabən oruc tutmanın vacibliyindən və əvvəlki ümmətlərə də vacib olmasından danışdıqdan sonra "bəlkə (bunun vasitəsiylə) təqvalı olasınız" buyurur. Burada bir mesaj bu ola bilər ki, Allah-Təala "ləəllə" (bəlkə) sözünü "üçün" mənasında işlədib. Allah bildirmək istəyir ki, bu dini ayini icra etməyiniz sizin təqvalı olmağınız, Allahdan qorxub pis əməllərdən çəkinməyin üçündür. İkinci mesaj isə daha dəqiq görünür. Belə ki, ayədə keçən "ləəllə" sözü tərcümədə ümid mənasını verir. Allah-Təala isə iman əhlini ayənin sonunda ümidləndirir, onları oruc tutmağa təşviq edir ki, oruc tutsunlar və təqvalı olsunlar. Əlbəttə, soruşula bilər ki, ümidləndirmək adətən ümidsizliyin daha çox özünü biruzə verdiyi məqamlarda meydana çıxır. Məsələn, bir insanın maddi imkan baxımından, işsizlik baxımındna əli hər yerdən üzüləndə, ümidi qalmayanda deyərlər, ümidini Allahdan üzmə, ümidli ol, yaxşı olar, düzələr. Allah nə üçün bu ibadəti vacib etdikdən sonra ümid versin, məgər burada ümidsizlikdən söz gedə bilərmi? Cavab olaraq deyə bilərik ki, əslində burada "ləəllə" (ümid var, bəlkə) sözü mühüm bir məsələdən xəbər verir. Həmin məsələ bundan ibarətdir ki, baxmayaraq ki, bizə oruc vacib edilib amma yenə də buna arxayın olmaq olmaz. Yəni iş təkcə oruc tutmaqla bitmir. Daha dəqiq desək bu oruc ayini möminlərin yüz faiz təqvalı olmasını təmin etmir. Burada oruc əhli ümidləndirilir. Yəni mümkündür ki, bir nəfər oruc tutsun amma onun təqvalı olmasına zərrəcə ümid yeri olmasın. Bu da onun oruc ayinini lazımınca yerinə yetirə bilməməsindən irəli gələn bir məsələdir. Əslində bütün ibadətlər bu cür. Orucun timsalında biz bütün ibadətləri belə hesab etməliyik. Oruc tutub təqvalı olmayan insan səhvi özündə axtarmalıdır. Allah-Təala yüz faiz qaranti verib ki, hər kim orucu lazımınca, Allah istəyən və bəyənən şəkildə yerinə yetirərsə təqvalı olar. Olmayan isə özündə günah axtarmalıdır, ayədə səhv və nöqsan axtarışına çıxmamalıdır. Elə namaz məsələsi də bu cürdür. Allah-Təala Quranda buyurur "innəs-salətə tənha ənil-fəhşai vəl-münkər" yəni həqiqətən namaz pis və çirkin əməllərdən insanı saxlayar. Ətrafımızda nə çox insna vardır ki, onlar səhər-axşam namaz qılarlar, amma bu namaz onları pis əməllərdən çəkindirməz. Bu ayə ilə rastlaşan şəxs özünü bu ayənin misdaqı kimi görə bilmirsə deməli, onun qıldığı namaz Allahın Quranda buyurduğu namaz deyil. Yəni haralardasa səhvə yol verib. Namazı lazımi şəkildə, Allahpəsənd bir formada icra etməyib. 

Əbəs deyildir ki, əxlaq alimləri, mərifət sahibi alimlər namazın xüzu və xüşu ilə qılınmasına daha çox əhəmiyyət veriblər. Xüzu və xüşu olan yerdə insan namazına daha çox diqqət ayırır, çalışır fiqhi tərəfindən əlavə namazın mənəvi aləminə də vaqif olsun. 
Həzrət Peyğəmbərin (s) mübarək məhzərinə bir dəstə insan gəlib sual verdilər. Dedilər ya Rəsuləllah, biz bu qədər ibadət edirik haradan bilək ki, etdiyimiz ibadətlər Allah dərgahında qəbuldur. Allah Rəsulu (s) buyurdu ki, baxın görün qıldığınız namazlar, etdiyiniz ibadətlər sizi pis əməllərdən çəkindirir, yoxsa yox. Buradan da belə bir nəticə çıxarırıq ki, namazın pis və çirkin əməllərdən çəkindirən qüvvəsi hər kəs üçün müyəssər olmur. O kəslərə bu ilahi lütf şamil olur ki, onlar namazlarında diqqət və hal əhlidirlər. Yəni namazları həqiqi namazdır. Namaz həqiqi namaz olduqdan sonra isə insanı çirkin əməllərdən amanda saxlayır. 
Günümüzdə çox zaman görürük ki, bir çox insanlar oruc tutur, namaz qılır, amma təəssüf ki, Allahın buyurduğu kimi namaz qılmadıqları üçün pis əməllərdən çəkinə bilmirlər. Allahın buyurduğu kimi oruc tuta bilmədikləri üçün təqvalı olmağı bacarmırlar.
Oruc tutmaq bilindiyi kimi təkcə sübh azanından məğrib azanına qədər mədəni, ağzı, boğazı qidadan saxlamaqdan ibarət deyil. Heç digər muftiratdan (orucu batil edən əməllər) da ibarət deyil. Bunlar qeyd etdiyimiz kimi orucun zahiri tərəfidir. Bu işlər insanın namazın fiqhi əhkamlarına riayət etməklə onu əda etməsinə bənzəyir ki, bu da namazın həqiqi namaz olması üçün kifayət etməz. Çünki qeyd etdiyimiz kimi namazın zahirindən əlavə bir də batini də tərəfi var. Oruc ibadəti də bu cürdür. Təkcə mədə-bağırsağın oruc tutması kifayət etmir. İnsanın gərək bütün vücudu, ruhu, gözü, dili, qulağı, əli, ayağı, fikirləri, nəfsi oruc olsun. Bütün bunlar kamilləşdiyi halda insanın oruc tutduğuna hökm etmək olar. Yoxsa qulaq oruc tutmayıb qeybət eşidirsə, göz naməhrəmə baxırsa, ayaq haram məhəllinə gedirsə, əl ona aid olmayan şeylərə uzanırsa, dil qeybət edirsə bu halda heç bir oruc tutmaqdan söhbət gedə bilməz. Bu cür insanların orucu həqiqi oruc olmadığı üçün onları günahlardan çəkindirmir və təqvalı olmalarına zəminə yaratmır.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031