AXİRƏT ƏHLİ VƏ ALLAHA DİQQƏT
Mьəllif: admin1
Tarix: 23-05-2017, 22:29

 

Merac hədisində oxuyuruq: "Axirət əhli hətta bir göz qırpımı da Allahdan qəflətdə olmur.” 

Axirət əhlinin xüsusiyyətlərindən biri də budur ki, onlar heç zaman, bir an olsun belə Allahı yaddan çıxarmırlar. Bu barədə bir çox ayə və rəvayətlərdə danışılmışdır. Deyilmişdir ki, nə ticarət, nə də alış-veriş onları Allahın zikrindən ayırmaz; ("Nur”, 37.) "Allahın nuru, ucaldılmasına və öz adının zikr edilməsinə icazə verdiyi o evlərdədir ki, orada səhər-axşam onu təqdis edib şəninə təriflər deyərlər.” ("Nur”, 36.) Doğurdan da, bərbəzəkli dünyada insanın bir an olsun belə Allahı unutmaması təəccüblü bir işdir! Dünyagirlərin vəziyyəti məlumdur. Onlar dünyaya o qədər göz dikmişlər ki, Allahı qətiyyən yada salmırlar. Amma bir məsələni aydınlaşdırmaq lazım gəlir ki, Allahdan bir an olsun belə qəflətdə qalmamaq necə müyəssər olur? İnsanın bütün məqamlarda, o cümlədən mütaliə zamanı, əkin-biçin zamanı Allahı bir an olsun belə yaddan çıxarmaması nadir bir haldır. Axı insanın eyni zamanda həm dünyəvi bir iş ilə məşğul olması, həm də Allahı düşünməsi necə mümkün olur? Gündəlik həyatımıza nəzər salsaq, görərik ki, bəzən həm xörək yeyir, həm də mütaliə edirik. Bəzən əlimizdə iş görə-görə yanımızdakı adamla söhbət edirik. Psixoloqlar təcrübədə sübut etmişlər ki, insan eyni zamanda yeddi, səkkiz iş görə bilir. Bəli, insan öz diqqətini və düşüncəsini bu sayaq bölə bilir. Əgər eyni zamanda iki iş görmək, iki şeyə diqqət ayırmaq mümkündürsə, insan əlində bir iş görə-görə Allahı da düşünə bilər. Allah zikri xasiyyətə çevrildikdən sonra artıq bütün çətinliklər aradan qalxır. Əllamə Təbatəbai buyurmuşdur: "İnsana bir müsibət üz verdikdə, məsələn, əziz bir adamını itirdikdə həmin insanın xatirəsi uzun müddət qəlbində yaşayır. İnsan gündəlik işlərinə məşğul olduğu halda itirdiyi insan haqqında düşünür.” Hər birimiz üçün elə bir müsibət üz vermişdir ki, hansısa bir işdən ayrıldığımız halda həmin müsibət haqqında da düşünmüşük. Beləcə, məhbubunu dərin məhəbbətlə sevənlər bütün hallarda onun haqqında düşünürlər. Bütün bunları nəzərə alsaq, qəbul etməməliyik ki, dünyəvi işlər insanın diqqətini Allahdan yayındırır. Əgər insan ibadət zamanı yalnız Allah haqqında düşünməyə çalışsa, belə bir hal asanlıqla əldə olunar. Sözsüz ki, Allaha bu sayaq diqqət əldə etmək üçün bir müddət çalışmaq lazımdır. 
İmam Musa ibn Cəfər (ə) buyurur: "Allaha elə ibadət et ki, sanki Onu görürsən. Əgər sən də Onu görmürsənsə, O səni görür.” ("Biharül-ənvar”, c. 25, s. 204.) 
Mərhum Əllamə Təbatəbai buyurur: "Yuxarıdakı rəvayətdə zikr və diqqətin iki mərhələsinə işarə olunmuşdur. Birinci mərhələ odur ki, insan Allahın onu gördüyünü unutmasın. Bəzən insan bağlı bir otaqda olduğu vaxt pəncərədən kiminsə baxdığını hiss edir. O, bayırdakı şəxsi görməsə də, əmin olur ki, bayırdakı şəxs onu görür. Zikrin ikinci mərhələsi isə bəndənin Allahı görməsi hissidir. Allahın daim onu gördüyünü düşünən insan Allahın hüzurunu hiss edir. Allahın hüzurunu hiss etmək isə Allahı görməyə bərabərdir. Bəzən Allah-təala insanı qəflətdən ayırmaq üçün vasitələr qərar verir. O, müxtəlif vasitələrlə insanı qəflət bəlasından xilas edir. İnsanın diqqətinin Allaha cəlb olunması məhəbbətlə müşayiət olunarsa, insan bu diqqətdən böyük bir ləzzət alır. Deyilənləri aydınlaşdırmaq üçün bir misal çəkək: Təsəvvür edin ki, eyni bir məclisdə oturmuş iki nəfərdən biri o birini böyük məhəbbətlə sevsə də, öz sevgisini biruzə vermək istəmir. Amma onun qəlbi daim sevdiyi insanın ixtiyarındadır. Əgər həmin şəxsin diqqəti bir an öz məhbubundan yayınsa və məhbubu hansısa işarə ilə onun diqqətini özünə cəlb etsə, aşiq nə qədər ləzzət alır! Allahın qəflətdən ayıltdığı insanlar bu lütfün nə qədər dadlı olduğunu bilirlər. Əlbəttə ki, Allah-təala öz bəndələrini və dostlarını daim qəflət yuxusundan oyatmaq üçün tədbir tökür və mövcud rabitəni qırılmağa qoymur.

 
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930