İmamların (ə) dəfn edildiyi Kazimeyn hərəminin tarixi
Mьəllif: admin1
Tarix: 28-03-2018, 10:08
İmamların (ə) dəfn edildiyi Kazimeyn hərəminin tarixi
Bağdadın kənarında yerləşən Kazimeyn hərəmində müsəlmanların yeddinci və doqquzuncu imamları İmam Musa Kazim (128-183 h.q) və İmam Məhəmməd Təqi əl-Cavad (195-220 h.q) dəfn ediliblər.

Mansur Abbasinin (95-158 h.q) hakimiyyəti dövründə Kazimeyn hərəminin yerləşdiyi hazırki məkan Şuniziyyə adlı bağlar idi. Mansur ilkin mərhələdə bu bağı Abbasi xanədanı üçün özəl qəbirsanlıq kimi təyin etmişdi.

Mansurdan sonra İmam Musa Kazim dördüncü şəxs idi ki, bu qəbiristanlıqda dəfn edilirdi. İmam bu qəbiristanlıqdan biraz yer almışdı və orada da dəfn edildi. İmam Cavadın zamanında və bu imamın istəyi ilə xəlifə Məmun, İmam Kazimin məzarı üstündə kiçik bir barigah tikdi.

Hicri-qəməri tarixinin 220-ci ilində İmam Cavad Mötəsim Abbasinin əmri ilə və Məmunun qızı Ümmül-Fəzlin vasitəsilə zəhərləndi və şəhid edildi. İmam Cavad da babası İmam Musa Kazimin yanında dəfn edildi.

İmamların dəfn edildiyi qəbiristanlığın bu zamanlardakı adı Qureyş qəbiristanlığı idisə, daha sonra Kazimiyyə adlandı.

Şiələr iki imamın məzarları üstündə olan barigahı söküb biraz böyüyünü inşa etdilər. Barigahların yanında Babut-Tin məscidi var idi ki, bəzən şiələr məzarların üstünə getməkdən çəkinər, imamları elə bu məscidin eyvanından ziyarət edərdilər. İndi də Kazimeyndə bir səhn Babut-Tin adlanır.

İlk dəfə Muizzud-dovlə Deyləmi ləqəbli Buveyhi şahı Əhməd bin Buveyhi (915-967 miladi) Bağdadı tutandan sonra imamların məzarı üstündə möhtəşəm bir gümbəzli məqbərə tikdirdi və imamların məzarlarının hər biri üçün ayrı-ayrılıqda zərih qoydurdu. Əhməd Deyləminin zamanında şiələr rahatlıqla Aşura mərasimlərini keçirməyə başladılar.

Daha sonra İzzud-dovlə Duleymi digər imamların məqbərələri kimi burada da da bəzi mühüm dəyişikliklər və təmir-bərpa işləri gördü. Məqbərəni genişləndirən İzzud-dovlə Duleymi onun kənarında zəvvarlara xidmət göstərmək üçün xəstəxana və mədrəsə də tikdirdi.

Bu mərhələdən sonra Kazimiyyədə məskunlaşma artdı və Kazimiyyə Bağdadın kənarında bir qəsəbəyə çevrildi.

441-ci hicri ilində Bağdadda baş verən sünni-şiə qarşıdurması zamanı məqbərə yandırıldı.

Əbul-Hərs Ərsəlan Əbun-Nəsr Firuzun köməyi ilə məqbərəni bərpa etdi və onun üçün minarələr də tikdirdi.

490-cı hicri ilində Səlcuq şahlarından olan Börkiyaruq ibn Məlikşah ibn Alp Arslanın şiə vəziri hərəmi genişləndirib ətrafında binalar tikdi.

569 hicri ilində Dəclənin məcradan çıxması məqbərənin zərər çəkməsi ilə nəticələndi və daha sonra Abbasi xəlifəsi Nasir li-dinillahın şiə vəziri Muəyyidud-din Məhəmməd Qummi onu təmir etdirdi.

Monqol Hulakuxanın hücumu zamanı (656 h.q) Bağdad və Kazimiyyə yandırıldı. İki il sonra Hulakunun müsəlman vəziri Ətaul-Mulk Cuveyni Kazimiyyəni bərpa və məqbərəni təmir etdirdi.

Yenidən Dəclənin məcradan çıxması və məqbərənin bir hissəsinin xəsarət görməsindən sonra Sultan Uveys Cəlayeri onu təmir etdirdi.

Kazimeyn hərəmi əsasən Şah İsmayıl Səfəvi tərəfindən 926-cı h.q ilində əsaslı şəkildə təmir edildi. Hərəmin şimalında onun tikdirdiyi nəhəng məscid hələ də durur və adı Səfəvi məscididir. Şah İsmayıl hərəmə nəfis xalçalar və gümüşdən və qızıldan bəzədilən qapılar gətirdi.

Sultan Məhəmməd Xudabənda, Suleyman Qanuni, Şah Abbas Səfəvi, Şah Səfi, Ağa Məhəmməd Xan Qacar, Fətəli Şah Qacar, Nəsirəddin Şah, Fərhad Mirzə və Abbas Mirzə də Kazimeyn hərəmində bərpa təmir işləri aparan şahlar olublar.



(İslaminSesi.info)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930