Ağıllı balıqçı və səxavətli tacir – HEKAYƏ
Mьəllif: admin1
Tarix: 9-02-2017, 00:12
Ağıllı balıqçı və səxavətli tacir – HEKAYƏ

Günlərin bir günü, balıqçı balıq tutmağa getdi. Dəniz küləkli olduğundan, balıq tutmaq şansı az idi. Kişi tilovun qarmağına soxulcanı taxıb, suya atdı. Bir az gözlədikdən sonra görür ki, tilovun ucu tərpənir. Bunu görən balıqçı, tilovu dartmağa başladı. Dartdı, dartdı və gördü ki, tilova balaca bir balıq düşüb. Birdən düşündü: “Bu ki, balaca bir balıqdır. Belə balaca balıq mənim nəyimə lazımdır? Bundan nə dadlı yemək alınar, nə də şorba bişirilər. Bəlkə buraxım getsin, bəxtmi yenə sınayım?”.
Amma bir az düşünən balıqçı: "Çox istəyən azdan da qalar. Soğan olsun, nağd olsun" – deyib, balığı vedrəsinə qoydu və evinə yollandı.

Evə çatmamış, balıqçı yolda ağlayan bir uşağı gördü. Onun yanında olan böyüklər, uşağı sakitləşdirə bilmirdilər. Balıqçı onlardan soruşdu ki, nə baş verib? Adamlar başa saldılar ki, uşaq itib və aramsız ağlayır. Sakitləşdirə bilmirlər ki, harada yaşadığını soruşsunlar.

Balıqçı uşaqdan soruşdu:

- İstəyirsən sənə diri balıq hədiyyə edim? Böyük bir bankaya qoyarsan, o, üzər, sən də tamaşa edib, sevinərsən.

Uşaq ağlamağını saxladı və balıqçını maraqla dinləməyə başladı.

- Sənin evində banka var? – balıqçı soruşdu.

- Hə, var.

- Gedək evinə, balığı qoyaq bankaya.

Sakitləşmiş uşaq balıqçının əlindən tutaraq, evinə tərəf getməyə başladı.

Bir azdan onlar uşağın evinə çatdılar və balıqçı uşağı valideynlərinə təhvil verdi.

Uşaq tezcə evdən bir banka gətirdi və balığı oraya qoydu.

Sən demə, uşaq – çox imkanlı və səxavətli bir tacirin tək oğlu idi.

Uşağın atası məsələni bilib, balıqçıya çoxlu minnətdarlıq etdi.

O, bildi ki, xeyirxah balıqçı ondan heç bir mükafat götürməyəcək. Ona görə də böyük məbləğdə pulu bir kağıza büküb, onun vedrəsinə qoydu. Bundan öncə, vedrədən suyu boşaltdı ki, kağız islanmasın.

Həmin kağızın arasına məktub da qoydu. Məktubda yazdı: “Xahiş edirəm, bu kiçik hədiyyəni bizdən qəbul edəsiniz. Siz çox xeyirxah insansınız. Özü də bizim uşaq sizin hərəkətinizə görə insanlara qarşı çox xeyirxah və ümidli olacaq. Bir daha çox sağ olun. Hədiyyəni qəbul etməsəniz, bizi incitmiş olarsınız. Bu, Allah qarşısında bizim borcumuzdur”.

Balıqçı əlində boş vedrə evə gəldi. Yoldaşı onu təbəssümlə qarşılayaraq, hal-əhval tutdu. Balıqçı dedi:

- Bu gün bir az zəiflikdir. Bir qədər dincəlib, gedərəm bazara. Nəsə bir şey yükləyərəm, bir şey boşaldaram, bir az pul əldə edərəm. İnşəallah, ac qalmarıq.

Yoldaşı dedi:

- Narahat olma. Bir az çörəyimiz var, bu günü birtəhər yola verərik. Yaxşısı budur, dincəl. Sabah, Allah qoysa, gedərsən dənizə tərəf, bəlkə balıqdan-zaddan bir şey ələ gəldi.

Yaşlı qadın bunu deyib, tilovu və vedrəni səliqəylə bir küncə qoydu. Birdən gözü vedrənin dibindəki bağlamaya sataşdı. Qaldırıb baxdı. Açdı, məktubu və pulu gördü. Diqqətlə yazını oxudu. Heyrət dolu nəzərlərlə balıqçıya baxdı. Bu, əsil möcüzə idi!

Məsləhətləşib, hədiyyəni Allahın bir lütfü olaraq, qəbul etməyi qərar aldılar.

Balıqçı həmin pula böyük bir qayıq alıb, yaxşı tor tədarük etdi. O, hər gün 2 köməkçisi ilə dənizə çıxır, xeyli balıq tuturdu. Tez bir zamanda balıqçı imkanlı bir adam oldu. Kasıb-kusuba əl tuturdu, xeyir işlər görürdü.

Amma bu balıqçı, səxavətli tacirin yaxşılığını heç zaman unutmurdu. Hər gün bir balaca səbət seçmə balığı tacirin qapısının ağzına qoyurdu. Tacir də hər dəfə gülümsəyərək, bu hədiyyəni qəbul edir, balıqdan həm özü yeyir, həm də qonşulara ehsan edirdi...
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031