ATA-ANAYA YAXŞILIQ
Mьəllif: admin1
Tarix: 16-01-2017, 13:28
ATA-ANAYA YAXŞILIQ

Bil ki, atan sənin kök və gövdən, sənsə onun budağısan
Müqəddəs islam dinində bu məsələyə xüsusi diqqət yetirilir. Belə ki, Allaha ibadətdən sonra ata-anaya yaxşılıq hər bir insanın üzərinə düşən ən ümdə vəzifələrdən biri sayılır. İsra surəsinin 23-25-ci ayələrində bu haqda deyilir:
«Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi [onlara yaxşı baxıb, gözəl davranmağı] buyurmuşdur. Әgər onların biri və ya hər ikisi sənin yanında [yaşayıb] qocalığın ən düşgün çağına yetərsə, onlara: «Uf!»—belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!
Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: «Pərvərdigara! Onlar məni körpəliyimdən [nəvazişlə] tərbiyə edib bəslədikləri kimi, Səndə onlara rəhm et!» -de.
Rəbbiniz ürəklərinizdə olanları [qəlblərinizin sirlərini] ən yaxşı biləndir. Әgər əməli saleh olsanız [ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman olub tövbə etsəniz və bundan sonra onlarla yaxşı davransanız, bilin ki] Rəbbiniz, həqiqətən, tövbəkarları bağışlayandır!»
Göründüyü kimi Allah-taala insanları ibadətə əmr etdikdən sonra dərhal onlara ata-anaya yaxşılıq etməyi tövsiyə edir. İmam Sadiq (ə) ayənin izahında buyurur:
«Yaxşılıq və xeyirxahlıq bundan ibarətdir ki, onlarla [valideynlərlə] xoş rəftar etmiş olasan.
Onlara o qədər diqqət yetirməlisən ki, ehtiyac duyduqları şeyləri onlar istəməzdən əvvəl dərk edib onların ixtiyarına qoymalısan».

Hədislərdən birində deyilir:
«Peyğəmbərdən (s) ata-ananın övladın üzərində hansı hüquqa malik olduğu haqda soruşduqda:
Onlar sənin həm cənnətin, həm də cəhənnəmindirlər». (Әt-tərğib vət-tərhib, 3-cü cild səh-316.)
Yəni, insanın cənnət və cəhənnəmə getməsi valideynlərinə göstərdikləri qayğıdan asılıdır.
Peyğəmbərdən (s) bu məzmunda nəql olunmuş başqa bir rəvayətdə deyilir:
«Cənnət anaların ayaqları altındadır». (Yəni, cənnətə analara layiqincə qayğı göstərməklə nail olun).
Başqa sözlə desək, övladlar öz üzərinə düşən borclarını yerinə yetirməli və layiqincə anaların haqlarını ödəməlidirlər.

Başqa bir rəvayətdə cənnətin valideynlərin ayaqları altında olduğu göstərilir. Yəni, insan cənnətə nail olmaq üçün ata-ananın qarşısında öz övladlıq borcunu layiqincə yerinə yetirməlidir.
İmam Səccaddan (ə) «Hüquq risaləsi» adı ilə nəql olunmuş məşhur bir rəvayətdə deyilir:
«Üzərinə düşən ən başlıca vəzifə ananın, sonra atanın, sonra da övladlarının haqqını ödəməkdir». (Biharul-ənvar, 74-cü cild, səh-3.)
Hədisin davamında imam Səccad (ə) ananın haqqının ödənilməsinin əhəmiyyəti barədə buyurur:
«Ananın sənin üzərində olan haqqı hər şeydən böyükdür. O, kimsənin nəvaziş etməsi mümkün olmayan bir yerdə səni nəvaziş etmiş və kimsənin yemək verməsi mümkün olmayan bir yerdə öz canı və qanı ilə qidalandırmışdır. Bil ki, o, səni gözü, qulağı, əl-ayağı, dərisi və bir sözlə bütün varlığı ilə qorumuş, dünyaya gəldiyin vaxtadək ağrı və çətinliklərə dözüb, səbr və təmkinlə keşiyində durmuşdur. Özü ac olsa da səni doyurmuş, susuz olsa da sənə su vermiş, yarı çılpaq olsa da səni geyindirmiş, qızmar günəşin altında dursa da öz bədənini sənin üçün kölgə etmiş, gecələri yatmayıb sənin şirin yuxuya dalmağın üçün əzab-əziyyətlərə dözmüşdür. Unutma ki, ana bətni sənin ilk evin, qucağı ilk beşiyin, sinəsi qidan, bədəni isə sipərin olmuşdur. Ağrı və çətinlikləri uzaqlaşdırmaq üçün sənə görə istiyə-soyuğa dözməli olmuşdur. Elə isə onun qədrini bil və layiqincə haqqını ödə. Və yadında saxla ki, onun haqqını yalnız Allahın köməyi ilə ödəyə bilərsən». (Biharul-ənvar, 74-cü cild, fəsil-1.)
Sonra imam Səccad (ə) övladın atanın qarşısında öz borcunu necə ödəməsi haqda buyurur:
«Bil ki, atan sənin kök və gövdən, sənsə onun budağısan; O olmasaydı sən də olmazdın; Səndə olan bütün gözəl xüsusiyyətlərin kökü və mənşəyi atandır. Elə isə bütün bu nemətlərin qarşısında onun layiqincə qədrini bil və Allaha şükr və səna et». (Biharul-ənvar, 74-cü cild, səh-6.)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930